|
|
|
|
MÖVLANA RUMİ
Sözünün bəzəyi – hikmət, gözəllik,
Dillər əzbəridir Mövlana Rumi;
Arxada qalsa da səkkiz yüzillik,
Ölməyib, diridir Mövlana Rumi!
İdraka dəryadan dərin deyir o,
“Gəl, gəl! Göz üstdədir yerin” deyir o;
“Olduğun kimi də görün” deyir o –
Nə vaxtdan bəridir Mövlana Rumi!
Doğmadır Konyaya, Təbrizə, Qarsa,
Türkə, yəhudiyə, ərəbə, farsa...
Tanrıya çox yaxın on dahi varsa,
Onların biridir Mövlana Rumi!
“Eşqi də oyadıb” şeirin səsiylə,
Ruhsuza can verib pak nəfəsiylə;
Əlli min beytlik “Məsnəvi”siylə
Əbədi yol gedir Mövlana Rumi!
Qədim müasiri bütün çağların
Uca zirvəsidir qoca dağların.
Haqqı, hürriyyəti sevən xalqların
Böyük şairidir Mövlana Rumi!
22.10.2007
BAYRAQLAŞAN AMALIDIR!
Vətən – qüvvət, təpərimiz,
Zərrəsiyik hər birimiz.
Muğan adlı yurd yerimiz
Əlibəyin mahalıdır.
Əməlləri saçır ziya
Gündən-günə, aydan-aya.
Nəhəng, qədim Avrasiya
Əlibəytək dühalıdır.
Xoş xəbər eşitsin hamı –
Çiçəklənib arzu, kamı:
Əlibəyin ad bayramı
Hürriyyətlə vüsalıdır.
Xalqım, elim qədirbilən,
Müstəqillik nədir bilən.
İstanbuldan uçub gələn
Əlibəyin xəyalıdır.
Qayğı yükü qalaq-qalaq...
Birləşəcək bölünmüş xalq;
Göy, qırmızı, yaşıl zolaq
Bayraqlaşan amalıdır!
*Əlibəy Hüseynzadə
24.02.1999
MübarƏk!
Vəfalı övladdır Azərbaycana,
Odur ki, fəxri ad yaraşır ona.
Yayılsın harayım, səsim hər yana –
Bacım Safurənin yubileyində!
Qayğısız ötməyib günü, saatı...
Mükəmməl öyrədir riyaziyyatı.
Salnamə kimidir bütün həyatı –
Bacım Safurənin yubileyində!
Mühüm məqamları bir-bir sayıram,
Könüldən keçəni dərhal duyuram.
Xanım anamızı xatırlayıram –
Bacım Safurənin yubileyində!
Rəna hamıdan tez təbrik eylədi,
Yaqut Bəylər qızı “Mübarək!” dedi;
Direktor Arzu da xoş söz söylədi –
Bacım Safurənin yubileyində!
Oğluna, qızına, nəvələrinə
Baxıb sevinirik hey dönə-dönə
Həm ziyalı ana, həm müdrik nənə –
Bacım Safurənin yubileyində!
Bəzən düz kiməsə əyri görünür,
Ölü, yuxumuzda diri görünür;
Çingiz, Hüseynağa yeri görünür –
Bacım Safurənin yubileyində!
Qalır səhərədək nigaran, oyaq,
Olur dərd çəkənə təsəlli, dayaq.
Bacım Safurəni bərk alqışlayaq –
Bacım Safurənin yubileyində!
Bakı–Salyan,
18.02.2013
MARŞ
Saf, təmiz arzuları həqiqətə döndərən,
Təfəkkürün gözüylə keçmiş, sabah, ön görən,
Fransaya, İsveçə nümayəndə göndərən
Azərbaycan–Türkiyə Əməkdaşlıq Mərkəzi!
Uğurların mənbəyi – inam, zəhmət, istinad...
“Bir millət – iki dövlət” – cüt qüvvə, qoşa qanad;
Həzərat! Qazanacaq neçə-neçə fəxri ad
Azərbaycan–Türkiyə Əməkdaşlıq Mərkəzi!
İlham İsmayıl kimi ustadından razıdır,
Həssas, mətin, işgüzar... hamı ondan razıdır.
Həm ali məqsədindən, həm adından razıdır
Azərbaycan–Türkiyə Əməkdaşlıq Mərkəzi!
Qayəsi – həmişəlik yoxa çıxsın qan-qada!
Deyir: – gör gələcəyi, keçmişi də sal yada!
Bayraqları ucaldıb Gəncədə, Antalyada
Azərbaycan–Türkiyə Əməkdaşlıq Mərkəzi!
May ayının töhfəsi – Nuru Paşa Bayramı,
Çiçəklənsin xalqların sülh istəyi, məramı!
Yaşasın ünsiyyətin qədim, möhkəm davamı –
Azərbaycan–Türkiyə Əməkdaşlıq Mərkəzi!
25.04.2013
TƏLATÜM
Salamın – sayqı, hörmət. Kəlamın, sözün – əla.
Fərəh, sevinc gətirən – doğulduğun gün əla!
Özün əziz qonaq ol, özün qonaq qarşıla!
Qarşıla neçə-neçə ilk baharı, Təlatüm!
Əlövsət* müəllimin yadigarı Təlatüm!
Milli Məclis, Parlament çox istəyir xətrini,
Ziyalılar xoşlayır mənalı söhbətini;
Köksündə gəzdirirsən Vətən məhəbbətini —
Dolaşıb yüz ölkəni, yüz diyarı, Təlatüm!
Əlövsət müəllimin yadigarı Təlatüm!
Ahıllıqdan uzaqdır həm görkəmin, həm yaşın,
Üç bacının** hərəsi – vəfalı qız qardaşın;
Biliklidir, qoçaqdır oğul nəvən – adaşın.
Nəcəfqulu nəslinin şah vüqarı Təlatüm!
Əlövsət müəllimin yadigarı Təlatüm!
Örnək, misal – “ağa ağ”, “düzə düz” söyləməyin,
Nümunədir yazığa, kimsəsizə köməyin;
Al-əlvan duyğularla dop-doludur ürəyin.
Büllur kimi saflığın dostu, yarı Təlatüm!
Əlövsət müəllimin yadigarı Təlatüm!
Xanım ana sevgisi yaşasın nəsil-nəsil!
Ceyla*** sübut edir ki, davamlıdır kök, əsl;
Xoş gəlir ən uğurlu “yetmiş...”, “səksən...”, “doxsan il”!
Ömür, həyat hələ də deyil yarı, Təlatüm!
Əlövsət müəllimin yadigarı Təlatüm!
______________
*Tarix elmləri doktoru, akademik;
** Ceyran, Afaq, Kəbutər;
***Səbəbkarın nəvəsi
22.04.2013
QABAQDA ƏN AZI ALTMIŞ
YAZ VAR...
Xoşlamır alqışı, sevmir kürsünü,
Dost üçün tufana gərər köksünü.
İşıqlı dünyaya gəldiyi günü
Bayrama çevirək Aqil Abbasın,
Bayramı mübarək Aqil Abbasın!
Pozub “atəşkəs”i və yazıb “Dolu”,
Döyüş meydanından çox keçib yolu –
Nəinki Ağdamın, Vətənin oğlu,
Dözümlü, sərt, kövrək Aqil Abbasın,
Bayramı mübarək Aqil Abbasın!
“Ədalət” — hay, haray, güzgü, xoş səda,
Ədalət naminə vuruşur o da.
Köçkünü, qaçqını ruhlandırsa da,
Özünə ruh verək Aqil Abbasın,
Bayramı mübarək Aqil Abbasın!
Hələlik ayrılıb ilk yurd yerindən,
Bəzən çəkdiyi ah gəlir dərindən.
Razıyıq xeyirxah əməllərindən –
Millət vəiklitək Aqil Abbasın,
Bayramı mübarək Aqil Abbasın!
Qabaqda ən azı altmış yaz var,
Əlində – qumbara, qəlbində saz var;
Şöhrət kitabında Məmməd Araz var.
Tuncayı görk, örnək Aqil Abbasın,
Bayramı mübarək Aqil Abbasın!
15.05.2013,
Bakının Yeni Yasamal yaylası
USTAD
Bahar aşiqidir uşaq yaşından,
Xalqımız çox razı – “Qan yaddaşı”*ndan.
Dərs alıb Sabirdən – öz adaşından,
Milli soyadı var Rüstəmxanlının!
Türk, ərəb, belorus... dost sayır onu,
Paris, Stokholm tanıyır onu;
Səfərlər yenə də sınayır onu,
Həmrəylik andı var Rüstəmxanlının!
Deyir: “Haqq səsimiz ucalsın göyə,
Gərək bayrağımız buluda dəyə!”
Heyif ki, hələlik altı hissəyə
Bölünmüş yurdu var Rüstəmxanlının!
Uğur arzulayaq biz dönə-dönə
“Əbədi sevda”**nın müəllifinə.
İnamla yol gedir Gələcək Günə,
Sönməz eşq odu var Rüstəmxanlının!
Yaşasın görkəmli, ad-sanlı ustad!
Nərgizli, Gündüzlü, Aydanlı ustad!
Qələmli, elmli, meydanlı ustad!
Qoşa qanadı var Rüstəmxanlının!
Fəsillər arxada, fəsillər öndə,
Vətən, vətəndaşlıq – min nəğməsində.
Bütöv Azərbycan salnaməsində
Əbədi adı var Rüstəmxanlının!
29.03.2013,
Bakının Yeni Yasamal yaylası
*S. Rüstəmxanlının məşhur kitabı;
**S. Rüstəmxanlının son –təzə kitabı
İKİ SADİQ
Bir şeir yazdırıb mənə bu axşam –
Qədəmi uğurlu, duyğulu axşam.
Nəğməm – səbəbkara kiçicik töhfə!
Ərzin işığını görüb ilk dəfə
Gözəl ziyalı
Tağı Sadiqin
nəvəsi Sadiq!
Salatın Əhmədli – Salatın nənə
Bayatı hopdursun söz çələnginə!
Çocuğun keyfini soruşaq ondan
Necədir yenicə doğulan oğlan –
Gözəl ziyalı
Tağı Sadiqin
nəvəsi Sadiq?!
O kimdir oyanır dan qızaranda,
Məktəbə yollanır – əlində çanta;
Dərslərdən “beş” alıb dönəcək evə,
Tale kitabında – elm adlı zirvə?!
Gözəl ziyalı
Tağı Sadiqin
nəvəsi Sadiq!
Dünəndən sabaha uçur xəyalım,
İlləri qapıtək açır xəyalım.
O kimdir məclisə toplayıb bizi?
Toyun qəhrəmanı, soyun əzizi –
Gözəl ziyalı
Tağı Sadiqin
nəvəsi Sadiq!
Övlad — təntənəsi arzu-muradın,
Ey ata, ey ana! Gözünüz aydın!
Bəxtəvər böyüyüb boy atmalıdır,
Səadət sarayı yaratmalıdır
Gözəl ziyalı
Tağı Sadiqin
nəvəsi Sadiq!
Sənət dənizindən ləl, dürr götürüb,
Həyata təzə ruh, nəfəs gətirib,
Şöhrət qazanacaq babası kimi,
Mərd, qoçaq, üzüağ babası kimi –
Gözəl ziyalı
Tağı Sadiqin
nəvəsi Sadiq!
05.01.2013,
Bakı, Yasamal