525.Az

Yazıçılar Birliyində şair İlham Bədəlbəyli ilə görüş


 

Yazıçılar Birliyində şair İlham Bədəlbəyli ilə görüş <b style="color:red"></b>

Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda şair, AYB-nin Moskva bölməsinin katibi, Moskvadakı “Ocaq” Azərbaycan mədəniyyəti cəmiyyətinin vitse-prezidenti, Ümumrusiya Azərbaycanlılar Konqresinin Mərkəzi Şurasının üzvü İlham Bədəlbəyli ilə görüş keçirilib. Tədbir “Luç” Ədəbi-Yaradıcılıq Assosiasiyası tərəfindən təşkil edilib.

AZƏRTAC xəbər verir ki, “Luç” Assosiasiyasının sədri, filologiya elmləri doktoru, professor Tofiq Məlikli qonağı təqdim edərək onun həyat və yaradıcılığı barədə qısa məlumat verib. Qeyd edilib ki, İlham Hidayət oğlu Bədəlbəyli 1945-ci il yanvarın 27-də Azərbaycan SSR Sabirabad şəhərində həkim ailəsində anadan olub. O, əmək fəaliyyəti dövründə zavodda fəhlədən tutmuş qəzet müxbirliyinə qədər bir neçə müxtəlif peşədə özünü sınayıb. Lakin poeziya “xəstəliyi”nə çoxdan və həmişəlik mübtəla olub. Bu həvəs onu A.M.Qorki adına Moskva Ədəbiyyat İnstitutuna gətirib çıxarıb. İ.Bədəlbəylinin şeirləri rus dilində çapdan çıxmış “Cənuba məktublar”, “Haraya gedirəm”, “Dənizdə adalar”, “Vernisaj”, “Paradokslar” və başqa kitablarda toplanıb. “Dənizdə adalar” məcmuəsinə görə ədəbiyyat sahəsində N.Ostrovski adına mükafata layiq görülüb.

İ.Bədəlbəyli həm də tərcüməçilik fəaliyyəti ilə məşğul olur. Onun tərcümə etdiyi kitabların sayı 100-dən yuxarıdır. “Xudojestvennaya literatura” və “Raduqa” nəşriyyatlarında redaktor işlədiyi dövrdə İ.Bədəlbəyli Nizami Gəncəvinin, Səməd Vurğunun, Mirzə İbrahimovun, Mixaylo Stelmaxın seçilmiş əsərlərini, Rəsul Rza, Nəbi Xəzri, Osman Sarıvəlli, Fikrət Qoca və Nazim Hikmətin ikicildlik və bircildlik əsərlərini, müxtəlif antologiya və almanaxları çapa hazırlayıb.

1991-ci ildən yenidən nəşr edilməyə başlamış “Russkoye boqatstvo” jurnalının aparıcı redaktoru və redaksiya heyətinin üzvüdür. Elə həmin ildə “İzdatelstvo Rusanova” redaksiya-nəşriyyat kompleksinin təsisçilərindən biri və dəyişməz rəhbəri olub. Bu nəşriyyatda Çingiz Abdullayevin, Fransuaza Saqanın, Cülyetta Bentsoninin roman və povestləri, “Rus klassikləri sevgi haqqında”, “Dünya xalqlarının rəvayətləri” və başqa seriyalar nəşr edilib. 1993-cü ildə İlham Bədəlbəyli Rusiyada ilk və yeganə irihəcmli “Arion” poetik jurnalının təsisçilərindən və sponsorlarından biri olub.

İlham Bədəlbəyli həm də geniş ictimai iş aparır. O, Moskvadakı “Ocaq” Azərbaycan mədəniyyəti cəmiyyətinin təsisçisi və bu qurumu yaradanlardan biri, onun vitse-prezidentidir. İ.Bədəlbəyli həm də Ümumrusiya Azərbaycanlılar Konqresinin Mərkəzi Şurasının üzvüdür.

Görüşdə çıxış edən İlham Bədəlbəyli Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin işi barədə danışaraq xatırladıb ki, bu yaxınlarda orada Fikrət Qocanın yubileyi qeyd edilib, rus-Azərbaycan poeziya gecəsi keçirilib.

Tədbirin sonunda qonaq özünün nəşr edilmiş kitablarında yer almış, habelə son vaxtlar yazdığı şeirlərini oxuyub.

 





19.03.2016    çap et  çap et