525.Az

"Doing Business"in hesabatında Azərbaycan 63-cü yerdədir


 

"Doing Business"in hesabatında Azərbaycan 63-cü yerdədir<b style="color:red"></b>

Dünən Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin təşkilatçılığı və Dünya Bankının Özəl sektorun inkişafı üzrə ekspertlərinin, aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə seminar keçirilib.

Nazirliyin mətbuat xidmətindən "525"ə verilən məlumata görə, seminarda Dünya Bankı tərəfindən hazırlanan "Doing Business" hesabatının müvafiq göstəricilərinin qiymətləndirilməsi üzrə metodologiyaya edilmiş dəyişikliklər iştirakçıların diqqətinə çatdırılıb.

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov dövlət başçısının sosial-iqtisadi siyasətinə uyğun olaraq, ölkədə biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində görülən işlər barədə məlumat verib, özəl sektorun inkişafının sürətləndirilməsi məqsədi ilə sistemli, ardıcıl tədbirlərin həyata keçirildiyini vurğulayıb. Nazir müavini bildirib ki, əldə olunmuş uğurlar bir sıra beynəlxalq təşkilatların hesabatlarında da yüksək qiymətləndirilir. Belə hesabatlardan biri də Dünya Bankı tərəfindən hazırlanan "Doing Business" hesabatıdır. Ötən ilin oktyabrında açıqlanan "Doing Business 2016" hesabatında Azərbaycan dünyada 3 və daha çox islahat aparan 24 ölkədən biri olub. Ötən ilki hesabatla müqayisədə ölkəmizin mövqeyi bir çox göstəricilər üzrə yaxşılaşıb. Belə ki, "Doing Business 2016" hesabatında ölkəmizin ötən illə müqayisədə mövqeyi 17 pillə yaxşılaşaraq 189 ölkə arasında 80-ci yerdən 63-cü yerədək yüksəlib. Hesabatın əsas göstəricisi olan "Etalon Qanunvericiliyə Yaxınlıq" (DTF) indeksi üzrə Azərbaycanın göstəricisi 67.8-ə yüksəlib ki, (əvvəlki hesabatda 64.08) bu da ölkəmizdə biznes mühitinin təkmilləşdirilməsi istiqamətində aparılmış işlərin müsbət nəticəsini bir daha təsdiq edir.

Bundan başqa, dövlət başçısının "Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" 119 nömrəli Fərmanına uyğun olaraq, ölkədə biznes mühitinin daha da yaxşılaşdırılması məqsədi ilə 8 istiqamət üzrə islahatlar həyata keçirilir.

Dünya Bankı Qrupunun özəl sektorun inkişafı üzrə ekspertləri Valentina Saltane və Volha Hritskeviç hesabatın metodologiyasına edilib və nəzərdə tutulan yeni dəyişikliklər barədə tədbir iştirakçılarına məlumat verib. Beynəlxalq Maliyyə Korporasiyasının Tapşırıq Qrupunun rəhbəri İrina Kokaian Azərbaycanla qurum arasındakı əlaqələr və əməkdaşlıq perspektivləri barədə danışıb.

Azərbaycana səfəri çərçivəsində Dünya Bankının ekspertləri ilə aidiyyəti dövlət qurumlarında görüşlər keçirəcək, "ASAN Xidmət"də lisenziyaların verilməsi prosesi ilə tanış olacaqlar.

SAMİRƏ

 





18.03.2016    çap et  çap et