İyulun 18-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətində AMEA prezidenti, akademik Akif Əlizadənin mətbuat konfransı keçirilib. AMEA rəhbəri son üç ayda akademiyada aparılan struktur dəyişikliyi, informasiyalaşdırma, alimlərin sosial rifahının yüksəldilməsi istiqamətində nəzərdə tutulan tədbirlər, maddi-texniki bazanın gücləndirilməsi məqsədilə həyata keçirilən layihələr, elmi nəşrlərin və veb-resursların təkmilləşdirilməsi və digər məsələlər haqqında geniş məlumat verib.
Akademik Akif Əlizadə elmin inkişafına dair ölkə başçısı İlham Əliyev tərəfindən təsdiq olunan fərman və sərəncamların icra vəziyyəti haqqında da söhbət açıb. AMEA prezidenti “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında qeyd olunan əhəmiyyətli çağırışların alimlərimiz qarşısında konkret vəzifələr qoyduğunu qeyd edib: “Bu platforma bizim üçün əsasdır və bizim fəaliyyətimizin əsas tərkib hissəsidir. Bu, dövlətimizin və prezidentimizin platformasıdır. Biz 2020-ci ilə qədər AMEA-nın inkişafını bu platformaya uyğun olaraq davam etdirəcəyik”.
Azərbaycanda 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi ilə bağlı Tədbirlər Planına müvafiq olaraq görülən işlər haqqında məlumat verən AMEA rəhbəri ölkəmizdə formalaşan “Elektron hökumət” Dövlət Proqramına elmi dəstək verildiyini vurğulayıb: “Hamımız şahidik ki, Azərbaycan Respublikasında informasiya problemləri iri addımlarla həll olunur. Demək olar ki, Azərbaycanda hər bir nazirliyin, hər bir qurumun, hətta firmaların belə informasiya şöbələri var. Bu gün infomasiya olmadan nəyin ki, elm, istehsalat heç bir şey inkişaf edə bilməz. İnformasiya Texnologiyaları İnstitutu bizim ən qabaqcıl institutlarımızdan biridir. Orda çox güclü nizam-intizam var”.
Daha sonra Akif Əlizadə AMEA-nın 17 dövlət proqramında iştirakını və bu proqramların sosial-iqtisadi, mədəni, mənəvi həyatın müxtəlif sahələrini əhatə etməsini diqqətə çatdırıb. Akademiyanın prezidenti elmlə təhsilin inteqrasiyası istiqamətində də mühüm addımlar atıldığını bildirib. O, rus alimi Lomonosovdan sitat çəkərək universitetin nəzdində gimnaziyanın olmasının vacibliyini qeyd edib və bildirib ki, gimnaziyasız universitet toxumsuz əkin sahəsidir: “Həyat göstərdi ki, elmsiz heç cür inkişaf ola bilməz. Elmi fəaliyyətin səmərəliliyinin daha da artırılması, ölkənin digər elm müəssisələrində və ali məktəblərində aparılan fundamental və tətbiqi araşdırmaların əlaqələndirilməsi, müvafiq sahələrdə tətbiqinin təmin olunması, elmi kadrlardan düzgün istifadə edilməsi məqsədilə müəyyən tədbirlər görülür. Biz ali təhsil müəssisələrinin AMEA institutlarının nəzdində baza kafedralarını yaratdıq. Baza kafedraları tələbələri yeni metodik yanaşmalara uyğunlaşdırmaq baxımından vacibdir. “Gələcəyə baxış” proqramına əsasən AMEA-nın liseylərini yaratmağı nəzərdə tutmuşuq. Ancaq yaxın bir zamanda AMEA-nın magistratura təhsil pilləsinin yaradılması da nəzərdə tutulub. Artıq magistratura ilə bağlı sənədlər Prezident Administrasiyasına təqdim olunub və razılıqla qarşılanıb. Bununla bağlı müvafiq sərəncam hazırlanır. Proqrama əsasən ilk öncə AMEA-nın istedadlı gənclər liseyini, daha sonra isə AMEA-nın universitetini yaratmalıyıq. Güman edirəm ki, dövlətimiz bu sahədə bizi dəstəkləyəcək və bütün bunlar uğurla həyata keçiriləcək. Akademiyadan həm tələbələrin səsi gəlməlidir, həm də alimlərin elmi nəticələri olmalıdır”.
AMEA prezidenti gənc alim və tədqiqatçılara göstərilən xüsusi diqqət və qayğıdan, onların sosial təminatının gücləndirilməsi istiqamətində nəzərdə tutulan layihələrdən, Azərbaycanın ev sahibliyi etdiyi gənclərlə bağlı beynəlxalq tədbirlərdən danışıb: “Biz gəncləri elmə, akademiya sisteminə cəlb etmək üçün müvafiq şərait yaratmalıyıq və buna çalışırıq. Dövlət başçısı tərəfindən AMEA-ya 10 milyon manata qədər vəsait ayrılıb və institutlarda maddi-texniki bazalar qurulur. Ölkə rəhbərinə müraciət etdik və AMEA-ya yarım milyon manat vəsait də ayırdı. Bu vəsait hesabına diplom müdafiəsi ərəfəsində olan gənclərimiz Avropada müvafiq müasir avadanlıqlardan istifadə edə bilirlər. Ən əsası isə gənc alimlərimiz üçün yaşayış binalarının inşası da dövlət tərəfindən dəstəklənib. Biz bu addımları atmaqdayıq. Bu yaxınlarda cənab prezident gənclərlə bağlı fərman imzaladı. Elm sahəsi üzrə iki mükafat ayrılıb. Biz gərək o gəncləri tapaq, təqdim edək. Bir gün onlar da Azərbaycanın fəxri olacaqlar. Beynəlxalq əlaqələr də bizim əsas fəaliyyət istiqamətimizdir. Qloballaşan dünyada Azərbaycan elmi öz-özünə inkişaf edə bilməz. Hələ sovetlər zamanı belə bir fikir varıydı: elm sərhədsizdir. Bu baxımdan biz AMEA-nın elmi istiqamətlərinə mütləq beynəlxalq qurumları, alimləri, mərkəzləri cəmləyirik. Bu sahədə də böyük addımlar atılıb. Elmi mərkəzlərimizin əlaqələri olduqca genişdir. Bir məqsədimiz var ki, başqa bir dövlətlə şərikli olaraq beynəlxalq elmi laboratoriya yaradaq. Bu proqram da həyata keçirilir. Hətta YUNESKO-nun köməkliyi ilə bu məqsədə nail olmağa çalışırıq. Biz istəyirik ki, Azərbaycanın da beynəlxalq elm mərkəzləri olsun”.
Dövlət başçısının Azərbaycan elminə göstərdiyi diqqət və qayğıdan bəhs edən akademik ölkə rəhbərinin AMEA-da aparılan islahatlarla bağlı fikrini nəzərə çatdırıb: “Cari ilin may ayında Şamaxı Astrofizika Rəsədxanasında aparılan əsaslı təmir işlərinin başa çatmasından sonrakı vəziyyətlə tanış olarkən dövlət başçısı qeyd etdi ki, regionun iqtisadi və siyasi mərkəzi olan Azərbaycan bölgənin elm mərkəzinə də çevrilməlidir. Hazırda Azərbaycanın elm siyasəti məhz bu istiqamət üzərində qurulur”.
Daha sonra akademik Akif Əlizadə mətbuat nümayəndələrinin suallarını cavablandırıb. Tədbirin ardından, bazar iqtisadiyyatı şəraitində innovativ fəaliyyəti gücləndirmək məqsədilə, AMEA-nın korporativ üslubunun tətbiqinin əhəmiyyətini özündə əks etdirən sərgi nümayiş etdirilib. Sərgidə AMEA-nın korporativ loqosu, təltif və mükafatları, qovluq və zərflər, blanklar, vəsiqə və vizit kartları, korporativ təbriknamələr və təqvimlər, lövhələri, suvenirlər, aksessuarlar və digər nümunələr təqdim olunub. Sonda akademik Akif Əlizadə jurnalistlərlə xatirə şəkli çəkdirib.
Ramil ƏHMƏD