“Ulduz” jurnalının redaksiya heyətinin toplantısı keçirilib. Toplantını açan “Ulduz”un baş redaktoru Qulu Ağsəs son aylarda jurnalın nəşri ilə bağlı aparılan işlərdən, əldə olunan uğurlardan və qarşıda duran vəzifələrdən söz açıb. Baş redaktor hazırda 300 tirajla nəşr olunan jurnalın tirajının yaxın vaxtlarda artırılacağını vurğulayıb: “Jurnalın son nömrələri oxucular və abunəçilər tərəfindən maraqla qarşılanır. Hətta satışdan geriyə jurnal qayıtmır. Buna görə də tirajı artırmaq niyyətindəyik. Ancaq düşünürəm ki, satışla yanaşı abunə məsələsini də diqqətdə saxlamalıyıq. Ədəbi çevrələrdə onsuz da jurnalımız alınır, izlənilir və dərgidə həyata keçirdiyimiz yeni layihələr, ədəbi-mədəni projelərlə bağlı müsbət rəylər eşidirik. Ancaq arzuolunandır ki, “Ulduz” təkcə ədəbi cameədə yox, elmi çevrələrdə, ali və orta məktəblərdə, kitabxanalarda, bölgələrdə də oxucu auditoriyası toplasın. Bunun üçün abunə olmaq ən yaxşı vasitədir”. Q.Ağsəs jurnala abunə olmaq üçün respublikanın bütün şəhər və rayon “Mətbuatyayımı” şöbələrinə müraciət etməyi tövsiyə edib. Jurnalın 6 aylıq abunə qiyməti 12 manatdır. Bakıda abunə yazılmaq istəyənlər 440-27-85, 440-39-83, 440-46-94 nömrəli telefonlarla əlaqə saxlaya bilərlər.
İclasda redaksiya heyətinin üzvlərindən şairlər Elçin Mirzəbəyli, Həyat Şəmi, Sevinc Mürvətqızı, Elşən Əzim, Vüsal Nuru, Xəyal Rza, Hafiz Hacxalıl, Nuranə Nur, Qılman İman, Fərid Hüseyn qatılıb və təkliflərlə çıxış ediblər. Redaksiya heyətinin toplantısının ayda bir dəfə keçirilməsi qərara alınıb.
Bugünlərdə “Ulduz” jurnalının iyul sayı işıq üzü görüb. Dərgi Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri, şair Vaqif Bəhmənlinin “İyun. “Ulduz”un üzü və içi” adlı ekspert yazısı ilə açılır: “...Ustad” rubrikasında Qulu Ağsəsin “1964 yaşlı şair” adlı dəyərli yazısını oxudum. Vaqif Səmədoğluna həsr edib. Öz üslubunda. Qulu qısa, mənalı yazmağın ustasıdı.
...”Variasiya” “Ulduz”un tapıntısıdır...
...”Ulduz+” rubrikasında gözəl balamız Sevinc Mürvətqızının “Sənə olan sevgimi sənə də alçaltmaram” kino araşdırmasını qısametrajlı film sürətiylə oxudum. Məndən olsa, “Ulduz+”dakı “+” işarəsini “Ulduz” sözünün əvvəlinə keçirərdim. Çünki mövzunun seçimi, yanaşma və onu həll etmə baxımından ən bitkin əsərin müəllifi bu dəfə odur- Sevinc Mürvətqızı...
Təklif edirəm, “Ulduz” həmişə “Xəzinə” bölümüylə açılsın. Çünki İlqar Fəhminin bu zəhmətindən hasil olan nəticə əsl xəzinədir...”
V. Bəhmənli bu yazısında Pərvin, Əyyub Qiyas və İlham Abbasovun layihələri, Şəhriyar del Geraninin yazıları, Varisin hekayəsi və başqa mətnlər haqqında da fikirlərini bölüşüb.
Jurnalda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın şeirləri Əyyub Qiyasın tərcüməsində təqdim edilib.
“Qısa fikirlər xəzinəsi” rubrikasında bu dəfə Cəlal Bəydilinin təqdimatında “Cəmil Meriç deyir ki...” oxucuların ixtiyarına verilib: “Qələbəlik simfoniyada anlamaz./ Nitsşe “Zərdüşt”ü baqqal şəyirdləri üçün yazmadı./ Oxucunun başını cinsi böhranları ilə qatmağa heç kəsin haqqı yoxdur. / Sevmək yaratmaq deməkdir...”
Jurnalın “Qürbət şeirləri” rubrikasında Baloğlan Cəlilin şeirləri öz əksini tapıb.
“Tərcümə saatı”nda Mark Tvenin hekayəsi və Andrey Şerbak-Jukovun şeirləri yer alıb.
Hicran Hüseynovanın “Hanı o ədalət” pritçası da jurnalın bu sayında dərc olunub.
“Ulduz” və “Naşir” jurnallarının birgə layihəsi olan “Diskussiya klubu”nda bu dəfə “Kim yatmış, kim oyaq?” müzakirə edilib.
Adil Mirseyidin “Unio mistika” poeması da “Ulduz”un bu sayında çap edilib.
Fərid Hüseynin “Mətn yazıçıdan güclü olmalıdır” başlıqlı müsahibəsində yazıçı Natiq Məmmədlinin cavabları əksini tapıb. Müsahibəni N. Məmmədlinin “Xəlbir” hekayəsi izləyir.
Jurnalın əməkdaşı Fərqanə Mehdiyevanın böyük şair Məhəmmədhüseyn Şəhriyarın oğlu ilə müsahibəsi “Təbriz eli” bölümündə yer alıb.
“Hüseyn Arifin çap olunmamış şeirləri” haqqında Aslan Kənan yazıb.
“Söz haqqında söz” rubrikasında təqdim olunan tənqidçi Elnarə Akimovanın “Janrın qürubu, yoxsa ədəbi laqeydliyimiz?” yazısında poema yaradıcılığı haqqında düşüncələr var.
Jurnalda Akutaqava Runoskenin “Meşədə” hekayəsi, Sona Xəyalın “XVI əsr türk şairi və ustad təbibi Məhəmməd Nidai”, Aləmzər Sadiqqızının “Ömrümün söz şəkli” yazılar da dərc edilib.
“Dərgidə kitab” layihəsinin qonağı isə Gənc Ədiblər Məktəbinin yetirməsi Əfsanə Laçındır.
S.ABDULLAYEVA