525.Az

Aktrisanın şirin-acı həyat hekayəti - Telman Orucov yazır


 

Aktrisanın şirin-acı həyat hekayəti - <b style="color:red"> Telman Orucov yazır</b>

(Əvvəli ötən çərşənbə sayımızda)

 

Ərimin Fərhada yaxşılıq etməsi barədə söhbətlər yas yerindən mənim qulağıma gəlib çatırdı, bilirdim ki, artistlər öz dostlarını və tanıdıqlarını qeybət süzgəcindən keçirməmiş ötüşmürlər. Səhnə onları virtual aləmdə məskunlaşdırdıqları kimi, başqası haqqında həqiqətdən uzaq olsa da, söhbət açmaq, uydurulmuş detallar bolluğu yaratmaqla, baş verənləri və verməyənləri qarışdırıb şişirtmək bizim dünyamızın əsas paralelləri idi. Mən özüm də bu mühitdə böyümüşdüm, belə söhbətlərə qulaq asmışdım və heç vaxt özüm barəmdə deyilənlərdən də o qədər inciməmişdim, axı mən öz seximizə yaxşı bələd idim.

Mən artıq artistlər üçün baş verən qəddar metamorfozanın ikinci mərhələsinə yaxınlaşırdım. İkinci mərhələni birinci ilə, əslində, keçilməz sədd ayırır. Biz uşaq rollarını da, yeniyetmə obrazlarını da yaradırdıq, lakin təbiəti aldatmaq mümkün deyildir.

Hələ cavan olmağıma, Rafiqin əvvəlki tək qızğın sevdiyi arvadı olmağıma baxmayaraq, mən öz nisbətən xoş keçən, məni şikayətlənməyə, gileylənməyə qoymayan gəncliyimlə vidalaşmağa hazırlaşıram. Xoşbəxtlikdən, mən fiquramı, iri gözlərimi qoruyub saxlamışam. Səhnə boyası da onları kölgə altına sala bilməmişdir. Yaxşı ki, bizdə səhnədə Çin artistləri kimi üzü belillə boyamaq dəbi yoxdur, yoxsa onun da özünəməxsus fəsadı ilə üzləşərdik.

 

Rafiqin alicənablığının həddi yoxmuş

 

Mən çox sayda sınaqlardan keçmişəm, 14 yaşım olanda yaşlı kişi mənə evlənmək təklifi etmişdi, aktrisa kimi şöhrət zirvəsinin yamacına ayaq basanda Fərhadla qısa ömürlü eşq macərası yaşamışdım, o bədbəxt sonralar fəlakətli ömür sürmüş, dünyadan vaxtsız köçmüşdü. Mənim həyatımı rövnəqləndirən bir coşğunluqla Rafiqlə sevişmiş və bu sevgi də xoşbəxt izdivacla nəticələnmişdi.

Rafiq Fərhada hər cür qayğı göstərmişdi, onu işə düzəltmiş, özü də lap yaxın nəzarəti altında. Onu öz yaxın dostu olan nevropatoloqa da göstərərək, xahiş etmişdi ki, onun müalicəsinin boynuna götürsün. Lakin bunlar Fərhadı təbiətin ağır hökmündən xilas edə bilmədi.

Mən ərimin Fərhadın bədbəxtliyi barədəki söhbətimə və təklifimə pis münasibət göstərəcəyinə inanmırdım, lakin özünün keçmiş rəqibinə belə mərhəmət və qayğıkeşliklə yanaşacağı variantı da ağlıma gəlmirdi. Mən bir daha hiss etdim ki, o, mənim düşündüyümdən də alicənab insan olmaqla, mənim hisslərimi də anlaya və düzgün qiymətləndirə bilir. Mən bir daha söz verdim ki, bu ləyaqət xəzinəsi olan insanı ölənə qədər ən ali məhəbbətlə sevəcək, bütün dünyamı ən əziz sevdiyim bu adama həsr edəcəyəm.

Oxumuşdum ki, Culyetta Drue öz gəncliyini və xərçəngdən ölənə qədər bütün həyatını böyük Viktor Hüqoya həsr etmişdi və bu ilahi sevgiyə görə özü də dahi yazıçıya qismət olan bir ölməzliyə şərik olmuşdu. Cülyetta Hüqonun məşuqəsi, sonda isə onunla bir yerdə yaşayıb, mülki arvadı olmuşdu. Mən isə Rafiqin qanuni arvadıyam və bu, mənim üzərimə əlavə məsuliyyət qoyur. Elonza Abelyardan sonra bir saat da artıq yaşamayacağını vəd etdiyi kimi, mən də özümü Rafiqsiz görə bilmirəm, onun yoxluğu ilə mənim də həyatıma son qoyulacaqdır, mən də onun arxasınca dünyanı, bir an da olsun ləngimədən tərk edərdim.

 Fərhadı müayinə edən həkim ərimə demişdi ki, onun vəziyyəti o qədər də yüngül deyildir və beynindəki fəsad onu sürətlə qocaldır, bir andaca onun ölümünə səbəb ola bilər. Mən əlimdən gələni etmişdim, ağır xəstəni isə sağaltmaq, mənim nə qədər istəyim və arzum olsa da, imkanımdan kənardadır. Ona görə Fərhadı bir gün itirəcəyimizi qorxu içində gözləyirdim və bu faciə tezliklə baş verdi. O, öz könlünü mehrab etməyə də çalışmadı, bu mehrab onu yalnız Allahda təskinlik tapmağa vadar edərdi. İdeyalarının qarmaqarışıqlığı onu çox şeydən, hətta Allaha ünvanlanan sədaqətdən də məhrum etmişdi.

Rafiq Fərhadın dəfn və yas mərasiminin xərclərinin öz üzərinə götürdü, axı onun yaxın qohumları da yox idi. Mərasimdə əsasən keçmiş səhnə yoldaşları iştirak edir, bu qəribə adam haqqında xoş xatirələrini danışırdılar. Onun ən böyük həyat uğurunu isə ən gözəl aktrisaya vurulması və ondan qarşılıqlı hisslərdən ibarət cavab almasını hesab edirdilər. Onu da qeyd edirdilər ki, bundan sonra  aktrisanın yeni sevgilisi olan ərinə daha qızğın sevgisi bizim aləmdə möcüzə kimi görünür.

Mən Fərhadın vaxtsız ölümünə kədərlənirdim, bunda azacıq da olsa özümü də günahlandırırdım. Lakin bu barədə çox düşündükdən sonra onun belə faciəli sonluqla həyatını başa vuracağı ehtimalına səbəb olan amilləri dərindən təhlil etdikdə, belə nəticənin qanunauyğun olduğu qərarına gəlirdim. O, həyatın irəli sürdüyü şərtləri, obyektiv şəraiti nəzərə almağı bacarmırdı. Çünki onun ambitsiyaları gücündən və imkanlarından yuxarı idi. Az-çox biliyini də özünün parlaq istedadı hesab edirdi, real həyatdan baş çıxara bilmirdi. Konfutsinin sözü yadıma düşdü - "Mühiti dəyişə bilmirsənsə, özünü dəyiş". O isə dəyişə bilməzdi, fantastik ideyalar aləmində yaşayırdı və özünün dahi olmasına onda möhkəm inam var idi. O, reallığın irəli sürdüyü şərtləri qəbul etmək istəmirdi, əsl müasir nihilist idi. İstedadı və gücü çatmadığı məsələlərdə ağılsız qərarlar qəbul edir, enerjisini boş mübahisələrə və yuxarı orqanlarla mənasız mübarizələrə sərf edirdi. Ona təsir göstərmək də çətin idi, özünü ən ağıllı, bəlkə də daha müdrik adam hesab edirdi. İnsaf xatirinə demək lazımdır ki, təbiət onu heç də səfeh bir adam kimi yaratmamışdı, yalnız özü haqqındakı yüksək və əsassız fikiri onu sonralar ağır vəziyyətə salmışdı.

Mənim gələcəyim barədə çoxlu planlar cızırdı, inkar edə bilmərəm ki, onların mənə müsbət təsiri olmamışdır, o, məndə özümə, istedadıma, qüvvələrimə böyük inam yaratmışdı. Əslində özünün nail ola bilmədiklərini mənim tərəfimdən qazanılacağını arzulayırdı. Məni zirvələri fəth etməyə qızışdırırdı. Mənimlə evlənməyini təxirə salmaqda heç bir səbəb göstərmirdi. İstəyirdi ki, mən daha böyük şöhrət sahibi olum, hamı mənim qarşımda baş əysin, yalnız bu mümkün olduqda, o, mənə evlənməyi özünə rəva bilərdi. Bunda da onun eqoistik məqsədləri özünü büruzə verirdi. O, anlayırdı ki, özü heç nəyə nail olmayacaqdır, əvəzində artıq yaşı keçmiş arvadının kölgəsinə sığınmaq, heç olmasa bununla öz istəklərinin reallaşmasına çatmaq istəyirdi.  Almaz barədəki nəzəriyyəsində də birinci növbədə özünün almaz sahibliyinə yiyələnəcəyi perspektivini düşünürdü. Mən onu şöhrət alfonsu adlandıra bilərdim, çalışardı ki, öz istədiklərinə, gizlin niyyətlərinə məşhurluq qazanmış  arvadı vasitəsilə nail olsun. Mən şükür edirəm ki, biz evlənmədik, o, məni və uşaqlarımızı atıb, öz ağlında quraşdırdığı səadətini axtarmağın arxasına düşəcəkdi, buddizm kahini kimi özünə arzuladığı aşram axtaracaqdı. Bu Don Kixot mənə xoşbəxtlik gətirə bilməzdi, özü isə məndən bir ər kimi yaxşı fayda götürməyi umacaqdı. Mənim bəxtim onda gətirdi ki, Rafiqlə tanış oldum və ona qızğın məhəbbətim naminə mənə xəyanət etməkdə suçladığım həmin xəyalpərəst adamı birdəfəlik unutmağı bacardım.

Fərhad barədə fikirləşəndə, yadıma qocalmış şirin taleyi düşdü. Praydın başçısı olan şir getdikcə qocalmağa, taqətdən düşməyə başlayır. Onun dəstənin başçısı kimi qalması da böyük sual altındadır. Prayda rəhbərlik etmək arzusunda olan cavan şir onunla vuruşub, qocanı məğlub edir. Üstəlik, o, ağır yara alır və praydı tərk etməli olur. O, tənha yaşamaqla, ölümünü gözləyəcəkdir və tezliklə öləcəkdir, axı onu dişi şir timsalında ovu ilə qidalandıran olmayacaqdı. Rafiq cavan şir rolunda mənim həyatıma daxil oldu, doğma şəhərini öz ambisiyası naminə tərk etmiş, tənha və səfil qalmış Fərhad isə qoca şir kimi sərgərdan həyata və şərəfsiz ölümə məhkum oldu. Əslində, mən xilas oldum, əvvəlki sevgilimin boş sözlərinə inanıb, əsəbi gərginlikdən xəstələnsəm, çox güman ki, sınıq təknə yanında qalacaqdım. Fərhad əslində bədbəxt insan idi, eləsindən yaxşı ər olacağı və ailəsini bəxtəvər edəcəyi barədəki ümidin özü də ağılsız qaydada aldanmaqdır. Özünü dahi kimi görən adam, xəyallarının əksinə, unudulmuş və acınacaqlı həyat keçirən bir kimsəsiz insan tək dünyanı tərk etməli oldu. Mən gec də olsa başa düşdüm ki, o, çox hallarda heç də mənimlə səmimi olmamışdı, əsl məqsədi məni özünün şəxsi piar-mehrabına (ictimayi rəyə hesablanmış məqsədinə) qurban vermək imiş.

Rafiqə gəldikdə, onun başqa cür insan olduğunu, alicənablıqda tayı-bərabəri olmadığını bir daha yəqin etdim. Amerika Birləşmiş Ştatlarında belə bir qayda vardır ki, əsl filantropları, başqasının qayğısına heç nəyi nəzərə almadan qalanları qiymətləndirərkən, bu yolda əziyyətlərə dözənlərin qəlbinin böyüklüyünü ştatların ərazisi ilə müqayisə edirlər. Birinin ürəyini Arizonanın ərazisinə bənzətmişdilər, sonra səhv etdiklərini anlayıb, Texas ştatının ərazisi ilə müqayisə etmişdilər, çünki Texasın ərazisi daha böyükdür. Belə bir prinsipdən istifadə etsək, mən Rafiqin ürəyinin böyüklüyünü ən böyük regionumuz, ən gözəl təbiətə və iqlimə malik olan, mədəniyyət simfoniyası hesab etdiyimiz Qarabağla müqayisə edərdim. Axı valideynlərinə görə o, Qarabağla da sıx bağlıdır, səmimiyyəti və şirin zarafatı ilə  daim qarabağlıları yada salır.

Fərhadın dəfnindən bir neçə gün sonra Rafiq üzünü mənə tutub, tam ciddi şəkildə dedi:

- Mənim Byenvenyum, sən doğrudan da çox sədaqətli və iradəli adamsan. Səhnədəki canlandırdığın müsbət qəhrəmanların sənə ikinci universitet təhsili veriblərmiş, onlar həm də səni ailə həyatı üçün də lazımınca hazırlayıblarmış. Səni mən Şekspirin "Kral Lir"indəki Kordeliyaya bənzədirəm, Kordeliya nankor bacılarından fərqli olaraq atasına necə sədaqətli idisə, sən də mənə elə müqayisə edilməyən bir sədaqət bəsləyirsən. Mən bir daha səninlə evlənməyimə, ailə qurmağıma görə çox xoşbəxtəm. Sən mənə, nəslimə iki gözəl uşaq hədiyyə vermisən. Vaxtilə sənin namizədliyinə hay-küylə etiraz edən atam da, anam da, səndən çox razıdırlar, hətta gəlinləri ilə fəxr etdiklərini dəfələrlə dillərinə gətiriblər.

Sən sevilməyə, qızğın məhəbbətə layiqsən, mən bunu ilk tanışlıqdan hiss etmişdim. Sən mənə də məhəbbət dərsi keçmisən. Məhəbbət adlı sərvət heç nə ilə müqayisə oluna bilməz. Dünyada hər şey qiymətini itirsə də, məhəbbət nadir iri almaz, qızıl külçəsi kimi öz dəyərini itirmir. Xoşbəxtəm ki, mən də belə bir məhəbbət aləmində, onun füsunkar ağuşunda yaşayıram.

O ki qaldı Fərhadın acı taleyinə, biz ona kömək etməyə borcluyduq, əgər o, səni ölümdən xilas etməsəydi, mən indiki kimi xoşbəxt ola bilməzdim, iki gül balaya sahib olmazdım.

Mən ərimin Fərhad barədəki alicənablığına məəttəl qalmışdım. O, özünün keşmiş rəqibinə, mənimlə bir il ərzində platonik də olsa, yaxınlıq etmiş adama kömək əlini uzatmaq istəmişdi. Mən onun mərdliyinə bələd idim, lakin bu səviyyədə alicənablığını heç güman da edə bilməzdim. Mərhəmətlilikdə, başqasının dərdinə yanmaqda və ona köməklik etməkdə o, özünü də ötüb keçmişdi. Belələrini adətən altruist adlandırırlar. Rafiq isə keçmiş rəqibinə münasibətdə bu şkalanın da ən yüksək nöqtəsini geridə qoymuşdu.

(Ardı var)

 





17.04.2024    çap et  çap et