525.Az

190 yaşlı həmdəmim: Tolstoy... - Pərvin yazır


 

190 yaşlı həmdəmim: Tolstoy... - <b style="color:red">Pərvin yazır </b>

190 yaşı var imiş Tolstoyun... Bu ilin sentyabr ayında bütün zamanların və zəmanələrin ən böyük yazıçılarından birinin - Lev Nikolayeviç Tolstoyun 190 yaşı tamam oldu...

Təkcə rus yox, dünya ədəbiyyatı klassikinin istər bioqrafiyasına, istərsə də yaradıcılığına nəzər salanda rəqəmlər əhəmiyyətini itirir. Adama elə gəlir ki, o, həmişə 100 yaşında qoca müdrikliyi ilə yaşayıb, heç vaxt cavan olmayıb... Amma eyni zamanda, tərəddüd edirsən, elə isə necə olub ki, bu yüz yaşlı qoca hisslərin sehrini itirməyib, özünü gah uşağın, gah yeniyetmənin, gah müdrik ağsaqqalın, gah da çılğın aşiqin yerinə qoyub yazıb?! Bəli, yazıb, nəfəs dərmədən, yorulmadan... Düz 90 cild!!! Bu günlərdə rus tənqidçisi Lev Aninnskinin müsahibələrindən birində verdiyi adidən adi informasiya yerlə-yeksan etdi məni: 40 yaşımda Tolstoyun 90 cildliyini yenidən (yenidən e!) oxudum! Gizlətmirəm, paxıllıq elədim, utandığımdan yer tapmadım özümə, itirdiyim zamana heyifim gəldi... Amma sonra düşündüm ki, axı biz kitablara-cildlərə, təkrarsız əsərlərə doğru getdiyimiz kimi, onlar da bizə tərəf gəlməli, bizə toxunmalıdırlar. Peşəkarlıq iddiası olan adam üçün mütaliə həm də işdir, əslində, daha çox işdir və bu mənada uyğun zamanın, məkanın, yaşın, hətta ovqatın seçilməsi şərtdir. Şübhəsiz, bu “kövrək, həzin” bəyanatlarımla özümə bəraət qazandırmaq niyyətindən uzağam, sadəcə sevdiyim yazıçının, insanlıq tarixinə ən çox təsir etmiş şəxsiyyətlərdən birinin 190 yaşını öz bildiyim, duyduğum və anladığım yerə kimi “qeyd etməyimin” səbəbini açıqlamağa çalışıram...

Duyduğum, anladığım Tolstoy isə xilasdı! Ağrılardan, qorxulardan, hətta özündən belə xilas... Bəzən nəsihətamiz sözləriylə başına ağıl qoyan ağsaqqal birdən hisslərinə, düşüncələrinə, özünə belə etiraf etmədiyin əndrəbadi arzularına elə bir bəraət qazandırır ki, göyün yeddinci qatına qalxırsan və deyirsən yox, bütün hallarda yaşamaq lazımdı... Amma birdən də bütöv bir dünya içərisində heçliyini anlayırsan, söz-söz, cümlə-cümlə sökür (əslində qurur!), ən ibtidai halına qaytarır səni Tolstoy. Dünya neməti, məişət, maddiyyat heç olur gözündə, sadə birhüceyrəli orqanizm kimi bir stəkan suda da yaşamaq, kirli gölməçədən də oksigen “tapmaq” qüdrətini hiss edirsən! Bütün bunları Şərq Tolstoydan qat-qat qabaq edib şübhəsiz, sufizmlə, İlahi həqiqətə can atmaqla... Amma şərt necə deməkdi, bir də niyyət! Lev Nikolayeviçin isə yazıçı olmaq niyyəti yox idi!!! 

TOLSTOY - ALLAH!

Yazıçının bioqrafiyasına nəzər salanda bir uşaqlıq xatirəsi seçdiyi böyük yolun başlanğıcı kimi diqqəti çəkir. Dörd balaca uşaq oyun oynayırlar, qardaşı Levi  inandırır ki, bağçanı gəzib balaca yaşıl, sehrli çubuğu tapsa və o çubuqla kimə toxunsa, o adam xoşbəxt olacaq. Tolstoy uşaq vaxtı bu çubuğu necə axtarmasını həyəcanla təsvir edir və əsərlərini oxuduqca həmin həyəcanın onu sonacan tərk etmədiyini görürsən. Sanki bütün ömrü və yazdıqları məhz insanı, insanlığı xoşbəxt edəcək, işığa çıxaracaq sehirli çubuğun axtarışına sərf olunub. Və  mahiyyətə varanda bu sehrli çubuq - İlahi həqiqətdən, ədalətdən başqa bir şey də deyil. Axı əslində, bütün sənətin, ədəbiyyatın niyyəti İlahi həqiqəti anlamaq və bir az da “məngənəyə” salmaq, özününküləşdirməkdir. Bu mənada yaradıcı adamların Allahlıq iddiası da başa düşüləndir. Tolstoyun isə dinlə, Allahla münasibəti fərqlidi... Çünki o, hər şeydən əvvəl azadlıq carçısı, təbliğatçısı, mücahididi. Az qala bütün əsərlərindən azadlıq ideyası qırmızı xətlə, bu və ya digər şəkildə keçir. 90 cildlik külliyyatında üçcə romanı olan yazıçı bu əsərlərin hər üçündə azadlıq haqqında düşüncələrini bir cür ifadə edir. “Hərb və Sülh”də Napoleonizm ideyasını izah etməklə kütlənin, xalqın bir adamın qərarları, iradəsi ilə heç zaman xoşbəxt olmayacağını sübuta yetirir. Həqiqətən Tolstoydan əvvəlki də, sonrakı da tarix bu fikri dönə-dönə təsdiqləyir. Və əslində, Tolstoy daha sonrakı zamanlarda Hitlerlərin, Stalinlərin liderliyinin insanlığa gətirəcəyi faciələri fəhm edib yazır. Çünki məhz XIX əsr rus ədəbiyyatı insanı bütün böyük ideyalardan və qələbələrdən öndə görürdü; Mixayıl Lermontov “Zəmanəmizin qəhrəmanı” romanında yazırdı ki, insan ruhunun, hətta ən kiçik ruhun belə tarixi bütöv millətin tarixindən daha maraqlı və faydalıdır. Fyodor Dostoyevski isə “Karamazov qardaşları”nda “bütün dünyanın xoşbəxtliyi günahsız bir uşağın yanağındakı bircə damla göz yaşına dəyməz” - yazırdı. Tolstoy isə az qala bütöv yaradıcılığını məhz bu ideyaları deyir və həmin düşüncələr onu hətta Allaha, əslində, kilsəyə qarşı da çıxarırdı. Bir sözlə, azadlığı məhdudlaşdıran nə varsa, yaddı ona, onun əleyhinədir.

Bütün zamanlarda kilsənin üzərinə düşən əsas vəzifə sadə adamlarla Allah arasında körpü yaratmaq olub, amma əslində belə idimi, yox! Tolstoy bunu gördüyü, anladığı üçün kilsəyə qarşı çıxırdı, Allaha asi olurdu. Yəni bir sözlə; fərqi yoxdur, kim boğur azadlığı - hökümət ya kilsə, Tolstoya düşməndi, heç fərq etməz kim idarə edir, Allah ya Napoleon, yaddı yazıçıya... Bu mənada Tolstoy İslamı dinlərin ən mükəmməli sayırdı, özü islamı qəbul etməsə də, islami dəyərlərə əsərlərində yer verirdi. Və bu təzadlı fikirlərinə görə incidilirdi, əsərləri senzuranın qayçısından keçirdi, hətta son anda jurnallardan səhifələr cırılırdı... Amma bununla belə, Tolstoyun İlahi varlığa, ədalətə aid düşüncələrini anlamağa çalışmağımız üçün “Etiraf” əsərindən bir parçanı gətirirəm:

“Bu məqamda mən özümə nəzər saldım, baş verənlərə diqqət etdim və bu cür yüz dəfələrlə ölüb dirilməyim yadıma düşdü. Yalnız Allaha inandığım anlarda yaşadığımı anladım. Əvvəl də belə olub, indi də belədir: Allah haqqında düşünən kimi yaşayıram, onu yaddan çıxaran, ona inamımı itirən kimi ölürəm. Bu ölüb dirilmələr nədir axı?! Axı mən ona inanmayanda yaşamıram, axı mən onu tapacağıma inamımı itirsəydim, çoxdan öldürərdim özümü. Mən həqiqətən yaşayıram, onu hiss etdiyim, axtardığım zamanda yaşayıram”.

Yazıçı sadəcə inamı təbliğ edir, insan nəyəsə inanaraq yaşamalıdır. İnanmırsa, yaşamır deməli və bu mənada “Etiraf” əsərində Allahı axtarmaqdan, onun haqqında düşünməkdən söhbət gedirsə, bu “resepti” bütün başqa dəyərlərə aid etmək olar... Söhbət düşüncələrini, arzularını, varlığını BİR olana bağlamaqdan gedir. Və burda hər şey var, o BİR olandan asılılıq - azadlığın boğulması, ona inandığın üçün xoşbəxtlik, onunla nəfəs aldığın üçün yaşamaq arzusu və onu gözdən itirən kimi, ümumiyyətlə itirmək qorxusu duyan kimi ölüm sevdası... Hə, ölüm!



TOLSTOY - ÇAR!

Yazıçı-jurnalist İlya Erenburq özünün “İnsanlar, illər, həyat” bioqrafik  romanında Tolstoya aid uşaqlıq xatirəsini bölüşür. Və mənə görə bu kiçik abzas Tolstoyun xalq arasında necə sevilməsini, nüfuzunu dəqiq ifadə edir. Erenburq uşaqlığına gedib yada salır ki, bir vaxtlar atası pivə zavodunda işləyir və xoşbəxtlikdən bu zavod Tolstoyun evinin yanında olur. O zaman Tolstoyun həyətinə girib çıxmasına, qonaqlarını qarşılamasına heyranlıqla baxan oğlan yazıçının “Uşaqlıq, yeniyetməlik, gənclik” əsərindən sonra “Dirilmə” romanını birnəfəsə oxuyur və bir az da dərindən bağlanır ona. Erenburq yazır: “Mən o zaman düşünürdüm ki, Tolstoy hər şeyi bilir!” Və bir müddət sonra Tolstoy rus xalqının bəlası olan “vodka” ilə mübarizə yolu kimi pivəni sevdirməyi təklif edir və pivə zavoduna gəlir, İlya Erenburqun atası ilə sexləri gəzir, isti pivə içir. Balaca İlya addım-addım izləyir onları: “Mən Tolstoyun boyda atamdan balaca olmasına təəssüflə baxırdım”... Əslində, balaca, səmimi oğlanın dilindən verilmiş bu iki cümlə xalqın, əksəriyyətin Tolstoya münasibətini ifadə edir. Hamıya elə gəlirdi ki, o, hər şeyi bilir və hər kəsdən ucadır.

“Rusiyada iki çar var, Çar Nikolay və Tolstoy!” xalq deyimi elə-belə yaranmamışdı. Xalq həqiqətən Tolstoyu sözünə, əməllərinə görə ən uca zirvədə görür, hətta çardan üstün tuturdu. O zaman jurnallardan birində karikatura çəkilmişdi; Tolstoy rus xalq qəhrəmanı, xeyirxah pəhləvan İlya Muromets obrazında, Çar isə ondan bir neçə dəfə balaca, aşağıdan yuxarı ona baxır. Və bütün bunlar təsadüfi deyildi, Tolstoy həm əməlləri, həm də əsərləri ilə qazanmışdı bu nüfuzu. Əsərlərində mənəviyyat carçısı kimi, peşəkarlıqla təbliğ etdiyi ədalət, həmçinin real həyatda insanlara etdiyi yaxşılıqları, xalqı düşünməsi onu millətinə sevdirmişdi. Səxavəti ilə seçilirdi, qeyri-adi dərəcədə həssas idi, qapısına gələnləri, məktub yazanları naümid qoymurdu. Bircə elə XIX əsrin 90-cı illərində Volqaboyunda başlayan aclıq zamanı yazıçının gördüyü işlər yetərdi bəlkə də. Lev Nikolayeviç bir neçə günlüyə aclıq, səfalət içərisində olan ərazilərə səfərə çıxır və bu səfəri təxminən iki il çəkir. Bu müddətdə xeyriyyə tədbirləri keçirir, pullar yığır, aclar üçün yemək düşərgələri düzəldir. Həmçinin, gördüyü haqsızlıqları da istər nəsr, istər publisistik əsərlərində qələmə alır. Bu mənada bir çox nəsr əsərlərində hətta bəzən yersiz şəkildə çarın tənqidinə rast gəlmək olar. Buna görə də Tolstoy həyatı boyu izlənirdi, əsərləri nəzarətdə saxlanırdı, Yasnaya Polyanada nəşriyyatının olduğunu düşünürdülər, amma əslində, onun əsərlərindən qadağan olunmuş parçaları özü yox, xalq köçürüb yayırdı. Və mənə görə, Tolstoyun Çar II Nikolaya ən ciddi “zərbəsi” açıq məktubudur. Yazıçı imperiya boyu gördüyü hərc-mərcliklərdən, yalandan, riyakarlıqdan, məmurların özbaşınalığından, dəhşətli varlı-kasıb fərqlərindən, “məndən sonra nə olur-olsun” düşüncəsinin gətirəcəyi bəlalardan açıq və sərt şəkildə yazır və sonda əlahəzrətə səmimi şəkildə müraciət edir:

“Beləliklə, hər halda indi hökümət millətin arzu və ehtiyaclarını dilə gətirməsinə mane olan basqının qarşını almalıdır. Adamın ağzını bağlayıb, öz mənafeyi üçün arzuladıqlarını dinləmədən yaxşılıq etmək olmaz ona... Yalnız xalqın əksəriyyətinin arzu və ehtiyaclarını biləndən sonra ona fayda vermək mümkündür”.

Tolstoy imperiyanın müstəmləkəçiliyinin, insana İNSAN olaraq yanaşmamasının, ədalətsizliklərin ən sərt şəklini Qafqazda görmüşdü və bəlkə elə buna görə də həyatının sonuna doğru Qafqaz ağrılarından, iztirablarından, vicdan əzabından xilas olmaq üçün yenə qələmə əl atdı...

TOLSTOY - KİŞİ!

Lev Nikolayeviç gənclik illərində Qafqazda hərbi xidmətdə olmuşdu və burda gördüyü ədalətsizliklər, rus imperiyasının kiçik xalqların nümayəndələrinə verdiyi zülmlər onu bir ömür boyu tərk eləmirdi. Gündəliklərində yazırdı ki, qəribədi, biz hərbi xidmətdə olanda adamları incidirdik, əzab verirdik və buna görə mükafatlandırılırdıq da hələ. Məhz bu qeydləri oxuyanda yazıçının “Hacı Murad” mövzusuna müraciətinin səbəbini anlayırsan. Ömrünün son illərində bu yeni işini  “özümdən gizlin bir əsər yazıram” - deyə simvolizə edən müəllif əslində, bütün Qafqaz və qafqazlılar qarşısında etirafını edirdi, “günahını” yuyurdu. Amma nə demək idi “özündən gizlin yazmaq”? Məsələ burasındadır ki, Tolstoyun demək olar ki, bütün əsərlərində görünən didaktika, mənəviyyatpərəstlik “Hacı Murad”da yox səviyyəsindədir. Hətta Vladimir Nabokov belə, yazıçının bu cəhətini qüsur kimi yozur, “Hərb və Sülh” əsərini “böyük ideyalar ədəbiyyatı” adlandırır, ailə-məişət mövzusunda olan “Anna Karenina”nı, Prustvari yazılmış “İvan İliçin ölümü”nü daha üstün tuturdu.

Tolstoy rus və ümumiyyətlə, dünya nəsrinə yeni yanaşmalar gətirməyə çalışırdı. Dünyanı heyvanın gözü ilə, məsələn, “Xolstomer” əsərində, uşaqların gözü ilə “Uşaqlıq, yeniyetməlik, gənclik”də, ölüm ayağında olan insanın düşüncəsiylə “İvan İliçin ölümü” povestiylə təsvir etməyə, çatdırmağa çalışırdı. Bəlkə məhz bu cür fərqli baxışlarla, amma ideal dünyanı göstərməyə çalışması onun əsərlərinin didaktik yükünü artırırdı. Bu məqamda A.S.Puşkinin Qriboyedovun “Ağıldan bəla”sı haqqında sözlərini yada salıram. Puşkin həmin dövrdə realist əsərlər yazan, ədəbiyyatın inkişafını başqa istiqamətdə görən bir sənətkar kimi “Ağıldan bəla”nı kəskin tənqid edir və sonda dəqiq bir resept verir: “Amma bununla belə dramaturqu onun öz qarşısına qoyduğu qaydalara, niyyətinə əsasən mühakimə etmək lazımdır”.

Bəli, Tolstoy yazıçı olmaq yox, xoşbəxtliyin reseptini, sehrli çubuğu tapmaq, cəmiyyəti işığa, özü də gur işığa çıxarmaq istəyirdi. Və Nabokovun bu haqda məşhur izahı da hamımızın yadımızdadır. “Əsrin vicdanı” adlandırılan Tolstoyu Nabokov Amerikan tələbələrinə belə şərh etmişdi; mühazirə zalında bütün işıqları söndürüb, pərdələri çəkir. Sonra lampalardan birini yandırır, arxa sol künc işıqlananda - baxın, bu, Puşkindir - deyir. Bu, Qoqoldur - ortadakı lampanı yandırır. Bu, Çexovdur - sağdakı lampanı yandırır. Və birdən səhnədən enib iri pəncərəyə yanaşır və pərdəni sərt şəkildə kənara çəkir, gur işıq dinləyicilərin gözünü qamaşdırır - Bu isə Tolstoydur! - deyir Nabokov. Həmçinin, Nabokov Tolstoya “yoluxmanı” da sadə izah edir: “Turgenevi oxuyanda siz başa düşürsünüz ki, bu, Turgenevdir və oxuyursunuz. Amma Tolstoyu mütaliə edəndə sadəcə ondan ayrıla bilmədiyiniz üçün oxuyursunuz...”

Beləliklə, ömrünün son illərində Tolstoy “özündən gizlin” yazdığı əsəriylə tam yeni bir qəhrəman, daha doğrusu, Kişi obrazı yaradırdı. Hacı Murad ruslara qarşı vuruşan Şeyx Şamilin dəstəsindən qaçan, ruslar tərəfə keçən və ailəsini xilas etməkdən ötrü hər şeyə hazır olan mərd bir adamdı. Tolstoy onun əhvalatını eşidəndə qardaşına bu haqda məktub yazır və bütün lazımi materialları toplamağa başlayır. Ümumiyyətlə, Tolstoyun bir mövzunu dönə-dönə işləməsi, dəyişə-dəyişə yazması, yaza-yaza pozması, ilkin mətnin 3-də bir hissəsini ixtisar etməsi ayrıca mövzudur. “Hacı Muradı” da işləyəndə bir tərəfdən tarixi faktları, bir yandan da Qafqaz xalqlarının folklorunu öyrənir və əsərində bunları öz üsulları ilə əks etdirir. Daha əvvəllər də Qafqaz mövzusunda yazan yazıçı “Qafqaz əsiri” kimi uşaq povestində Qafqazı sadəcə fon olaraq göstərirdi, “Hacı Murad”da isə Qafqaz artıq baş qəhrəman idi, iri planda, müxtəlif rakurslardan, fərqli adamların xarakteri vasitəsiylə ifadə olunurdu. Bir sözlə, Tolstoyun Kişi xarakterləri haqqında düşünəndə Hacı Murad obrazı ilk növbədə nəzərə çarpır və əsəri oxuduqca düşünürəm nə idi yazıçını cəlb edən?! Niyyət sadəcə imperiyanın müstəmləkəçi siyasətini tənqid deyildi, şübhəsiz. Tolstoy öz millətində gördüyü naqislikləri düzəltmək istəyirdi və bunun üçün nümunə olaraq Qafqaz xarakterini göstərirdi; insan ailəsindən ötrü ölümə hazırdır, ev yiyəsi qonağın şərəfini, ləyaqətini, sağlığını qorumalıdır, qadın öz abrının-həyasının, kişi öz sözünün sahibidir, insan ölər, amma əqidəsindən dönməz, dini birdir, gündə bir məzhəbə qulluq etmir. Amma bununla belə insan İnsandır, onun da zəif və güclü tərəfləri var. Və Hacı Murad bir yandan vurub yıxması, o biri tərəfdən saat hədiyyə alanda uşaq kimi sevinməsiylə, bir yandan qatı dindarlığı, digər yandan ailəsi darda olanda ancaq öz gücünə arxayın olması ilə canlı xarakterdir, fərqlidir.

Bir də Tolstoy əsərin girişindən böyük bir ideyanı Hacı Muradın taleyi vasitəsilə ifadə etdiyinə işarə vurur.Yazıçı çöldən keçərkən qopara bilmədiyi ayıpəncəsi çiçəyi haqqında deyir: “Bundakı enerjiyə, bundakı həyat gücünə bir bax! - Mən çiçəyi qoparırkən çəkdiyim əziyyəti yenidən xatırlayaraq düşündüm. - necə də inadla qorunurdu, həyatını necə də baha qiymətə təslim etdi...”

Formula çox sadədir: Həyat yaşamaq uğrunda mübarizədir və yazıçı bütöv xalqın mübarizəsini, təslim olmamasını, son nəfəsədək vuruşmasını Hacı Muradın timsalında göstərir. Və sonda Hacı Murad ailəsini xilas etmək üçün ruslardan da qaçanda, son ana kimi mübarizə aparanda yazıçı həmin inadla qorunan bitkini xatırlayır. Və elə bunun özü də o qədər Tolstoya xas priyomdur ki...

TOLSTOY - QADIN!

Günlərin birində Tolstoyun xanımı Sofiya Andreyevna əlyazmaları gətirəndə yazıçı ordan qeydlərini tapır. Rus kübar cəmiyyətinin qadınları haqda yazmaq planlaşdırırmış demə... Hər şeyi olub amma heç nəyi olmayan bir qadın yaratmaq, bununla da üst təbəqənin xanımlarının şablon desək, “iç üzünü açmaq” imiş niyyət. Anna Karenina ailəli, imkanlı, gözəl balası olan bir xanımdı, amma nəyi çatmır, özü də bilmir. Bir sözlə, Tolstoy qeydlərinə baxıb əsəri 2 həftəyə bitirəcəyini düşünür, amma yazı və redaktə işi düz beş il davam edir. Nəticədə isə hər şey, hər şey dəyişir. Hətta ora qədər dəyişir ki, Tolstoy Annanın ölümünü yazdıqca ağlayır. Bəli, bu, Tolstoy idi, onun qəhrəmanı o qədər azaddı ki, yazıçının diktəsindən çıxıb öz həyatını yaşayır və ölümdən başqa çarəsi, çıxış yolu yoxdur.

Türk yazıçısı Orxan Pamuk “Anna Karenina”nı mükəmməl əsər hesab edirdi, romançılar üçün master-klass olduğunu yazırdı. Çünki doğrudan da əsər zərgər dəqiqliyi ilə işlənib. Təkcə - “Bütün xoşbəxt ailələr bir-birinə bənzəyirlər, bədbəxt ailələrin isə hərəsi bir cür bədbəxtdi” cümləsi on bir dəfə dəyişilib, indiki aforizm şəklini alıb.

Anna əsərin ilk əlyazmalarında harın, piyli, karikaturanı xatırladan, hissiz-duyğusuz bir qadın kimi yazılır, amma sonra Tolstoyu özünə aşiq edir və tamam başqa bir qəhrəman kimi təqdim olunur dünyaya. Bir sözlə, Tolstoy və Qadın mövzusunda düşünəndə məhz Annanı yada salmaq təsadüfi deyil. Məsələ burasındadır ki, müxtəlif qadın qəhrəmanları yaradan yazıçının ən təbii, ən özü olan Qadınıdır Anna! Və yazımın yuxarıdakı bölümündə “Etiraf” əsərindən gətirdiyim parça Annanın ölümünün, intiharının şərhidir: inamın itməsi, yaşamaq üçün səbəbin qalmaması... Ailəsindən, övladından uzaq düşən Anna gənc və yaraşıqlı Vronskiyə aşiqdir. Amma o da sevirmi Qadını? Sevgi insanın bacardığı yerə kimi yaşana bilir. Axı, bu, hər şeydən əvvəl istedada, gücə, bir də Kişiliyə bağlı məsələdir. Kişiliyin haracan çatırsa, istedad hansı yerəcən imkan verirsə, gücün hansı yükün altına girməyə yetirsə, oracan sevirsən, nə ondan bir qram çox, nə bir qram az... Anna bütün qəlbi, varlığı ilə sevə bilərdi, çünki içində azadlıq vardı. Vronski üçün isə sadəcə hansısa işdən imtina, hansısa vəzifəyə yox demək, artıq sevginin əlamətidir. Nə qədər qəribə səslənsə də, Tolstoyu oxuduqca hamını anlamağa, hamıya bəraət qazandırmağa çalışırsan... Bəlkə elə yazıçının əsas ideyası da budur. Möhkəm ailə dəyərlərini simvolizə edən Levin və Kiti də haqlıdır, ailəsindən bezən Anna da... Ailəsini atıb sevgisi üçün hər şeyə hazır olan Anna da düz edir, qadının hamiləliyini biləndə qorxuya düşən Vronskini də başa düşmək olar. Və bütün bu yalandan, riadan bezib özünü qatarın altına atan Anna hamıdan daha çox haqlıdır... Heç şübhəsiz, Tolstoy intiharı təbliğ edə bilməzdi, bəlkə elə ona görə də Annanın ölümünü yazdıqca ağlayırdı, amma bəzən getmək, birdəfəlik GETMƏK qaçılmazdırsa, getməmək sadəcə riyakarlıqdır... Tolstoy isə riyakar ola bilməzdi. Elə özü də zamanı çatanda baş götürüb getdi...

SONUN SONSUZLUĞU...

Tolstoy həyatının təzadlı tərəflərindən biri də xanımı, Sofya Andreyevna idi. Təzadlı idi ona görə ki, bir yandan ərinə dəstək idi, çəkdiyi nəfəsdən tutmuş yazdığı yazıya, görüşlərinə kimi hər şeyi izləyir, məsləhətlər verirdi, amma o biri tərəfdən də çürüdürdü onu. Məhz “çürüdürdü”, yazıçı özü bunu deyirdi övladlarına, ananız məni çürüdür... Toy gününün səhəri gündəliyinə ikicə kəlmə yazmışdı: “NE TO” - yəni O deyil, gözlədiyim deyil, düşündüyüm deyil. Tolstoya bunu anlamaq üçün uzun zaman lazım deyildi. Və ən ciddi problem onda yaranır ki, Tolstoy bir tərəfdən “kisə”nin ağzını açıb səxavətlə xeyriyyə işləri görür, o biri tərəfdən də əsərlərinin qonorarlarından imtina edir. Sofiya Andreyevnanın da təlaşları burdan başlanır, uşaqlarımızı heç nəsiz qoyacaqsan - deyib “çürüdür” Kişini...

Tolstoyun xanımına münasibətini göstərən bir fakt xeyli təsirlidir; ömrünün son illərində yazdığı “İblis” povestini gizlətməsi... Gənclik illərində aşiq olduğu kəndçi qızı Aksiniyaya sevgisindən və 49 yaşında vurulduğu Domna haqqında yazdığı üçün Tolstoy əlyazmanı qoltuğun parçası altında gizlədir. Doğrusu bilmirəm yazıçı bunu başını dinc saxlamaq üçün edir, ya xanımına hörməti olduğu üçün. Amma ömrü boyu əsərlərində ideal ailə modelləri yaradan, xoşbəxt ailələr haqqında çoxlu sətrlər, səhifələr yazan müəllifin “biz ailəni oynayırıq” - deməsi sadəcə paradoks idi. Bəli, məhz ailəni oynamaq, amma haracan?! Çətini ölüncədir - deyirlər və yazıçının baş götürüb getməsi, ölümünü sakit qarşılaması üçün idi görünür.

Tolstoy ağciyər xəstəliyindən ciddi əziyyət çəkirdi, hətta bəyənmədiyi, “Siz Şekspirdən də pis yazırsınız!” - deyib həvəsdən saldığı Çexov belə həm də bir həkim kimi onun ağrılarını bilir, üzülürdü. Beləliklə, 82 yaşlı qraf  Lev Nikolayeviç Tolstoy bir səhər alatoranda evdən qaçır. Rostov şəhərinə gedən qatara minir və Astapova stansiyasında vəziyyəti pisləşdiyi üçün stansiya rəisinin otağında onun üçün yer salınır. Həkimi yazıçının durmadan sayıqladığını “O burdadı, içəri buraxmayın” - deyə zarıdığını deyirdi. Şübhəsiz ki, söhbət Sofiya Andreyevnadan gedirdi və yalnız iki gündən sonra qadın yazıçının yanına girib dua oxuya bildi... Bu anlarda Tolstoy ümumiyyətlə heç nə hiss etmirdi, görmürdü, sadəcə sağ əli ilə mələfə üzərində nə isə “yazırdı”... Yanındakılar diqqətlə baxıb imza qoyduğunu müəyyənləşdirdilər: Lev Nikolayeviç Tolstoy! Görünür bilirmiş ki, bu imza hələ uzun-uzun illər onu ölməyə qoymayacaq!



P.S. Ölümdən sonrakı həyat...

Tolstoyu ölümündən bir neçə il sonra olan inqilabda günahkar bilirdilər... O elə yazmasaydı, millət oyanmazdı, inqilab olmazdı - deyirdilər. Kilsə illərdir ki, üz döndərmişdi ondan, ildə bir dəfə Tolstoyu lənətləmə günü keçirirdi. Sovet höküməti yaranan kimi Lunaçarski və Krupskayanın rəhbərlik etdiyi komissiya “millət üçün zərərli əsərlərin” siyahısını çıxarırdı, bu siyahıda Tolstoyun da beş cildinin adı vardı və bütün kitabxanalardan yığışdırılırdı bu əsərlər... Lenin cildlərində arabir “xoş sözlər” desə də, əsasən təhqir edirdi onu, dünyanı anlamamaqda günahlandırırdı...

Bu siyahını çox uzatmaq olar...

Amma bununla belə, ölümündən sonra çap olunan əsərləriylə belə Tolstoy yazıçılara dərs verirdi, bu gün Yasnaya Polyana ən çox ziyarət olunan ev muzeylərindən biridir, yazıçının “təbiətə qarışıb itmiş yamyaşıl” qəbri müqəddəs bir məbəd kimidir. Amerika jurnallarının sorğusuna görə Tolstoy bütün zamanların və millətlərin ən böyük yazıçısı seçilib. Siyahıda ikinci yeri Şekspir tutub...

Və elə bu siyahını da çox uzatmaq olar!

Axı bu Tolstoydu!

 





03.11.2018    çap et  çap et