Nədən xoşbəxtliklə tən olanda qədrini bilmirik? Nəinki qədrini bilmirik, hələ bir deyinirik, həyatımızın rəngsiz, solğun keçdiyindən şikayətlənirik, yaxşını görməzliyə vurub pisləri axtarır, tapanda onu həvəslə qabardırıq. Bəlkə yaxşıların, yaxşılıqların qədrini bilməməyimizin cəzasıdır çəkirik indi.
Dörd aydan çoxdur teatrlar qapılarını bağlayıb, ən pis tamaşa üçün də darıxmışıq. Yorulmadan Azərbaycan teatrını söyən, yamanlayan cənablar və xanımlar, dincəlin, daha teatr yoxdur. Bəlkə bir də olmadı, ola bilsin, hansı bir formada nəsə çıxsın, yaransın, lap elə yerində onlayn teatr bitsin, törəsin, amma onlayn teatr heç teatr deyil, lentə alınmış pis filmdir. Cansız, ruhsuz, dadsız... Yeyirsən, dadını bilmirsən, çünki dadı yerli-dibli yoxdur.
Universitetlər bağlanıb, bir vaxt gəncliyin səsindən sevinən dəhlizlər, auditoriyalar boşalıb, suyu sovulmuş dəyirman kimi yiyəsiz qalıb. Bitib-tükənməyən tədbirlərin əlindən gileylənirdik, indi dincələkmi? Axı o tədbirlər dostlarla, tanışlarla, lap dost olmayanlarla görüşmək, ünsiyyətdə olmaq bəhanəsi idi. Elə əlindən dad döydüyümüz toylar, yubiley məclisləri, dost yığıncaqları... Hələ gileyli olduğumuz yas məclisləri. Məgər vəfat etmiş yaxınlarımızın yas məclislərinin keçirilməməsi yaxşı işdir? Necə ola bilər ki, xatirəsini əziz tutduğun adamın hüzr yerinə gedə bilməyəsən? Axı, dünyasını bu çətin şəraitdə dəyişmiş o adam sənin üçün çox-çox qohumdan qiymətli idi.
Sən deyən məclis adamı olmasam da, boynuma alım ki, həyatımızı təşkil eləyən bütün bu saydıqlarım üçün bərk darıxmışam. Bax, indi həqiqətən, həyat solğunlaşıb, sönmüş, külü qalmış ocaq kimidir, dadını-duzunu itirib. Bu onlayn tədbirlər, onlayn dərslər, onlayn imtahanlar, vatsap münasibətlər, bir sözlə, Virtual həyat necə dadsız-duzsuzdur. Heç cür barışmaq olmur. Hələ bütün bunların müvəqqəti olduğuna inanıb dözürük, bəs bütün bunlar daimi həyat normasına çevrilsə necə? Bəlkə gözünü açıb dünyanı elə bu cür görən cavan nəsil üçün elə də çətin olmayacaq, amma orta nəsil və mənim kimi yaşlı adam üçün bu dözülməz mənzərədir. Heyif ki olmuşlar bir daha nə təkrar olunur, nə də bərpa. Elə itirdiyimiz xoşbəxtlik kimi.