525.Az

Şeirdən kinoya keçidin Ünlü formulu - Orxan Saffari yazır


 

Şeirdən kinoya keçidin Ünlü formulu - <b style="color:red">Orxan Saffari yazır </b>

Onur Ünlünün filmlərini izləyənlər, yəqin ki, fikirlərimlə razılaşarlar. Çəkdiyi hər filmdə həyatı detalların insanı özünə xatırlatması, onun filmlərini daha da çox sevdirir mənə. Çünki Onur Ünlü filmlərində daha çox ölüm, ailə, insani münasibətlər arasında olan halları komediya və dram şəklində peşəkarlıqla göstərməyi bacarır.

Əslində, onunla ilk tanışlığım şeirlərindən başlamışdı. Haqqında araşdırdıqdan sonra Şekspir vurğunu olduğunu da öyrəndim. Hətta onu da deyim ki, “Sən aydınladarsan gecəni” filminin adı Şekspirin şeirindən bir misradır.

Onur Ünlünü tanıdıqca, izlədikcə məni düşündürən bir sual var idi. Necə oldu ki, o, şeirdən rejissorluğa keçdi? Axı kifayət qədər gözəl şeirlərin müəllifi idi. Bu, Onur Ünlünün zəifliyi idimi, özünü şeirdə tapa bilmirdimi? Yoxsa üstün zəkası onu şeirdən uzaqlaşdırdı?

Fikrimcə, üstün zəka, müşahidə qabiliyyəti, içinin sərhədləri, düşüncə genişliyi onu filmə gətirdi. Axı bəzən elə situasiyalar olur ki, onu izah etmək üçün şeir bəs etmir. Məhz bu səbəbdən də düşünürəm ki, Onur Ünlü özünü şeirdə tapıb itirərək, filmlərdə bütövləşdi.

Onun filmlərini mənə daha da möhtəşəm edən reallığı, insani münasibətləri, hissləri ifadə tərzidir.

“Beş qardaş” filmində deyilən bu sözün necə də səmimi və reallığa uyğun olduğuna baxın:

“Niyə insanlar bir-birini sevmir, abi? Bunun bir maliyəti də yoxdu, havayıdı yəni”.

Onun “Polis” filmi isə, deyərdim ki, izlədiyim ən möhtəşəm filmlər sırasındadır. Bu tip filmləri izlədikdə adətən sonluğunun eyni bitdiyini müşahidə etmişəm. Bəzən filmin ortalarında elə olur ki, artıq sonluğu da bilirsən. Amma Onür Ünlü hər kəsi fikrindən yayındıra, fokuslandığı sondan çəkə bilir. Məsələn, bu filmdə əminəm ki, əksər insanlar Musa obrazının sonda hamıdan intiqam almasını və ölməsini gözləyirdi.

Amma məncə, filmi izləyənlərdə, filmin sonu gözləntiləri də boşluqda qaldı.

Həm də onu deyim ki, bu filmin Onur Ünlünün digər bir filmi - “Günəşin oğlu” filminin sonlarının sujeti ilə də oxşarlıq təşkil etdiyini müşahidə etdim.

Düşünürəm ki, film insan həyatı ilə düz mütənasibdir. Və yaxud da, insan həyatı elə özü bir filmdir. Psixoloji göstəricilərə görə də filmlərin insan həyatına təsiri olduğu bildirilir. Sözsüz, bu təsir mənfi də ola bilər, müsbət də.

Məsələn, tez-tez bəzi insanların müəyyən filmlərdən narazılığını görürük. Filmlərdə göstərilən zorakılıq səhnələrinin uşaqlara mənfi təsir etdiyi deyilir. Həqiqətən də bəzən həmin azyaşlıların özlərini izlədikləri bəzi filmlərdəki mənfi və yaxud da elə müsbət qəhrəmana oxşatmaq istədiklərini də görürük.

Mən özüm uşaqlıqda “Hörümçək adam” olmaq istəmişəm. Hətta bir az da irəli gedərək “Hörümçək adam” kostyumunu geyinib, evin ikinci mərtəbəsindən uçmağı planlamışdım. Elə bilirdim ki, məni də hörümçək dişləyib, damarlarımdan tor çıxacaq. Mənim uçmaq arzumun sonluğu isə bədənimdəki qırıqlara görə altı ay yatağımdan qalxmamağımla nəticələndi.

Hərdən də olur ki, baxdığımız filmlərdən sonra yeni qərarlar qəbul edirik. Yəni filmin real həyatımıza assimilyasiyası da olur. Nuri Bilgə Ceylanın da dediyi kimi: “Hər yeni film mənə həyatımı necə idarə edəcəyimi öyrədir”.

Tanıdığım bir xanım var idi. Uşaq ikən hər iki valideyni dünyasını dəyişdiyindən, yaxın bir qohumu himayəsinə götürmüşdü onu. Xanım iyirmi iki yaşında olanda onu himayəyə götürən qohumunun həyat yoldaşı dünyasını dəyişir və özü də yataq xəstəsi oldu. Himayəyə götürdükləri bu xanımdan başqa heç kimi də yox idi. O, dünyasını dəyişənə qədər bu xanım onun yatağının başından çəkilmədi. Bildiyimiz xidmətçisi olmuşdu.

Bir dəfə onunla söhbət edəndə dedi ki, onun bir başqa yaxını deyib ki, ona baxmaq nəyinə gərəkdir? Onsuz ev də sənindir, bir də özünə niyə zülm verirsən?

O isə cavabında deyib: “onlar məni himayəyə götürüb, böyüdüb, niyə də etməyim ki?”

Onur Ünlünün “Sən aydınladarsan gecəni” filmini izləyəndə də eyni ilə dediyim bu səhnələri görməyim məni heyrətləndirmişdi. Onu daha da çox sevmişdim. Filmdəki “Yasəmən” obrazını da bir qohumunun böyütməsi, həmin qohum dünyasını dəyişdikdən sonra yoldaşının yataq xəstəsi olması və Yasəmənin ona baxması, söhbət zamanı isə digər obrazın “həmin qulluq etdiyin adam kimdir?” sualının cavabında “onlar məni böyüdüb, biri dünyasını dəyişdikdən sonra bu da yataq xəstəsi düşüb və mən də ona baxıram” deməsi məni bir müddət filmin təsirinə salmışdı.

Onur Ünlü mənə həm də “absurd” və “komediya” filmləri ilə doğmadır.

Türkiyə film sektoruna ssenarist kimi daxil olsa da, düşünürəm ki, sonradan çəkdiyi absurd komediya film ve seriallarda qara mizahı da özünəxas şəkildə göstərib.

Bu cür filmlərdə hər komediyanın içində bir dram, hər dramın içində bir komediya göstərməyi peşəkarlıqla bacarması onu bir kino ustası kimi sevməyə zəmin yaradır.

Mən onlarla komediya filmi izləmişəm. Amma heç biri məni Onur Ünlü komediya filmlərdəki kimi güldürə, düşündürə bilməyib. Bəli, məhz düşündürə. Onur Ünlü insanı tək fiziki olaraq yox, bioloji olaraq da güldürməyi bacaran biridir. O deyir ki, insan güldüyü zaman heç nə düşünmür. Gülüb qurtardıqdan sonra yenidən nəyə güldüyünü düşünüb bir daha gülür. Yəni əsas insanları düşündürərək gülməyi bacarmaqdır.

Bunu belə də izah edə bilərik: İnsan güldüyü zaman düşünməz, düşündüyü zaman da gülməz.

Məhz Onur Ünlü möhtəşəmliyi də insanı düşündürərək güldürməsindədir.

Onun filmlərində diqqətimi çəkən əsas məqamlardan biri də qadın obrazların üstünlük təşkil etməməsidir. Bilmirəm, bu onun sevgi həyatında uğursuzluqların olmasından qaynaqlanırmı, ya başqa nəsə var, amma izlədiyim bütün filmlərində sujet xəttinin daha çox kişilər üzərindən gerçəkləşdiyini müşahidə etmişəm. Məsələn, “Polis” filmində Musa Rami, “Günəşin oğlu” filmində Fikri Şemsigil, “Sən aydınladarsan gecəni” filmində Cemal...

Onun filmlərinin obrazları həm də fərqli absurd təcrübələrini, psixoloji böhranı və sevgi hallar üzərində yaşananları, iç dünyasını, nihilizmini göstərir.

Kişi obrazlar, adətən, “Günəşin oğlu” filmindəki kimi sosial işlərə faydası olmayan, ancaq və ancaq öz həyatlarına aid mövzular üzərində, “Etirazım var” filmindəki kimi problemləri aradan qaldırmağa çalışanlar və onların ətrafındakı insanlar qrupu olaraq diqqətimi çəkib.

O, həm də komediya içində dava-döyüş səhnələrinin ola biləcəyini peşəkarlıqla göstərə bilir.

Buna misal olaraq “Polis” filmində Musa Rami və mafiya arasındakı problemə bağlı qarşıdurmalar, “Beş şəhər” filminin son səhnəsində Aydının yaşadığı  ağır səhnə, “Sən aydınladarsan gecəni” də Cemalın yoldaşını döyməsini xatırlada bilərəm.

Onu Ünlü filmləri həqiqətən də insanın yaşadığı hisslərə, hadisələrə uyğun çəkilmiş filmlərdir. Məhz elə bunlar da onun filmlərinə xüsusi rəng qatır.

 





15.10.2018    çap et  çap et