525.Az

Səfirin geri çağırılması, yaxud Fransanın qabaqdangəlmişliyi  


 

Səfirin geri çağırılması, yaxud Fransanın qabaqdangəlmişliyi  <b style="color:red"></b>

Məlum olduğu kimi, Fransa Azərbaycandakı səfiri Ann Buayonu geri çağırıb. Bu barədə Fransanın Xarici İşlər Nazirliyi məlumat yayıb. Paris bu addımın "Azərbaycanın birtərəfli fəaliyyəti, iki ölkə arasında münasibətlərə xələl gətirməsi" ilə bağlı olduğunu iddia edir. Səfiri Prezident Makron qəbul edib.

Əslində Fransanın bu addımını qabaqdangəlmişlik adlandırmaq olar. Çünki Fransa, xüsusilə İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanla münasibətləri korlamaq üçün mümkün olan bütün addımları atıb. Yəni münasibətlərin indiki həddə çatmasında birbaşa günahkar Parisdir.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) bununla bağlı bəyanatında da qeyd edilib ki, məhz Azərbaycanın razılığı əsasında Fransanın 25 ilə yaxın müddətdə vasitəçilik roluna baxmayaraq, bu ölkənin 2020-ci il Vətən müharibəsindən sonra açıq-aşkar antiazərbaycan addımları hər kəsə məlumdur.

Fransa tərəfinin Azərbaycanı birtərəfli hərəkətlərdə təqsirləndirməsinə baxmayaraq, ölkəmizin Fransaya qarşı addımları və verdiyi rəsmi bəyanatlar yalnız bu ölkənin destruktiv fəaliyyətinə cavab xarakterli olub. Azərbaycana qarşı qarayaxma kampaniyasına baxmayaraq, Bakı hər zaman dialoq qapılarını açıq saxlayıb. Fransa, xüsusilə son 3 il yarım müddətdə atdığı addımlar ilə Azərbaycanla Ermənistan arasında suverenlik və ərazi bütövlüyü əsasında əlaqələrin normallaşdırılması səylərini ciddi şəkildə sual altına qoyub və vəziyyətin gərginləşməsinə rəvac verib.

Bu ölkənin Azərbaycan əleyhinə addımlarının bəzilərinə təkrar diqqət yetirdikdə, onun təkcə ölkəmizin qanunvericiliyinə deyil, beynəlxalq hüququ qarşı çıxdığını da açıq şəkildə görmək mümkündür.

Fransa parlamenti vaxtilə Azərbaycanın işğal altındakı  ərazilərində yaradılmış qondarma "artsax"ı tanımaqla utancverici bir qərar qəbul etmişdi. Bununla da ölkənin qanunverici orqanı separatizmə açıq dəstək verib, digər bir ölkənin beynəlxalq miqyasda tanınmış ərazi bütövlüyü və suverenliyinə qarşı çıxmışdı. Amma təəssüf ki, təkcə bu ölkənin parlamenti deyil, prezident Makron da Azərbaycana münasibətdə eyni xətti davam etdirir, separatizmə açıq dəstək nümayiş etdirib.

Azərbaycan öz ərazilərini işğaldan azad etməyə başlayanda, Fransa da ölkəmizə qarşı beynəlxalq müstəvidə hərəkətə keçdi. BMT Təhlükəsizlik Şurasında dəfələrlə Azərbaycan əleyhinə qətnamələrin qəbuluna çalışdı. Eyni siyasət 44 günlük müharibədən sonra da davam etdirildi. Ancaq hər dəfə də nəticələr Fransa üçün məyusedici oldu. Nəinki Fransa BMT TŞ-da qətnamə, bəyanat qəbuluna belə nail ola bilmədi. Çünki Azərbaycan haqlı tərəf idi. Bakı bütün addımlarını beynəlxalq hüquq çərçivəsində atıb. Ölkəmiz beynəlxalq birlik tərəfindən tanınan ərazilərinin 30 ildən artıq işğalına son qoyub. BMT Təhlükəsizlik Şurasında təmsil olunan və haqqın, ədalətin yanında olan dövlətlər buna imkan vermədilər.

Baxmayaraq ki, həmin BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal edilmiş ərazilərinin qeyd-şərtsiz azad edilməsi ilə bağlı 4 qətnaməsi var idi, Fransa bir dəfə də olsun onların yerinə yetirilməsi məsələsini qaldırmayıb.

Azərbaycan XİN-in bəyanatında da vurğulandığı kimi, Fransanın BMT Təhlükəsizlik Şurası ilə yanaşı, Avropa İttifaqı, Frankofoniya kimi təşkilatlarda və digər beynəlxalq platformalarda da dəfələrlə Azərbaycan əleyhinə sənəd layihələrinin təşəbbüskarı olması, bu ölkənin bitərəf vasitəçi iddialarının tamamilə əsassız olduğunu sübut edib. Məhz Fransada hakim partiyanın nümayəndələrinin təşəbbüsü ilə bu ölkə parlamentində Azərbaycana qarşı çoxsaylı əsassız ittihamların, təhqir və təhdidlərin əks olunduğu, dövlətimizin ərazi bütövlüyü və suverenliyini sual altına qoyan və xələl gətirən, keçmiş qondarma rejimi tanıyan qərar və qətnamələr qəbul edilib.

Eyni qərəzli siyasət Avropa Parlamentində də aparılıb, Fransa burada Azərbaycana qarşı qətnamələrin qəbulunda aktiv iştirak edib.

Fransanın Laçın yolundakı ekoaksiya zamanı yaratdığı "blokada şousu" da iflasa uğradı. BMT Təhlükəsizlik Şurasının iclasında bu mövzunu gündəmə gətirən Paris öz məqsədinə çata bilmədi.

Hər şeydən əlini çıxan Fransa Ermənistan-Azərbaycan normallaşma prosesinə mane olmaq, regionda sülh və təhlükəsizliyin bərqərar olması üçün əngəllər yaratmağa başladı. Fransa Ermənistanı geniş şəkildə silahlandıraraq revanşa hazırlayır, militarizmi təşviq edir, "Azərbaycanın Ermənistana qarşı müharibəyə hazırlaşdığı" kimi yalan iddiaları gündəmə gətirərək nəticədə regionda gərginlik ocağını alovlandırmağa çalışır. Əlbəttə ki, bu addımların heç biri sülhə xidmət edə bilməz.

Mədəniyyətin beşiyi sayılan Fransada 19-cu əsr görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvanın büstünə qarşı vandallıq aktlarının törədilməsi və hökumət tərəfindən bunun qarşısının alınması üçün tədbirlər görülməməsi Fransanın Azərbaycan əleyhinə kampaniyasının tərkib hissəsi olmaqla, çox pis bir haldır.

Prezident İlham Əliyev bu mövzuya toxunaraq bunu vandalizm aktı adlandırıb: "Onlar artıq öz-özlüyündə vandalizm aktı olan Natəvanın heykəlinin təhqir edilməsi, onun sellofana bükülməsi, bu şəhər ilə İsmayıllı arasında qardaşlıq sazişinin ləğv edilməsi kimi lüzumsuz hərəkətlərə əl atmağa başladılar. Təbii ki, biz də adekvat cavab verirdik və indi də buna davam edirik. Amma bu, deyə bilərəm ki, artıq kin, gücsüzlük və isterikanın özünü heykəldə göstərdiyi mənəvi deqradasiyanın dibidir. Yəni burada onlar praktik olaraq ermənilərdən az fərqlənirlər. Çünki ermənilər Natəvanın Ağdamdakı məzarını qazıblar, heykəlini məhv ediblər. Biz onu bərpa etdik, daha doğrusu, yenidən dəqiq surətini ucaltdıq. Fransa isə Natəvanın həmin ölkədə heykəlini təhqir edir. Göründüyü kimi, burada bir oxşarlıq var".

Prezident İlham Əliyev yerli telekanallara sonuncu müsahibəsi zamanı Fransa ilə münasibətlərin gərginləşməsindən danışaraq deyib ki, həm 1990-cı illərdə, həm də artıq Azərbaycana rəhbərlik etdiyi dövrdə münasibətlər kifayət qədər normal idi. Son vaxta qədər balans zahirən saxlanılırdı. Balans, hətta Fransa tərəfindən İkinci Qarabağ müharibəsinə qədər pozulmuşdu və bu, görünür ki, Fransanın xarici siyasətində fundamental əsasların nəsil dəyişikliyi səbəbindən baş vermişdi: "Düşünürdüm ki, bu hadisələrdən sonra münasibətlərimizdə sağlam məntiq üstün olacaq və körpülər yandırılmayacaq, çünki bu, prinsip etibarilə nə Fransaya, nə də bizə lazımdır. Hərçənd hər bir ölkə bir-birini unudaraq sakit yaşaya da bilər. Bununla yanaşı, bütün bu proseslər davam edirdi və bildiyiniz kimi, həm parlament, həm də Senat qondarma "Artsax"ı tanıdı...

Biz Prezident Makronun Praqadakı görüşdə iştirakına razılıq verdik və başqa səviyyələrdə də təmaslar oldu - həm Fransa xarici işlər nazirinin Azərbaycana səfəri, həm də bizim nümayəndələrin səfərləri. Yəni münasibətlər davam edirdi, amma antiterror əməliyyatından sonra bu münasibətlər mahiyyətcə dayandırıldı, yenə də bu, bizim günahımız ucbatından baş vermədi. Sadəcə, Fransa artıq heç bir başqa amillərlə maskalanmayaraq açıq şəkildə antiazərbaycan fəaliyyəti aparmağa başladı - qətnamələrin qəbul edilməsi cəhdləri, bundan sonra BMT Təhlükəsizlik Şurası platformasında Azərbaycana qarşı sanksiyalar tələbi. Zənnimcə, ən azı 5 dəfə bu cür cəhdlər edildi və onların hamısı tam uğursuzluqla nəticələndi, çünki ölkələrin əksəriyyəti bizi dəstəklədi və bu qətnaməni qəbul etdirmək üçün onlar dövlətlərin zəruri sayını toplaya bilmədilər. Bu, əlbəttə, onlar üçün çox güclü siyasi zərbə idi, çünki biz belə desək, onlara öz meydançalarında qalib gəldik".

Göründüyü kimi, münasibətlərin pozulmasına yönəlmiş bütün addımlar Bakıdan yox, Parisdən atılıb, amma bütün bunlardan sonra Fransanın indi "küskün" obrazı yaratmaq cəhdi gülüncdür. Azərbaycan bütün dövlətlərlə münasibətlərin qarşılıqlı hörmət və beynəlxalq hüquq prinsipləri çərçivəsində qurulmasına tərəfdardır, amma hansısa ölkə bunun əksini edirsə, bu, o ölkənin öz problemidir. Fransa səfirin çağırılmasını lazım bilirsə, Azərbaycanın da eyni addım ata bilməsi istisna deyil.

 

 





18.04.2024    çap et  çap et