Tərxun yovşanın becərilməsi və istifadə qaydaları
Tərxun bitkisi (Astroqon) Azərbaycan florasında geniş yayılmış Asteraceae fəsiləsinin Yovşan cinsindən olub xalq təsərrüfatı əhəmiyyətli bitkilərdən biridir. Tərxunun vətəni cənubi Sibir və Monqolustandır. Mədəni əkinçilikdə İranda, Hindistanda, ABŞ-da,Braziliyada, İngiltərədə, Almaniyada, Macarıstan və Bolqariyada əhəmiyyətli bitki kimi becərilir. XIII əsrdə ərəb həkimi və botaniki İbn Bayter öz müalicə işində tərxun yovşanın şirəsindən istifadə etdiyi haqqında məlumatlar da var.
Quraqlığadavamlı ot bitkisi olub şaxtaya dözümlüdür. Gövdəsi düz, hündürlüyü 120 sm-ə qədərdir. Sentyabr ayında çiçək açır. Sarı rəngli hamaş çiçəkləri mürəkkəb səbətdə toplanmış süpürgədir.Toxumları noyabrın əvvəllərində yetişir.
Tərxun (astroqon) toxumla və vegetativ yolla-kollarının bölünməsi yolu ilə (yazda və payızda), kökümsovları və yaşıl qələmləri ilə (aprel-may ayında) artırıla bilir.
Toxumları müxtəlif rütubəti və temperaturu olan torpaqlarda səpilərək müşahidələr aparılmışdır. Apardığımız tədqiqatlar nəticəsində tərxun yovşan növünün toxumunun cücərmə qabiliyyətinin optimal şəraiti öyrənilmişdir. Məlum olmuşdur ki, toxumlar 25 dərəcə istilikdə, 50% nəmlikdə 80% çıxış verir. Toxumlar 9 gün müddətinə cücərir. Toxumların cücərib torpağın üzərinə çıxması üçün səpin dərinliyinin ən əlverişli qalınlığının 2 mm olması da dəqiqləşdirilib.
Müxtəlif coğrafi məkanlarda, fərqli iqlim şəraitində, habelə dəniz səviyyəsindən müxtəlif hündürlükdə növün toxumlarının səpin vaxtı tərəfimizdən müəyyənləşdirilmişdir. Belə ki, quru subtropik iqlimə malik Abşeronda, Azərbaycan Respublikasının şimal bölgəsində Şəkidə və Abşeron arxipeloqunda - Çilov adasında müşahidələr aparılmışdır. Qeyd edək ki, toxumlar səpilən hər üç məkan dəniz səviyyəsindən müxtəlif hündürlükdə yerləşir. Müşahidələr nəticəsində məlum olmuşdur ki, Çilov adasında dəniz səviyyəsindən 20-28 m aşağıda toxumlar may ayının 13-də optimal şəraitdə, yəni, səpin dərinliyi 2 mm olmaqla 50 faiz nəmlikdə, 25 dərəcə istilikdə, 8 gün müddətində cücərməyə başlayır.
Abşeronda, dəniz səviyyəsindən 110-120 m hündürlükdə may ayının 20-25-də 9-cu gün cücərtilər 80 faiz çıxış verir. Şəkidə isə dəniz səviyyəsindən 2200 m hündürlükdə toxumlar səpindən 9 gün sonra iyun ayının 8-də cücərti verir.
Müşahidələr göstərir ki, tərxun bitkisi torpağa tələbkar deyil, lakin vegetasiya dövründə bir dəfə torpağı yemləmə məqsədi ilə üzvi gübrə verib suvarmaq kifayətdir. Susuzluğa və hətta şaxtaya dözümlüdür. Bitki eyni yerdə 10-15 il yaşaya bilir, lakin 4-5 il sonra yerinin dəyişdirilməsi məsləhətdir.
Tərxun növünün yaşıl qələmlərlə çoxaldılması quru subtropik iqlimə malik Abşeron zonasında AMEA Mərkəzi Nəbatat bağının təcrübə sahəsində, respublikanın şimal bölgəsində Şəki Regional Elmi Mərkəzinin (Şəki şəhəri) təcrübə sahəsində və Bakı şəhərindən 75 km uzaq Çilov adasında Yaşıllaşdırma sahəsinin ofisinin qarşısındakı açıq sahədə sınaqdan keçirilmişdir. Adıçəkilən bölgələr okean səviyyəsindən müxtəlif hündürlükdə -uyğun olaraq 110-120 m, 2000-2500 m hündürlükdə və dəniz səviyyəsindən 20-28 m aşağıda yerləşir. Tədqiq etdiyimiz növün vegetativ yolla- yaşıl qələmlərlə çoxaldılması üçün bu üçbucaq məkanda hazırlanmış sahənin eyni ölçüdə olmasına və substratın eyni tərkibdə (üst təbəqədə 10-15 sm qalınlığında yuyulmuş çay qumu) olmasına diqqət yetirilmişdir. Yazda aprel-may ayında kəsilmiş qələmlərin əkilməsi müxtəlif iqlim şəraitində müxtəlif çıxış faizinə və fərqli inkişaf müddətinə gətirib çıxarmışdır. Qələmlərin kökverməsi və inkişafı əvvəlcə Çilov adasında, Abşeronda və daha sonra Şəkidə diqqət çəkmişdir. Deməli buradan belə nəticəyə gəlmək olar ki, dəniz səviyyəsindən hündürlüyə qalxdıqca qələmlərin inkişaf edərək kökverməsi ləngiyir və köklənmə faizi aşağı düşür.
Qələmlərin payız əkinləri də eyni qaydada aparılmışdır. Kəsilmiş qələmlər hər üç məkanda əkilərək sınaqdan keçirilmişdir. Nəticədə müxtəlif coğrafi məkanlarda qələmlərin kökvermə müddəti çox uzun, yaz əkinlərinə nisbətən köklənmə qabiliyyəti ən azı 50 faiz aşağı olur. Beləliklə tərxun yovşanın yazda yaşıl qələmlərlə çoxaldılması daha əlverişli sayılmalıdır.
Tərxun yovşanın kollarının bölünməsi yolu ilə çoxaldılması da təcrübəmizdə öz əksini tapmışdır. Yazda və payızda apardığımız əkinlər yüz faizlik nəticə vermişdir. Köklərdən ayrılmış bitkilərin əkilməmişdən əvvəl yerüstü hissəsi köklərin ölçülərinə uyğun kəsilməlidir ki, bitki kök vasitəsi ilə torpaqdan udduğu suyu və suda həll olmuş qida maddələrini yerüstü hissənin bütün orqanlarına çatdıra bilsin. Apardığımız tədqiqatlara əsasən deyə bilərik ki, tədqiq etdiyimiz növ yazda yeni budaqlar verir. Bu halda belə qənaətə gəlirik ki, əgər zərurət yoxdursa tərxun yovşanın kollarının bölünməsi üsulu ilə çoxaldılması da yaz mövsümündə aparılarsa daha məqsədəuyğun olar.
Tərxunun kökümsovları ilə çoxaldılması üzərində apardığımız təcrübə də öz müsbət nəticəsini vermişdir. Yazda əkilmiş kökümsovların 25-30 gündən sonra yerüstü orqanları formalaşmağa başlayır.
Çiçəkləmə müddətinin 40-70 gün olması da bitkinin çiçəklərinin dərilməsinə və qablaşdırılmasına - vaxt ölçüsünə görə - çətinlik törətmir.
Bitkinin yerüstü hissəsindən alınan efir yağından təbabətdə çox qədimdən qızdırma, mədə-bağırsaq və yel xəstəliklərinin müalicəsində sulu dəmləmələrindən istifadə edilir. AMEA Botanika İnstitutunun uyğun laboratoriyasının əməkdaşları tərəfindən bitkinin kimyəvi tərkibi öyrənilmiş, qeyd edilmişdir ki, coğrafi yayımlarından asılı olmayaraq kimyəvi tərkibindəki maddələrin keyfiyyət tərkibi dəyişməz qalaraq ekoloji faktorlardan asılı deyildir. Eyni zamanda ədviyyə xüsusiyyətli kəskin və xoş tamlı olduğundan təzə qurudulmuş və turşuya qoyulmuş halda, habelə tərəvəz bitkilərinin marinadlaşdırmasında istifadə edilir. Efir yağından tərxun sirkəsi hazırlanır. Yerüstü hissəsinin efir yağından likör, araq, spirtsiz içki, kosmetik sabun və s. alınır. Bir çox xəstəliklərin müalicəsində (vərəmə qarşı, bədxassəli şişə qarşı, mədə xorasında və s.) uğurla işlədilir.
Xosrov NATİL