525.Az

"Gürcü arzusu"nun israrı


 

"Gürcü arzusu"nun israrı<b style="color:red"></b>

Gürcüstan parlamentinin Hüquq məsələləri komitəsi "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsini dəstəkləyib. Qanun layihəsi gəlirlərinin 20 faizdən çoxunu xarici donorlardan alan, sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan hüquqi şəxslərin və kütləvi informasiya vasitələrinin "Xarici gücün maraqlarını güdən təşkilatlar" kimi qeydiyyata alınmasını nəzərdə tutur. Qanun layihəsi Ədliyyə Nazirliyinə "xarici dövlətin maraqlarını güdən təşkilatı" müəyyən etmək üçün istənilən vaxt məsələ ilə bağlı araşdırma aparmaq və öyrənmə-nəzarət etmək səlahiyyəti verir.

Bundan başqa, layihəyə əsasən, monitorinqin başlanması üçün Ədliyyə Nazirliyinin müvafiq səlahiyyətli şəxsinin qərarı və Ədliyyə Nazirliyinə təqdim edilmiş yazılı müraciət əsas götürüləcək. Ədliyyə Nazirliyinin səlahiyyətli şəxsi qanunla müəyyən edilmiş qaydada zəruri məlumatları, o cümlədən, şəxsi məlumatları tələb etmək hüququna malikdir. "Xarici gücün maraqlarını güdən təşkilat" kimi qeydiyyatdan yayınmaya və ya bəyannamənin doldurulmamasına görə 25 min lari məbləğində cərimə nəzərdə tutulur. Qanun layihəsində digər cərimələr də nəzərdə tutulub.

Gürcüstan Prezidenti Salome Zurabişvili "Xarici gücün maraqlarını güdən təşkilat" qanun layihəsinin qəbulunu, bu hadisəyə etiraz edənlərə qarşı polisin güc tətbiq etməsini Gürcüstanın yenidən sovetləşməsi adlandırıb. Salome Zurabişvili X sosial şəbəkəsindəki hesabında yazıb ki, Gürcüstan yenidən sovetləşməni qəbul etməyəcək!

"Transparency International - Georgia" təşkilatının icraçı direktoru Eka Qiqauri "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsinə qarşı keçirilən mitinqdə çıxışı zamanı bildirib ki, "Gürcü arzusu" bu qanunu qəbul etməklə Gürcüstanın Qərbdən uzaqlaşaraq Rusiya ilə yaxınlaşmasına nail olmaq istəyir.

"Gürcü arzusu" hökuməti isə bütün etirazlara baxmayaraq, qanunu qəbul etməkdə israrlıdır. Daxili İşlər Nazirliyi qanun layihəsinin qəbuluna etiraz edənlərə xəbərdarlıq edərək aksiyanın təşkilatçılarını və iştirakçılarını ifadə azadlığı və dinc toplaşmalar haqqında qanunla müəyyən edilmiş həddən kənara çıxmamağa çağırıb. DİN-in açıqlamasında deyilir ki, aksiya zamanı hər hansı qanun pozuntusu polis tərəfindən qanun çərçivəsində dərhal aradan qaldırılacaq.

Gürcüstanın ombudsmanı Levan İoseliani isə polisi Tbilisidə parlamentin qarşısında xarici dinc aksiyaya müdaxilə etməməyə çağırıb. Ombudsman vurğulayıb ki, gücdən istifadə "son çarədir" və yalnız hərəkət zorakılığa çevrildikdə icazə verilir.

Gürcüstanda "Xarici gücün maraqlarını güdən təşkilat" qanun layihəsinin qəbuluna ölkə daxilində və Qərbdə etirazlar səngimədiyi halda, Rusiyadan "Gürcü arzusu"na dəstək gəlib. "Rus dünyası" fikrinin ideoloqu kimi tanınan Aleksandr Duqin "Xarici gücün maraqlarını güdən təşkilat" qanun layihəsinin qəbulunda israrlı olan Gürcüstan hakimiyyətini tərifləyib. "Gürcüstan düzgün yoldadır. Əgər suverenlik istəyirsənsə, beşinci kolonu məhv etməlidir. Biz bu yolu tutmuşuq və müsbət effekt göz qabağındadır".

"Gürcü arzusu"nun təşəbbüsünü Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov da dəstəkləyib. Belə görünür ki, "Xarici gücün maraqlarını güdən təşkilat" qanun layihəsinin qəbulu Gürcüstanda yeni siyasi böhrana səbəb ola bilər. 

 

 

 





18.04.2024    çap et  çap et