Pərvanə Sultanova
Ötən həftə Türkiyənin Bayburt şəhərində XIX Beynəlxalq Dədə Qorqud mədəniyyət və sənət şöləni keçirildi. Bu tədbirə Kuzeydoğu Anadolu Kalkınma Ajansının (KUDAKA) və Türkiyənin Bakıdakı səfirliyinin xətti ilə bir qrup azərbaycanlı jurnalist də dəvət olunmuşdu. Səfər çərçivəsində həmkarlarımla bərabər yalnız Bayburt deyil, o cümlədən Ərzurumun tarixi yerlərini ziyarət etmək imkanımız oldu.
Türkiyənin bir çox şəhərlərində olsam da, Bayburt və Ərzurumu ilk dəfə görürdüm. Əslində oxuduqlarıma rəğmən, canlı olaraq bu diyarın tarixi ilə tanış olmaq bir daha türk milləti adına insanı qürurlandırır. Ərzurumda gördüklərim barədə oxucular daha sonrakı yazımda ətraflı tanış ola biləcəklər. Hələliksə, Bayburt barədə yazmaq istəyirəm.
Bayburtda Dədə Qorqud türbəsi
İştirak etdiyimiz Dədə Qorqudla bağlı beynəlxalq tədbirdən öncə onun türbəsini ziyarət etdik.
Xatırladım ki, tarixi mənbələrdə Dədə Qorqudun bir neçə yerdə məzarının olduğu bildirilir. Amma Türkiyədə tarixi mənbələr onun məzarının məhz Bayburtda olduğuna dair daha əsaslı faktların olduğu bildirilir.
Dastanda Bayburt qalasının adının çəkilməsi də Dədə Qorqudun məhz burada yaşaması və məzarının da bu diyarda olmasına dair inancları bir qədər də gücləndirir. Başqa bir əsas isə budur ki, Dədə Qorquda həm də Əli baba deyilib, o məzarda uyuyan şəxs də tarixi mənbələr də Əli baba kimi də göstərilib. Amma Bayburtda görüşdüyümüz şəxslər, şəhər rəsmiləri deyirdilər ki, Dədə Qorqud kimi insanların harda yaşamasının o dərəcədə əhəmiyyəti yoxdur. Əsas odur ki, Dədə Qorqud türk dünyasına məxsusdur. Belə insanlar türk dünyasının, mədəniyyətinin ortaq şəxsiyyətidirlər.
Dədə Qorqud türbəsi Bayburtun mərkəzindən 39 kilometr aralıda, Masat köyündə yerləşir. Türbənin 718-ci ildə qurulduğu bildirilir, onun üzərində də bu rəqəm var. Türbə sonradan bərpa edilsə də, orada əsas türbədən qalan daşlar var. Nümayəndə heyəti ilə türbəni ziyarət edib, şölən üçün qurulmuş çadıra gəlirik. Hər şey dastanda oxuduqlarımızı xatırladır.
Ərzurum valisi Həsən İpəyin və Bayburt bələdiyyə başqanı Hacı Əli Polatın rəhbərliyi ilə keçirilən mərasimdə Türkiyə Kültür və Turizm Bakanlığının, Türkiyə Yazarlar birliyinin təmsilçiləri də qatılmışdı.
Türbənin yaxınlığında təşkil olunmuş bu şöləndə çıxış edən Bayburt valisi Həsən İpək də qeyd etdi ki, Dədə Qorqudun məzarı bir çox yerlərdə aşkarlanıb. Vali bunun heç də təsadüfi olmadığını, Dədə Qorqudun türk dünyasının çoxəsrlik sevgisini qazandığını deyib.
Bələdiyyə başqanı Hacı Ali Polat da təsdiqləyir ki, bu türbə əsrlərdir Əli baba türbəsi kimi tanınır. Türbənin üzəri yaxın illərdə şərq memarlıq məktəbinə uyğun günbəzlə qapadılıb: “Öncə bu türbənin üstü və yanları açıq idi. Səkkiz dayaqla əhatələnən türbə uzun illər Anadolu insanının əziz tutduğu məkan olub. Yerli əhali buranı Əli baba türbəsi adlandırırdı. Bir çox folklorşünasların iddiasına görə, Dədə Qorqudun əsl adı Əli olub. Dastanda adı keçən Bamsı Beyrəyin məzarı, eləcə də Bayburt qalası bu ərazidə yerləşdiyinə görə bura çox tarixçilər bu məzarın Dədə Qorquda aid olduğunu düşünür”.
Daha sonra tədbirdə Türkiyə, Azərbaycan və Makedoniyanın xalq rəqslərindən ibarət konsert proqramı təqdim edildi.
Daha sonra XIX Beynəlxalq Dədə Qorqud mədəniyyət və sənət şöləninin Bayburt valiliyinin binası qarşısında rəsmi açılışı olub. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın və digər rəsmilərin bu tədbirə ünvanladıqları məktublar da oxunub. Bayburt əhalisinin böyük maraq və sevgi ilə qatıldığı şöləndə Azərbaycan və Türkiyə bayraqları dalğalandırılıb, gözəl musiqi nömrələri təqdim olunub.Xoş təəssüratlarla bayram tədbirlərindən ayrılırıq.
Yolumuz Bayburt qalasınadır...
Onu da qeyd edim ki, Bayburt Türkiyənin ən qədim şəhərlərindən biridir. Müxtəlif dövrlərdə şəhər çeşidli imperiyaların tərkibində olub. Bayburt 1071-ci ildə baş verən Malazgirt döyüşündən az sonra Səlcuqlu imperiyasının nəzarəti altına keçib və burada türkmən çəpni tayfaları məskunlaşmağa başlayıb. Bu gün də türkmən – çəpnilər Bayburtda çoxluq təşkil edirlər. Onu da xatırlatmaq yerinə düşər ki, Bayburta ilk dəfə türk tayfaları eramızdan əvvəl VII yüzillikdə ayaq basıblar.
Burada şəhərin tarixini əks etdirən maraqlı tarixi abidələrdən biri də Bayburt qalasıdır. Bayburt qalası quzey-doğu Anadolunun yüksək dağlıq ərazisində yerləşir. Bu ərazi iç Anadolu və Qara dəniz bölgələrinin qovşagıdır. Qalanın kim tərəfindən inşa edildiyi bilinmir. Zaman-zaman işğala və hücumlara məruz qalan qala ən son 1828-ci ildə Osmanlı-rus savaşı vaxtı ruslar tərəfindən böyük bir miqyasda məhv edilmişdir. Amma qaladan hissələr qalsa da, bu onun möhtəşəmliyini azaltmır. Bayburt qalasından bütün şəhər görünür. Həm də Bayburtun hündürlükdən çox gözəl və səliqəli görünüşü diqqəti cəlb edir. Məhz həmin ərazidən qalanın tikilməsi də deyilənlərə görə, bu yüksəkliklə bağlıdır.
1400 ilə yaxın yaşı olan qala dövlətin mühafizəsi altındadır. Bu əraziyə yol çəkilib, ətraf abadlaşdırılıb, yolçuların dincəlməsi üçün şərait yaradılıb. Biz qalada olarkən, digər ölkələrdən olan ziyarətçiləri də orda gördük.
Daha sonra Bayburt şəhər mərkəzində yerləşən Saat Qülləsinə baş çəkirik. Bu gün sanki Bayburt şəhəri, Qala və Çoruh çayı ilə bütünləşərək, simvollaşmışdır. 29 oktyabr 1923-cü ildə Türkiyənin Respublika elan edilməsiylə böyük bir coşğu yaşayan Bayburt Bələdiyyə Məclisi 30 oktyabr 1923-cü il toplantısında bununla bağlı bir Saat Qülləsi tikintisinə qərar verdi. Tikinti bir il davam edib və Cümhuriyyətin bir ilində Saat Qülləsi hazır olub. Qüllənin ustası Taşçılar kəndindən olan Muhittin ustadır. Qüllənin uzunluğu 21 metrdir və bu abidə böyük bir tarixi dəyərə malikdir.
Bayburtun maraqlı və tarixi yerlərini ziyarət edib, Ərzuruma doğru hərəkət edirik, burada isə bizi daha maraqlı anlar gözləyirdi...
(Davamı var)