525.Az

Hüququn və qanunun dəyəri - Telman Orucov yazır


 

Hüququn və qanunun dəyəri - <b style="color:red">Telman Orucov yazır </b>

Beynəlxalq aləm: ziddiyyətlər, münaqişələr, müharibələr 

(Əvvəli ötən şənbə sayımızda)

Afrikaya gəldikdə, burada çox sayda xalqlar, tayfalar yaşadığından, dil müxtəlifliyi də böyük idi. Şimali Afrikada - Əlcəzairdə, Tunisdə, Mərakeşdə fransız dili ərəb dili ilə birlikdə dövlət dili rolunu oynayır. Ümumiyyətlə, XIX əsrdə müstəmləkəçilik Afrikaya bütün Avropa dillərini gətirmişdi. Ərəb və hind tacirləri çox əvvəllərdə Şərqi Afrikaya gəlib çıxmışdılar. Protodil kimi çox sayda Bantu dilləri Kamerunda və Qərbi Afrikada işlənirdi. Miqrasiya Bantu dilində danışanları Mərkəzi və Şərqi Afrikaya gətirib çıxardı.

Postmüstəmləkə xalqlarının hamısında bu gün ingilis, ərəb, ya da fransız dili həm beynəlxalq dil kimi, həm də milli (dövlət) dili kimi fəaliyyət göstərir. Bu xalqların öz dilləri də yazı hesabına inkişaf etdi, əvvəllər isə onlar yazıya malik deyildilər. Yazısı olmayan dil isə inkişaf edə bilmir, daha çox  məişət dili funksiyasını yerinə yetirir. Qədim mədəniyyətə malik olan xalqlar nəhəng üstünlüyə malikdir, çünki onların bu dildə yazılmış qədim mətnlər korpusu vardır və bu bünövrə dil üçün böyük möhkəmlik əsası rolunu oynayır. Əsrlərlə, minillərlə əvvəl bu dildə nəsə yazılmışdırsa, deməli, həmin dilin yaşamaq üçün də böyük şansları vardır.

Müstəmləkə ərəfəsində və ondan sonra Afrika qarışıq dillərlə dolu idi. Ayrı-ayrı tayfalar bir-birlərini başa düşmürdü. Əsasını Bantu dili təşkil etsə də, bu tayfalar ünsiyyətə girə bilmirdilər. Çində şimalda, mərkəzdə və cənubda yaşayanların ümumi dili han dili olsa da, bir-birlərini başa düşmürlər, yalnız qədimdən irs qalmış yazı və onda ifadə olunan ədəbi dil bütün xalq tərəfindən başa düşülür. Yazı Afrika xalqlarına da öz doğma dillərini inkişaf etdirməyə kömək etdi. Hindistanda isə 225 başlıca dil və dialekt mövcuddur. Bir milyarddan çox əhalisi olan bir ölkədə belə dil müxtəlifliyi xalqların birləşib, vahid dövlət yaratmasına mənfi təsir göstərirdi. Lakin ingilis dilinin Hindistanda dövlət dili kimi tanınması bu mənfi faktorun rolunu xeyli azaltmağa müvəffəq oldu.

Müstəmləkəçi dövlətlər Afrika xalqlarına mədəniyyət, təhsil bəxş etməklə yanaşı, həm də onlara birləşdirici bir vasitə kimi öz dillərini verdilər. Vahid dil, mənəvi birlik və müstəmləkənin inteqrasiya etdiyi ərazi bu tayfaları tədricən böyük bir milli ailəyə çevirdi, müstəmləkəçilikdən azad olunduqdan sonra yaranan dövlət isə bütün tayfaları təmsil edən vahid orqanizmə çevrildi.

Belə olmasaydı, böyük tayfa kiçik tayfanın dilini sıradan çıxara bilərdi. Tarixdə də belə hallar olmuşdu. Akkad dili Mesopotamiyanın dili olan Şumer dilini sıxışdırıb çıxarmışdı. Yaxud yunanlar Aralıq dənizi və Qara dəniz sahillərində koloniyalar salanda yerli xalqların dialektlərini sıxışdırıb istifadədən çıxarmışdı.

Müstəmləkə erası nə qədər lənətlənsə də, təhsildə, əqli inkişafda geridə qalan Afrika xalqlarına, həm də onları birləşməyə qadir edən vahid dil timsalında ünsiyyət vasitəsi vermişdi.

Müstəmləkə xalqları zülmdən, istismardan nə qədər narazılıq etsələr də, nifrət hissini təhsil, dil və digər mənəvi faktorları tətbiq etməklə ümumi inkişafa şərait yaradan bu yadelli təsirin üzərinə keçirməməlidirlər. Çünki ölkə vahid dilə malik olmasaydı, onda çox sayda dillərin qarışığından Bibliyada təsvir olunan Babil həngaməsi bir daha yenidən baş verərdi.

Afrika xalqlarının tayfa dilləri sivilizasiynın və elmin inkişafı olmadan formalaşdığından və inkişaf etdiyindən kasıb idi, elə bir zənginliyə malik deyildi. Ən mühüm terminlər belə bu dildə öz əksini tapmamış, məxsusluq səlahiyyətinə yiyələnməmişdi. İngilis, fransız və ispan dillərində isə vəziyyət tam başqadır, bu dillərə sivilizasiyanın və elmin inkişafı öz təsirini göstərmişdir. Çin dilinin ən vacib xüsusiyyətlərindən biri öz qapısını başqa dillər üçün açmamasıdır. Bu dildə başqa dillərdən götürülmüş sözlərə, terminlərə rast gəlmək mümkün deyildir. Ən müasir elmi və texnolji terminlər də çinlilərin öz doğma dillərinə məxsus olan sözlərdə ifadə olunur.

Böyük alim M.V.Lomonosov öz doğma rus dilinin şərəfini yüksək tutaraq yazırdı: "Roma impratoru V Karl (söhbət 1519-1556-cı illərdə Müqəddəs Roma imperiyasının imperatoru olmuş V Karldan gedir) deyirdi ki, ispan dili ilə Allahla, fransız dili ilə dostlarla, alman dili ilə düşmənlə, italyan dili ilə qadın cinsi ilə danışmaq xoşdur. Lakin o, əgər rus dilinə bələd olsaydı, onların hamısını məhz bu dildə ləyaqətlə danışardı, çünki onda ispan dilinin əzəmətini, fransız dilinin canlılığını, alman dilinin möhkəmliyini, italyan dilinin zərifliyini, üstəlik, zənginliyi, təsvirdə yunan, latın dillərinin güclü tərəfi sayılan, fikri qısa şəkildə ifadə xüsusiyyətini tapardı". Böyük rus yazıçısı İ.S.Turgenyev isə "böyük, qüdrətli, düzgün ifadə edən və azad rus dilinə" özünəməxsus himn yazmışdı.

Əlbəttə, rus dili zəngin dildir və onda Tolstoy, Dostoyevski, Çexov kimi dahi yazıçıların bütün dünyanı valeh edən bədii əsərləri yaranmışdır. Sovet hakimiyyəti illərində rus dili nəhəng ölkədə yaşayan yüzə yaxın xalqın vahid ünsiyyət vasitəsinə çevrilmişdi və hətta bir sıra milli dilləri sıxışdırıb çıxartmaq meylləri göstərirdi. Axı bu dilin özü də eyni mənfi təsirə məruz qalmışdı. Rus zadəganları XIX əsrdə öz doğma dillərində deyil, fransız dilində danışırdılar. SSRİ-nin milli şəhərlərində, xüsusən müttəfiq respublikaların paytaxtlarında Andrey Bolkonskini və Nataşa Rostovanı təqlid edən və öz dilini bilməyən bir nəsil formalaşırdı. Bəzi rəhbər işçilər öz doğma dillərinə və ondan istifadəyə gerilik nişanəsi kimi baxır, savadlarında gözə çarpan qüsur olduğu halda rus dilində yaxşı danışdıqları üçün qürur hissi ilə yaşayırdılar. Onlar doğma dili bilmədiklərini bəhanə gətirib, xalqla birbaşa ünsiyyətə girməkdən də qaçırdılar.

Lakin rus dilinin bütün müsbət məziyyətləri ilə yanaşı, onun inkişafı da heç də sivilizasiyanın və elmin inkişafı ilə birgə getməmişdi, ona görə də terminlərin çoxu əcnəbi dillərdən əxz edilmişdir və onun bu təsiri də həmçinin, başqa xalqların dillərinə də keçmişdi. Axı xammal olmayanda məhsul istehsal etmək mümkün olmur, dildə isə terminlər yaratmaq müşkül bir işə çevrilir.   

Hüququn və qanunun dəyəri 

Otto fon Bismarka görə, bütün hökumətlər öz mənafelərinə uyğun olaraq hərəkət etmək qərarına gəlirlər. 2011-ci ildə Birləşmiş Millətlər Təşkilatının mandatı ilə NATO "himayə üçün məsuliyyət" prinsipinə əl atdı və Liviyada Benqaziyə hücum etmək qərarına gəldi. Qəddafi rejiminin insan haqlarına qarşı zorakılığı, diktatura metodları yaxşı məlum idi, lakin neft maraqları da burada həmçinin, mühüm rol oynayırdı. Axı iqtisadiyyat siyasətdə əks olunur, necə ki siyasət də iqtisadiyyatda öz əksini tapır. Lenin yazırdı ki, siyasət iqtisadiyyatın təmərküzləşmiş ifadəsidir.

Liviya gündə 1,6 milyon barrel neft istehsal edirdi, bu dünyadakı ümumi neft istehsalının 2 faizinə bərabər idi. Obamadan əvvəlki ABŞ prezidenti Corc U.Buş həmin dövrdə ABŞ-ın apardığı bütün müharibələri "Terrorla müharibə" adlandırırdı və əslində,  heç kəs müharibənin nəyə görə aparıldığının qayğısına da qalmırdı. Barak Obama da Amerikanın xarici siyasətinin bu amalqamasında elə bir dəyişiklik aparmadı və Qəddafini devirmək, məhv etmək üçün bir sıra bəhanələrdən istifadə edildi.

Qədim Romanın böyük filosofu Siseron qeyd edirdi ki, qarşıdurmanın legitimliyi əxlaq konsepsiyasından asılıdır. Buna bənzər nəzəriyyələri sonrakı digər filosoflar da irəli sürmüşlər. Şarl Monteskye isə daha irəli gedərək qeyd edirdi ki, qanunun kölgəsi altında və ədalət rənglərində fəaliyyət göstərən tiraniyadan heç bir daha böyük tiraniya yoxdur. Tiran öz əməllərini əsaslandırmaq üçün qanuna riayət etdiyini göstərir. Bədbəxtlikdən, qanunun dəyişdirilməsi və tətbiq edilməsi də onun öz əlindədir. Almaniyada Hitlerin başçılığı altında nasistlər hər cür vəhşiliyi qanun çətiri altında həyata keçirirdilər, orada Hitler rejimi dövründə qəbul edilən qanunların özü iyrənc irqçiliyə vəhşiliklərə yol açırdı. Hətta ölkənin görkəmli hüquqşünaslarından ibarət şura belə biabırçı qərar qəbul etmişdi ki, Hitlerin hər bir sözü qanun qüvvəsinə malikdir. Ona görə də qanunun aliliyi prinsipi hər cür pozğunluğu əsaslandıra bilər, çünki qanunların özündə bu pozğunluqların baş verməsinə hüquqi əsas yaradılır.

Qanunların aliliyi deyil, hüququn aliliyi prinsipi əsas götürülməlidir, çünki eybəcər qanunların idarə etdiyi cəmiyyətlərdə eybəcərliklərin, pozğunluqların sayı-hesabı olmur. Hüququn aliliyi isə ədalətin, insan haqlarının heç bir istisna olmadan bərqərar olmasını tələb edir. Ədalətsizliyə, insan haqlarının pozulmasına aparan qanunlar isə aliliyə iddia etməsi əvəzinə, lənət obyekti olmalıdır. Siseronun Milonun müdafiəsinə həsr olunmuş vəkil çıxışında dediyi "O tempera! O mores!" - "Ar olsun bizim dövrümüzə və onun adətlərinə!" nidası zamanından asılı olmayaraq hüququ məhv edən bütün eybəcər qanunların qəbul edilməsinə və hakim kəsilməsinə də ünvanlanmalıdır.

Beynəlxalq qanunlar da bəzi hallarda qüdrətli dövlətlərin mənafeyinin müdafiəsinə xidmət edir. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qərarlar insan haqlarını harada və necə müdafiə etməyi nəzərdə tutur, lakin bu qərarlar çox vaxt beş daimi üzvün geosiyasi və iqtisadi maraqlarından asılı olur. Hansısa maraqların diktəsi ilə qəbul edilən qanunlar hüquqa, ədalətə deyil, hüquqi nihilizmə xidmət edir. Kiminsə mənafeyini ifadə edən qanunun himayəsi altında insan haqlarının tapdanması, fundamental azadlıqlara qarşı hər cür hüquq pozğunluqları baş verir.

Hər bir qanun dövlət tərəfindən qəbul edildiyindən onun daxili siyasətinə xidmət edir, ona görə də belə qanunu hüququn ziddinə də çevirmək mümkündür. Bu vaxt qanun öz təbiətinə xəyanət edərək hüququn, ədalətin təntənəsinə deyil, onların ziyanına fəaliyyət göstərir, müdafiə etməli olduğu insan haqlarına qarşı çevrilməklə, ona qənim kəsilir. Faşist Almaniyasının insana nifrət təlqin edən qanunları və onların tükürpərdici nəticələri deyilənləri bütünlüklə təsdiq edir.

Qədim romalılar deyirdilər ki, "Pereas mundus et fiat justitia" - "Dünya məhv olsa da, ancaq hüquq zəfər çalsın". Onlar hüququn dəyərini belə yüksək qiymətləndirərək, hiperbolaya da yol verirdilər. Hüququn məhdudlaşdırılması, müxtəlif bəhanələr - müharibə, ya böhran adı altında onun prinsiplərinin deformasiyaya uğraması cəmiyyətin kamil olmamasından xəbər verir. Həyatda hər şey baş verə bilər, lakin onlar hüququn məhdudlaşdırılmasına, prinsiplərinin pozulmasına haqq qazandırmamalıdır. Ən çətin şəraitdə belə insan haqları ön plana keçirilməlidir. Amerikada vətəndaş müharibəsi vaxtı mühüm hüquqi sənəd olan Habeas Corpus-un fəaliyyətinin dayandırılması böyük narazılığa səbəb olmuşdu.

Müharibə başladıqda isə qanun arxa plana keçir, ikinci skripka rolunu oynayır. Siseronun dediyi kimi, toplar danışanda muzalar susur. Dəhşətli reallıq kimi müharibə alovu hər şeydən əvvəl hüququ qarsır, onu yandırır. Düşmən dövlətlərin ağlında müharibə daha vacib yer tutur. Keçmiş barədə xatirələr onlara öyrədir ki, qaliblər özlərinə xoş olan tarix versiyasını yazırlar.  Məşhur Roma hərbi xadimi və siyasətçisi Qay Mari ona qarşı vuruşan barbarlardan olan tacirləri vətəndaşlıqla mükafatlandırdıqda, məzəmmət ifadələrini eşitdikdə demişdi: "Müharibənin belə səs-küyü içərisində qanun eşidilmək üçün çox yavaş deyilir".

1945-ci ilin əvvəlində keçirilən Yalta konfransında üç dövlət rəhbərinin - Franklin Delano Ruzveltin, İosif Stalinin və Uinston Çörçillin iştirakı ilə gələcək BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvünün səlahiyyətləri müzakirə edildikdə, Ruzvelt onlara veto hüququ verilməsini təklif etmişdi. Çörçill sevinirdi ki, bu, Britaniya imperiyasının mənafelərini himayə etmək üçün yaxşı vasitə olacaqdır. Sovet İttifaqı isə öz maraqları üçün dəfələrlə bu hüquqdan sui-istifadə etməkdən belə çəkinmədi. Bu cür platformalardan yanaşma ona gətirib çıxardı ki, Təhlükəsizlik Şurasının bəzi qərarları hətta BMT Nizamnaməsinin prinsiplərinə də zidd çıxırdı.

(Ardı var)

 





21.06.2020    çap et  çap et