525.Az

“Ərdoğan Obama ilə görüşdə NLP texnikasını tətbiq edirdi”


 

“Ərdoğan Obama ilə görüşdə NLP texnikasını tətbiq edirdi”<b style="color:red"></b>

Neyro Linqvistik Proqramlaşdırma (NLP) hər bir insanın öz düşüncə və davranışlarını dəyişməsini təmin edən, dildən mükəmməl istifadə bacarığıdır. Burada vaxtı düzgün təyin etmək, fikri yerinə görə çatdırmaq çox önəmlidir.

Bu haqda ətraflı məlumat əldə etmək üçün NLP və biznes təlimçisi Şamil Şahbazovla söhbət etdik. 

- Türkiyə prezidenti Ərdoğanla ABŞ prezidenti Obamanın görüşündə məşhur aynalama texnikasını xatırlayırsınızmı? Obama ayağını ayağının üstünə aşıran kimi Ərdoğan da onu “aynalayır” - təkrarlayırdı. Belə çıxır ki, müasir dünyada beynəlxalq münasibətlər də “aynalama” üzərində qurulub, yəni NLP texnikaları ilə müşayiət olunur...

- Bəli, tamamilə doğru müşahidə etmisiniz. NLP həyatın bütün sahələrində məqsədə çatmaq üçün inanılmaz vasitədir. Bu gün NLP-dən siyasətdə çox geniş istifadə olunur. NLP düşüncə və davranışları dəyişmək üçün şüuraltı təsirə malik heyrətamiz texnikalardan ibarətdir. Bu texnikalardan biri “aynalama” texnikasıdır ki, məqsəd müsahibinlə şüuraltı səviyyədə ahəng yaratmaqdır. Burada hətta hər iki tərəf bu texnikanın tətbiq edildiyinin fərqində olsa da, şüuraltı zehin tənqid və təhlildən uzaq olduğu üçün qısa zaman kəsiyində şəxsdə özü barədə səmimi hisslər yarada bilir. Lakin burada tək texnikanı yox, onu necə və hansı məqamda tətbiq etməyin sirlərini bilmək lazımdır.

- NLP masterlərin bacarıqlarından biri həmsöhbətini inandırmaqdır. Burada həm motivasiya, həm də manipulyasiya da ola bilər. Adətən hansından istifadə edirlər?

- NLP məqsədə çatmağa xidmət edən xüsusi dil bacarığını, xüsusi ünsiyyəti nəzərdə tutur. Manipulyasiya düşüncə və davranışların məqsədli şəkildə dəyişdirilməsini ifadə edir. Hər hansı bir şəxsi motivasiya etmək və ya neqativ düşüncələrdən qurtarmaq da məqsədli olaraq düşüncə və davranışların dəyişdirilməsinə səbəb olur. Ona görə də, bunu manipulyasiya adlandırmaq olar. Lakin manipulyasiya idarə edən şəxsin mənafeyinə uyğun şəkildə digər insanın davranışının gizli idarə olunması prosesidir. NLP düşüncə və davranışları fərqli istiqamətə yönləndirir, amma bunu yaxşı nəticə əldə etmək üçün edir. Ona görə biz buna manipulyasiya deyil, motivasiya deyirik.

- Bunu psixoloqlar, konsultantlar da edir...

- İstər psixologiya, istərsə də NLP hər ikisi düşüncə və davranışlar elminin hissələridir. Psixoloq konsultantlar pasiyentinin keçmişini öyrənməklə, yanlış hesab etdiyi düşüncə və davranışların dəyişdirilməsinə nail olmaq üçün məsləhətlər verir. NLP isə düşüncə və davranışları dəyişmək üçün şüuraltı zehinə təsir edir. İnsanın keçmişində baş vermiş hadisəni çılpaqlığına kimi öyrənmədən belə, qısa müddətdə onu zəiflədici düşüncələrdən xilas edib yeni gücləndirici inanc və dəyərlər, şəxsiyyət və ya davranış seçimlərinin resurslarını şüuraltına təqdim etmək olar.

- NLP-ni ayrıca bir elm kimi təqdim etmək olar?

- NLP həm elm, həm də sənətdir. Bu gün NLP Amerikada 2, İngiltərədə 1 Universitet , dünyada 150-dən çox institut səviyyəsində tədris olunmaqdadır.

- Bəs NLP-nin kouçinqlə əlaqələri necədir?

- Kouçinq insanları olduğu mövqedən, olmaq istədikləri mövqeyə götürülməsinə bələdçilik etmək, onların daxili potensiallarını üzə çıxarmaqdır. Bunun üçün kouç qarşısındakı insanda inam və güvən yaratmaqla yanaşı onun dəyişiminə nail ola biləcək təsirli ünsiyyəti qura bilməlidir. NLP insanların düşüncə və davranışlarını dəyişə bilən heyrətamiz texnikaları özündə birləşdirdiyi üçün bu texnikalara yiyələnən kouç tez bir zamanda yüksək nəticələr əldə edir.

- NLP sizin üçün nədir? Hamı NLP master ola bilərmi?

- NLP mənim üçün həyatı asanlaşdıran bir vasitədir və əvəzedilməz sənətdir. Hər kəs NLP master ola bilər. Bununla yanaşı beynəlxalq etik standartlarda ruhi-psixi xəstəliyi olanlara, hansısa radikal yönümlü təşkilatların üzvlərinə, manipulyasiyaya meylli insanlara NLP-nin öyrədilməsi tövsiyə olunmur. Digər tərəfdən NLP-ni dərindən mənimsəyən insan istər-istəməz həyata baxışını dəyişir və bağışlama, insanlara insan olduğu üçün hörmət etmək, həyata sevgi ilə bağlanmaq, hər kəsin dünya modelinə hörmət etmək və s. səmimi duyğuları mütləq yaranır. Və bundan sonra NLP-ni öyrənən insanların bunu yalnız yaxşı niyyətlərə istifadə edəcəkləri inandırıcıdır.

- Nə vaxtsa siz özünün NLP texnikaları tətbiq edərək hər hansı bir vəziyyətdən çıxmısınızmı?

- Həyatda hər şey nisbi olduğu üçün birinə ağır görünən situasiya digərinə adi görünə bilər. Digər tərəfdən, NLP qeyd etdiyim kimi, həyatı asanlaşdıran, düşüncələri dəyişən bir vasitə olduğu üçün baş verən hadisələrə münasibət zamanı elastik olmağı və fərqli çərçivələrdən baxmağı təmin edir. Çox sayda müraciət edən insanların özgüvəninin artırılması, keçmişində baş vermiş hadisədən dolayı keçirdikləri ağır neqativ duyğulardan qurtarmaq, həyat eşqinin artırılması, qarşısına məqsəd qoymağa və bu məqsədə doğru hərəkətə keçməyə sövq etmək, zərərli vərdişlərdən qurtarmaq və daha faydalı işə bağlılığın yaradılması və s. kimi aktual problemlərin həllində NLP texnikaları ilə daim yüksək nəticələr almışam və bu məni NLP-yə daha da cəlb edir. Təlimlərdə iştirakçılara öncə NLP fəlsəfəsini, sonra isə NLP texnikalarını öyrədirik. Çünki NLP fəlsəfəsi uğurlu nəticənin yarısıdır. Təlim iştirakçılarının NLP ilə bağlı təəssüratları inanılmaz qədər sevindiricidir.

- Təlimlərə gələnlərin sosial tərkibi necədir? Kimlər müraciət edir?

- Daha çox müxtəlif rəhbər və orta vəzifədə çalışan şəxslər, psixoloqlar, psixoloq kimi çalışmaq istəyənlər və qismən də aşağı vəzifədə çalışan insanlar müraciət edirlər. Son zamanlar müraciət edən tələbələrin də sürətlə artması müşahidə edilir.

- Onları nə ilə təəccübləndirirsiniz?

- Bu suala cavabı məşhur bir hekayə ilə vermək istəyirəm. Balaca bir qız kədərli bir insana baxaraq gülümsəyir. Bu gülümsəmə onun üzündə qeyri-ixtiyari təbəssümə səbəb olur və əhvalı yaxşıya doğru dəyişir. Bu zaman yadına xətrinə dəydiyi dostu düşür və ona zəng edərək, dostuna böyük hörmətinin olduğunu deyir və sevgisini bildirir. Dostu bu zəngdən o qədər sevinir ki, yemək yediyi ofisiant xanıma çox miqdarda bəxşiş verir. Ofisiant xanım ilk dəfə aldığı bu qədər bəxşişdən çox sevinir və evə gedərkən yolun üstündə olan kasıb bir insana bu bəxşişdən bir hissə verir. Bir neçə gündür yemək yeməyən həmin adam o qədər minnətdar olur ki, yemək yedikdən sonra sevinə-sevinə gəzərkən soyuqdan üşüyən kiçik iti görür və onu binanın 1-ci mərtəbəsində yaşadığı otağa götürür. Kiçik it aclıqdan və soyuqdan qurtulduğu üçün sevinclə otaqda oynayır. Gecə yarısı binanın başqa tərəfindən çıxan yanğının tüstüsünü ilk duyan it dayanmadan hürməyə başlayır və əvvəlcə həmin adam, sonra isə bina sakinləri oyanır. Bütün bina sakinləri tez bir zamanda balaca uşaqları, köməyə ehtiyacı olan yaşlı və digər insanları tüstüdən boğulmaqdan xilas edirlər. Bütün bunların hamısı heç bir maddi dəyər kəsb etməyən bir təbəssümün nəticəsi idi.

- Novruz bayramı münasibətilə “NLP Diplom” sertifikatlı təlim keçirəcəksiniz. Bu təlimin digərlərindən fərqi nədir?

- Bu təlim soydaşlarımıza hədiyyə olaraq nəzərdə tutulub.Uzun müddətdir NLP təlimləri almaq istəyən, lakin maddi imkan baxımından qoşula bilməyən soydaşlarımız var. Müxtəlif dövrlərdə biz bu kimi insanların təlimdə iştirakını təmin etmişik. Amma bəzi insanların güzəştə görə digər iştirakçıların yanında sıxıntı keçirib, təlimə qoşulmadığının şahidi də olmuşuq. Ona görə, NLP təlimlərində iştirak etmək arzusunda olan və maddi imkansızlığa görə qoşula bilməyən insanlara eyni fürsəti yaratmaq, digər tərəfdən soydaşlarımıza NLP-nin faydalarından yararlanmağı təmin etmək üçün Sənan Nəcəfov və Mirzə Ələkbər Sabir Fondunun rəhbəri Sevda Tahirli ilə bu təlimi keçirməyi qərara aldıq.

Əsas məqsədimiz insanların NLP təlimlərində iştirakını təmin etməklə ölkəmizin və xalqımızın inkişafına töhfə verməkdir. Çünki NLP-nin faydalarından yararlanan insanların ölkəmizə fayda verəcəyinə inanırıq. Əgər hər kəs öz beyninin potensialından yaradıcı şəkildə istifadə edər, sadəcə öz ətrafında olan insanlarla ahəng içərisində anlaşaraq münasibətlər qurarsa, sonda bu, böyük bir kütləni əhatə edə bilər.

Günel İbrahimova
AzVision.az

 





12.03.2016    çap et  çap et