525.Az

Moskvada terror: izlər Parisə aparır


 

Moskvada terror: izlər Parisə aparır<b style="color:red"></b>

Rusiya Təhlükəsizlik Şurasının rəhbərinin müavini Dmitri Medvedev bu yaxınlarda bəyan edib ki, Moskvadakı terror aktının arxasında Fransa və prezident Makron dayanır. Söhbət mart ayının 22-də Moskva vilayətində "Crocus City Hall"da baş vermiş qanlı terror aktından gedir. Həmin hücum zamanı 150-yə yaxın insan həlak olub, 551 nəfər isə yaralanıb.

D.Medvedev kimi səlahiyyətli bir şəxsin terror aktını Fransa ilə əlaqələndirməsi heç də təsadüfi deyil. Məlumdur ki, Rusiyanın aidiyyəti strukturlarının terror aktı barədə daha dərin məlumatları var və bu mövzuda araşdırmalar davam edir. Təsadüfi olmayan məqamlardan biri də bu terrorun Azərbaycan əsilli iş adamlarına məxsus "Crocus City Hall"da törədilməsidir. Məqsəd Azərbaycanla Rusiya arasında əlaqələrə xələl gətirmək, Rusiyada dini və etnik zəmində nifaq yaratmaq idi.

Bundan əvvəl Rusiyanın müdafiə naziri Sergey Şoyqu fransalı həmkarı Sebastyan Lekornyu ilə telefon söhbəti zamanı "Crocus Hall"dakı teraktın arxasında "Qərb ölkələrinin və ya ölkələrindən birinin durduğu barədə məlumatlar"ın olduğunu vurğulamışdı.

Təbii ki, rəsmi Paris tərəfindən bu, təkzib edildi. Amma Fransanın beynəlxalq terrorizmlə əlaqələrinə nəzər saldıqda, deyilənlərin heç də yenilik olmadığı üzə çıxır. Fransanın "Lafarge" şirkətinə aid olan və Suriya ərazisində fəaliyyət göstərən sement zavodu və onun "İŞİD"lə əlaqələri və "İŞİD"i maliyyələşdirilməsi barədə faktlar var. Bu yaxınlarda Türkiyə kəşfiyyatı tərəfindən terrorizmə xidmət göstərən bu sement zavodu darmadağın edildi. Fransanın siyasətinin əsas istiqamətlərindən birini erməni terrorizminə dəstək verməsi və ASALA-nın əsas ocaqlarından biri olması təşkil edir. "Orli qrupu", "Erməni azadlıq hərəkatı" kimi terror təşkilatları məhz Fransada yaradılıb və dünyada bir çox qanlı terror hadisələri törədib. ASALA terror təşkilatının üzvlərinin əsas sığınacaq yeri də məhz Fransa olub. İkinci Qarabağ müharibəsi dövründə də və ondan sonra Fransa bu xəttə "sadiq" qalaraq işğalçıya, separatçılara açıq dəstək verdi.

Fransa əməllərini indi də davam etdirir, Qarabağ ermənilərindən ibarət legion hazırlayır və onları Ukrayna cəbhəsinə göndərməyə çalışır.

Milli Məclisin deputatı Müşfiq Cəfərov mövzu ilə bağlı bildirib ki, ötən ay "Crocus City Hall" konsert zalında sivil insanlara qarşı terror aktının törədilməsi Rusiya kimi böyük bir dövlətdə nadir görünən hadisədir: "Rusiya istər ərazi, istərsə də əhali baxımdan böyük olan digər dövlətlərdən məhz dincliyi ilə fərqlənir. Yüzlərlə başqa millətlərdən olan miqrantlara işləmək, yaşamaq üçün ikinci vətən olan Rusiya bəlkə də nadir dövlətlərdəndir ki, bu qədər müxtəlif millət sivil şəkildə yaşaya bilir. Ötən ay baş verən qanlı terror hadisəsi daxili deyil, birbaşa xarici qüvvələrin əliylə törədildiyi açıq-aşkardır".

Onun sözlərinə görə, burada bir çox dövlətlərin, xüsusilə Fransanın adı yada düşür: "Niyə məhz Fransa?! Çünki hazırda Cənubi Qafqazda Fransanın maraqlarına Ermənistanın əliylə regionda münaqişə yaratma cəhdinə maneə olan dövlətlərdən biri də Rusiyadır. Regionumuzda öz mənafeyindən irəli gələn və heç bir region dövlətinə də faydası olmayan bu siyasət Fransanı Rusiyaya qarşı qoyur. Fransanın hər zaman beynəlxalq terrorla xatırlandığı da faktdır. Təkcə Afrikadakı terror əməllərini xatırlasaq, kifayətdir. Uzun illər Ermənistandakı terrorçuları da məhz Fransa dəstəkləyib. Lakin Rusiya Fransanın çökdürə biləcəyi dövlətlərdən deyil. Bu səbəbdən də əgər Rusiya kəşfiyyatında belə bir məlumat varsa, mütləq ki, doğrudur və Fransa bunun cavabını da verməli olacaq. Paris hər zaman daxili iğtişaşları və qeyri-sabitliyi ilə gündəmdə olur. Ümumiyyətlə Qərbdə hələ də daxili sabitliyə nail olmayan, öz vətəndaşlarının maraqlarına hər zaman silahla, güclə cavab verən dövlət idarəçilərinin demokratiya və insan haqlarından ağızdolusu danışmaları gülünc vəziyyətdir. Fransa Cənubi Qafqazı və Rusiyanı Paris küçələriylə bərabər tutmamalıdır. Bizim regionda insanlar Qarabağ münaqişəsinin davam etdiyi 30 il müddətində belə Parisdən daha stabil və sivil yaşayıblar".

 

 





17.04.2024    çap et  çap et