525.Az

Natiq Cəfərli: "Müxalif partiyalar şəxslər ətrafında formalaşıblar"


 

Natiq Cəfərli: "Müxalif partiyalar şəxslər ətrafında formalaşıblar"<b style="color:red"></b> "Azərbaycanda müxalif partiyaların uğur qazanmamasının əsas səbəbləri təşkilatların şəxslər ətrafında qurulması və seçici qazanmaq əvəzinə məhz üzv qazanmağın qarşıya məqsəd kimi qoyulmasıdır".
 
Bunu APA-ya açıqlamasında Respublikaçı Alternativ (REAL) hərəkatının icra katibi Natiq Cəfərli deyib.
 
N. Cəfərli bildirib ki, Azərbaycanda müxalif partiyaların uğursuzluğunun bir çox səbəbləri var. Bununla yanaşı, icra katibi qeyd edib ki, REAL ənənəvi siyasi partiyalardan həm təşkilati, həm də ideoloji xətt baxımından fərqlənir.
 
"Müxalif partiyalar illərdir siyasi mübarizə aparsalar da, şəxslər ətrafında formalaşıblar və sırf tənqid üzərində qurulublar. Təkliflərin zəif olması insanları müəyyən dərəcədə siyasi proseslərdən kənarda saxlayıb. Çünki siyasi partiyalarda ideoloji xətt, ideoloji dil yoxdur. Tənqiddən sonra təkliflər zəif olub. Yəni, hökumətin fəaliyyəti tənqid olunub, onun yerinə nəyin təklif olunduğu isə insanlara qaranlıq qalıb. Şəxslər ətrafında formalaşan siyasi partiyaların heç vaxt uğur qazanmadığı dünya praktikasında da sübut olunub. Ona görə də biz REAL olaraq bu problemlərə diqqət etməyə çalışırıq. Təşkilatımız yarandığı ilk gündən ideologiya və dəyərlər ətrafında formalaşan bir təşkilatdır. Heç vaxt şəxslər öndə olmayıb. Həmişə şəxslər təşkilatın ideyasının daşıyıcıları olub. Yəni, "lider şəxs deyil, funksiyadır" prinsipini rəhbər tutaraq təşkilatımızı irəli aparmışıq. Həm də bu partiyaların siyasi arenada heç vaxt bir uğur hekayəsi qurulmayıb. Bu da insanları siyasətdən və həmin partiyalardan getdikcə uzaqlaşdırıb. Bunun nəticəsidir ki, 10 il bundan qabaq 10, 100 minlərlə üzvü olan partiyalar getdikcə daha çox kiçilir. Çünki səhv siyasət üzərində qurulub. Seçici qazanmaq əvəzinə, məhz üzv qazanmağı qarşılarına məqsəd qoymuşdular", - deyə N. Cəfərli bildirib.
 
N. Cəfərli əlavə edib ki, REAL seçkiyə hesablanmış bir partiya olacaq: "İndiyədək Azərbaycanda siyasi partiyalar SSRİ dönəmindən qalma yanaşma ilə qurulurdu. Hər rayonda, hər kənddə, hər müəssisədə öz təşkilatlarını yaratmaqla partiyalaşmağa çalışırdılar ki, bu da Kommunist Partiyasından qalma bir sistem idi. Ancaq biz tam fərqli parlament partiyası yaratmağı qarşıya məqsəd qoymuşuq. Çünki biz parlament respublikasının tərafdarıyıq və ölkənin 18 ellərə bölünməsinin, idarəetmənin təkmilləşdirilməsini istəyirik. Bu baxımdan partiya quruculuğu müəyyən zaman alacaq, ancaq yenə çalışacağıq ki, yaxın vaxtlarda qurultayımızı keçirək. Bizim əsas məqsədimiz parlament tipli partiya qurmaqdır".
 





24.03.2016    çap et  çap et