Yaddaş
Hər bir xalqın varlığıdır,
Niyyət aşikarlığıdır;
Taleyinin yarlığıdır,
Kimliyidir dil yaddaşı.
Fərqli baharı, qışı var,
Dəyəri qədər yaşı var.
Hər şeyin öz yaddaşı var -
Yaxşı tanı, bil yaddaşı!..
Ucalığı tərk edibdir,
Yaxşılığı tərgidibdir;
Neçə igid qərq edibdir -
Unutmayıb sel yaddaşı.
Təb-təb olan min halı var,
Sevib yolan "Cığalı" var;
Onda layla sığalı var -
İtirməyib tel yaddaşı.
At çox, başında yüyən yox -
Qaçır, ipini düyən yox...
Daha uşaq şəlləyən yox -
Silinibdir bel yaddaşı.
Ağlı gödək qoca olub,
Dib görməyən uca olub.
Kim kim olub, necə olub -
Yada salar el yaddaşı.
Tanıya bilmədi
Bakıda bazarların birində gənc qız əlində bir dəstə bənövşə satırdı. Doğma Qacarda ağac kölgəsində bitən boynu- bükük bənövşəni görən kimi mən onu tanıdım. Amma bənövşə məni tanımadı...
...Gah ona, gah onu satana baxdım,
Ömrün yurdsuz keçən saatına baxdım.
Üzünə utana-utana baxdım,
Tanıya bilmədi bənövşə məni.
İstədim fəryadla: "Bu mənəm" - deyəm,
"Dərdindən partlayır bu sinəm!" - deyəm.
"Bəri bax, başına mən dönüm!" - deyəm,
Tanıya bilmədi bənövşə məni.
Kol dibində bir könüllü şah idi,
İlk eşqimin, heyrətimin şahidi...
Kaş duyaydı ahım necə ah idi -
Tanıya bilmədi bənövşə məni.
Bu görüş nə acı bir görüş idi -
Yaz günündə o bu qədər üşüdü.
Zaman bizi ucalıqdan düşüdü -
Tanıya bilmədi bənövşə məni.
Kökündən qopanı - qaçanı görüb,
Şəhər havasına uçanı görüb...
Qacarı, Şuşanı, Laçını görüb -
Tanıya bilmədi bənövşə məni.
Üzüdönük o olmadı, mən oldum,
Eşqisönük o olmadı, mən oldum.
Sinəyə yük o olmadı, mən oldum -
Tanıya bilmədi bənövşə məni.
El-obasız perikibdir yuxusu,
İşğal altda at oynadır qorxusu.
Öləziyib o əzəli qoxusu -
Tanıya bilmədi bənövşə məni.
Dağlı könlün düzə, dağa haqqı var,
Qalıb gendən baxa-baxa haqqı var...
Çox gözləyib, unutmağa haqqı var,
Tanıya bilmədi bənövşə məni.
Qoruya bilmədim
Ay qəlbimdən halılar -
Sadiq qanadlı dostlar,
Nə yaxşı ki, görüşdük,
Salam, sizə sözüm var!
Qumru, qaranquş, leylək -
ucalıqdan yıxıldım,
Yenə qalxaram, neylək...
Siz mənə oxşamayın,
Aman gündür, tez olun
Yurdumuza qayıdın,
Dağa-daşa göz olun,
Yuvanızı qoruyun:
A quşlar, öz yuvamı
Mən qoruya bilmədim!..
***
Dünya qorxuyla dolu -
Bəd nəzər, bəd nəfəs var,
Dəmir tikanlı məftil,
Qızıldan dar qəfəs var...
Lələyiniz qələmlə
Taleyiniz yazılıb,
Görün sizi qoruyan
Dua hardan asılıb,
Duanızı qoruyun.
Vaxtında öz duamı
Mən qoruya bilmədim...
***
Necə sığım cahana -
Torpağı dəri kimi
Soyulan Nəsimiynən?!.
Yurdsuz zülmətdə qalan
Məlikməmməd kimiyəm...
Qumru, leylək, qaranquş,
Özünüzlə məni də
Aparın işığa tuş.
Salamlayın günəşi,
Siz dan üzü qoruyun.
Zirvələrdə Şuşamı -
Sabahımçün bu şamı
Mən qoruya bilmədim!..
Gəl təzədən sevək
Könlüm səni səsləyir,
Köhnə sevgi bəs deyil,
Bu adi həvəs deyil -
Gəl təzədən sevək biz!
Göydən hikmət ələnir -
Duyaq yeni gələni...
Dünya da silkələnir -
Gəl təzədən sevək biz!
Eşqi əmanət verir,
Səadətçün vəd verir -
Ürək zəmanət verir -
Gəl təzədən sevək biz!
Çiçək al qucağına,
Yaxına gəl, yaxına!
Hər şeyin acığına
Gəl təzədən sevək biz!
Təzə donu sağ geyin,
Ürəyimcə bax, geyin -
Gəl təzədən ağ geyin,
Gəl təzədən sevək biz!
Gülümsə
Qəmli baxma, fikrim çaşır,
Sevdalı "dəli"m, gülümsə!
Sənə təbəssüm yaraşır -
Gülümsə, gülüm, gülümsə!
Məni dərdə salan zalım,
De, könlünü necə alım?
Söz deməyə yox macalım,
Lal olub dilim, gülümsə!
Öz sözünü özümə de,
Göz sözünü gözümə de,
Nə deyirsən üzümə de -
Anlayım-bilim, gülümsə!
Gəl, utanma, gəl yanıma,
Kimliyimi heç tanıma!
Gülə-gülə al canımı -
Gülümsə, ölüm, gülümsə!