Ölkəmizdə inkişaf etməkdə olan sahələrdən biri də turizmdir. Bir çox sahələrdə olduğu ki, burada da kifayət qədər çətinliklər və həlli edilməsi vacib problelər var. Həmsöhbətlərimiz də məhz bu məsələlərdən danışıblar.
Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov Azərbaycanda turizmin mövcud vəziyyətilə bağlı fikirlərini bölüşüb:
"Vəziyyət demək olar stabildir. Ölkədə, xüsusən, Bakıda keçən ilə nisbətən turist sayı dəfələrlə artıb. "Formula" 1 zamanı 5 ulduzlu otellərdə bir dənə boş yer yox idi. Günü-gündən turistlərin sayı artır. His olunur ki, Azərbaycana maraq artır. Ərəb ölkələrindən, Rusiyadan, Avropadan turist sayı artıb".
AzTa sədri hesab edir ki, bu, uğurlu təbliğatın nəticəsində mümkün olub:
"Mütəmadi olaraq xaricdə keçirilən sərgilərdə iştirak edirik, xarici həmkarlarla görüşlərimiz olur. Xaricdə olan turizm şirkətləri üçün ölkədə treninqlər keçirilir, nümayəndələri Azərbaycana dəvət edirik. Eyni qaydada mətbuat nümayəndələri Azərbaycana infotura gəlirlər. Bunların hamısı göstəricidir.
Turisti ölkənin mədəniyyəti, tarixi maraqlandırır. Düzdür, qiymət siyasəti vacibdir, amma turist daha çox tarixi abidələrə baxmağa gəlir. Turistlərin Azərbaycana cəlb edilməsində tarixi abidələr çox mühüm amildir.
N.Bağırov mövcud qiymətlərə də toxunub:
"Gürcüstanın 5 ulduzlu otelləri bizim 5 ulduzlu otellərdən 2 dəfə bahadır, 4, ulduzlu, 3 ulduzlu otelləri də eləcə. Sadəcə Gürcüstanda hostellər, 2 ulduzlu otellər mövcuddur.
Azərbaycanda belə sistem yoxdur. Bunun təşkli üçün maliyyələşdirici proqramlar, görüşlər təşkil edilməlidir.
Həm də bu, dövlət səviyyəsində olmalıdır. Külli miqdarda vəsait lazımdır. Bizsə ancaq maarifləndirə bilərik".
Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək İctimai Birliyinin sədri Ruslan Quliyev də mövcud durumu xaratkerizə edib:
"Hazırkı dövrdə turizm qeyri-neft sektorunun ən prestijli sahəsi elan olunub. Prezident tərəfindən yol xəritəsinin hazırlanmasıyla bağlı konkret sahələr, o cümlədən, turizm sahəsi üzrə bəzi fikirlər toplanır və ideyalar dəyərləndirilir.
Əsas məsələ Azərbaycanın tanıtımı istiqamətindəki fəaliyyəti genişləndirmək, sonrasa ölkəyə daha çox turist cəlb etmək üçün tədbirlər planının həyata keçirilməsidir.
Kütləvi turizmi təmin etmək üçün orta və kiçik sahibkarlara dəstək vermək, prioritet sahə elan olunan sağlamlıq turizminin 365 gün aktual olmasını nəzərə alaraq mövcud problemləri aradan qaldırmaq lazımdır.
Güzəştli kreditlərin ayrılması, təşfiq-subsidiya kompaniyasının həyata keçirilməsi də bu siyahıda öz yerini tapmalıdır. Yeni turizm qanunu, strategiya hazırlanır. Bu sənədlər 15-20 illik yol xəritəmiz, istinad edəcəyimiz sənəd olacaq".
Cavid QƏDİR