525.Az

Abdullah Cövdətin Əli bəy Hüseynzadəyə məktubları


 

Abdullah Cövdətin Əli bəy Hüseynzadəyə məktubları<b style="color:red"></b>

(Əvvəli ötən şənbə sayımızda)

Əlindəki hazır orijinal və tərcümə əsərlərinin İstanbulda çapı həm siyasi, həm də maliyyə xarakterli çətinliklərlə bağlı olduğundan Abdullah Cövdət ümidlərini bəzən daha çox Bakıya bağlayırdı. Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev, Əlimərdan bəy Topçubaşov, Bəhram bəy Vəzirov, gəncəli Həsən Mollazadə Axundov kimi ziyalılardan, Hacı Zeynalabdin Tağıyev, Murtuza Muxtarov kimi xeyirsevər  zənginlərdən mənəvi və maddi dəstək gözləyirdi. Bütün bu məsələlərdə əlaqələndirici rolunda isə, heç şübhəsiz, hamıdan daha yaxşı tanıdığı və ürək qızdırdığı  dostu Əli bəy çıxış etməli idi.

Tarixsiz (haqqında söhbət açılan məsələlərə əsaslanaraq 1906-cı ildə yazıldığını söyləmək mümkündür) məktubunda “Hamlet”in nəşrini əldə olunacaq bütün gəlirin Qafqazın islam məktəblərindən birinə verilməsi şərti ilə Tağıyev həzrətlərindən təmənna etsən, istəyimiz yerinə yetirilməzmi? Əgər təklifin qəbul ediləcəyinə ümid varsa, xəbər ver, mən özüm buradan bir müraciət yollayım” -deyə hətta öz işləri üçün də kiməsə ağız açmağa böyük tərəddüd göstərən  Əli bəyi Tağıyevə minnətçi salmağa çalışırdı. 1 dekabr 1908-ci il tarixli digər məktubunda başqa bir neft zəngininin - Murtuza Muxtarovun vəsaiti ilə çıxan “Tərəqqi” qəzeti idarəsinin (redaktoru Əhməd bəy Ağayev, sonra Üzeyir Hacıbəyli idi)  himayəsi altında Şekspirin “Yuli Sezar”  faciəsinin çapı ideyasını irəli sürür, istedadlı bir rəssam kimi tanıdığı dostu Əli bəydən nəşrə bədii tərtibat verməyi xahiş edirdi. Yeri gəlmişkən, məhz Əli bəyin təşəbbüsü ilə pyesin türkcəyə tərcüməsi “Füyuzat” məcmuəsi nəşrini dayandırana qədər burada hissə-hissə çap olunmuşdu.

Hacı Zeynalabdin Tağıyevin diqqətini (açıq desək, həm də pulunu!) çəkmək üçün Abdullah Cövdət 1907-ci ildə “İctihad” dərgisində onun şəkli ilə birlikdə geniş tərcümeyi-halını dərc etmiş və satış məqsədi ilə jurnalın 500 nüsxəsini Bakıya göndərmişdi. Eyni zamanda təbii ki, bəlli mükafat qarşılığında “Füyuzat” üçün məşhur milyonçunun həyat yolunu işıqlandıran esse yazmağa hazır olduğunu bildirmişdi. Bu addımların  xeyirxah əməlləri ilə islam dünyasında böyük şöhrət qazanan və hər hansı qəzet, yaxud jurnal məqaləsinə ehtiyac duymayan Hacının təbliğindən daha çox kommersiya layihəsi (hətta kobud desəm, pul tələsi) olması kimsəyə sirr deyildi. Aydın məsələdir ki, hər tərəfdən oxşar təkliflər alan, amma pulunu hara xərcləməyi hər kəsdən yaxşı bilən Hacı  “İctihad”ın həmin nüsxələrinin alınmasına  maraq göstərməmişdi. Bununla da Əli bəyi xeyli qınaq və giley-güzar dinləməyə məcbur qoymuşdu.

“İş düzəltməkdə” xüsusi məharət sahibi olmasa da, Əli bəy hər vasitə ilə dostuna yardım göstərməyə çalışırdı. Abdullah Cövdətin bir sıra hallarda bu  xeyirxah münasibətdən sui-istifadə etdiyini görməmək mümkün deyildir. Onun Misirdən göndərdiyi məktublarda pul, kommersiya məsələləri, “İctihad”a abunə, kitablarının satılması və təbliği, yeni əsərlərinin məccani nəşri, habelə maddi çətinliklərdən, pulsuzluqdan şikayət bəzən başlıca mövzuya çevrilirdi.  Bütün bu məsələlərin sahmana salınması Əli bəyin çiyinlərinə yüklənirdi. Onun qarşısına nəyin bahasına olursa-olsun, tərcümeyi-halının çap edildiyi 500 nüsxə “İctihad”ın qələm haqqını Hacı Zeynalabdin Tağıyevdən almaq vəzifəsi qoyulurdu. Sonradan “Müsavat” partiyasının qurucu üzvlərindən biri kimi tanınan kitab taciri Abbasqulu Kazımzadə ilə danışıb satdığı kitabların pulunu təcili göndərmək məsələsi qaldırılırdı. Bakı zənginlərini Osmanlı müəllifinin əsərlərinin nəşrinə təşviq etmək planı irəli sürülürdü. “İctihad”ın Azərbaycanda yayılmasına yardım xahiş edilirdi. Əlbəttə, bu işlərin  mədəniyyətinin təbliği, yenilikçi ideyaların yayılması ilə müəyyən bağlılığı vardı. Amma məhz həmin müstəvidə  Əli bəyin saflığından, dostluğa sədaqətindən yararlanıb pul qazanmaq niyyəti də sonuncu yerdə dayanmırdı. Hər işdə mümkün qədər öz xeyrini güdmək Abdullah Cövdətin təbiətinə yad deyildi. Müasirlərinin xatırladığına görə bankda hesabı ola-ola kimdənsə borc almağı daha üstün tuturdu. Hətta məşhur türk satirik şairi Əşrəf  həcvlərinin birində onu “zəngin dilənçi” kimi səciyyələndirmişdi.

Bütünlükdə, maddi dəyərlərə münasibət məsələsində Əli bəyin idealist, Abdullah Cövdətin isə həyatın nəbzini tutmağı bacaran ayıq və maddiyyatçı adam olması diqqəti çəkir. Təxminən səkkiz il (1903-1911) Bakıda yaşamasına, hər kəsdən ehtiram görməsinə, cəmiyyətin seçkin üzvlərindən biri, xüsusən də Hacı Zeynalabdinin böyük hörmətlə yanaşdığı ziyalı kimi tanınmasına baxmayaraq Əli bəy Hüseynzadə “neft və milyonlar” şəhərində, eləcə də İttihad və Tərəqqinin öncüllərindən biri kimi mühacirət etdiyi İstanbulda heç bir mal-mülk sahibi olmamışdı. Əzəli düşməni saydığı Sultan Əbdülhəmidin devrilməsindən sonra Misirdən bir neçə aylığa İstanbula gələn Abdullah Cövdət isə dərhal şəhərin mərkəzində - tarixi Çağaloğlu rayonunda torpaq sahəsi almış və sonralar orada həm mənzili, həm də iş və ictimai toplantılar yeri olan “İctihad evi”ni tikdirmişdi. Bu barədə dostuna 1 dekabr 1908-ci il tarixli məktubunda xəbər vermişdi.

Abdullah Cövdətin Əli bəyə əlimizdəki sonuncu məktubu on iki illik fasilədən sonra, 1923-cü il fevralın 28-də İstanbuldan, “Türkcə və fransızca həftəlik qəzet” kimi təqdim edilən “İctihad”ın rəsmi blankında göndərilib. “Hikmət bəy əziz və qiymətli gənclərimizdən və dostlarımızdandır. Səninlə görüşmək, bir az məlumat almaq istədi. Birlikdə evinizə gəldik, amma sizi tapmadıq. İndi yenidən sizi görməyə gəlir. Onu iltifatlı nəzərlərinizə təqdim edirəm. Fəzilətli və fazil müəllim olan İsmayıl bəyi Bakıdakı dostlarınıza təqdim edin” -sözlərindən də göründüyü kimi, məktub daha çox zəmanət xarakteri daşıyırdı və həmin dövrdə Azərbaycan SSR Xalq Maarif Komissarlığının dəvəti ilə pedaqoji sahədə çalışmaq üçün ölkəmizə gələn ədəbiyyatşünas, professor İsmayıl Hikmət Ertaylanı (1889-1967) tanıtmaq məqsədi ilə yazılmışdı. Görkəmli türk aliminin Bakının ali təhsil müəssisələrindəki səmərəli fəaliyyəti, xüsusən də klassik Azərbaycan ədəbiyyatı ilə bağlı tədqiqatları ona doğru yol göstərən, zəmanət verən Abdullah Cövdət və Əli bəy Hüseynzadənin nəticə etibarı ilə yenə də türk mədəniyyətinə, türk birliyinə uzaqgörən xidmətlərinin növbəti təzahürü idi...

lll

Əvvəldə də qeyd etdiyim kimi, Əli bəy Hüseynzadənin dostuna ünvanladığı cavab məktublarının mətni əlimizdə yoxdur. Lakin əvəzində onun  təxminən otuz  ilə yaxın müddət ərzində Azərbaycan və Osmanlı-Türkiyə mətbuatında Abdulla Cövdət haqqında yazdıqları qalır. Əli bəy həmkarının şəxsiyyət və yaradıcılığının, niyyət və istəklərinin, ən əsası isə fikirlərinin tərcümanına çevrilən “İctihad”  məcmuəsinin Azərbaycan türkləri arasında yayılmasına böyük önəm verirdi. Eyni sözləri Anadolu türklərinə münasibətdə də söyləmək mümkündür.

“Həyat” qəzeti nəşrə başlayandan iki ay sonra, 7 sentyabr 1905-ci il tarixli 59-cu sayında Əli bəy Hüseynzadənin “Abdulla Cövdət “İctihad” ilə Misirdə ictihada başlıyor” adlı məqaləsi dərc edilmişdi. Həmin məqalədə o, dostunun şəxsi məktublarda toxunduğu məsələləri ictimailəşdirərək yazırdı: “Heç şübhə yoxdur ki, bu gün ümum aləmi-islamda ən ziyadə məzhəri-tərəqqi olan mətbuat türk və ələlxüsus Osmanlı mətbuatıdır. Fəqət bu mətbuatın üzünü ağardan yeni türk əvraqı olub bunlar miyanında da mətanət, vüsət və ciddiyyəti-əfkar, nəzakət, lətafət və mükəmməliyyəti-lisan nöqteyi-nəzərindən birincilik ünvanına şayəstə bir cəridə varsa, o da şübhəsiz, “İctihad” cəridəsidir ki, ayda bir dəfə Abdullah Cövdət bəyin təhti-idarə və nəzarətində nəşr olunur”.

Diqqətəlayiq haldır ki, Abdullah Cövdət “İctihad”ın Qahirədə çıxan ilk (ümumən 9-cu) sayında “Rusiya müsəlmanları oyanıyorlar” adlı məqaləsində islam dünyasının mədəni-ictimai həyatındakı  mühüm, diqqətəlayiq hadisələr sırasında Bakıda “Həyat” qəzetinin nəşrə başlamasını qeyd etmişdi: “Həyat” Qafqaziya müsəlmanlarının acı bir fəryadı-intibahıdır. Fəryad deyiriz, zira Kəbeyi-nicat ilə aralarında açılmış olan girdabın müşahidəsi onlara dəhşət və fəryaddan qeyri nə ilham edə bilər?” - sözləri ilə başlanan yazıda qəzetin adına uyğun bir şəkildə Qafqaz türklərinə dirilik və həyat enerjisi gətirəcəyi ilə bağlı arzular dilə gətirilirdi. Əli bəy isə aradan az  müddət ötəndən sonra “Füyuzat” səhifələrində   dostunun fikirlərini davam etdirməklə bir sırada Misirdən bütün islam dünyasına üz tutan, sözünü senzurasız, daha azad və müstəqil, həm də eyni dərəcədə cəsarətlə deyə bilən “İctihad” məcmuəsinin rolunu ayrıca vurğulayırdı: “Həyat” və “İrşad” Qafqaz müsəlmanlarının acı bir fəryadı isə “İctihad” cəmi müsəlmanların bir fəryadi-intibahı olduğuna şübhə etməməlidir. Zira o nəsihətdir ki, “İctihad” bizə veriyor, bir fəryadi ümumiyi-islamdan başqa nə ola bilər?”

“Baxalım, fəryad edən özü kimdir? - deyə Əli bəy daha sonra “İctihad” naşirini bütün cəhətləri və yönləri ilə hələ çağdaş Osmanlı ədəbiyyatına və mətbuatına yetərincə aşina olmayan Azərbaycan oxucusuna təqdim edirdi: - Abdullah Cövdət əsasən təbib, həkimdir, İstanbulun darülfünuni-tibbində yetişmişdir. Şüəbati-tibbdən kəhhallığa (tibb sahələrindən göz həkimliyinə) ayrıca həvəs etmişdir. Lakin sadə cismani gözlərin deyil, mənəvi gözlərin dəxi təbibidir. Çünki ədib və şairdir, həm də Osmanlının ən güzidə (seçilmiş) ədib və şairlərindən biridir. Təbi-şairanəsi türkcəyə münhəsir (bağlı) deyildir. Abdullah Cövdət eyni məharətlə farsi, ərəbi və firəng dillərində də şeir deyə bilmişdir”.

Əvvəlcə “Həyat”, ardınca isə “Füyuzat”la “İctihad” arasında məqsəd və məram eyniliyindən doğan yaxınlıq vardı. Hətta deyərdim ki, bu yaxınlıq kommunikasiya imkanlarının genişliyinə baxmayaraq indi Türkiyə və Azərbaycan mətbuatı arasındakı əlaqələrdən daha sıx idi. Əli bəy özünəməxsus səxavətlə ötən əsrin əvvəllərindəki əməkdaşlıq və əlbir mübarizədə “İctihad”ı  ön cərgəyə çıxarsa da, türk insanını bir ideal ətrafında birləşdirmək, islam ümmətini tərəqqiyə səsləmək baxımından  Bakı  nəşrlərinin də mühüm rolu və təsir gücü olmuşdu.

Bir çox məsələlərdə fikirlərinin üst-üstə düşməsi ümumi məqsədlərə çatmaqda  işlərini asanlaşdırırdı. Ona görə də Əli bəy Abdullah Cövdətin yazdıqlarından bütöv parçalara “Həyat”da çıxan yazılarında istinad etməyi tamamilə təbii və məqsədyönlü sayırdı. Məsələn, aşağıdakı nümunədə olduğu kimi: “Bir millətin milləti-hakimə olması o millətdən bir fərdin təxti-səltənət üzərində bulunması ilə qaim deyildir. Milləti-hakimə o millətdir ki, ümumiyyəti etibarı ilə alimlə, sənətkarla zəngindir. İş bir çox əsrlərdən bəri boylə olmuş və hər zaman boylə olacaqdır. Binaənəleyh cahil və mütəkəbbir biz müsəlmanların dərhal yapacağımız bir şey varsa, o da kibr və qüruru  buraxıb, mazinin (keçmişin) cəlali-şəni ilə öyünməyi tərk edib kəndi-kəndimizi və övladlarmızı zamanın və zamani-atinin (gələcək zamanın) ehtiyaclarına görə təlim və əhzar (hazır)  etməkdir” .

Şəxsiyyəti, xüsusən də din haqqındakı fikirləri ilə bağlı Osmanlıda zaman-zaman tənqidi, hətta təhqiramiz, aşağılayıcı  fikirlər  səsləndirilən Abdullah Cövdət layiq olduğu həqiqi qiyməti hələ yaradıcılığının başlanğıcında Azərbaycanda almışdı: “İştə böylə insaniyyət yolunda yorulmaq, usanmaq bilməyərək çalışan bu zati-aliqədrin, bu vücudi-nadirüləmsalın vətən və millət xeyrinə etdiyi dad və fəryaddan başı görmədiyi bəla, çəkmədiyi əziyyət, uğramadığı möhnət qalmamışdır.  Hürriyyət, haqq və həqiqət üzündən məhbəslərdə, mənfalarda, qürbətlərdə sürünməklə, vücud çürütməklə Dantelər, Tassolar kimi şərəfyab olanlardan biri də bu zatdır” . Əli bəy Hüseynzadənin ötən əsrin əvvəllərində açıq mətnlə səsləndirdiyi haqq fikirlərə bir sıra türk ədəbiyyatşünasları yalnız aradan onilliklər keçəndən sonra qoşulmuşdular.

“Həyat”ın 1906-cı il 68-69-cu saylarında Əli bəy həmkarının tərcüməsində Bayronun “Şilyon məhbusu” poemasının türkcə nəşri haqqında geniş yazı çap etdirmişdi. “İngilis əşarı türk dilində və “Şilyon məhbusu” adlı həmin məqalə müəllifin Abdullah Cövdət yaradıcılığı ilə bir sırada ingilis və bütünlüklə Qərb ədəbiyyatına nə qədər dərindən bələd olduğunu aşkara çıxarmaqdadır. Əsər Əli bəyin diqqətini təkcə tərcümə ustalığına görə (“Bayronun əsərini türkcə oxumaq nə böyük nemət, nə böyük səadət! Abdullah Cövdət Avropa şairlərini bəzən nəzmən, bəzən nəsrən tərcümə ediyor. Fəqət hər hansı surətlə olursa olsun, bu tərcümələr fövqəladə gözəldir. Adətən əslindən heç bir vəchlə geri qalmıyor”) deyil, həm də mövzusuna - “hürriyyət haqqında binəzir mənzumə olmasına” görə çəkmişdi.

Əli bəy Bayronla bağlı həssas bir məqamı da unutmamışdı. Onun yunanların sırasında Osmanlı imperiyasına qarşı döyüşməsinin  yaradacağı tənələri önləmək üçün şairin “Çayld Haroldun səyahəti” poemasından türkləri öyən   fikirləri misal gətirmişdi. Tək bununla kifayətlənməmişdi. Prinsipial  məqamı vurğulamağı da özünə borc bilmişdi: “Bir əsr əvvəl Bayron kimi haqpərəst, bir böyük dahi tərəfindən söylənən bu sözlər bu gün türkləri vəhşilikdə ittiham etmək istəyən qərəzkaranə mətbuata gözəl bir cavab olduğuna diqqət etməli!”

Abdullah Cövdətin Qərb klassikasından tərcümə üçün seçdiyi əsərlərin mövzu və qəhrəmanları Əli bəyin təfsirində çağdaş Osmanlı cəmiyyəti, habelə dövrün  ictimai-siyasi fikir cərəyanları ilə ustalıqla, həssas şəkildə bağlanırdı. Məsələn, türk həmkarının məşhur “Hamlet” dramına müraciəti müəllifin nəzərində yalnız ədəbi həyat faktı deyildi. Əslində, bu seçimin arxasında daha böyük mənəvi və siyasi səciyyəli mətləb gizlənmişdi. Çünki “Əbdülhəmid dövrünün ixtilalçı gənc münəvvərləri ilə Hamlet arasında olduqca bir müşahebet (bənzərlik) var idi. Məlumdur ki, nəcib, yüksək məfkurəli Hamlet pədərinin (atasının) ölümündə methaldar (cavabdeh) olmasından şübhələndiyi ögey atası ilə mücadiləyə məcbur qalmışdı... Cövdət, həssas bir gənc olan Cövdət də kəndisini Hamletə, Əbdülhəmidi də onun qatili olan ögey atasına bənzədiyordu...” Əli bəyin fikrincə, tale dostunun uğradığı həyat sınaqları - “istintaqlar, zindanlar, mənfalar, fərarlar, qürbətlər həp bu ilk müsademədən (bənzəyişdən) nəşət edər”...

“Füyuzat”da dərc olunan “Şiller” məqaləsində (1906, say 5) Əli bəy ünlü alman dramaturqunun türk dilinə uğurlu tərcümələrindən biri kimi Abdullah Cövdətin çevirdiyi “Vilhelm Tell” üzərində dayanırdı. Belə bir diqqətəlayiq nümunədən sonra azərbaycanlı publisist və teatr xadimi Mehdi bəy Hacınskinin eyni müəllifin “Qaçaqlar”ını ifadə imkanları o qədər də geniş olmayan Azərbaycan türkcəsində səsləndirmək təşəbbüsünü çox cəsarətli addım kimi dəyərləndirirdi. Özü də bir sıra Qərb müəlliflərinin əsərlərini türkcəyə çevirən Əli bəy Hüseynzadə üçün dostunun tərcüməçilik işi onun digər fəaliyyət sahələri ilə müqayisədə xüsusən önəmli idi. Çünki bu yolla milli mədəniyyətin hüdudları  genişləndirilmiş, ümumbəşəri dəyərlərə, yüksək fikir və amallara çıxış imkanı əldə edilmişdi. Abdulla Cövdətin vəfatı münasibəti ilə çap etdirdiyi məqalə-nekroloqda (“İctihad”, 1932, say 369) həmin cəhətə xüsusi diqqət yetirilmişdi: “İştə həyatının böyük bir qismi iztirablar içində keçən və incə qəlbi bu iztirablarla yorulan bu türk şairinin məncə ən böyük qiyməti türk gəncliyinə Qərb ədəbiyyatını daddırması və ona hər növ təəssüb qeydindən azad olaraq düşünməyi öyrətməsidir”.

Xronoloji ardıcıllıq baxımından geri qayıdıb qeyd etməliyəm ki, Əli bəy “Həyat”la bir sırada “Füyuzat” səhifələrində də Abdullah Cövdətin şair, filosof, maarifçi və Qərb ədəbiyyatının təbliğatçısı və tərcüməçisi kimi tanıdılmasına mühüm diqqət yetirmişdi. Məcmuənin 8 noyabr 1906-cı il tarixli 4-cü sayının üz qabığında onun portreti verilmişdi. Həmin sayda baş redaktorun “Abdullah Cövdət” adlı geniş  yazısı da yer almışdı. Portret seçiminə diqqəti çəkən Əli bəy Hüseynzadə yazırdı: “Məcmuəmizin birinci nömrəsi türk aləmində yetişən ən böyük bir qəhrəmanın, hürriyyət qəhrəmanının, yəni Midhət Paşanın (ilk türk Ana yasasının -konstitusiyanın müəllifi) rəsmi ilə müzəyyən idi. Bu nömrəmizi də türk aləminə şeirin rəədi-ahəngi ilə, vəlvələyi-qiyamətləri ilə hürriyyət naminə ən ziyadə fəryad və fəğan edən bir mücahidi irfanpərvərin rəsmi ilə təzyin ediyoruz”.

Deməyə lüzum yoxdur ki, “Füyuzat” Abdullah Cövdətin yalnız portreti ilə deyil, həm də bir sıra şeirləri və “Yuli Sezar” tərcüməsi ilə “təzyin edilmişdi”.

Yuxarıda haqqında söz açılan bəzi məktublara da istifadə yolu ilə yazılmış məqalədə Azərbaycanda ilk dəfə ünlü türk şairinin ziddiyyətli həyat yolu (təbii ki, 1906-cı ilə qədər keçdiyi yol!) araşdırılırdı. Onun yaradıcılığına və  mübarizəsinə dövrün ictimai-siyasi hadisələri kontekstində qiymət verilirdi. Sultan rejiminin vətənindən didərgin saldığı Cövdət ölkəsinə şərəf, baş ucalığı gətirən şəxsiyyət kimi dəyərləndirilirdi. “Füyuzat”ın hər sayının Ulduz sarayında az qala mikroskopla oxunduğunu yaxşı bilən Əli bəy dostunu Şərqin yetişdirdiyi böyük simalarla müqayisə edərkən həm də qatı əleyhdarı olduğu istibdad rejiminə meydan oxuyurdu: “Abdullah Cövdət də Şərq islam məhsulu olan bu növ cəvahiratdan biridir: firənglər ona ağuşi-himmət və məhəbbətlərini açıb onun fransızca yazmış olduğu asardan feyziyab olduqları və feyziyab olduqca təhsinxan bulunduqları halda bu zat İstanbuldan və ümumi-Türkiyədən məhrum olub cəmi türkcə asarı təhti-məmuriyyətə alınmış. Şöylə ki, İstanbulda Abdullah Cövdətin adını çəkmək belə böyük bir xətadır. Bu hal bir Cövdət üçün olmayıb bütün Cövdətlər üçün vaqedir”. Əlavə edək ki, yazı müəllifinin özü də həmin zümrəyə daxil edilən yaradıcı şəxsiyyətlər sırasında idi...

(1932-ci ildə Abdullah Cövdətin vəfatı münasibəti ilə “İctihad” dərgisində çap olunan vida sözündə Əli bəy dörddə bir əsr əvvəl qələmə alınan yazını və dostunun gecikmiş reaksiyasını xatırlamışdı: “Sənələr keçdi, bir gün İstanbulda müsafirim olan Abdullah Cövdət masamın üzərində bir “Füyuzat” məcmuəsi gördü və haqqında unutmuş olduğu məzkur məqaləyi bir daha oxudu.

-Yahu, - dedi, - sen beni Kafkasiyalılara na kadar iyi tanıtmışsın!”)

lll

1911-ci ildən sonra Əli bəy Hüseynzadə ilə Abdullah Cövdətin İstanbula yerləşmələri məktub və məqalə ünsiyyətini arxa plana sıxışdırmışdı. İndi həm özləri, həm də dostları daha çox Cövdətin  paytaxtın Çağaloğlu məhəlləsindəki ictimai diskussiyalar klubuna çevrilmiş “İctihad” evində görüşürdülər. Lakin İttihad və Tərəqqinin ideya atalarından biri iqtidardakı ittihadçılarla anlaşa bilmədiyindən 1914-cü ildən etibarən məcmuəsinin nəşrini dayandırmalı olmuşdu.

Türkiyənin tarixinə Mütarikə (Barışıq) adı ilə daxil olan dövrdə Abdullah Cövdət siyasi həyata qayıtdı və biri-birinin ardınca sonradan ona peşmançılıq anları yaşadan səhvlərə yol verdi. Təbiətindəki tələskənliklə çılğınlıq daim üzdə olmaq və rəyasət eşqi ilə birləşərək onu gah İstanbula nəzarəti ələ almış ingilis işğal qüvvələrinin, gah kürd millətçilərinin, gah da iqtidarda son aylarını yaşayan sultan rejiminin yanına apardı. Ekstravaqant fikir və ideyalarından (çünki “ürəyi unudulmasının ağrı-acıları, beyni özünü yenidən hamıya göstərmək hikkəsi ilə dolub daşırdı” - Səməd Ağaoğlu) da qalmadı - Xilafətin ləğvi məsələsinin gündəmə gəldiyi 1922-ci ildə bəhailiyin Türkiyədə dövlət dini kimi qəbul edilməsi ideyasını ortaya atdı və yenidən hər tərəfdən atəşləri öz üzərinə çəkdi.

Amma bütün bunlara baxmayaraq Türkiyə Cümhuriyyəti qurulandan sonra sudan quru çıxmağı bacardı. Hətta türkçülüyün fikir atalarından birinin- Əli bəy Hüseynzadənin İstiqlal Məhkəməsinin önünə çıxarıldığı  1925-ci ildə Abdullah Cövdətin Türkiyə Böyük Millət Məclisinə üzv seçilməsi məsələsi siyasi dairələrdə fəal müzakirə olunurdu. Atatürkün iki saatlıq (özü görüşün dörd saat çəkdiyini iddia edir) audiensiyasına nail oldu. Bu dəfə yaxşı mənada diqqəti özünə cəlb edə bildi.  Yalnız düşmənlərinin əleyhinə başlatdığı kampaniya (məqalələrinin birində Türkiyədə heyvanların cinsini yaxşılaşdırmaq üçün döllük erkəklərin gətirilməsinin vacibliyindən yazmışdı, əleyhdarları isə bunu millətin səviyyəsini yüksəltmək üçün Avropadan erkəklər (kişilər) gətirilməsi kimi qələmə vermişdilər) Böyük Millət Məclisində yer almasını əngəlləmişdi.

Səməd Ağaoğlu “Atamın dostları” adlı memuarlarında Abdullah Cövdətin bir-birindən qorxulu təhlükələrdən sağ-salamat qurtarmasının səbəblərini daha çox nüfuzlu bir şəxsin havadarlığına bağlayaraq yazırdı: “...ən müxtəlif fikir cərəyanlarını geniş qanadları altında himayə edən Ziya Göyalp ittihadçıların dilimizə Qərbin Qustav Lebon, Ernest Renan kimi böyük mütəfəkkirlərindən əsərlər çevirən, cəmiyyətə  yeni fikirlər gətirən, özünü bir az da Pobespyerə bənzədərək Böyük Fransa inqilabının İnsan Haqq və Hüquqları prinsiplərini həyəcanla anladan bu həmyerlisinə bir zərər toxunmasına imkan vermədi”.

Tam əsasla demək olar ki, Əli bəy Hüseynzadə də nüfuzundan, cəmiyyətdə  təmiz adam imicindən istifadə edərək səhv dalınca səhvlər buraxan Abdullah Cövdətə münasibətdə eyni xeyirxah himayəçi rolunu oynamışdı. Həmvətənimizin arxivində saxlanan və indiyə  qədər tədqiqatçıların diqqətindən kənarda qalan diqqətəlayiq bir sənəd də dediklərimizi təsdiq edir.

1929-cu il may ayının 5-də İstanbul Darülfünunu Tibb fakültəsinin Emrazi-cildiyyə müdərrisi (dəri xəstəlikləri professoru) Əli bəy Hüseynzadə İstanbul Polis Müdirliyindən “Məxfidir” qrifi altında Baş polis müdirinin imzası belə bir məktub almışdı: “Çağaloğlunda İctihad evində doktor Abdullah Cövdət bəyin Mütarikə sənələrindəki vəziyyəti-siyasiyyəsi ilə Cümhuriyyət əleyhinə qövlən, felən və qələmən (sözü, hərəkəti və qələmi ilə) çalışıb-çalışmadığının və bu babda (barədə) qənaəti-aliyələrinizin qısa bir zaman zərfində işarı rica olunur, əfəndim”.

Onsuz da təklənmiş vəziyyətdəki  dostunun yeni təhlükə ilə üzbəüz qaldığını anlayan Əli bəy xatalı məsələyə münasibət bildirməkdə, həm də bu zaman Cövdəti bacardığı qədər duruya çıxarmaqda ləngiməmişdi.  Elə ertəsi gün “5. 5. 929 tarix və 2814 nömrəli və “məhrəm” işarətli təzkireyi-aliyyələrinin cavabıdır” adlı sənədi rəsmi dövlət qurumuna göndərmişdi. Burada deyilirdi:  

“Doktor Abdullah Cövdət bəyin Mütarikə sənələrindəki vəziyyəti-siyasiyyəsi haqqında bir fikir və məlumatım yoxdur. Mümaileyhin Cümhuriyyət əleyhində qövlən, felən və qələmən çalışdığına əsla şahid olmadım. Yunanlıların işğalı zamanlarında İstanbulda nəşr etməkdə olduğu “İctihad” qəzetəsinə yunanlılar əleyhinə yazmış olduğum bir şeirdən xəbərdar olar-olmaz bunu bəndənizdən tələb və məmnuniyyətlə dərc etmiş olduğunu xatırlayıram.

Bu hərəkəti ilə o zaman kəndilərinin Mücadileyi-Milliyəyə tərəfdar olduğu istidadlal (nəticə üçün əsas) edilə biləcəyi kimi bunu təyit (təsdiq, doğrulama) edər bəyanat və mütalaatda da bulunmuşdur. Mövcud məlumat və qənaətimi bər vəchi bala (yuxarıdakı qaydada) ərz ilə hörmətlərimi təqdim edirəm, əfəndim.

Tibb fakültəsi səririyyeyi-cildiyyə və əfrənciyyə müdərrisi Hüseynzadə Əli bəy”.

Sənəddən də aydın göründüyü kimi, 1929-cu ildə İstanbul Polis Müdirliyi Abdullah Cövdətin on il əvvəlki ictimai-siyasi fəaliyyəti ilə bağlı araşdırma başlamış və müvafiq məlumat toplamaq məqsədi ilə onu yaxından tanıyan digər şəxslərlə bir sırada Əli bəy Hüseynzadyə də müraciət etmişdi. Əli bəy öz növbəsində dostunun yanlış addımlarından xəbərdar olsa da, əlindəki seyrək faktlara əsaslanıb onu daha çox müsbət, işıqlı planda tanıtmağa səy göstərmişdi.

Bu sətirlərin yazıldığı zaman Ziya Göyalp artıq həyatda yox idi. Onun bəzən kifayət qədər təhlükəli missiyasını Əli bəy  üzərinə götürmüşdü...

lll

Səməd Ağaoğlu “Atamın dostları” kitabında Abdulla Cövdətin kədərli həyat hekayətinə  “Dinsiz mütəfəkkir” başlığı seçmişdi. Əhməd Ağaoğlunun və Cövdətin müştərək dostu Əli bəy Hüseynzadə bu sərlövhə ilə yəqin ki, heç vəchlə razılaşmazdı. Çünki onun  nəzərində Cövdət nə qədər qəribə səslənsə də “dindar bir dinsiz”, yaxud “dinsiz bir dindar” idi. Çünki “İctihad” dərgisindəki yazıları, şeir məqalə və tərcümələrində ehtiraslı bir şəkildə apardığı mübarizə islam dininin yaradıcısına və ehkamlarına deyil, bu dini yarıtmaz şəkildə təmsil edənlərin, mədəni və ictimai tərəqqi qarşısında sipərə çevirənlərin avamlığına, cahilliyinə qarşı çevrilmişdi...

İstənilən halda dinə fərqli münasibəti axırda başına bəla açmışdı. Vəfatından sonra cənazə namazı üçün Aya Sofya camisinə götürülmüş nəşi ortalıqda qalmışdı. Din xadimləri allahsız olduğunu əsas gətirib ölü namazını qılmaqdan boyun qaçırmışdılar. Yalnız dövrün nüfuzlu ziyalısı, filosof və yazıçı Peyami Səfa işə qarışandan sonra məsələni yoluna qoymaq mümkün olmuşdu.

Əli bəy də dostunun dinsizliyi haqda deyilənləri uydurma, onun şəxsiyyətinə və düşüncəsinə böhtan sayanların sırasında idi. Abdullah Cövdətin qalmaqallı dəfnindən sonra  bir xatirəsini qələmə almışdı: “Şairliyə qırx sənə əvvəl bir “Nəti-Şərif” (Həzrəti Peyğəmbəri vəsf edən şeir-V.Q.) ilə başlayan bu arkadaşıma vəfatından üç-dörd ay əvvəl tibbi-ədliyyə müdərrisi Ədhəm Akif  bəyin Hüquq fakültəsindəki otağında rast gəldim. Orada bir ara Götedən bəhs açıldı. Bir az şaka (zarafat) tərzində dedim ki, Cövdət, Göte şairliyə Mühəmməd əleyhdarı bir gavur ikən başlamışkən, nəhayət Onun Peyğəmbərliyinə inanaraq öldü. Qorxuram ki, şairliyə bir müsəlman imanı ilə başlayan sən aqibət gavur olaraq öləcəksən!

Mərhum bir az sinirləndi, dedi ki: Mühəmmədin Peyğəmbərliyinə inanan  bir müsəlman olmadığımı sizə kim söylədi?”

Söhbətin sonunda Abdullah Cövdət dostlarını  tezliklə dinə münasibəti ilə bağlı ən içdən gələn duyğularının əks olunduğu bir yazı yazacağına əmin etmişdi.  İbadət dilinin türkcəyə çevrildiyi bir vaxtda Əli bəy bu etiraflardan çox şey gözləyirdi. Lakin əcəl  vədi yerinə yetirməyə qoymamışdı.

Ölümündən az sonra görkəmli türk şair və ictimai xadiminin ən dəqiq səciyyəsini onu qırx ildən çox, həm də hər kəsdən daha yaxşı tanıyan Əli bəy Hüseynzadə vermişdi: “...hədəflərinə varmaq üçün pək ziqzaq fikir və qənaət yollarında yürüyən Abdullah Cövdətin həyatı bir sürü bariz və anlaşılmaz təzadlarla doludur.  Onun şəxsiyyəti ruh ilə cismin, mənəviyyat ilə maddiyyatın, ideal ilə ehtirasın daimi bir çarpışmasına səhnə olmaqdan ibarət qalmışdır”.

Dövrün türk intellektualları arasında Abdulla Cövdət özünün ziddiyyət və barışmazlıqlarla dolu ömür yolu, biri-birini təkzib edən fikirləri, nəhayət, şəxsinə bəslənən bütün hiddətləri üzə çıxarmış ölümü ilə ən müxtəlif intibalar doğurmuşdu. Həm də bu qarmaqarışıq xorda onu təkfir edənlərin səsi daha gur eşidilməkdə idi. Bir zamanlar rəsuli-haqqa  bənzətdiyi Əli bəy bütün zahiri çəkingənliyinə, ifrat ziyalılığına baxmayaraq bu xorun qarşısına təkbaşına çıxmaqdan qorxmamışdı.

Həm də o, fikirlərini qaragüruh üçün yox, gələcək üçün açıqlamışdı.

İki min il əvvəl “Əşyaların təbiəti” poemasında materializmi tərənnüm edən Tit Lukresi Karın, rübailərində mədrəsə zehniyyətinə, cahil məntiqinə öldürücü zərbələr endirən Ömər Xəyyamın, bütün dinlərin ehkam və zorakılığına, dini təəssübkeşliyin hər cür təzahürünə qarşı üsyan bayrağı qaldıran Volterin fikir və ruh baxımından ölmədiklərini, əsrləri aşaraq bu gün də yaşadıqlarını vurğulayan Əli bəy “İctihad”da çıxan vida məqaləsində  soruşurdu: “Bəs Abdullah Cövdət nə olacaqdır?” Özü də sualına cavab verərək yazırdı: “O da yaşayacaqdır! Bütün günahlarına, bütün siyasi və ictimai əməllərinə rəğmən yaşayacaqdır. Çünki onun yaşayacağı yer Böyük Türk Millətinin qəlbi, şeirdən, ahəngdən, hür düşünməkdən zövq alan insanların ürəyidir”.

Sağlığında olduğu kimi bu gün də Türkiyədə Abdullah Cövdətə fərqli münasibət mövcuddur. Onu böyük şəxsiyyət və qüdrətli fikir adamı sayanlar da var, az da olsa, radikalcasına yanaşıb keçdiyi yolu “con türklükdən cin kürdlüyə” doğru  istiqamət kimi dəyərləndirənlər də. Bəlkə də bütün yanlış yanaşmalardan qaçmaq üçün böyük humanist Əli bəy Hüseynzadənin ilk gənclik illərindən islama, türklüyə və müasirliyə birgə xidmət etdikləri dostu ilə bağlı aşağıdakı dəqiq və ədalətli sözlərini xatırlamaq  yerinə  düşərdi:

“Göz təbibi olan Abdullah Cövdətin korluqdan qurtardığı gözlərin, maddi sayısı məhduddur, fəqət fikir mürəbbisi olan şair və mütəfəkkir Abdullah Cövdətin açdığı və daim açacağı mənəvi gözlərin ədədi naməhduddur; çünki türk milləti yaşadığı müddətcə onun ruhu da yaşayacaq və vəzifəsinə davam edəcək”.

Əgər yada salsalar, inanıram ki, yersiz təftişçilikdən əl çəkib tarixin sınağından çıxmış bu fikrin həqiqiliyinə və səmimiliyinə inanarlar.

 





23.03.2016    çap et  çap et