525.Az

Zirvəyə gedən yolun bələdçisi - Şeir


 

Zirvəyə gedən yolun bələdçisi - <b style="color:red">Şeir </b>

Azərbaycan Respublikasının Əməkdar Müəllimi, ziyalı zümrəsinin işıqlı nümayəndəsi, müdrik el ağsaqqalı Səlim Əzimovun 90 illik yubileyinə həsr olunur.

Ali təhsil alıb, sən təyinatla
Ağdamın Novruzlu kəndinə gəldin.
Adın qoşalaşdı yeni bir adla,
Özünü dünyanın xoşbəxti bildin!..

Başın açılmadı işdən heç zaman,
Öz rahatlığını tamam unutdun.
Bütün titullardan, bütün adlardan
Müəllim adını sən uca tutdun!

Yerinə yetirdin verdiyin vədi,
Öz doğma kəndində arzuna yetdin.
Sən məktəbi bildin elmin məbədi,
Çopur daşlarını ləl hesab etdin!..

Fikrin məktəbdəydi, getsən də hara,
Dərslərdə ciddiydin, bayırda həlim.
Elmin zirvəsinə üz tutanlara
Bələdçilik etdin, Səlim müəllim!..

El yolunda getdi olub-qalanın,
Sən ki xeyirxahlıq üçün doğuldun.
Ac-yalavac gəlib təhsil alanın
Əlini çörəyə çatdıran oldun!..

Həmişə haqlısan söz-söhbətində;
Bilirik, ağsaqqal nüfuzlu kəsdir.
Köməyə gələrsən darda, çətində,
Qanı yatırmağa bir himin bəsdir!..

Sən güvənc yerisən hər bir nəfərin,
Elin nəzərində vüqarlı dağsan.
Qatı qaranlıqda yol gedənlərin
Önündə dayanan nurlu mayaqsan!..

Təhsildə günbəgün artdı tələb də,
Tərəqqi - yerində sayan ki, deyil.
Pilə-pillə qalxdın... Doğma məktəbdə
Sən müdir işlədin əlli altı il.

Ay el ağsaqqalı, başdadır yerin,
Adına təbriklər gəlib nə qədər.
Minlərlədi sənin yetirmələrin,
Hərəsi bir sənət sahibidirlər.

Çox da yol gedirsən ömrün qışında,
Bulaq tək qaynayır yaşamaq eşqin.
Gəncliyin havası qalıb başında,
Sənə qoca desəm, küsərsən yəqin...

Hamımız gəlmişik, qalmayıb heç kim,
Adına möhtəşəm məclis qurulsun.
Elliklə deyirik: - Səlim müəllim,
Sənin doxsan yaşın mübarək olsun!

Hər vaxt cərgəmizdə kaş görək səni,
Həmişə bir vursun ürəklərimiz.
Gün o gün olsun ki, yüzilliyini
Doğma Qarabağda qeyd eləyək biz!!!

Ramiz MÖVSÜM
Dekabr, 2019

 





19.12.2019    çap et  çap et