525.Az

Yoxsullara münasibət və daxili problemlərin siyasətdə rolu - Telman Orucov yazır


 

Yoxsullara münasibət və daxili problemlərin siyasətdə rolu - <b style="color:red">Telman Orucov yazır </b>

Beynəlxalq aləm: ziddiyyətlər, münaqişələr, müharibələr

(Əvvəli ötən şənbə sayımızda)

Türkiyədə Süleyman Dəmirəl seçki oyunbazı kimi tanınmışdı və parlament seçkilərində qalib gəlməklə altı dəfə baş nazir vəzifəsinə yiyələnmişdi. Özü üçün axırıncı parlament seçkilərində o, minlərlə adamın iştirak etdiyi mitinqdə əlindəki iki kiçik açarı göstərirdi və deyirdi ki, onların biri yeni mənzilin, digəri isə minik maşınının açarıdır, onun partiyası qalib gəlsə və o, özü baş nazir olsa, bu açarlar onlara çatacaqdır. Dəmirəl yenidən baş nazir oldu və açarlar əfsanəsi birdəfəlik unuduldu, kasıb əhali yaxşı mənzilsiz və avtomobilsiz necə yaşamışdısa, elə də yaşadı. Qazanan isə yalnız Dəmirəl və onun əlaltıları oldu. Populizm bir daha sübut edir ki, yalan, özü də həyasızcasına söylənən yalan böyük təsir gücünə malikdir. Nasist Almaniyasının təbliğat naziri Yozef Göbbels iri yalanlardan səmərəli istifadənin böyük ustası idi. O, məsləhət görürdü ki, "yalanı böyüt, çox böyüdəndə ona inanacaqlar". 

Avtoritar rejimlərdə demokratiya pərdəsi altında mətbuatın, televiziyanın və radionun geniş yayılmasına yol verilir, lakin onların böyük əksəriyyəti hakimiyyətin himayəsindən qidalandığından onun ingilislərin işlətdiyi "mauthpiese"nə - hərfi mənada muştuğuna, başqa sözlə, ruporuna çevrilir. Yazılı və elektron mətbuat vasitələrinin bolluğu şəraitində informasiya qıtlığı yaranır, çünki onlar başlıca vəzifələrini hakimiyyətin tərifdən çox uzaq olan siyasətinin tərifində, təbliğində görürlər.

Mətbuat da adi adam kimidir, yaşaması üçün qidalanmalıdır, öz orqanizmini saxlamaq, işçilərinə maaş vermək qayğısına qalmalıdır. Reklamdan gələn sısqa bulaq suyu bu ehtiyacı ödəyə bilmir, ona görə də yanğını söndürmək üçün qabı gur axan çayın suyu ilə doldurmaq daha asan və faydalıdır. Rusiya televiziyalarında bir qrup, özü də savadlı jurnalist, aparıcı peyda olmuşdur ki, onlar hakimiyyət küləyinin haradan əsdiyini yaxşı bilir və bu istiqamətdə də canfəşanlıqla təbliğat aparırlar. Onlar qulluq göstərmək xatirinə bəzən həddi də aşırlar. Demokratların ABŞ-ın prezidentinə qarşı impiçment prosedurasına başladığı bir vaxtda Donald Trampın müdafiəsinə keçmişlər və ona qarşı hücumları az qala milli faciə kimi qiymətləndirirlər.

Səudiyyə Ərəbistanı ilə Qətər arasında münaqişə yarananda Səudiyyə Ərəbistanı hədə şəklindəki bəyanatlara son qoydu. Burada vacib səbəb Qətərdəki güclü "Əl-Cəzirə" televiziyasının mövcudluğu oldu. Həmin telekanal CNN-dən sonra dünyada, xüsusən Yaxın Şərqdə ən nüfuzlu elektron mətbuat orqanı sayılır və ona görə də arı yuvasına çöp uzatmaq olduqca pis nəticələrə gətirib çıxarardı. Çünki televiziya şirkəti Qətər hakimiyyətinin himayəsi altındadır və buna görə həm də güclü maliyyə imkanlarına malikdir.

Mətbuat nə qədər müstəqillikdən danışsa da, həyati tələbat olan maliyyə ilə təminat onun varlığı və fəaliyyəti üçün mühüm əhəmiyyətə malikdir. Populyar olmaq, oxumaq, eşidilmək və ya baxılmaq üçün o, bəzən yalanlara da əl atmalı olur ki, bu yalanlara maraq oyansın. Birləşmiş Ştatların üçüncü prezidenti Tomas Cefferson 1807-ci ildə bir nəfər yaşlı adamdan məktub almışdı. Müəllif ondan mətbuatın necə fəaliyyət göstərməyə borclu olduğunu öyrənmək istəmişdi. Çünki həmin adam da gələcəkdə naşir olacağına ümid edirdi. Prezident ona cavab verdi: "Mənim rəyim barədə sənin sorğuna cavab olaraq bildirirəm ki, qəzet özünü elə aparmalıdır ki, daha faydalı olsun. Mən sənə "təmkinli" cavab verəcəyəm ki, bu, düzgün faktlardır və yalnız sağlam prinsiplərdir, ancaq mən qorxuram ki, belə qəzet az sayda abunəçi tapacaqdır. Qəzetdə indi göstərilənlərdən heç nəyə inanılmayacaqlar. Həqiqətin özü, çirkin vasitədən istifadə yolu ilə şübhəli olana çevrilir... Mən əlavə edirəm ki, heç vaxt qəzetlərə baxmayan adam onları oxuyanlardan daha məlumatlıdır". Bu sözlər bir qədər qəti xarakter daşısa da, bu günün özündə də təsir gücünə malikdir. Həqiqətən də, əgər informasiya təbliğatla əvəz edilirsə, ondan nəyi öyrənmək olar.

Medianın hətta xarici siyasəti də diktə edə bilər barədəki nəzəriyyəsi "CNN effekti" adlanmaqla, üç onilliyə yaxın bir vaxtda meydana gəlmişdir. Bu dövrdə beynəlxalq aləmdə qəflətən gözlənilməyən hadisələr baş vermişdi. Berlin Divarı uçurulmuş, SSRİ süqut etmiş, ilk Körfəz müharibəsi baş vermişdi, Rusiya prezidenti Boris Yeltsin bütün dünyanın gözü qarşısında Rusiya Dövlət Dumasının binası olan "Ağ evi" tankların topları ilə bombalamışdı. CNN bütün bunları birbaşa yayımla bütün bəşəriyyətə çatdırmışdı

Müasir dövrün media təbliğatı və informasiyası hərbi risklərlə əl-ələ fəaliyyət göstərir. Və bu, heç də dəyişiklik deyildir və mətbuat daim müharibə ərəfəsində və ərzində xalqın şüurunu kvazivətənpərvərlik virusu ilə sirayətləndirməyə çalışır. 1998-ci il ispan-amerikan müharibəsi ərzində, onun episentri Kuba idi, mətbuat Birləşmiş Ştatlar əhalisini səfərbər etməkdə mühüm rol oynadı. Elə həmin illərdə indi bütün dünyada dəbdə olan "sarı mətbuat" təşəkkül tapmağa başladı. Bir görkəmli amerikan jurnalisti deyirdi ki, "Sən məni fotoşəkillərlə təmin et, mən səni müharibə ilə təchiz edəcəyəm". Amerikanın aparıcı qəzetləri o vaxtlar ispanları vəhşi və cinayətkar kimi qələmə verirdi. Onlar Amerikanın "Men" hərbi gəmisinin Havana limanında partladılmasından da ölkə vətəndaşlarını qızışdırmaq, müharibəyə sövq etmək üçün istifadə edirdilər. Onlar bu məqsədlə bir şüarı təkrar edirdilər: "Meni"i xatırla! İspaniya cəhənnəmə yollansın!" Belə şüar amerikan vətəndaşlarının vətənpərvərlik hisslərini tərpətməyə, coşdurmaya bilməzdi.

Elə ifadələr vardır ki, onlar anaxronizm sayılır, keçmişə mənsub olan kimi səslənir, lakin müasir dünyada da böyük məna yükü daşımasını davam etdirir. "Totem" və "tabu" sözləri onlara aiddir. Cəmiyyətlər "müqəddəs" şeylərə (totemlərə) və "qadağan olunmuş" şeylərə (tabu qoyulmuşlara) malik olduqlarını unutmurlar. Türkiyədəki Milliyətçi Hərəkat partiyası türklərin totemi olan boz qurdu bütləşdirirdi.  Dövlətlər həm daxili, həm də xarici siyasətdə özünə sərfəli olan ifadələrdən, alluziyalardan istifadə edir, əslində, xalqın əsl ünsiyyət vasitəsindən fərqli bir dil növü yaradır. Bu sahədə SSRİ-də işlənən rus dili ictimai quruluşun təsiri, bəlkə də təzyiqi ilə böyük deformasiyaya uğramışdı.

Son illərdə aparılan müharibələrin təbiəti dəyişmişdir, yeni, hibrid müharibə növü meydana çıxmışdır. Bu növdə təbliğatla yanaşı, daha səmərəli və güclü təsirə malik olan digər vasitələrdən geniş istifadə olunur. Hibrid müharibə düşmənçilik hərəkətlərinin elə formasıdır ki, bunda hücum edən tərəf  klassik hərbi müdaxiləyə əl atmır, öz opponentini gizli əməliyyatlardan, diversiyadan, kiberhücumlardan istifadə etməklə boğmağa çalışır. Həm də rəqibin ərazisində fəaliyyət göstərən qiyamçılara köməklik göstərir. Hibrid müharibə əvvəlki klassik növdən fərqli olaraq yuxarıda sadalanan maskaların tətbiqi, köməyi ilə aparılır.

Ukrayna öz ərazisindəki Donbasda (özünü müstəqil dövlət elan etmiş Donetsk və Luqansk vilayətlərində) Rusiyanı hibrid müharibə aparmaqda ittiham edir və Qərb dövlətləri də bu iddianı müdafiə edir. Rusiya isə həmin ittihamı bütünlüklə rədd edir.

Son il ərzində Venesuelanı, Boliviyanı, Nikaraqua və Çilini iğtişaşlar dalğası bürümüşdür. ABŞ-n köməyi ilə Quaydo adlı birisi özünü Venesuelanın prezidenti elan etdi və onu bir sıra Cənubi Amerika dövlətləri tanıdı. ABŞ-ın göstərişi ilə Venesuelaya qonşu Kolumbiyadan maddi yardım karvanları gəlirdi. Həqiqətən də ölkədə ifrat dərəcədə ərzaq qıtlığı mövcud idi, infilyasiya bütün həddləri aşmışdı. Lakin xalqın daha böyük hissəsinin köməyi ilə prezident Nikolas Maduro təzyiqlərə davam gətirə bildi. Vaxtilə mərhum prezident Uqo Çaves də ABŞ-ın təzyiqi ilə vəzifəsindən uzaqlaşdırılmışdı, lakin xalqın dəstəyi ilə bir neçə gündən sonra öz vəzifəsinə qayıtmışdı. Venesuelada ABŞ-ın hibrid müharibə aparmasının bütün elementləri açıqca gözə çarpırdı. Lakin əvvəlki kimi, bu dəfə də xalqın müqavimətini qıra bilmədi.

Boliviyada isə prezident Evo Morales özünü dördüncü dəfə seçkilərdə namizəd göstərdikdə, müxalifət onun bu qanunsuz hərəkətinə müqavimət göstərdi. Məcburiyyət qarşısında qalan Morales istefa verdi və Meksikada sığınacaq tapdı. Görünür, hibrid müharibədən daha yaxşı faydalanmaq olar.    

Yoxsullara münasibət və daxili problemlərin siyasətdə rolu 

Hər bir din həyatın çətinlikləri ilə barışmağı təlqin edir, yoxsulluğa haqq qazandırır. Din insanlara bunun əvəzinin axirət dünyasında çıxarılacağına söz verir. İisus Xristos yoxsullara təsəlli vermək üçün deyirdi ki, "dəvə iynənin gözündən keçə bilər, ancaq varlı adam cənnətə düşə bilməz". Başqa sözlə, cənnət yalnız yoxsulların kommunal mənzili olacaqdır.

Xristian dini də, İslam da kasıbla necə davranmaq lazım olduğunu yaxşı bilir və onlara o dünyanın xoşbəxt həyatı barədə ifrat vədlər verməklə onları öz ağuşlarına çəkməyi və orada saxlamağı bacarırlar.

İstənilən hakimiyyət isə daim yoxsulların qayğısına qaldığını qeyd etməklə, özlərinin ədalətli qərarları barədə danışır və elə təsəvvür yaradır ki, guya yalnız kasıb insanların xeyrinə çalışır. Xalq da bu ağ yalanı həzm etməyə məcbur olur. Vəziyyət ağırlaşanda, iqtisadi böhran və neqativ sosial dəyişikliklər baş verəndə isə ekstremistlərin hakimiyyətə gəlməsi üçün yol açılır, onlar fürsətdən istifadə edib "Xalq inqilabının", ksenofobiya tərəfdarlarının və millətçilərin liderlərinə çevrilirlər, daim xalqın yanında olmaları barədəki saxta sözlərini mantraya döndərirlər.

Ümumiyyətlə, dövlət başçıları çətin an gələndə, yoxsulların, əzilənlərin dəstəyindən istifadə etməklə, öz məqsədlərinə nail olmaq üçün bu "yanacaq materialından" bol-bol istifadə edirlər. Amerika Vətəndaş müharibəsində (1861-1865-ci illər) antiquldarlıq elementi əhalinin bir bölməsinin dəstəyini əldə etmək üçün vacib arqument idi və həm də quldarlıq cəmiyyəti olan Cənubu, müharibə dövründə yaradılan Konfederatı zəiflətmək məqsədinə xidmət edirdi. Qulların azad olunması həm də döyüşdə Şimalın əsgərlərinin sayının artmasına səbəb oldu. Qullar bu iyrənc quruluşu saxlamağa çalışan Cənuba qarşı böyük həvəslə vuruşurdular. Abraham Linkoln quldarlığa qarşı mübarizənin simvoluna çevrilmişdi, onun daha vacib məqsədi isə cənubluları məğlub etməklə, ölkəsinin birliyini qorumaq idi. Zəncilər isə özlərinə göstərilən mərhəmətə görə Linkolna az qala sitayiş edirdilər və yeni doğulan uşaqların adını Abraham adının lətafətli qaydada deyilmiş "Eyb" kimi adlandırırdılar.

Linkoln Şimalla Cənub arasındakı ziddiyyətlərdən, mallara yüksək tariflər qoyulması üçün istifadə edirdi. O, azad ticarət siyasətilə də Şimalın mənafelərini himayə edirdi. Cənubun iqtisadiyyatı aqrar bölməyə əsaslanırdı, bu isə istehsalın faydalı olması üçün qul əməyindən istifadəni tələb edirdi. Qula iş heyvanı kimi baxıldığından, sahibi onun yalnız qidalanması qayğısına qalırdı, ona görə də ağlardan fərqli olaraq qul əməyi, zənci işçi qüvvəsi olduqca ucuz idi. Sənaye şimalının iqtisadiyyatında isə quldarlıq nəinki lazım deyildi, həm də meydana çıxan azad cəmiyyət üçün bir yük idi. Axı sənaye müəssisələrində işləmək müəyyən sənətə yiyələnməyi, savadlılığı tələb edirdi, qara əhalidə isə yalnız çox az sayda adamlar az-çox savadının olması ilə öyünə bilərdi. Savadsız, mühitin küt etdiyi, sənaye əməyinə qabiliyyəti olmayan zənci, azad olunmuş qul fabrikdə və ya zavodda "qara işlərdən" başqa heç nədə fayda verə bilməzdi.

Quldarlıq bir iqtisadi uklad kimi mövcud olduqca, ondan istifadə edən cəmiyyət deqradasiyaya uğrayırdı.

Quldarlığın daxil olduğu ilkin sosial stratifikasiya üçün seçilməsinə b.e. 3500 il əvvəlki Şumer yazılarında rast gəlinir. Quldarlıq praktikası XIII əsrin sonuna qədər ümumi xarakter daşıyırdı və hətta indiyədək bu eybəcər irsdən yenə də bəzi formalarda, gizli qaydada istifadə olunur.

Yoxsulluq problemi öz həllini tapmaq əvəzinə, müxtəlif insan qruplarını ittiham etmək yolu ilə, onun adamlara mənfi təsiri azaldılmağa çalışılır. Nasistlər Birinci Dünya müharibəsindən sonra Almaniyada baş verən kütləvi yoxsulluğa, ehtiyac tüğyanına görə yəhudiləri ittiham edirdilər və "Ari irqinə" mənsub olmayanları bütünlüklə lənətləyirdilər.

(Ardı var)

 





20.07.2020    çap et  çap et