525.Az

Torpağı tanıyanlar və tanıdanlar... - Nadir Yalçın yazır


 

SABİRABADDAKI BİR GÖRÜŞÜN TƏƏSSÜRATI

Torpağı tanıyanlar və tanıdanlar... - <b style="color:red"> Nadir Yalçın yazır</b>

Sabirabada çatar-çatmaz şəhərin mərkəzində Mirzə Ələkbər Sabirin heykəli ilə qarşılaşırsan. Hər dəfə Sabirin heykəlinin önündən keçəndə bəxti gətirməyən şairin həyatı, daha sonra bir neçə beyti beynimdə canlanır və həqiqətən, bu yerlərin adamları ilə Sabirin hekayəti arasındakı bağlar barədə düşünürəm.

Təsəvvür edin, ömrünün ən çətin anında doğma yurdundan köçən şair indiki Sabirabad adlanan ərazidə müvəqqəti yerləşir, orada sabun bişirib dolanır və məşəqqətli günlərin sarsıntısı yaradıcılığına təsir edir.

Vaxtilə Petropavlovka adlanan rayonun adını dəyişib Sabirabad qoyurlar və bu adqoyma, əslində, böyük şairimizin əzablı həyatını da özündə ehtiva edir. Gərdişin cilvəsi...

Bu yerlərin insanları da zəhmət hesabına bu boz çöllərə həyat gətirən, öz güzaranlarını dişləri-dırnaqları ilə yaxşılaşdırmağa çalışanlardır və bunun nəticəsində, şoran torpaqlara can gəlib, daim bu yerlər bərəkətli olub, öz səxavətindən hamıya pay verib. Sabirabad daim ona sığınanların məskəninə çevrilə bilib, güman yeri olub.

Vətənin o başı-bu başı olmaz deyiblər. Amma o da həqiqətdir ki, hamımız üçün coğrafi anlayışdan daha çox məna kəsb edən yerlər var. O yerlər taleyimizə düyünlənib, olanlarımızın, ölənlərimizin məskəninə-mədfəninə çevrilib. Babamız o torpaqdan ayaq açıb, nəşi o torpaqda qərar tutub. Sabirabadın da mənim üçün mənəvi dəyəri bu amillərin üzərində bərqərardır.

Tarixən Sabirabaddan barmaqsayı yazıçı-şairlər parlayıb. Bir dəfə dedilər ki, aran rayonlarında dağ yoxdur deyə, həmin dağdan o yanda nəyisə təsəvvür etmək mümkün olmur, ona görə də bu yerlərin adamlarının təxəyyülü inkişaf etməyib. Salyanlı yazıçı İlham Əziz bu söhbəti eşidib həmin an dilləndi: "Oğul odur ki, o olmayan dağı da təsəvvür eləsin, ondan o tərəfdə qərar tutanları da... Ölçüsüz istedad budur..."

Sabirabadlılar o dağı, ondan o tərəfdəkiləri təxəyyülünə sığışdırmağa bəzən macal tapmayıblar. Bəlkə də, həyat fəaliyyətləri, gündəlik məişətləri buna icazə verməyib. Bütün bunlarla yanaşı, Sabirabadda mütaliəyə daim maraq olub və kifayət qədər savadlı insanlar yetişib. Amma təəssüf ki, son onilliklərdə kitabdan, ədəbiyyatdan uzaqlaşan rayonumuzu yenidən mütaliəyə yaxınlaşdırmaq üçün xüsusi addımlar atılmayıb.

Bu yaxınlarda Mədəniyyət Nazirliyinin dəstəyi, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə Sabirabad rayonunun Mədəniyyət Mərkəzində "Hophopnamə" kitab mərkəzi yaradıldı və bu xəbər o boz çöllərin yaşıllaşmasına bənzər mübarək bir addım kimi bütün ədəbiyyat təəssübkeşlərini sevindirdi. Sabirabadın kitaba qayıdışının yeni mərhələsi "Hophopnamə" ilə başladı. Elə Sabir "Hophopnamə" ilə camaatı işığa səsləmirdimi?!

Silsilə tədbirlərin, gürüşlərin təşkili əhalidə maraq yaradıb. Nə vaxt yolum "Hophopnamə"yə düşürsə, içəridə qələbəlik görürəm. Deməli, Sabirabadda ədəbi mühiti canlandırmaq, insanların kitaba sevgisini artırmaq üçün belə bir vasitə lazım imiş.

Növbəti görüşün elanı qarşıma çıxanda sevindim: "Sabirabadda Xalq yazıçısı Anarla görüş keçiriləcək".

Sabirabad... Anar... Mirzə Ələkbər Sabir... Böyük alim və pedaqoq Təhsin Mütəllimov yazır ki, ənənə baxımından ən böyük möcüzə Sabir idi! Sabir yaradıcılığının ilk axtarışları ənənəvi Şərq lirikasının məlum təcrübəsinə söykənirdi. Lakin son altı ildəki satirik yaradıcılığına klassik ədəbiyyatımızda o qədər də zəngin örnək olmamışdı. Doğrudur, satira milli ədəbiyyatımız üçün heç vaxt ögey olmayıb. Şərqin başqa ustadları bir yana, elə Xaqani, Nizami və Füzuli yaradıcılığında müxtəlif motivli kəskin tənqidlərə az təsadüf olunmur. Lakin sırf satirik poeziya, özü də sabirsayağı yeni ifşa və ittiham ədəbiyyatı bütün Şərqdə tam yeni bir aləm idi!

Şərqdə yeni bir aləm olan Sabirin adını daşıdığı, Kürlə Arazın qovuşduğu rayonda Xalq yazıçısı Anarla görüş... Anar da öz ədəbi nəsli ilə yeni bir aləm deyildimi?

Sabir öz dövrünün yeni nəfəsi olduğu kimi, Anar da nəsrimizin yeni səhifələrini yazan müəlliflərdəndir. Anar özündən sonra bizdən 100 il uzaqlaşacaq, daha da böyüyəcək yazıçıdır. Necə ki, Mirzə Cəlil, Axundzadə, Sabir bizdən 100 il uzaqlaşıb, böyüyüb, nəhəngliyini bəyan ediblər... 100 il sonra da uzaq keçmişə boylananda Anar görünəcək, necə ki, indi Sabir görünür.

Mən ona görə sevinirdim ki, yurdumun adamları 100 il əvvəldən səsi gələn Sabirin heykəlinin yanından ötüb Anarla görüşə gələcəklər...

Bu xoş xəbərin sədası ilə "Hophopnamə"yə gedəndə Sabirin məşhur qəzəlini öz-özümə dedim və yaddaşıma dodaqucu təşəkkür etdim...

"Hansı bir müşküldü ki, səbir ilə asan olmasın?.."

Görüşə gələn insanların gözündəki sevinci izah etmək çətindir. Onlar üçün belə tədbirlər yenidir, nübardır... Anar müəllim indiyə qədər çox görüşlərdə, nüfuzlu tədbirlərdə iştirak edib. Amma əminəm ki, yaşından aslı olmayaraq, bütün qələm adamları üçün hər yeni görüş bir sevincdir. Anar müəllim də, sabirabadlılar da sevinirdi. Mən isə onlardan ikiqat çox sevinirdim. Çünki doğma yurdumda sevimli yazıçımla görüş təşkil edilmişdi...

Azərbaycan Mətbuat Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədr müavini Rəşad Məcid, AYB-nin mətbuat xidmətinin rəhbəri, şair-yazıçı Xəyal Rza, "Qanun" nəşriyyatının layihə rəhbəri, yazıçı Əyyub Qiyas da görüşdə iştirak edirdi.

Tədbirin aparıcısı Ağalar Məmmədov çox hazırlıqlı idi. Tədbirin girişindəki nitqi ilə hamını ələ almağı bacardı. Hiss olunurdu ki, müsahibinin əsərlərini yaxşı oxuyub. Düşünülmüş, məntiqli sualları mütaliəli və məlumatlı olduğundan xəbər verirdi... Bəzən yazıçılara, şairlərə elə mənasız və çeynəlmiş sual verirlər ki? adam söz tapmır. Həmişə belə görüşlərdə mənasız suallar ünvanlanan zaman adam özü utanır və yazıçının üzündəki bezginliyi dərhal hiss edir. Zənnimcə, Anar müəllim bu görüşün gedişatından məmnun idi...

Əyyub Qiyas çıxışında ölkənin sərhədlərindən kənarda Anar müəllimin necə sevgi və hörmətlə qarşılandığından da bəhs etdi: "Bir dəfə Anar müəllim, Elxan Zal və Elçin Hüseynbəyli ilə birgə Qazaxıstana getdik. Qazaxıstanın Yazıçılar Birliyinin keçmiş sədri Berik Şaxanoğlu və onun ailəsi Anar müəllimin yaradıcılığı barədə o qədər gözəl, əhatəli danışdılar ki... Berik xocanın oğlunun kitab rəfində Anar müəllimin çərçivədə şəklini gördüm və bu məni bir az keçmişə apardı. Anar müəllimin 50 illik yubileyində "Ədəbiyyat qəzeti"ndə ağ-qara şəkli çıxmışdı və həmin şəkli kəsib çərçivəyə salmışdım, kitab rəfimə qoymuşdum. Bu dəfə də belə bir mənzərə ilə qarşılaşanda duyğulandım və bir daha Anar müəllimin böyüklüyünü anladım..."

Əyyub Qiyasın xatirəsinin ardınca Anar müəllim Qazaxıstanla bağlı başqa bir maraqlı söhbəti xatırladı. Rəşad Məcid həmin hadisəni təfsilatı ilə nəql etdi: "2012-ci ilin noyabrında Qazaxıstanda keçirilən tədbirdə "Türk Dünyasında İlin Ədəbiyyat Adamı" mükafatı Anar müəllimə təqdim olundu. Qarlı bir gün idi. Restorana getməli idik. Hava soyuq olduğundan əvvəlcədən taksi çağırmaq üçün tədbir keçirilən binadan çıxdım. Bir taksi tapdım və sürücüyə dedim ki, indi maşına əyləşəcək şəxs Anar müəllimdir, bizim yazıçımızdır, "Türk Dünyasında İlin Ədəbiyyat Adamı" mükafatını alıb. Sən də de ki, televizordan bu xəbəri eşitmişəm, onu təbrik elə. Bu sürücü də çox dilli-ağızlı idi. Necə lazımdırsa, Anar müəllimi təbrik etdi. Bu da Anar müəllimə çox ləzzət elədi. Restorana çatan kimi tez qabağa düşdüm. Taksi sürücüsünə dediklərimi qarderobdakı qızlara, ofisiantlara da öyrətdim. Onlar da Anar müəllimi yüksək səviyyədə təbrik etdilər. Anar müəllim də arif adamdır. Bildi ki, bunlar mənim işimdir. Restorandan qayıdanda taksi sürücüsü ilə əvvəlcədən danışa bilmədim. Oturan kimi Anar müəllim dedi ki, Rəşad, bu sürücü niyə məni təbrik eləmədi?.."

Xəyal Rza çıxışında Anar müəllimlə birgə çalışmağın, hər gün ünsiyyətdə olmağın yaşatdığı xoşbəxtlik hissindən bəhs etdi. Xəyal bəyin "Günlərdən şeir" layihəsi var. Tədbirdə bütün çıxışçılar bir şeir dedi. Hətta Anar müəllim də aparcının xahişi ilə Emin Sabitoğluna həsr etdiyi şeirini dedi...

Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı, nə qədər gizlətməyə çalışsa da, həyəcanlı idi. Tədbirdən əlavə, Anar müəllimlə yaxından ünsiyyətdə olmaq da hamı kimi onun sevincinə səbəb olmuşdu. Faiq müəllim çıxışında "Gün keçdi" filmini xatırladı: "Başa düşürsən ki, bəşəriyyətin dahisi deyilsən. Başa düşürsən ki, həyatda sənin kimilər çoxdur. Elə ki, bunları başa düşdün, onda yaşamaq da asan olur... "Gün keçdi" filmindən eşitdiyim bu cümlələrin mənim həyatıma böyük təsiri olub".

Bu əsərlərin, filmlərin, Anar müəllimin yazıçı kimi qənaətlərinin xalqımızın həyatına təsiri bu sevginin qayəsidir. Çox şey danışmaq və mübahisə etmək olar. Ədəbiyyatda polemika qaçılmazdır. Amma bir əlahəzrət fakt var: Anar müəllimin yaradıcılığı sözü gözdən salmağa yox, sözü qiymətə mindirməyə xidmət edib bütün dövrlərdə... Çıxışların, yazılanların, deyilənlərin ana xəttini də bu təşkil edir...

Görüşdə Anar müəllim bütün suallara özünəməxsus cavab verdi. Həmişəki kimi yumoru da öz yerində...

Mənə də söz verdilər və bir-iki kəlmə danışdım. Ürəyimdəkiləri bir çıxışa sığdırmaq mümkün deyil. Elə bir yazıya da... Özümə borc bildim ki, Sabirabadda doğulub boya-başa çatan mərhum şair Nisə Bəyimin adını çəkim, onu xatırlayım... Nisə Bəyimin qardaşı Əlihüseyn müəllim də tədbirdə imiş...

Tədbir yekunlaşdı, qonaq otağına keçdik. Çay süfrəsi açılmışdı. Anar müəllim dedi ki, Nisə Bəyimin məzarını ziyarət edək, o, istedadlı şair idi... 

Şamaxı qəbiristanlığı adlanan məzarlığa getdik. Nisə Bəyimin ruhu şad, qardaşı Əlihüseyn müəllimin könlü xoş oldu... Nisə Bəyimi məzarı önündə yad etmək bütün əli qələm tutan sabirabadlılara böyük ehtiramın ifadəsi idi...

Tədbirdən sonra dostlarla rayonumuz barədə diskussiya apardıq və bu an gördük ki, Azərbaycan Televiziyasında Sabirabadın təsərrüfat həyatıyla bağlı bir süjet gedir. Başlıq isə belədir: "Torpağı tanı, sonra ək".

Sabir, Mirzə Cəlil, Mirzə Fətəli və digər bütün istedadlı qələm adamlarımız öz məmləkətlərini, ətrafındakı insanları, torpağı, havanı, suyu, təbiəti yaxşı tanıdı, düşüncələrə, hisslərə, duyğulara yaxşı bələd oldu. 60-cılar ədəbi nəsli insan düşüncələrinə daha çox nüfuz etdi və mütləq qəhrəman yox, orijinal xarakter yaratmağa çalışdı. Sadə həyat lövhələri ilə böyük ədəbiyyat ərsəyə gətirmək amalları oldu... Bu torpağı tanıtmaq üçün tanımaq lazımdır... Sağ olsunlar - tanıyanlar da , tanıdanlar da...

Nadir YALÇIN

 





18.04.2024    çap et  çap et