525.Az

Həbsxanadan ədəbiyyata - Orxan Saffari yazır


 

Həbsxanadan ədəbiyyata - <b style="color:red">Orxan Saffari yazır </b>

Həbsxana həyatını yaşanlar yaxşı bilərlər ki, ora necə əzablı, necə məşəqqətli bir həyatdır.

Oranın öz abu-havası, öz qanunları, öz yaşam fəlsəfəsi var. Bunu da o həyatı yaşayanlar yaxşı bilərlər. Mən sadəcə eşitdiklərimi deyirəm.

Məlumdur ki, insanlar bəzən bilərəkdən, bəzən də ehtiyatsızlıqdan bu həyatı illərlə yaşamağa məcbur olurlar. Kimisi bu həyatdan sonra özünə başqa həyat qurur, islah olur, kimisi də həbsxananı “evi” bilir, oraya yenidən qayıdır.

Öz qanunları, öz yaşam fəlsəfəsi olan bu fərqli dünyada həmişə diqqətimi çəkən məhbuslar isə yazıçı və şairlər olub.

Çünki yaradıcı insanın içində ayrı bir dünya, başqa bir yaşam, fərqli bir fəlsəfə var. Biz oranı “paralel dünya” adlandırsaq, deyə bilərik ki, yazıçı-şairlər həbsxanadadırsa, deməli, üç həyat mövcuddur. Birinci həyat yazıçının azadlıqda olan həyatı, ikincisi həbsxana həyatı, üçüncü isə öz içindəki yaradıcı həyatdır. Bu həyatların sintezi isə ortaya dördüncü həyatı çıxardır...

- Kitab!..

Sözüm həbsxanaya yaxın, məsələnin mənim üçün maraqlı tərəflərindən biri də həbsxanada yazılan kitablardır.

Azərbaycanda da həbsxanada olan yazıçı-şairlər var ki, oradakı həyatdan kitablar yazıblar. Misal olaraq Faiq Balabəylinin “Bayıldan Bayıra” povestini, “Burda darıxmaq olmaz” adlı şeirlər kitabını, Bilal Alarlının həm özünün həbsxana həyatı haqqında yazdığı, həm də həbsxanada olmuş yazıçı-şairlər haqqında yazdığı kitabı, Çingiz Ələkbərzadənin “Qumarbaz”ını, Qənimət Əlisaoğlunun “Lənət qapısı”nı, Əyyub Qiyasın povestlərini və başqa yazıçı-şairlərimizin zindanla bağlı əsərlərini göstərə bilərik.

O da məlumdur ki, bu cür hallar tək Azərbaycanda deyil, dünyanın hər yerində var. Elə dünya ədəbiyyatından da tanıdığımız, sevərək oxuduğumuz bir çox yazıçı-şairlər də həbsxanada olub, ora haqqında kitablar yazıb. O əsərlərin bir neçəsi indi dünyaca məşhurdur, böyük maraqla oxunur. Açığı, həmin əsərləri oxuduqdan sonra müəlliflərin həbsxanada olmağına görə ədəbi bir sevinc hissi yaşamışdım.

Əgər mən Servantesi bir dəqiqəlik də olsa görə bilsəydim, ona həbsdə olduğu üçün təşəkkür edər, sevindiyimi bildirərdim. Ona görə yox ki, bir insanın azadlığının əlindən alınmasının tərəfdarıyam.

Ona görə ki, o, həbsxanada “Don Kixot” kitabını yazmağa başlayıb və bitirib.

Əgər mən bir dəqiqəlik də olsa Markiz de Sadı görsəydim, onun həbsxana həyatından məmnun olduğunu bildirərdim. Deyərdim ki, nə yaxşı ki, bu həyatı yaşayıb, “Sodomun 120 günü” əsərini yazmısınız.

Nəinki mən, hətta bəlkə siz də Harri Qreyə həbsxana həyatı yaşadığına görə təşəkkür edərdiniz. Deyərdiniz, nə yaxşı ki, həbs edilmisiniz və “Quldurlar” əsərini yazmısınız. Əgər bu kitab əsasında çəkilən “Bir zamanlar Amerikada” filmini izləmisinizsə, əminəm ki, onun həbsxanaya düşməsinə şad olardınız...

Yadıma düşür, məktəb vaxtı dərsdən çıxıb hər dəfə evlərinə getdiyim bir dostumgilin məhəlləsində Asif adlı kişi var idi. Hamı ona şair Asif deyirdi. Avara adam idi. Səhv etmirəmsə, mən onu tanıyanda 50 yaşı var idi. Ömrünün 25 ilini həbsxanalarda keçirmişdi və elə orada da şair olmuşdu. İlk dəfə həbs olunanda anasına, atasına şeirlər yazmış, sonralar isə bir kitabı da çıxmışdı.

Arabir onunla söhbət edirdik, bizə həbsxana həyatından danışırdı. Biz də böyük zövq və maraqla onu dinləyirdik. Onun söhbətin şirin yerində bir siqaret yandırıb şeir deməyi isə daha çox xoşuma gəlirdi.

O vaxtlar mən hələ təzə-təzə şeir yazmağa başlayırdım. Bir dəfə onunla söhbət edib ayrılandan sonra dostuma “görəsən, mən də türmədə yatsam, yaxşı şeirlər yaza bilərəm?” demişdim. Dostum da “hə, bircə o qalmışdı elə” - deyib gülmüşdü.

Təəssüflər olsun ki, günümüzdə də həbsxana həyatına böyük maraq var. Xüsusi ilə gənclər arasında geniş vüsət alan “həbsxana həyatı”, “oğru qanunları” onları bəzən cinayətlər işləməyə sövq edir.

Bir dəfə də zarafatla yazıçı dostum Ayxan Ayvaza dedim: “Ayxan, yaxınlarda həbsxanaya bir qohumumu ziyarət etməyə getmişdim. Özümlə də elə həbsxana həyatından bəhs edən kitablar aparmışdım ki, oxusun. İndi görəsən, o, azadlığa çıxanda necə olacaq? İslah olunacaqmı? Nə bilmək olar, bəlkə də tənqidçi olacaq?”

Ayxan da cavabında: “Onsuz da bizdə kim hansısa işdə uğur əldə edə bilmirsə, sevgilisindən ayrılırsa, darıxırsa, şeir-hekayə yazmağa başlayır. İndi sənin qohumun niyə yazmasın, kimdən əskikdir? Niyə tənqidçi olmasın ki?!” - demişdi.

Fikirləşdiyim kimi də oldu.

Günlərin birində həmin qohumla danışanda şeir yazdığını dedi və elə telefondaca oxudu.

Görən niyə divarlar,
Böyüyüb dağ olmur e?
Bu ömrü dörd divarda
Yaşamağ olmur e.

Neyləmək olar?  İndi gözləyirəm ki, o qohumum həbsxanadan çıxsın və tezliklə onun kitabının təqdimatına yığışaq.

Əgər mütləq həbs olunmaq istəyirsinizsə, yaxşısı budur ki, özünüzü ədəbiyyata həbs edin. Çünki gerçək həbsxanadan fərqli olaraq burda özünüz həmişə azad qalacaqsınız, ruhunuz isə islah olunacaq.

 





30.09.2018    çap et  çap et