“Bu insanların əsas məqsədi hakimiyyətə gəlməkdir. Hər bir siyasi qüvvə əgər seçkiyə qatılırsa və buna iddiası varsa, çalışmalıdır ki, həm beynəlxalq arenada, həm də daxildə təbliğat aparıb özünün hakimiyyətə layiq olduğunu sübut etsin”. Belə bir açıqlama ilə mətbuatda Böyük Quruluş Partiyasının (BQP) sədri, deputat Fazil Mustafa Milli Şura üzvlərinin seçkilər öncəsi xaricə səfər etmələrinə münasibət bildirərkən çıxış edib. Partiya sədrinin sözlərinə görə, Müsavat və AXCP partiyaları arasında yaranan intriqalar, çəkişmələr onların gündəmdə qalmalarına və ictimai fikirin diqqətini özlərinə cəlb etmələrinə hesablanıb: “Əslində bütün bunların hamısı imitasiya xarakteri daşıyır. Azərbaycanda faktiki olaraq müxalifət cinahında hakimiyyətlə rəqabət apara biləcək gücdə partiya qalmayıb. Ümumiyyətlə isə bu insanların nə qərarlar qəbul etdiyi, məni maraqlandırmır”. Deputat Rüstəm İbrahimbəyovun Azərbaycana gəlib-gəlməməsi məsələsinə də aydınlıq gətirib: “Yəqin ki, Rüstəm İbrahimbəyov özü kənardan öz mövqeyini bildirməyə üstünlük verib. Bu, onun öz seçimidir. Hesab edirəm ki, bu insan Azərbaycana gəlsə, hər hansı bir problem yaşamayacaq”. Millət vəkili deyib ki, bu il keçiriləcək prezident seçkiləri öncəsində ənənəvi müxalifət yerini tamamilə yeni bir müxalifət anlayışına tərk etdi və onlar faktiki olaraq öz mübarizələrini müəyyən dərəcədə dayandırdılar. Millət vəkilinin sözlərinə görə, ənənəvi müxalifət bu addımı ilə özlərinin liderlik iddiasından əl çəkib: “Gələcəkdə radikal müxalifət hər hansı bir şəkildə yeni qüvvələrə güzəştə getməyə məcbur olacaq. Yəni bu fakt hər dəfə onlar üçün problemə çevriləcək. Sual oluna bilər ki, nə üçün 25-30 yaşında partiyada yetişən başqa bir gəncə güzəştə getmədiyiniz halda, Rüstəm İbrahimbəyova güzəştə getdiniz? Bu artıq onlar üçün həmişə böyük problemlər yaradacaq. Ona görə də Milli Şuranın hər hansı siyasi bir gücə çevrilmək imkanları inandırıcı görünmür. Milli Şuranın xaricdən hər hansı bir dəstək tapması çətin məsələdir. Çünki Azərbaycan Qərb ölkələri üçün ən əlverişli partnyordur. Azərbaycan Avropanın təhlükəsizlik məsələlərində birgə koalisiyada iştirak edir və enerji resurslarının birgə paylaşımında da heç bir tərəddüdsüz beynəlxalq layihələri ardıcıl həyata keçirir. Ona görə də bu kimi məsələlərdə hansısa dəyişiklik gözləmək düzgün deyil”.
Politoloq Cümşüd Nuruyev isə hesab edir ki, millətinə və dövlətinə bağlı olan insanlar heç vaxt xaricdən dayaq axtarmır. Onun sözlərinə görə, Milli Şura üzvlərinin xarici ölkələrə səfərləri isə gözə kül üfürməkdən başqa bir şey deyil. Politoloq deyib ki, Milli Şurada təmsil olunan “demokratik qüvvələr” cəmiyyətdə belə bir fikir formalaşdırmağa çalışırlar ki, Azərbaycanda hakimiyyətə gəlmək üçün yalnız xarici qüvvələrin dayağı lazımdır: “Vaxtı ilə AXCP-nin səsləndirdiyi fikirləri indi özünü ziyalı adlandıran və Milli Şuranın aparıcı fiqurları hesab edən adamlar həm cəmiyyətə sıramağa çalışır, həm də özlərinə təlqin edirlər. Amma millətinə və dövlətinə bağlı olan insanlar heç vaxt xaricdən dayaq axtarmır. Onların etdikləri isə milli maraqları satmaqla müvəqqəti olaraq üzdə olmaq və bizneslərini qurmaqdır. Bu məsələdə yalnız Eldar Namazovun yanında gələnlər və gətirilənlərin fəallıq göstərməsi isə Milli Şuranın iç üzünü bir daha gözlər önünə sərir”. C.Nuriyev vurğulayıb ki, Milli Şurada təmsil olunanların istəkləri yalnız şəxsi maraqlarla bağlıdır, onların məramı siyasi müstəvidə özlərinin bizneslərini qurmaqdır: “Onlar hakimiyyətə gəlməklə öz maliyyə problemlərini həll etməyə çalışırlar. Milli Şura üzvlərinin xaricə üz tutmalarının başlıca səbəbi isə müxalifətin tərkisilah edilməsidir. Çalışırlar ki, hər hansı bir müxalifət nümayəndəsi birbaşa xarici qüvvələrlə təmasa keçməsin. Yəni onlarla hesablaşsın. Ona görə də Milli Şuranın xaricə səfərlərindən nə isə gözləməyə dəyməz”.
Pərvanə