|
|
|
|
ƏZİZ VƏTƏN!
Əziz Vətən, səndən çox-çox uzaqlarda,
Tufanlarda, sərt şaxtalı boranlarda,
Diz çökdürən, qartal uçmaz qayalarda
Diz çökmədim, heç dönmədim yolumdan mən,
Özün oldun mənə dayaq, əziz Vətən!
Ana yurdum, gəlməmişəm sənə qonaq,
Yad ellərdən almamışam səndən soraq,
Qayıtmışam, "sən bir ana, mən bir uşaq".
Ayırmadım xoş laylanı bal südündən,
Onlarla mən qüvvətləndim günü-gündən!
Bu diyarın başıqarlı Şahdağı var!
Bayrağını bəzəyən al sübh çağı var!
Bol üzümlü, bol taxıllı torpağı var!
Bu diyarda mərd oğullar arasında
Atam, babam gediblər ön sırasında.
Bu torpaqda məskən salıb ulu babam,
Burda məni qoca atam, qoca anam
Gözləyirlər, göz yummadan, səhər-axşam...
Bir vəsiyyət eləyiblər onlar mənə:
"Harda olsan, qayıt, oğul, Vətəninə!
Qayıt, oğul, ocağımız yansın hər an,
Ocaq sönsə düşmən bizə eylər divan.
Öz elində insanlığa çatar insan!
Ucalt, oğul, Ana dilin qüdrətini,
Elimizin vüqarını, sərvətini!"
Anam məni ötürməyə yola çıxır,
Kədər ilə, həsrət ilə mənə baxır.
Ardımca qəlb dilə gəlir, can darıxır...
"Qayıt, oğul!" - duya bildim səsində mən.
Qayıdaram, canım Ana, əziz Vətən!
YANIMA QAYIT!
Sənin qayıtmağın nə uzun çəkdi?
Sənsiz bu ruzigar nə çətin imiş!
Məni elə bil ki, burulğan çəkdi,
O burulğan sənin həsrətin imiş.
Çıxdım yollarına, lakin nə fayda...
Min izə qarışıb izin, itərək.
Dünya bir ümmandır, sənsə o tayda.
Sənə çatmaq üçün bir gəmi gərək.
Əzizim, yubanma, səni gözləyir
Mənim xatirəmtək solmayan bağlar.
Şirin sözlərimlə səni səsləyir
Səni unutmayan vüqarlı dağlar.
Mənim hər anıma illər qarışır,
Təkcə sən ömrümə qarışmayırsan.
Əzəl düşmənlər də bir-bir barışır,
Təkcə sən mənimlə barışmayırsan.
Məhəbbət elmini qoymazdım lağa,
Fəqət sənsiz bu fənn faydasız olar.
Qibtə eləyirəm qara torpağa,
Çünki o torpaqda sənin izin var.
Həyat cıdırında il ötər ayı,
Bu gün dərilən gül sabaha solar.
Yubanma, əzizim, yubanma, qayıt!
Bu gün qayıtmasan, sabah gec olar!
SALMA YADINA...
Ötən görüşləri salma yadına,
O günlər qayıtmaz, qayıtmaz, inan...
Mən necə unudum? Sənin adına
Bütün andlarımı içdim o zaman.
Axtarma səbəbin, tapmazsan, gülüm!
Demə ki, qırılsın taleyin əli.
Açsam səbəbini - yanarsan, gülüm,
Nə sənə, nə mənə olmaz təsəlli.
Məhəbbət insantək qocalır, sönür...
Sahibsiz ev kimi boşalır ürək.
Həyatın bünövrə daşı, görünür,
Belə qurulmuşdur, biləydin gərək.
Ayrılır insanlar, ayrılır yollar,
Yanma məhəbbətin sönmüş oduna.
Nə sən günahkarsan, nə mən günahkar,
Ötən görüşləri salma yadına!
XATİRƏLƏR
Gecə sakit,
Gecə aydın.
Ayın narın
Şüaları pəncərəmə süzülüb.
Xatirələr cərgə-cərgə
Xəyalıma düzülüb.
Onlar məni aparırlar
Unudulmuş şəhərlərə,
Uzun-uzun gecələrə,
Açılmayan səhərlərə.
Kimsə deyib:
"Xatirələr cavanlığı qaytarırmış..."
Bəlkə kimsə doğrudan da
Keçmişini axtarırmış.
Amma neynim,
İznsizcə,
Yaşımızın bu çağında
Qədim bir toy havasını
Çaldırırlar qulağımda;
Sən ağ gəlin paltarında,
Toyun şanlı qatarında.
Əhdimiz də çıxdı yaddan,
Getdin... getdin qayıtmadan...
Xatirələr... xatirələr...
Keçmişimin səfirləri.
Bəs kim saysın itkiləri?
Saysız-sonsuz itkiləri?
Nə tapmışıq nə itirək?
Kimdən alıb kimə verək?
Bircə onu anlamışam:
İtirməsən tapammazsan,
Tapammasan yaşamazsan!
Gecə sakit,
Gecə aydın.
Ayın narın
Şüaları pəncərəmə süzülüb.
Xatirələr cərgə-cərgə
Xəyalıma düzülüb.
Xatirələr, xatirələr...
Dünənimlə bu günümün
Arasında daş körpülər.
...Səhərəcən yaşadım mən
Şirin-acı dünlərimdə.
Xatirələr - mən özüməm,
Amma ötən günlərimdə.
XƏZƏRİN SİRRİ
Yenə Xəzər qəzəbli!
Yenə onun qoynunda
Dəli küləklər əsir.
İşıqları ucaldan
Dəmir biləklər
əsir...
Bir kəsi görməyir göz,
Bomboş qalıb küçələr.
Xəzri əsir...
Qorxudan
Yaşıl yuvalarında
Titrəyir boz sərçələr.
Fırtınadır, firtına!
Küləyin gücü artır.
Dəniz sularını
Nə var gücü, qəzəblə,
Tənha sahilə atır.
Lap günəşin özü də
Buludlar arxasında
Qorxa-qorxa gizlənib.
Kim deyə bilər, Xəzər
Nə üçün qəzəblənib?
Qəzəblənib təbiət...
Vay açıq dənizdəki
Gəmilərin halına,
Baxırlar həsrət-həsrət.
Neçə ləngər vururlar gəmilər sahil boyu.
Fırtınadır, fırtına -
Xəzərin qanlı toyu!
Dayanmışam sahildə,
Yoxdur yanımda bir kəs.
Hərdən qara sulardan
Çatır qulağıma səs.
O səsdə nər nərəsi,
O səs - suların səsi:
- Mən Xəzərəm a... Xəzər!
Hirsim vulkana bənzər!
Mən üsyan qaldıranda
Yer kürəsi titrəyər!
Mən Xəzərəm a... Xəzər!
Nəfəsim od püskürər!
Mən odlar ölkəsində
Oxunmamış bir əsər!
Mən Xəzərəm a... Xəzər!
Mən - əbədi, siz - köçər!
Bu torpağın dərdləri
Mənim sinəmdən keçər!
Mən Xəzərəm a... Xəzər!
Həm sevincəm, həm kədər!
Məni anlamayanlar
Özü bəxtindən küsər!
...Sonra da birdən-birə
Susdu bu səs, dinmədi.
Xəzərinmi səsiydi çatırdı qulağıma?
Doğru desəm, bilmədim...
Səhər tezdən sübh çağı
Sulardan günəş doğdu.
Külək sakitləşincə
Xəzər də sakitləşdi,
Sanki hirsini boğdu.
Qalxdıqca göyə Günəş
Təbiət canlanırdı.
Xəzər göy sularını
Sanki diyirləyərək,
Sahilə boylanırdı.
Yaşıl yuvalarından
Qalxırdılar sərçələr.
Maşınların səsindən,
Ayaq tappıltısından
Oyanırdı küçələr.
Bu nə işdir görəsən,
Necə anlayım bunu.
Bəlkə bir yuxu imiş,
Ya xəyalın oyunu?
Evə qayıdıram mən,
Suallar arasında,
Azır, tapmıram cavab.
Dəniz də danışarmı?
Dəniz də heç insana
Ürəyini açarmı?
Xəzərin qəzəbində
Duyulurdu bir kədər.
"Eh, - dedim öz-özümə.
- Bunlar hamsı xəyaldı,
Sabaha keçib gedər..."
İlham BƏDƏLDƏYLİ,
Moskva