“Əgər mənə şer yazmaq imkanı ilə yazılmayan şerin ekstazı arasında seçim lazım gəlsəydi, mən ikincini seçərdim. Bu, ən yaxşı poeziyadır“ deyən Cibran Xəlil Cibranın əsərləri 100 ildən artıqdır ki, dünyanın fərqli dillərində danışan yüzlərlə oxucusunu düşündürür.
Görkəmli Livan nasiri, şairi, dramaturqu, filosofu və rəssamı Cibran Xəlil Cibranın yaradıcılığı özünün ideya zənginliyi, ifadə orijinallığı ilə seçilir və Şərq mədəniyyəti ilə Qərb mədəniyyətinin sintezini əks etdirir. XX əsrin əvvəllərində ABŞ-da formalaşan mühacir ərəb ədəbiyyatının ən məşhur nümayəndələrindən biri kimi C.X.Cibran Şərq düşüncə tərzi və ədəbi ənənələrinin əsasında Avropa və Amerika ədəbiyyatından, fəlsəfi dünyagörüşündən sənətkarlıqla bəhrələnmişdir. Yazıçının iyirmidən artıq dilə tərcümə olunmuş əsərləri dünya ədəbiyyatında böyük hadisə kimi qəbul olunmuş, bütün sərhədlərə rəğmən qlobal yaxınlığa çağıran ədəbi nümunələr arasında öz layiqli yerini tutmuşdur. Təsadüfi deyildi ki, Cibran “Sizin ideyalarınız İudaizm, Brahmanizm, Buddizm, Xristianlıq və İslamı müdafiə edir. Mənim fikrimdə yalnız bir yeganə universal din var” deyirdi.
Yeni ərəb ədəbiyyatının nümayəndəsi olaraq ədib onun mövzu və formaca zənginləşməsində və mühacirət ədəbiyyatının inkişafında böyük rol oynamışdır. C.X.Cibran hekayə, novella, povest, pyes, poema, mənsur şer, esse, pritça kimi müxtəlif janrlarda yazdığı əsərləri ilə həm ümumbəşəri, həm də ərəb dünyası üçün aktual olan mövzuları qələmə almışdır. Onun həyat və yaradıcılığı öz şəxsiyyəti, dünyagörüşü və sənətkarlığı barəsində təsəvvür yaratmaqla yanaşı, Şərq və Qərb dünyasının sosial-mədəni mənzərəsi və ənənələri, ədəbi mühiti, tarixi hadisələri, tanınmış şəxsiyyətləri haqqında zəngin məlumatlar əldə etməyə də imkan verir. C.X.Cibran əsərlərini iki dildə – ərəb və ingilis dillərində yazmış, ikidilli ərəb ədəbiyyatının mükəmməl sənət nümunələrini yaratmışdır. Filosof təfəkkürlü ədib və rəssam ədəbi yaradıcılığı, fəlsəfi düşüncələri və rəssamlıq əsərlərində vahid insan konsepsiyasının müxtəlifməsələlərini araşdıraraq mühüm qənaətlərə gəlmişdir. “Peyğəmbər” əsərində “biz səyyahlar, daim yalqız yolları arayırıq, bir günü bitirdiyimiz yerdə yeni bir günə başlamarıq“ deyən Cibran həyatı boyu düşüncə axtarışında olmuşdur.
C.X.Cibranın yaradıcılığı bir qisim mühüm xüsusiyyətləri ilə diqqəti cəlb edir ki, bu xüsusiyyətlər də öz növbəsində yazıçının özünəməxsus və orijinal ədəbi-fəlsəfi irsinin əsas cəhətlərini müəyyənləşdirən başlıca amillər kimi çıxış edir. C.X.Cibran, ilk növbədə, XIX əsrin ortalarından başlayaraq formalaşan yeni ərəb ədəbiyyatının nümayəndəsidir.
XIX və XX əsrlərdə, demək olar ki, bütün Şərq xalqlarının ədəbiyyatında Qərb dünyasına meyl güclənmişdir. İctimai-siyasi, iqtisadi və mədəni səbəbləri ilə şərtlənən bu proses yeni ərəb ədəbiyyatının yaranmasına da təsir göstərmişdir. Yalnız klassik ənənələr çərçivəsində qalmağa cəhd göstərən mühafizəkarlar və Qərb ədəbiyyatını təqlid edənlər arasından klassik ədəbi ənənələri müasir Qərb mədəniyyətinin mütərəqqi ideyaları ilə birləşdirməyə çalışan daha sağlam bir istiqamət inkişaf etmişdir. Görkəmli maarifçilər tərəfindən başlanan həmin proses XX əsrin əvvəllərində mühacir ərəb ədəbiyyatının nümayəndələri arasında daha yüksək mərhələyə çatmışdır. C.X.Cibran ədəbi fəaliyyətə ərəb dünyasından uzaqda, mühacirətdə olarkən başlasa da qeyd olunan mütərəqqi istiqamət yazıçının yaradıcılığında nəinki öz əksini tapmış, o, hətta yeni şəraitdə sözügedən hərəkatda aparıcı rol oynayaraq onun daha orijinal formasının birbaşa yaradıcısına çevrilmişdir. Bu xüsusiyyətlərdən bəhs edərkən C.X.Cibranın Livan mənşəli bir yazıçı olduğuna da diqqət yetirmək lazımdır. Xüsusi inkişaf mərhələsinə XIX əsrin ortalarından başlayan Livan ədəbiyyatının tərəqqisi ərəb ölkəsinin coğrafi və etno-mədəni özəllikləri ilə də bağlı olmuşdur. Livan islam və xristianlığın, Şərq və Qərbin daha çox qovuşduğu bir ərəb ölkəsi idi və bu cəhətlər, şübhəsiş ki, ədəbiyyata da öz təsirini göstərmişdir. Uşaq yaşlarından mühacirət edən və təhsil aldığı illər istisna olmaqla ərəb ölkələrindənuzaq düşmüş C.X.Cibran həm ümumi ərəb ədəbiyyatı ənənələrini, həm ayrılıqda Livan ədəbiyyatının özünəməxsusluğunu, eyni zamanda, mühacirət ədəbiyyatının xarakter cəhətlərini özündə birləşdirən bir ədəbi irs yaratmışdı. Bu baxımdan ədibin ənənəçilik və müasirlik problemini öz yaradıcılığında ən optimal şəkildə təzahür etdirməsi diqqəti daha çox cəlb edir. Filosof-yazıçı müasir ədəbi janrlarda klassik Şərq ədəbiyyatından, dünyagörüşündən və fəlsəfi fikirlərindən gələn ideyaları ifadə etmişdir. C.X.Cibranın klassik formada, qəsidə janrında yazılmış yalnız bir əsəri vardır. Lakin ərəb mütəfəkkirinin elə bir əsəri yoxdur ki, orada Şərq müdrikliyindən, onun mədəni və dini görüşlərindən qaynaqlanan motivlərə təsadüf olunmasın.Ənənəçilik və müasirliyin mövzu və janr təzahürlərinin vəhdəti baxımından dramatik növdə sufi obrazı və ideyalarının ifadəsi C.X.Cibranın yaradıcılığında ən tipik nümunədir.
C.X.Cibran dünya ədəbiyyatında müasir yazıçı kimi qəbul olunmuşdur. Bu da, ilk növbədə, ədibin klassik ədəbiyyatdan müasir ənənələri əxz edə bilmək orijinallığından, zaman və məkan sərhəddi tanımayan ideyalara yeni ruh vermək istedadından irəli gəlirdi. Bu, C.X.Cibranın ədəbi-fəlsəfi irsində ilk mühüm cəhətdir. “Qum və köpük” kitabına daxil olan aforizmlərindən birində yazırdı: “Mən səyyaham və dənizçiyəm, hər gün qəlbimin yeni bir hissəsini kəşf edirəm”.
C.X.Cibranın yaradıcılığında ikinci əsas xüsusiyyət yazıçının Qərb ədəbiyyatı və fəlsəfəsindən özünəməxsus formada bəhrələnməsi idi. Məlumdur ki, mühacirət ədəbiyyatı formalaşdığı ölkənin mədəni mühitinin təsirini hiss edir. Bu təsir dil, janr, mövzu, ideya, məfkurə və s. aspektlərdən özünü göstərə bilər. C.X.Cibranın əsərlərində həmin təsir dil, mövzu və ideya çərçivəsində qalır. Qeyd etdik ki, yazıçı povest, novella, esse kimi Qərb ədəbiyyatından gələn janrlarda əsərlər yazmışdır. Lakin bu, bütövlükdə ərəb ədəbiyyatına axan Qərb ruhu ilə bağlı idi və ona görə də həmin cəhəti ümumi ərəb ədəbi mühitinin təzahürü kimi qiymətləndirmək lazımdır.
C.X.Cibran iki dildə yazıb-yaradan sənətkarlardandır. Yaradıcılığa ərəb dilli əsərləri ilə başlayan yazıçı ədəbi fəaliyyətinin sonrakı mərhələlərində həm ərəb, həm də ingilis dilində əsərlər yazmışdır. C.X.Cibranın ingilis dilində yazmasının səbəbi yalnız yerli ədəbi mühitin, yəni Amerika ədəbiyyatının təsirindən irəli gəlmirdi. O, daha böyük oxucu auditoriyasına səslənmək və yazıçı kimi daha geniş dairədə dərk olunmaq məqsədilə ingilis dilində də yaradıcılıq fəaliyyətinə başlamışdır.
Dünya ədəbiyyatı tarixində iki dildə yazıb-yaradan sənətkarlar çox olmuşdur. Klassik Şərq ədəbiyyatı iki dilli, hətta bəzən üç dilli ədəbiyyatın ən qədim nümunələrini yaşatmaqdadır. Müasir dövrdə isə iki dildə yazan Şərq yazıçıları arasında R.Taqordan sonra C.X.Cibran dünya ədəbiyyatında ən çox tanınan ədiblərdəndir. Təsadüfi deyil ki, Qərb dünyasında C.X.Cibran tez-tez R.Taqor ilə müqayisə olunmış, yazıçıların əsərləri Şərq koloritinin ən gözəl ifadəçisi hesab edilmişdir.
1918-ci ildə C.X.Cibranın ingilis dilli ilk kitabı olan “The Madman“ – “Dəli“ nəşr olunmuşdur. Bu dövrə kimi ərəb dilində yazdığı əsərləri ilə yazıçı istər mühacir ərəblər arasında, istərsə də ərəb ölkələrində böyük şöhrət tapmışdı. İngilis cəmiyyəti isə onu daha çox böyük rəssam kimi tanıyır və qiymətləndirirdi. İngilis dilində yazmaq zərurəti də məhz C.X.Cibranın ədib kimi dərk olunması məhdudiyyətini aradan götürmək arzusundan irəli gəlmişdi. Müasiri və dostu Mixail Nuaymə Cibranın ingilis dilində yazmasının səbəblərini özünəməxsus şəkildə ifadə edirdi: “O, bilirdi ki, ruhunda rəssam və şair əkizdir. O, amerikalılara poeziyasını yox, rəssamlığını gətirmişdir, dili bir qardaşlarına isə rəssamlığını yox, poeziyasını qoymuşdu. Nə ərəblər təsviri incəsənəti anlamadıqları üçün onun rəssamlığından bir şey başa düşürdülər, nə də amerikalılar ərəb dilini bilmədikləri üçün onun poeziyasından bir şey dərk edirdilər. Deməli, əgər o, iki şeyi birləşdirmək istəyirdisə, ingiliscə yazmalı idi. Bu onun çoxdankı arzusuydu”. C.X.Cibranın iki dilli yaradıcılığının əsas xüsusiyyəti ondan ibarətdir ki, ədibin iki müxtəlif dildə yazdığı əsərlərinin üslubu və mövzu dairəsində xüsusi fərqli cəhətlər müşahidə olunmur. Mütəfəkkir hər iki dildə eyni sənətkarlıqla yaratmış, Şərq ruhunu qoruya bilmiş və ona Qərb çaları əlavə etmişdir.
Bütün qeyd olunan xüsusiyyətləri ümumiləşdirərkən C.X.Cibranınədəbi-fəlsəfi irsinin birinci əsas və spesifik cəhəti – Şərq və Qərb mədəniyyətinin sintezini əks etdirməsi ön plana çıxır. C.X.Cibranın yaradıcılığında qədim Şərq müdrikliyi, islam dini, sufi dünyagörüşü, klassik Şərq fəlsəfəsi xristianlıq, Qərb romantizmi, Amerika transsendentalizmi, klassik yunan və Qərb fəlsəfəsi ilə qovuşur və bütün bu ideyalar silsiləsindən sənətkarın özünəməxsus və orijinal düşüncə tərzi sezilir. Yazıçının yaradıcılığının ən mühüm xüsusiyyəti bu nöqtədə meydana çıxır. Buna görə də C.X.Cibran dünya mədəniyyəti və fəlsəfi fikir tarixində V.Bleyk, R.Taqor, Dante, Mikelancelo, F.Nitsşe ilə müqayisə olunsa da öz dəstxətti ilə seçilir. “Peyğəmbər” əsərində ədib orjinallığını belə ifadə edirdi: “Mən sizə yalnız düşüncələrinizdə bildiklərinizi söylədim... Müdrik insanlar gəlib sizlərə öz müdrikliklərini vermişlər. Mən isə sizlərin biliklərinizi almağa gəldim”.
C.X.Cibran filosof təfəkkürlü sənətkarlardandır. Mütəfəkkir yazıçının fəlsəfi görüşləri ardıcıl və sistematik xarakter daşıyır. C.X.Cibranın yaradıcılığı böyük, qlobal, bəşəri problemlərə, İnsanın həqiqət axtarışlarına həsr olunmuşdur. Onun əsərlərində İnsan konsepsiyası mürəkkəb bədii, fəlsəfi, dini problemləri ehtiva edir. C.X.Cibranın qoyduğu problemlər və onların şərhi öz bədii-fəlsəfi dəyərlərini və müasirliyini bu gün də qoruyub saxlamaqdadır. Çünki Cibran insanları bəsirətli olmağa səsləyirdi: “Gözlərinizi buludlayan pərdə onu toxuyan əllər tərəfindən qaldırılacaqdır. Qulaqlarınızı tıxayan külü onu yoğuran barmaqlar çıxarıb atacaqdır. Və görəcək. Və eşidəcəksiniz”.
C.X.Cibran böyük rəssamdır. Yaradıcılığa rəsm əsərləri ilə başlayan sənətkar həm ABŞ-da, həm də Parisdə istedadlı rəssam kimi qarşılanmış, Qərb dünyasının ən məşhur rəssamları ilə müqayisə olunmuşdur. C.X.Cibranın həm ədəbi-fəlsəfi, həm də rəsm əsərləri onun vahid insan konsepsiyasının, həyata, dünyaya fəlsəfi baxışının prinsipial məqamlarını əks etdirir. Cibrana görə, “biz yalnız gözəlliyi açmaq üçün yaşayırıq. Bütün qalanlar ancaq ümidin formalarıdır”.
C.X.Cibran vətənpərvər bir yazıçıdır. Ədib ərəb ölkələrində baş verən hadisələri dərindən izləmiş və onlara öz münasibətini ifadə etmişdir. Yazıçı və rəssamın yaradıcılığındakı kədər, həsrət motivləri də onun məhz qürbətdə yaşamasından irəli gəlmişdir. Bununla belə, C.X.Cibran özünü dünyanın vətəndaşı hesab etmiş və insanları ayıran bütün sərhədlərin fövqündən çıxış etmişdir. O, hümanist və insanpərvər bir mütəfəkkirdir. Yazıçı yaradıcılığı boyu Şərq və Qərbin, islam və xristianlığın birliyi ideyasının müdafiəsi mövqeyində dayanmışdır.
“Peyğəmbər” əsərində Cibran “səsimin qulaqlarınızda solduğu və sevgimin xatirələrinizdən itdiyi an yenidən dönəcəyəm” söyləyir. Cibran səsi və sevgisi əbədi yaşayacaq şairlərdəndir.