525.Az

İgid Kəngərli süvarisi Kərim ağa Şahtaxtinski


 

MƏNSUB OLDUĞU NƏSİL VƏ YAŞADIĞI MƏNALI ÖMÜR YOLU BARƏDƏ BİLİNƏNLƏR

İgid Kəngərli süvarisi Kərim ağa Şahtaxtinski<b style="color:red"></b>

Ötüb gedən yüzilliklərə aid tarixi sənədlərdə Kəngərli tayfasının, döyüş bacarıqlarına, şücaətlərinə görə ad-san qazanmış Şahtaxtı atlı dəstəsinin də adı dəfələrlə çəkilir. Hələ Səfəvilər dövründə Şahtaxtı - Kəngərli süvari dəstələri sənədlərdə Cəmşidli kimi qeydə alınıb. XVII və XVIII əsrə aid Kəngərli arxeoqrafik sənədlərində də onlar Kəngərli tayfasının Cəmşidli qolu kimi yazılıb.

Səfəvi imperiyasının sərhədlərinin qorunmasında, həmçinin Nadir şahın (Təhmasibqulu şahın) apardığı hərbi yürüşlərdə də cəsarətlərinə və igidliklərinə görə ad-san qazanmış ən igid süvari döyüşçülərin arasında Cəmşidli kəngərlilər də vardır.

Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində Şahzadə Abbas Mirzənin 1818-ci ilə aid (hicri 1234) bir əmrinin surəti saxlanılır. Abbas Mirzə tərəfindən təyin edilən təqaüdçülərin siyahısı verilib. Bu siyahıda Şahtaxtinskilərdən XVIII əsrin ortalarında və XIX əsrin əvvəllərində yaşamış İmamqulu Sultanın (Şahsultan) da adı vardır. Naxçıvan xanlığı Rusiya tərəfindən tutulandan sonra, çar hökumətinin tərtib etdiyi kameral siyahılarda İmamqulu ağanın adı çəkilib. Naxçıvan şəhərinə aid kameral siyahıda (1832-ci ilə aid) Şahtaxtinskilər Kəngərli tayfasının yurdçu qolunda qeydə alınıblar: Hacı İsa Sultan Kərbəlayı İmamqulu oğlu 50 yaşındadır. Artıq burada Hacı İmamqulu bəyin vəfat etməsi haqqında məlumat var.

Hacı İsa Sultanın həyat yoldaşı Pəri xanımın 40 yaşında vəfat etməsi, onun digər həyat yoldaşı Huribanunun 30 yaşında olması da qeyd edilib. Bu siyahıda Hacı İsa Sultanın 5 oğlunun adı yazılıb: Naxçıvan şəhərində Məhəmməd Tağı 15 yaşında, Şahtaxtı kəndində Cəfərqulu 14 yaşında, Hüseynqulu 5 yaşında, Nəcəfqulu 4 yaşında, Vəliqulu 1 yaşında, qızı Həlimə 8 yaşında. Qeyd edək ki, Hacı İsa Sultanın digər iki oğlunun adları bir siyahıda yoxdur: Zeynalabdının və sonbeşik oğlu Məmmədqulunun.

Məmmədqulu bəy Behbudağa Şahtaxtinskinin babasıdır. Araşdırmalar göstərir ki, Hacı İsa Sultan Şahtaxtinskinin 7 oğlu olmuşdu.

Qafqazın mərkəzi şəhəri olan Tiflisdə nəşr olunan rəsmi "Kavkaz" qəzetinin 1856-cı ilə aid 40-cı nömrəsində Rusiyanın Qafqazdakı ordusunun baş komandanı, general-adyutant Nikolay Muravyovun 7 may 1856-cı ilə aid əmrində Vəli ağa Hacı İsa Sultan oğlunun üzərində "İgidliyə görə" yazılmış qızıl medal alması haqqında məlumat vardır. Həmin əmrdə yazılıb ki, Vəli ağa müsəlman atlı alayındakı yüzlüyün komandiridir, dəstənin naibidir. Hətta o əmrdə qeyd olunub ki, Vəli ağa kapitan Zeynalabdın Sultanın qardaşıdır.

Söz düşmüşkən, Vəli ağa XX əsrin əvvəllərinə aid olan sənədlərdə Hacı Vəli ağa Şahtaxtinski kimi yazılıb. Onun Şahtaxtıda və Naxçıvanda malikanələri olub. Çar Rusiyasının ordusundakı xidmətlərinə görə ona Naxçıvanın mərkəzində, Bazarçayın sahilində malikanə tikməyə icazə vermişlər. Həmin malikanə uzun illər sovet hökumətinin Daxili İşlər Komissarlığının (rusca NKVD-sinin) iqamətgahı olub və XX əsrin 70-ci illərinin sonlarında uçurdulub. Hacı Vəli ağa 1911-ci il martın 20-də dünyadan cavan getmiş oğlu Heydər ağanın faciəli surətdə həlak olduğu gündə vəfat etmiş və Şahtaxtı kəndində Şahtaxtinskilərin ailə sərdabəsində (nekropolunda) dəfn edilmişdi. Arxiv sənədlərinə əsasən onun aşağıdakı övladlarının adları qeyd olunub: oğlanları Əliqulu ağa, Heydər ağa, İbrahim ağa, Kərim ağa, qızları Hüribanu, Sona və Səkinə.

Ömrünün çox hissəsini hərbi xidmətdə keçirmiş Kərim ağa haqqında hələlik az məlumat tapılıb. Tədqiqatçı alim Səbuhi Əhmədovun müsəlman süvari dəstələrinin tədqiqatına dair yazdığı kitabda Kərim ağa Şahtaxtinskinin cəsurluğu haqqında da məlumat vardır. Arxiv sənədində yazılır: "Atlı süvari Kərim ağa Hacı Vəli ağa oğlu Şahtaxtinski 25 avqust 1915-ci il Novaselka-Kostyukovo döyüşlərində sotnyalar (yüzlüklər) arasında əlaqə itərkən artilleriya atəşlərinə baxmayaraq, lazımi məlumatı sotnya komandirinə çatdırdığı üçün Georgi xaçı ordeni ilə təltif edilir".

Birinci Dünya müharibəsində igidliklə iştirak edən Kərim ağa təlatümlü illərdə Bakıya köçür. Atamın söylədiyinə görə, onun Şahtaxtıdan köçməsi çar hökumətinin təqibi ilə bağlı olub. Ailə zəminində baş vermiş faciədə onu günahlandırırlar. Kiçik qardaşı İbrahim ağanın birinci həyat yoldaşı rus qızı imiş. Onu güllə ilə vurub öldürürlər. Və günahı Kərim ağada görürlər. Onu Sibirə sürgünlə hədələyirlər çar çinovnikləri. O isə nahaq sürgündən xilas olmaq üçün ailəlikcə Bakıya köçür. Atamın dediyinə görə, Lənkəranda yaşayan qohumlarının yanına gedir. Sonralar Bəhram xan Naxçıvanski Lənkəranda işləyərkən Kərim ağa fəaliyyətini onun yanında davam etdirir. Ancaq bu vaxt artıq Azərbaycan Xalq Cümhuriyyəti zamanı olduğundan o, təqib edilmirdi. Bir məsələni deyək ki, Şahtaxtinskilərlə Talışxanovlar qohum idilər. Bu isə çar rejimi dövründə onun Lənkəranda gizli yaşamasına şərait yaratmışdı.

İsmayıl bəy Talışxanov bir iş üçün Naxçıvana gəlir. Naxçıvanda Hüseynqulu Sultanın nəvəsi Münəvvər xanımı görür, ürəkdən bağlanır və ailə qurmaq üçün valideynlərini Xəlil ağagilə göndərir. Xəlil ağa Münəvvər xanımın atası idi. Xəlil ağa və həyat yoldaşı Leyla Şahtaxtinskilərin razılığı ilə bu izdivac baş tutur. Azərbaycan Xalq Cümhuriyyətində yüksək vəzifə tutmuş Həmid ağa da Xəlil ağanın oğludur. Sonralar İbrahim Talışxanovun bacısı oğlu Mirhəşim bəy Xəlil ağanın kiçik qızı Sonaxanım ilə ailə qurur. Onlar bir müddət Astarada yaşayırlar.

Xəlil ağa Kərim ağanın doğmaca əmisi oğlu idi. Kərim ağanın həyat yoldaşı öz qohumlarından Qızıllı adlı xanım olub. Onların izdivacından Fatma xanım, Ziba xanım adlı qızları və Abdulla ağa adlı oğlu dünyaya gəlib.

Fatma xanımın nəvəsi Nuriyyə xanımın dediklərindən məlum olur ki, Kərim ağa Şahtaxtinskinin qızı Fatma xanım Şahtaxtinskaya Lənkərana Mirzə Yusif adlı tacirlə ailə qurub. Fatma xanımın 4 oğlu - Ənvər, Teymur, Sabir, Ağakərim, Fərəməz və Dilşad adlı 1 qızı olub. Ənvər həkim olub, 1941-ci ildə müharibəyə gedib, qayıtmayıb. Digər övladları Lənkəranda yaşayıb. İndi onların övladları Bakıda və Lənkəranda yaşayırlar. Fatma xanım sağlığında tez-tez ata-baba ocağına, Şahtaxtı kəndinə baş çəkib. Onun bacısı Ziba xanım Bakıda ailə qurub. Ziba xanımın həyat yoldaşı prokuror olub, 3 oğlu Sankt-Peterburqda hüquq fakültəsində oxuyublar. Ziba xanım faciəli şəkildə dünyasını dəyişəndən sonra onun ailəsi ilə əlaqələr kəsilib. Fatma xanımın da həyatı 1961-ci ildə faciə ilə sona çatıb. Fatma xanımın 2-ci bacısı Nəzakət xanım Tovuz rayonuna gəlin gedib. Həyat yoldaşı Tovuzda Mədəniyyət mərkəzinin direktoru olub. Amma övladı olmayıb. Kərim ağa Şahtaxtinskinin soyundan olan varislərin əlavə bildikləri varsa müəllifə yaza bilərlər.

1920-ci ilin iyulunda Şahtaxtı kəndində olan əhali siyahıya alınıb. Bu siyahıda Kərim ağanın oğlu 35 yaşlı Abdulla ağanın da adı var. Amma çox təəssüf ki, Kərim ağanın və oğlu Abdulla ağanın son talelərindən xəbərsizik.

 

 

 

 

 

 

 

 





16.04.2024    çap et  çap et