525.Az

Xəzərin sahilində gəzişmələr... - Fəxriyyə Lilpar yazır


 

Xəzərin sahilində gəzişmələr... - <b style="color:red"> Fəxriyyə Lilpar yazır</b>

Ölkəmin dəyəri, Bakımın nazlı mələyi Xəzərim.... Ruhum, sevgim, təlatümüm, təmkinim, həmdəmim, tarixim, şahidim və hətta şəhidim, Xəzər... Səni tanımaq, səni tanıtmaq və səni vəsf etmək hisslərin ən alisi...


Təsadüfi deyil ki, Azərbaycan mədəniyyət və incəsənətinin çoxəsrlik tarinidə Xəzər mövzusu bir çox yaradıcı insanların ilham mənbəyi olmuş, istər musiqidə, istər rəngkarlıqda, istərsə də bədii ədəbiyyatda bu mövzuya həsr olunmuş saysız-hesabsız sənət inciləri meydana gəlmişdir.


Xəzərin əsrarəngiz varlığını və gözəlliyini görkəmli rəssam Səttar Bəhlulzadə “Neft daşlarının görünüşü”, “Estakada”, “Xəzər axşamları”, “Xəzər gözəli” kimi bənzərsiz əsərlərində özünəməxsus ustalıqla vəsf edir. Rəssamın  “Xəzər gözəli” tablosu tədqiqatçılar tərəfindən Azərbaycan rəngkarlığında Xəzərə həsr olunmuş ən gözəl sənət əsəri hesab olunur.  “Xəzər axşamları” əsəri də digər əsərlər kimi dərin poetik mənzərə yaradan gözəl yaradıcılıq nümunəsidir.


Dünya şöhrətli azərbaycanlı, Xalq rəssamı Tahir Salahovun yaratdıgı rəsm nümunələrində Xəzər dənizi xüsusi çalarlarla obraz olaraq təsvir edilir. Rəssamın “Növbədən qayıdış”, “Təmirçilər”, “Neftçi”, “Yeni dəniz” əsərlərində qəhrəman dənizçilərin ölməz şücaəti öz əksini tapır. Bu monumental əsərlər içərisində “Xəzərdə səhər”əsərinin özünəməxsusu yeri var. Rəssamın  “Xəzər sahilində” tablosu isə öz motiv və işlənməsinə görə xüsusi fərqlənir. Müasir və sadə insanın doğma Xəzərlə vəhdəti əsərin əsas süjet xəttini təşkil edir.


Xəzər şairlərimizin də ən sevdalı ilham pərisi olub. Daima onların ruhunu oxşayan, həsrət və vüsal dolu qəlblərinə məlhəm olan, sevgi qəhrəmanlarının görüş yeri, gözəl münasibətlərin şahidi, bir çox məqamlarda isə qəm yaddaşı olan Xəzər... 

Dənizi hədiyyə verirəm sənə...
Mən dedim, sən baxdın, sən gülümsədin.
Göylərin şəfəqi düşdü üzünə.
Mən isə... göyləri verirəm, - dedin...

Xalq şairi Nəbi Xəzri qəlbinin təlatümündən qaynaqlanan bu misralarda Xəzər şairin sanki özünə məxsusdur. O öz mənsubiyyəti ilə sevgilisinə Xəzəri hədiyyə etməyi sanki içində Xəzərə ərk edərək qeyd edir. İnsan arzularının hüdudsuzluğu onun poeziyasında zirvəyə can atan insanların real arzusu kimi tüğyan edir.

Xalq şairi, misraları mahnılarda xumarlanan Xalq şairi Hüseyn Arif də öz yaradıcılığında Xəzərin qiymətini ulu babalarımıza məxsus mənalandırma qüdrəti, ümumiləşdirmə və ümumiləşə bilən tutarlı müqayisələr yaratmaqla təqdim edir:

Dərinlikdə dəniz, genişlikdə göy,
Hərarətdə günəş, dözümdə torpaq.

Xəzər mövzusu Xalq şairi Rəsul Rza yaradıcılığında da xüsusi çəkiyə malikdir. Böyük söz ustadı “Dəniz”, “Dəniz, dalğalar, damlalar”, “Dənizin haqqı”, “Dənizin riqqəti”, “Dənizdən böyük”, “Dənizlərdən ayrı dəniz”, “Dəniz niyə əsəbidir”, “Dəniz haqqında nəğmələr”, “Riqqət”, “Susuzluq”, “Dənizin dənizliyi”, “Dəniz deyir”, “Səhər dənizi”, “Yuxusuz dəniz”, “Dənizin yerinə olsam”, “Dəniz və balıqçılar”, “Dəniz gecələri”, “Dənizin ad günü”, “Daha dəniz qoxulu”, “Dənizin rəngi”, “Dənizçi qoca dedi”, “Dənizin yurdu” kimi şeirləri ilə bizlərə Xəzərimizdən  sevgi payı göndərir.


Söz xiridarlarının qəlbindən su içən şeirlərdə Bakımızın nazlı dilbəri Xəzərimizi vəsf edən saysız-hesabsız misralar misal çəkmək olar. Bu misraları musiqisiz, melodiyasız təsəvvür etmək mümkün deyil. Xəzərimizin ruhunu oxşayan, illəri, qərinələri aşıb gəlmiş neçə-neçə musiqi nümunələri müxtəlif dövrlərdə müğənnilərin repertuarını zənginləşdirmişdir. Bəstəkar Ramiz Mirişlinin İslam Səfərlinin sözlərinə bəstələdiyi “Nəğməkar dalğalar” mahnısı sanki Xəzərimizə sevgi etirafı edir.


Xəzər mövzusu həmişə ölkəmizin film industriyasında da ən prioritet məsələ olub. Hələ 1956-cı ildə Mehdi Hüseynin ssenarisi əsasında rejissor Ağarza Quliyevin lentə aldığı “Qara daşlar”, Həsən Seyidbəylinin 1963-cü ildə çəkdiyi “Möcüzələr adası”,  1967-ci ildə İmran Qasımovun ssenari müəllifliyi ilə rejissor Arif Babayevin çəkdiyi “İnsan məskən salır” kimi filmlərdə dəniz qəhrəmanlarının şücaəti öz ekran həllini tapmışdır.


Ümumiyyətlə, bu mövzunun mühüm bir sirri də fikri eyni sistemli məcazlarla müşaiyət etmə qabiliyyətinin gücündədir. Yaradıcı insanlar eyni bir təsvir obyektini müxtəlif cəhətdən, yaxud müxtəlif təsvir obyektlərini eyni sistemli, lakin obyektin xarakterinə müvafiq ifadələrlə səciyyələndirirlər.


Lider TV-də yayımlanan,  müəllif və aparıcısı olduğum  “Xəzərin sahilində” verilişi öz üslub və tərz xüsusiyyəti ilə  fərqlənərək tamaşaçı kütləsinin səbirsizliklə gözlədiyi verilişlərdən biri olaraq Azərbaycanda və eləcə də ölkəmizin hüdudlarından kənarda soydaşlarımız tərəfindən sevilir. Ölkənin ictimai-siyasi, mədəni sferasında özünəməxsus yeri olan ziyalıların dəvət olunması, onların ictimaiyyətə fərqli aspektdə təqdimatı, fəaliyyət və yaradıcılıqları, bilavasitə həyat fəlsəfələri, ümümbəşəri məsələlərə aydınlıq gətirilməsi, insani dəyərlərin bu və ya digər formada təhlili, milli-mənəvi dəyərlər fonunda çağırışların səsləndirilməsi verilişin əsas qayəsi olaraq təqdim olunur. O cümlədən, verilişin adına uyğun məlumat genişliyi, informasiya əhatəliyi, məzmunlu yanaşmanı nəzərə alaraq  məkanın məhz Xəzər dənizinin sahilində seçilməsi tamaşaçıya daha dolğun və estetik təsir bağışlayır. Veriliş başlar-başlamaz onun  adına və  seçildiyi  məkana uyğun olaraq ənənəvi şəkildə  Xəzər dənizini həm də bədii obraz kimi təsvir edərək dəvət olunan qonağa Xəzərlə bağlı, həmçinin təbiətə münasibət barədə ilk sual verilir. Verilişdən öncə dəvət olunan qonağın Xəzər dənizinin kənarında gəzişməsi qonağın ruhuna birbaşa sirayət etdiyindən artıq həmsöhbət səmimi ünsiyyətə köklənmiş olur. Aparıcının “Mənim Xəzərim də sizi salamlayır”, “Xəzər də bu gün xoşallanır, xumarlanır”,”Xəzər bu gün nəsə təlatümlüdür”,  “Bu gün Xəzərimdən razı qaldınızmı?” kimi sualları dolayısı ilə Xəzər dənizinin də bir aparıcı obrazında bədii personaj olaraq təhlil olunmasına yol açır və verilişə xüsusi özünəməxsus rəng qatmasına səbəb olur.



Belə yanaşma dəvət olunan həmsöhbətin bilavasitə veriliş boyu səmimiyyətində də öz əksini tapır. Müəyyən siyasi-iqtisadi sferada formalaşan xüsusi mütəxəssislər üçün bu bədii mühit fərqli görünə bilər. Amma veriliş öncəsi təbiətlə ünsiyyət və aparıcının məhz bu rakursdan yanaşması qonağın görünməyən tərəflərinin üzə çıxmasına səbəb olur. Hətta bir çox vaxtlarda dəvət olunan qonaq bunu verilişin sonunda xüsusi olaraq vurğulayır.


Buna misal olaraq, müsahiblərimdən biri olan  Mətbuat Şurasının sədri Aflatun Amaşovun iştirak etdiyi verilişi viurğulamaq istərdim. Müsahibimiz veriliş öncəsi yalnız mətbuat sahədə yaranan bəzi problem və perspektivlərin təhlil olunacağını öncədən düşünüb planlaşdırdırsa da,  veriliş boyu tamamilə fərqli mövzuda, yəni  kainatdan, qalaktikadan, insan enerjisinin və varlığının müəyyən mənəvi dəyərlər kontekstində təhlilindən  danışdı. Məsələn, aparıcının “fərd və bəşəriyyət, insanın daxili və xarici dünyasının vəhdəti hansı formada tənzimlənir?” sualını MŞ-nın sədri Aflatun Amaşov özünəməxsus tərzdə belə izah edir: “Biz fərddən çıxıb bəşəriləşsək, bəzi  məsələlər meydana gələr. Nəzərə alaq ki, dünyada 8 milyarda yaxın insan var. Bu insanlar fərdlərdir. Fərdlər birləşir, nəsil yaradır, nəsil birləşir millət, xalq yaradır və beləliklə, bəşəriyyət, xəlq olur. Əslində, Yer kürəsi çox kiçikdir. Hər şeyə rəğmən biz bəşəriyyət həm də  başqa bir varlığın olduğu yer axtarırıq. Və bunun mümkünlüyü üçün milyardlar xərclənir, NASA sərmayə qoyur, Avropa maraqlarını nümayiş etdirir. Mən adətən boş vaxtlarımda bu sayaq kitablarla maraqlanıram və çalışıram oxuyum. Qlobal mənada, siz bilirsiniz, biz Yer kürəsində yaşayırıq. Və bizim Günəş sistemimiz var. Günəş, Merkuri və s. 10-a qədər planetlə əhatə olunuruq. Və təsəvvür edin ki, Merkuridən Marsa qədər canlı varlığın yaşaması üçün müəyyən mənada mühit var. Günəşin də nə zamansa tükənə biləcəyini araşdırmaq lazımdır”.  Söhbətin bu məqamında verilişin özünəməxsus ştrixi olan “daxili səs” yəni həmsöhbətlərin bir-biri haqqında nə düşündüklərinin kadrarxası ağ-qara fonda təsviri olaraq Əflatun müəllimin “Deyəsən, artıq mövzumuzun məğzi başqa səmtə yönəlir” deməsi həqiqətən də müsahibin öz dünyasına aparıcının daxil ola bilməsini uğur kimi qiymətləndirilə bilər. Xəzər dənizi haqqında fərdi münasibətə gəlincə, qonağın çox gənc vaxtında bir dostu ilə Xəzər dənizi ilə bağlı  yaşadığı  hadisəni böyük səmimiyyətlə danışaraq xatirələrə dalması tamaşaçıya dəvət olunan həmsöhbətin cəmiyyətdə fəaliyyəti ilə bərabər, eyni zamanda onun görünməyən, tamaşaçıya məlum olmayan  maraqlı tərəflərini də tanıtdırır. 



Veriliş daha bir maraqlı həmsöhbətlə yadda qaldı. Media nümayəndəsinin mediaya müsahibəsi hər zaman maraqla qarşılanıb. Uzun illər KİV özünəməxsus dəsti-xətti ilə seçilən, hər hansı bir mövzuya fərqli yanaşma sərgiləyən “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidlə “Xəzərin sahilində” gəzişmə etdik. Onun yaşadığı uşaqlıq illərində yaddaqalan hadisələrdən tutmuş mövcud durumdakı bir sıra məqamlarla bağlı açıqlamaları tamaşaçılar tərəfindən maraqla qarşılandı. “Söz gözə görünmür, amma çəkisinin ağırlığından onu daşımaq çox çətindir, söz Rəşad Məcid tərəzisində?” sualına Rəşad Məcid belə cavab verir: “Mən sözün gücünə inanan adamam. Sözə tükənməz, romantik bir inamım olub həmişə. Məhz buna görə də yazmışam, özümü gənc yaşlarımdan məhz sözün vasitəsilə ifadə etməyə çalışmışam. Dünyanı sözün dəyişəcəyinə həmişə inanmışam”.


Digər bir müsahib - hər zaman müəyyən hadisələrə öz şəxsi prizması ilə fərqli yanaşan, ciddi müsahibələri ilə fərqlənən politoloq Rasim Musabəyovun Xəzər dənizinə münasibəti və məhz Xəzər dənizinin sahilində aparıcı ilə həmsöhbət olması xüsusi maraq doğurur. Veriliş öncəsi aparıcıya “Axı mən nə danışa bilərəm?” deyə tərəddüdü veriliş boyu qətiyyən öz əksini tapmır. Müsahib verilən suallara səmimi prizmadan yanaşır və həyatının xoş xatirələrini bölüşərək deyir: “Uşaq vaxtı çox dəcəl olmamışam, amma bu Xəzərin sahilində çox qaçmışam və velosiped sürmüşəm. Bu gün də o günləri çox sevgi ilə xatırlayıram. Mən uzun illər vətəndən kənarda yaşamışam və Xəzərdən ayrı düşmüşəm. Bu gün isə hər gün 2 saat mütləq çalışıram Xəzərin sahilində gəzim. Bu mənim bədənimin və ruhumun möhkəmliyi üçün vacibdir”. Göründüyü kimi, artıq səmimi başlayan söhbət öz axarı ilə müxtəlif mövzulara keçid alaraq davam edir və bu, verilişin daxili dramaturji strukturunu daha da zənginləşdirir.


Ümumiyyətlə, kino və televiziya dramaturgiyasının strukturları bir sıra dünyamiqyaslı  nəzəriyyəçilər üçün də hər zaman əsas məsələlərdən biri kimi təhlil olunmuşdur. Robert  Marktli, Melani Filipps, Kris Xartli, Con Trebi, Sild Fild, Loyos Eqri kimi mütəfəkkirlər məhz televiziyada mövzu maraqlarını önə çəkərək yeni struktur dəyişiklərini təklif etmişlər.



Televiziyanın informasiya funksiyasının cəmiyyətdə əhəmiyyətli yeri, təqdim olunan informasiyanın məzmun etibarilə effektivliyini nəzərə alaraq  məhz “Xəzərin sahilində” verilişində də bir neçə xüsusi buraxılış hazırlandı ki, bu da öz növbəsində fərqlilik və müxtəliflilik yaratdı. Buna misal olaraq Azərbaycan Dövlət Akademik Milli Dram Teatrın foyesində yazıçı-dramaturq Əli Əmirli ilə müsahibə incəsənət sahəsində ən çox təhlil olunan ədəbi mühit yenilikləri, teatr repertuarı, tamaşaçı marağı, mövzu zənginliyinin təhlili öz əksini tapdı. Məkan olaraq niyə məhz teatr foyesi? Çünki demək olar ki, ədəbiyyat və incəsənət sahəsinin bir sıra məqamları məhz foyedə təhlil olunur, müzakirələr aparılır. Və bu daha obyektiv fikirlər hesab olunur.  Hətta məhşur “teatr asılqandan başlayır” fikrini də bura şamil etmək olar.
Daha bir veriliş nümunəsi isə məhz söylənilən bu parametrləri nəzərə alaraq dəvət olunan qonağın boş, tamaşaçısız  teatr zalında, səhnədə Xalq artisti Əjdər Həmidovla çəkildi. Niyə boş zal və niyə səhnədə yalnız iki həmsöhbət? İstənilən yaradıcı insanın, xüsusən də akyorların ən ali mükafatı tamaşaçı alqışıdır. Hətta bir sıra tematik müzakirələrdə hər zaman birmənalı şəkildə qeyd olunur ki,  bəzi məqamlarda əsərin zəif olamasına baxmayaraq peşəkar yaradıcı heyətin, akyor plastikasının  əzmi sayəsində zəif hesab olunan əsər böyük auditoriya məhəbbəti qazana bilir. Məhz bu səbəbdən də boş teatr salonunu doldura bilmək əzmini nəzərə alaraq teatr zalı qarşısında səhnədə Xalq artisi ilə aparıcı bu və ya digər məsələlərə aydınlıq gətirir. Göründüyü kimi veriliş  bədii-etetik ahəngə və harmoniyaya söykənərək öz müxtəlifliyi ilə tamaşaçı marağını qazanmağa çalışır.


Daha bir misal. Azərbaycandakı bir sıra memarlıq abidələrinin, o cümlədən  Əcəmi metrosunun, akademik Z.Əliyeva adına Milli-Oftolmologiya İnstitutunun, H.Əliyev adına Hava limanının, Teleqüllənin, Naxçıvanda H.Cavid məqbərəsinin, bir neçə mikrorayonun, bu kimi bir sıra digər dəyərli infrastruktur binalarının, monumental əsərlərin müəllifi, Azərbaycanın baş memarı Rasim Əliyevlə müsahibə isə verilişlər silsiləsində ən çox seçilən özünəməxsuslugu ilə fərqli verilişlərdən oldu. Belə ki, veriliş boyu yaranmış səmimiyyətdən təsirlənən müsahib bütün həyat və fəaliyyətini, o cümlədən şəxsi xatirələrini böyük sevgi ilə danışır. Verilişin sonunda aparıcının: “Rasim müəllim, biz ruhumuzu əlimizdə töhfə tutaraq sizin qəlbinizin qapısını döydük və qəlbinizin astanasında durduq. Necə düşünürsünüz, sizin qəlbinizə daxil ola bildikmi?” sualına baş memar Rasim Əliyev xoş bir təbəssümlə belə cavab verir: “Əlbəttə, sizin suallarınız məni çox düşünməyə vadar etdi. Dərin mənalı suallar idi . Və mən bir daha öz həyatımı gözdən keçirdim . Ətraflı danışmağa çalışdım. Siz məni sanki imtahan etdiniz”. Bu verilişin özünəməxsusluğundan  təsirlənən Rasim Əliyev Lider Tv rəhbərliyinə müraciət edərək  onun 85 illik yubileyin keçiriləcəyi  Bakı Muğam Mərkəzində təşkil olunan Yubiley gecəsində məhz onunla hazırlanan “Xəzərin sahilində” verilişinin tam olaraq yayımlanmasını arzu etdiyini bildirdi. Və Bakı Muğam Mərkəzində böyük auditoriya qarşısında təqdim olunan veriliş xüsusi rəğbətlə alqışlandı. Beləliklə, belə bir hadisənin televiziya tarixində yaşanan bir ilk olaraq uğurlu ekran nümunəsi kimi  xüsusi vurğulandı. Umumilikdə, dəvət olunan qonaqların - təbiətşünas alim, professor Qara Mustafayev, bəstəkar Oqtay Zülfüqarov, Xalq yazıçıları Anar, Çingiz Abdullayev,  Azərbaycan Milli Konservatoriyasının rektoru, professor  Siyavuş Kərimi, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla, Xəzər Universitetinin rektoru, professor Hamlet İsaxanlı, “Qaya” qrupunun rəhbəri Rauf Babayev, millət vəkilləri - Ziyad Səmədzadə, Musa Quliyev, Fazil Mustafa, Qənirə Paşayeva, Azərbaycan Dövlət  Musiqili  Teatrın  direktoru Əliqismət Lalayev, Xalq artistləri - Arif Babayev, Vamiq Məmmədəliyev, Mənsum İbrahimov, Nəzakət Teymurova və bu kimi çox dəyərli digər ziyalıların, sənət adamlarının fərqli tərəflərdən təqdimatı onların cəmiyyətə, xüsusən də gənc nəsillərə daha yaxından tanıdılması baxımından çox əhəmiyyətli idi.


Kütləvi İnformasiya vasitələrinin bir sahəsi və xüsusi istiqaməti olan televiziyada mədəni-maarifləndirmə yükü daşıyan müəllif proqramların bədii-estetika, məzmun əhatəliyi, informativ zənginliyi xüsusi səciyyələndirilir. Televizyanın digər informasiya vasitələrindən fərqi estetik meyarların mühüm element kimi önə çəkilməsidir.  Təqdim olunan istənilən proqram və verilişlərin mövzu ahəngi, görüntü və aparıcı uyğunluğunun vacibliyi xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan “Xəzərin sahilində” verilişinin bədii-estetik həlli, veriliş boyu istifadə olunan musiqi fonu, aparıcının dəvət olunan qonağa və təhlil olunan mövzuya uyğun geyim tərzinin, imicinin  seçilməsi verilişin bütövlüklə həmahəngliyi əsas predmetdir. Belə ki, aparıcının siyasi-iqtisadi, elmi-publisistik  sahəni özündə  əks etdirən həmsöhbətlə müsahibəsində ciddi diplomatik üslubda geyimə, incəsənət sahəsinin təhlil olunacağı verilişdə isə xüsusi kokteyl üslubunda geyimə üstünlük verməsi  verilişin bədii-estetikasının, informasiya əhatəliyinin, məzmunlu yanaşmanın tam həllinin tapmasının təcəssümüdür.


Beləliklə, kitləvi informasiya vasitələrinin ayrılmaz və ən vacib sahəsi olan televiziyanın bütün dövlərdə müxtəlif cərəyanlara xüsusi gücünü nəzərə alaraq  belə qənaətə gəlmək olar ki, dramaturji struktur, informasiya zənginliyi, estetik meyar, mövzu əhatəliyinə malik  olan istənilən proqram, veriliş və süjet böyük auditoriya qarşısında uğurlu ekran təcəssümünü tapa bilər.
















 





17.06.2020    çap et  çap et