https://525.az/img/pics/medium/2024-03/308264_kym7092gvt.jpg “525-ci qəzet”in 29 mart sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2023-12/296969_e268vukrxl.jpg Böyük Qayıdış: uğurla gerçəkləşən taleyüklü proqram
https://525.az/img/pics/medium/2024-02/301307_c4fdiv1vqa.jpg Çaparaq notlar - Firuz Mustafa yazır
https://525.az/img/pics/medium/2023-09/284652_pdttwsp03a.jpg "Sıfırı yeddinin yanından silin..." - Lətif Şüküroğlu yazır
search
29 Mart 2024
28 Mart 2024

Moskva küçələrindən qeydlər

Moskva küçələrindən qeydlər

Aydın BAĞIROV
[email protected]

Əvvəl pasportumu, dünya çempionatı üçün sənədlərimi, sonra məni diqqətlə nəzərdən keçirəndən sonra heç nə olmamış kimi sakit şəkildə deyir:

- Sizin FAN İD-nizdə problem yaranıb! Gözləyin, araşdıraq.

FAN İD azarkeş pasportu deməkdir. Bunsuz DÇ-2018-in matçlarını izləmək üçün stadiona girmək mümkün deyil. Həmin sənədlərin yoxlama prosesi Rusiyanın girişindən - sərhədindən başlayır. Mənə o sözləri də elə sərhədçi xanım söyləyir. Kənarda durub gözləyirəm. Niyə tez-tez aeroportlarda belə vəziyyətlə üzləşirəm deyə düşünə-düşünə gedirəm üç il əvvələ. Bu dəfə Brüsssel aeroportunun pasport-buraxılış məntəqəsinə. Qarşımda belçikalı sərhədçi oturub. Bir növ Jerar Depardyenin bığlı nüsxəsi. Gülə-gülə ona yaxınlaşıram, amma mənim təbəssümüm onun sifətindən yağan zəhrimarı qətiyyən azaltmır, əksinə sanki daha da çoxaldır. Pasportuma baxmadan kobudluqla soruşur:

- Livandansan?

Axmaqcasına bir sualdı, əlbəttə. Donub qalıram. Livan? Livanın nə dəxli? Azərbaycan vətəndaşlığımı təsdiq edən sənədimi göstərirəm, amma mənasız inadından əl çəkmir:

- Sən ərəbsən?

- Ərəb deyiləm, azərbaycanlıyam, Azərbaycan vətəndaşıyam. Bu da pasportum.

Şərqli görünüşüm onu aldadır, yəqin. Onun bu inadının səbəbini də anlayıram. Axı, bir neçə gün əvvəl elə bu aerportda ərəblər terror törədiblər. Və Brüssələ ayaq basan ərəb, yaxud şərqli birinin sorğu-suala çəkilməsi təəccüblü gəlmir. Sərhədçini azərbaycanlı və bir jurnalist olduğumla yalnız o zaman inandıra bilirəm ki, Qol.az saytına girib şəkillərim olan müəllif yazılarımı – bloqlarımı göstərirəm. Onda o, deportasiya hədəsindən əl çəkir, pasportuma icazə möhürü vurub məni ölkəsinə buraxır.

Bu əhvalatı səfər yoldaşım, ATV telekanalının idman departamentinin rəhbəri İlkin Fikrətoğluna da danışıram. İkimiz də Moskva aeroportunda sərhədçidən cavab gözləyirik. Rusların biz azərbaycanlılara süni problem yaratdığını düşünməyə başlayırıq. Necə olur, məsələn, avropalı azarkeşlər sərhədi rahatlıqla keçir, amma biz gözləməli oluruq? Heç olmasa öz ölkələrinə hörmət olaraq dünya çempionatı zamanı belə etməsələr olmazdımı? Amma sonra şübhələrimizdə yanılmağımızla, bunun təkcə bizimlə bağlı olmayan ümumi problem olması ilə barışırıq.

***

Futbol bayramı, əlbəttə, təkcə futbolun özü deyil. Futbola qədər, futbolun gedişatında və sonrasında yaşanan xoş anlardı. O bayramı da, təbii ki, insanlar yaradır. Düşürsən fərqli qitələrdən, fərqli ölkələrdən olan insanların, azarkeşlərin içinə. Və bu zaman kimin iş adamı, jurnalist, dövlət qurumu işçisi, yaxud hansı peşə sahibi olması heç kimə maraqlı olmur – belə bayramda hamı, sadəcə, futbol azarkeşidi. Və onlar qeyri-ixtiyari bir araya gələndə bilirsiniz necə olur? Başlayırlar, qarşısında dünya ulduzuymuş kimi bir-biriylə şəkil çəkdirməyə - azərbaycanlı kolumbiyalı ilə, israilli mərakeşli ilə, argentinalı ispaniyalı ilə...

Yaxud birləşib mahnı da oxuyurlar. Məsələn, elə aşağıda təqdim etdiyim bu videodakı kimi. Başında sombrero, yəni o böyük şlyapa olan sarıyanız cənab heç də klassik meksikalı deyil. Bizim idman jurnalistlərinin sevimlisi, azərbaycanlı İlkindi. Perulu, mərakeşli, israilli, argentinalı, uruqvaylı, meksikalı azarkeşə qoşulub mahnı oxuyur, həyatının ən yaddaqalan anlarından birinin dadını çıxarır.

Və bütün bunlar hamısı əlbəttə, rus polisinin, “OMON”un gözü qarşısında baş verir. Onlar və Federal Təhlükəsizlik Xidməti ciddi təhlükəsizlik tədbirləri həyata keçirirlər.

Nədənsə, Moskva küçələrində görməyə adət etdiyimiz Azərbaycandan və Orta Asiya ölkələrindən olan miqrantlar rastımıza çıxmır. Belə xəbərlər var ki, bunun səbəbi xüsusən qanunsuz miqrantların sıxışdırılması ilə əlaqədardır. Onlara çempionatın keçirildiyi günlər zamanı oyunlar olan şəhərlərdə çoxluqla görünməsinə qadağa qoyulması barədə qeyri-rəsmi məlumatlar var. Hər halda Rusiya hakimiyyəti təşkilatçılığına 13 milyard dollar xərclədiyi bu yarışın ən yüksək səviyyədə və problemsiz, ölkənin imicinə xırda bir zərər gəlmədən keçməsi üçün maksimum səy göstərir. Paytaxtın mərkəzi küçələrində yeri gəldi-gəlmədi polis yoxmaları da, keçiçi olaraq, yoxdu. Şəhər bu aralar Rusiyanın imicinə ləkə olan skinhedlərdən də tam təmizlənib.

Bu mənada, Moksvada bütün azarkeşlər özlərini təhlükəsiz və sərbəst hiss edirlər. Kim qanunlar çərçivəsində nə istəyirsə, edir. Əsasən də azarkeşlərin şousunu qeyd etmək olar. Açılışa da  fərqli millətlərdən olan azarkeşlər mahnı oxuyaraq gedirdilər. Amma ərəblərin oxuduğu mahnı nəyə görəsə mərsiyəni xatırladırdı.

Açılışdan söz düşübsə, burada mütləq biletlərin qiymətinə toxunmalı olacağam. FİFA-nın rəsmi məlumatına görə, birinci oyuna ən ucuz biletin qiyməti xarici vətəndaşlar üçün 220, ən ucuz VİP biletin qiyməti isə 850 dollardan başlayır. Qrup oyunlarında qiymət bir az enir: ən ucuz bilet 105 təşkil edir. Finalda isə rəqəm bir xeyli artır: ən ucuz bilet 455 dollar.

Qiymətlərin yüksək olması heç də dünyanın müxtəlif ölkələrindən yüzminlərlə azarkeşin Rusiyaya axışmasına mane olmayıb. Bu mənada, indi Rusiyanın özü də, ora gələn azarkeşlər də bayram içindədi.

Amma o bayram ah-havası bir də Moskva aeroportuna qayıdanda yox olur. Əsasən də Bakıya gedən təyyarələrə qeydiyyat növbəsinə duranda. Rusiyada uzun illərdi yaşayan bəzi insanlarımızın hələ də elementar insani və mədəniyyət qaydalarını öyrənmədiyini görəndə.

(Ardı olacaq...)

Müəllifin digər yazıları
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.