525.Az

Xalq yazıçısı Maqsud İbrahimbəyov vəfat etdi


 

Xalq yazıçısı Maqsud İbrahimbəyov vəfat etdi<b style="color:red"></b> Martın 22-də Xalq yazıçısı Maqsud İbrahimbəyov dünyasını dəyişib.
 
Azərbaycan Yazıçılar Birliyindən (AYB) 525.az-a verilən məlumata görə, yazıçı bu gün vəfat edib.
 
Qeyd edək ki, İbrahimbəyov Maqsud Mammədibrahim oğlu 1964-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Dövlət mükafatı laureatı (1976), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1979), Azərbaycan Respublikasının xalq yazıçısı (1988), Azərbaycan Respublikası Sülh Komitəsinin sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı (1995, 2000, 2005). Azərbaycan Respublikası Əsilzadələr Məclisinin sədri, Luiziana (ABŞ) ştatının Fəxri senatoru, Minneapolis şəhərinin (ABŞ) Fəxri vətəndaşı, Azərbaycan Respublikası PEN - klubunun prezidenti olub. “Şöhrət” (1995) və “İstiqlal” (2005) ordenləri ilə təltif olunub.
 
Maqsud İbrahimbəyov 1935-ci il mayın 11-də Bakı şəhərində ziyalı ailəsində anadan olub.
 
Azərbaycan Tikinti Nazirliyinin ağır sənaye inşaatı trestində mehəndis (1960-1962), Moskva Ali ssenaristlər kursunda müdavim (1962-1964), Mərkəzi Televiziya və Radio Verilişləri Komitəsinin Azərbaycan üzrə xüsusi müxbiri (1964-1971), Moskva Ali rejissorluq kurslarında müdavim (1971-1973) olmuşdur.
 
Bədii yaradıcılığa 1960-cı illərdən başlamışdır. Nasir, dramaturq, kinossenarist və rejissor kimi çoxcəhətli fəaliyyəti ilə SSRİ miqyasında tanınmışdır. Onun "Mezozoy əhvalatı" pyesi Mədəniyyət Nazirliyinin keçirdiyi ən yaxşı pyeslər müsabiqəsində birinci yeri tutmuşdur. ."Mezozoy əhvalatı", "Bayquş gəlmədi", "Yay tətili", "Bütün yaxşılıqlar üçün - ölüm!", "Truskavetsə kim gedir?", "Sən nəğməmsən mənim", "Ona görə ki, mən Ayvar Lidakam" və s. ssenariləri əsasında filmlər çəkilib.
 
"Qəza", "Bir az da sevinc", "Eşitmədiyim mahnı", "Qoy o bizimlə qalsın" və s. adlı kitabları Moskva nəşriyyatlarında kütləvi tirajla buraxılıb. Əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur. "Bayquş gəlmədi" və "Bütün yaxşılıqlar üçün - ölüm!" əsərlərinə görə ona 1976-cı ildə Azərbaycan SSR Dövlət Mükafatı verilib.
 





22.03.2016    çap et  çap et