Xeyli vaxt bundan öncə mən Bakı Dövlət Universiteti barədə bir yazımı belə adlandırmışdım: “Universitet: ömrümüz, həyatımız”. Elə o vaxtdan bəri hər dəfə doğma universitetimiz haqqında düşünəndə bu iki söz yadıma düşür və hər dəfə də bu iki sözün universitet kollektivi üçün həqiqət olduğunu bir daha yenidən anlayıram. Və sonra bu sözlər daha böyük, daha miqyaslı ünvana istiqamətlənir: Bakı Dövlət Universiteti bütün xalqın, bütöv bir millətin ömrü və həyatıdır. Mən bu fikrin həqiqət olduğuna hər dəfə universitetin tədris və elmi tədbirlərində iştirak edəndə inanıram. Xüsusilə universitetin bütün qərarlarının təsdiq olunduğu bir qurumun – Ümumuniversitet Elmi Şurasının yığıncağında.
Bu gün də Elmi Şuranın iclasıdır. Mən universitet əməkdaşı olmazdan əvvəl həm də bir jurnalistəm və universitetin mətbuat katibi, işini, gücünü universitetə, çalışdığı işə məhəbbətinin şahidi olduğum Pərvanə İbrahimova ilə birlikdə hər kəsdən əvvəl böyük akt zalında, lap arxada oturub Şuranın iclasının başlamağını gözləyirik. Saat düz on birdə Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov salona daxil olur və Elmi Şuranın üzvlərinə bir neçə gün əvvəl çatdırılmış gündəliyini bir daha diqqətə çatdırır. Gündəlik müzakirə olunur, tam demokratik ab-hava ilə fikir demək istəyində olan hər kəsin rəyi nəzərə alınır və gündəlikdəki məsələlər bir-bir müzakirəyə çıxarılır. Əlbəttə, bu günkü Elmi Şura bitməkdə olan tədris ilinin yekunlarına həsr olunub. Elmi Şuranın sədri birinci məsələ ətrafında – yəni tədris ilinin yekunları barədə hesabat üçün sözü Tədrisin Təşkili və Təlim Texnologiyaları üzrə prorektor, professor İradə xanım Əliyevaya verir. Etiraf edim ki, mən universitetlə bağlı bu yazımın əsas məqamlarını İradə xanıma həsr etmək istərdim. Çünki bu xanım Bakı Dövlət Universitetində tədris işini o qədər dəqiq və məharətlə idarə edir ki, müəssisədə və xüsusilə Elmi Şurada hamıda – bütün məsuliyyətimlə qeyd etmək istəyirəm ki, hamıda bir rəğbət, bir təşəkkür hissi yaradır və onun hər hesabatından sonra belə bir kadrın özünə layiq yerdə olması üçün Abel Məhərrəmova da minnətdarlıq ifadə edilir. Bu dəfə də belə. İradə Əliyeva informasiya texnologiyasının ən müasir imkanları ilə tədris ilinin hesabatını verir. Bu hesabatda onlarca problemin necə həll olunduğu, dərs ilinin uğurları və qüsurları, universitet rəhbərliyinin tələbə qayğıları, həm bakalavr, həm də magistratura pilləsində tətbiq olunan Boloniya tədris üsulunun hər gün təkmilləşdirildiyi, Elektron İnformasiya Mərkəzinin nəzarət funksiyası və bu funksiya hesabına tələbələrin imtahanda əvvəllər özünü çox göstərən “şparqalka” üsulundan tamamilə imtina etmələri, qiymətləndirmə metodlarındakı uğurlar və bəzi səriştəsiz müəllimlərə xəbərdarlıq və s. kimi məsələlər özünə yer tapıb. Hesabat məruzəsi bitən kimi Şura üzvləri söz alırlar və İradə xanımın dəqiq, bütün istiqamətlərə hesablanmış hesabatı haqqında fikirlərini bildirirlər. Hamı yekdilliklə həmişə olduğu kimi, İradə Əliyevanın bu hesabatını da yüksək qiymətləndirir və xüsusilə görülən işlərə tənqidi, obyektiv münasibəti daha çox bəyənir. Rektor Abel Məhərrəmovun fikrincə, İradə xanım nöqsanlar üzərində daha çox dayanmışdır. Amma rektor hesabatın bu istiqamətini daha çox bəyəndiyini söylədi:
– İş görülən yerdə nöqsan da olar. Biz ona görə nöqsanlar üzərində də geniş dayanırıq ki, işimizi daim, hər gün təkmilləşdirək. Bizi bu günkü uğurlara bu yol gətirib çıxarıb. Universitet tələbələri məzun olaraq özü ilə böyük bir qalıq biliyi aparır. Biz elmli, savadlı, hərtərəfli universitet tərbiyəsi görmüş vətəndaş yola salırıq istehsalata. Bakı Dövlət Universiteti bu ölkənin inkişaf strategiyasını hazırlamış və həyata keçirməkdə olan Azərbaycan Prezidentinin ən yaxın və ən etibarlı köməkçisidir. Yola saldığımız hər tələbə kamil bir vətəndaş kimi xalqa və bu strategiyaya xidmət işinə qədəm qoyur. Bu işi daha da mükəmməl etmək üçün universitetin hər bir müəllimindən maksimum səy tələb olunur.
Universitet Metodiki Şurasının sədri, akademik Vasif Babazadə, professor Abuzər Xələfov və başqaları öz çıxışlarında Bakı Dövlət Universitetinin klassik və müasir ənənələr üzərində qurulan tədris prosesinin bütün ölkənin ali təhsil sistemi üçün məktəb rolu kimi qəbul edildiyini xüsusi vurğuladılar. Sonra bu məsələ ətrafında qonaqlardan Azərbaycan Respublikası Təhsil Nazirliyinin müşaviri İlham Pirməmmədov çıxış etdi. Onun da fikrincə, Bakı Dövlət Universiteti tədris və elmi proseslərə öz innovativ yanaşmaları ilə artıq xüsusi bir məktəb yaratmışdır və bu ənənəni inkişaf etdirmək lazımdır. İlham Pirməmmədov akademik Abel Məhərrəmovu bu sahədə təşəbbüskar, daim yeni ideyalarla çıxış edən və bu ideyaların gerçəkləşməsi üçün fəallıq göstərən bir rektor kimi də xarakterizə etdi və bir sıra yeni təkliflərlə çıxışını bitirdi.
Bakı Dövlət Universitetinin Elmi Şurasının iclaslarında müntəzəm olaraq dekanların, kafedra müdirlərinin hesabatlarını dinləmək və qiymətləndirmək ənənə halını almışdır. Bu dəfə Hüquq fakültəsinin fəaliyyəti barədə fakültənin dekanı professor Əmir Əliyevin geniş hesabatı dinlənildi. Ə.Əliyev Hüquq fakültəsinin tarixi inkişaf yolu, bu yollardakı çəinliklər və uğurlar barədə danışdı, ümummilli lider Heydər Əliyevin 1970-ci illərdə bütövlükdə universitetə, o cümlədən Hüquq fakültəsinə qayğılarından faktlar gətirdi və bu gün aparılan islahatların nəticələrini açıqladı. Doğrusu, bu hesabatda dekan lap son illərdə aparılan islahatlardan doğan o qədər maraqlı və çoxsaylı faktlar göstərdi ki, təkcə bu faklarla ümumuniversitet təkamülünün səviyyəsini, inkişafın sürətini anlamaq mümkün oldu. Təsadüfi deyil ki, professor Abuzər Xələfov öz çıxışında hüquq fakültəsi ilə bağlı rektorun hələ iki-üç il bundan əvvəlki narahatlığını xatırlatdı və akademikin o zaman bu fakültədə çox ciddi islahatlar aparılacağı barədə vədinin tam mənasında gerçəkləşdiyini bildirdi. Digər alimlər də bu fikirlərlə şərik olduqlarını dedilər.
Adətən tədris ilinin yekunlarına həsr edilən Elmi Şura iclaslarında universitetin qabaqcıl iş adamları, dekanlıq, kafedra, bölmələr və s. əməkdaşların müxtəlif nominasiyalar üzrə mükafatlandırılması ilə bağlı qərarlar qəbul edilir. Bu ilin yekunlarına görə fizika fakültəsinin rəhbəri professor Məmmədəli Ramazanlı və Hüquq fakültəsinin rəhbəri professor Əmir Əliyev ilin dekanı, Faydalı qazıntılar kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, professor Vasif Babazadə, Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli ilin kafedra müdirləri fəxri adı ilə təltif edildilər. Qeyd edim ki, universitet Elmi Şurası 2004-cü ildən təsis etdiyi bu nominasiyaları namizədlərin hər birinin elmi, pedaqoji, ideyalar müəllifi, iş prosesindəki fəallıqları, çap olunmuş əsərlərinə, respublika təhsil sistemindəki yerlərinə, ictimai rəydə aldıqları qiymətlərinə görə müəyyənləşdirir. Həmişə olduğu kimi nominasiyaların bu dəfəki qalibləri də öz layiqli adlarını aldılar.
Bundan sonra söz universitetin İqtisadi və Təsərrüfat işləri üzrə prorektoru, Nəbi Ramazanlıya verildi. Nəbi Ramazanlı ilk növbədə indiyə qədər aparılan təmir-tikinti işlərinin hesabatını verdi və çoxsaylı slaydların köməyilə universitetin auditoriyalarından tutmuş yeni tikinti komplekslərinədək hər bir faktın üzərində dayandı. Və əsas diqqəti universitetin yaxın perspektiv planında olan yeni kampusun – tələbə yataqxanalarının tikintisinə yönəltdi. Məlum oldu ki, iyirmi ilə yaxın bir müddətdə universitet yataqxanalarında məskunlaşan qaçqın və məcburi köçkünlər onlar üçün salınmış şəhərciyə köçürülmüş və bu yaxınlarda kampusun tikintisinə başlanacaqdır. Nəbi Ramazanlı universitet kollektivinə daha universitetin bir xoş xəbər verdi: Quba rayonunun İkinci Nügədi kəndində inşa edilən Quba Tədris-Təcrübə Bazasının bu yaxınlarda artıq tamamlama işləri gedir və sentyabrın əvvəllərində bu obyektin həm praktika, həm də istirahət yeri kimi tələbələrin və müəllimlərin istifadəsinə veriləcək.
Bununla da Elmi Şura öz işini yekunlaşdırır. Şuranın sədri, rektor A.Məhərrəmov iclasa yekun vurur. Demokratik və xeyli dərəcədə tənqidi ruhda keçən Elmi Şurada Bakı Dövlət Universitetinin obrazı ətrafında dayanır:
– Bakı Dövlət Universiteti ölkəmizin qədim və klassik təhsil müəssisəsidir. Universitet bütün telləri ilə xalqa bağlıdır. Bizim hər bir işimiz şəffaf olmalıdır. Biz bunu təmin etmişik. Bu klassik universitetin apardığı hər bir islahat, yeni metodologiya dərhal bütün təhsil sistemimizdə rezonans doğurur, yaxşı nəyimiz varsa, başqa universitetlərdə də tətbiq olunur. Elmi Şuranın problemlərimizə münasibətindən, alimlərimizin çıxışlarından bir daha əmin oldum ki, biz düz yoldayıq və bizi bu yoldan heç bir qüvvə döndərə bilməz.
Daha sonra rektor sabahdan başlanan məzuniyyət günlərində universitet əməkdaşlarına uğurlar dilədi və yeni tədris ilinin ilk Şura iclasının Qubada tikintisinin sentyabrın əvvəlində başa çatacağını vəd etdiyi Tədris-Təcrübə bazasında keçiriləcəyini bildirir.
Elmi Şuranın iclası sona yetdi. Ölkənin adlı-sanlı akademiklərindən, professorlarından formalaşmış şura üzvlərinin hər birinin üzərində Bakı Dövlət Universitetinin hər gün, hər saat özünü göstərən inkişaf sürətindən doğan bir məmnunluq, bir rahatlıq, sabaha inam hissi duyulur. Və mən bu anda yenə bir vaxt yazdığım o yazının sərlövhəsini xatırlayıram: Universitet: ömrümüz, həyatımız...
Könül Q. NiftƏliyeva
BDU, Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının baş müəllimi,
filologiya üzrə fəlsəfə doktoru