|
|
|
|
Müsahibimiz Azərbaycanın Pakistan və Əfqanıstandakı səfiri Daşqın Şikarovdur.
–Daşqın müəllim, bu il Azərbaycanla Pakistan arasında diplomatik münasibətlərin qurulmasının 20-ci ildönümü tamam olur. Siz ötən müddəti iki ölkənin əməkdaşlığı baxımından necə xarakterizə edərdiniz?
–Azərbaycan ilə Pakistan arasında ənənəvi dostluq münasibətləri formalaşdırılıb, ölkələrimiz arasında əməkdaşlıq ikitərəfli, beynəlxalq və regional maraqlar əsasında qurulub. Bu əlaqələrin banisi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevdir. Azərbaycan Respublikası müstəqilliyini elan etdikdən sonra Pakistan ölkəmizin suverenliyini tanıyan ikinci ölkə olub. Azərbaycanla Pakistan Birləşmiş Millətlər Təşkilatı, İslam Konfransı Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və bir sıra digər beynəlxalq qurumlar çərçivəsində sıx əməkdaşlıq edir, bir-birilərinin mövqelərini müdafiə edirlər. Pakistan həmişə birmənalı olaraq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında rəsmi Bakının mövqeyini dəstəkləyir. Pakistan hökuməti bu günə kimi Ermənistanla nəinki diplomatik münasibətlər qurmayıb, hətta onu bir dövlət kimi tanımayıb.
Bilirsiniz ki, bu ilin fevralında Pakistan senatı Xocalı şəhərində baş vermiş hadisələri soyqırım kimi qiymətləndirən və bu faciədə əli olanları məsuliyyətə cəlb olunmasını tələb edən, həmçinin ölkəmizin ərazi bütövlüyünü dəstəkləyən qətnamə qəbul edib. Şübhəsiz ki, Pakistanın bu addımı iki qardaş ölkə arasındakı münasibətlərin göstəricisi və bu ölkənin ədalət prinsiplərinə sadiqliyinin nümayişidir.
Ölkələrimizin xarici işlər nazirlikləri arasında sıx əməkdaşlıq mövcuddur. İki ölkə arasında iqtisadi, ticarət əlaqələrini inkişaf etdirmək məqsədilə hökumətlərarası birgə iqtisadi komissiya fəaliyyət göstərir. İndiyədək Azərbaycan və Pakistan arasında əməkdaşlığa dair otuzdan çox sənəd imzalanıb. Dövlət başçılarının qarşılıqlı səfərləri iki ölkə arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin daha yüksək mərhələyə qaldırılmasına, əlaqələrin daha da intensivləşdirilməsinə, əməkdaşlığın genişləndirilməsinə öz töhfəsini verib.
Bundan əlavə Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanda həyata keçirilən geniş miqyaslı humanitar layihələr iki xalq arasanda mövcud olan qarşılıqlı məhəbbəti daha da artırıb, hər bir pakistanlının qəlbində azərbaycanlılara qarşı böyük məhəbbət yaradıb.
–Qeyd etdiyiniz kimi, Heydər Əliyev Fondu Pakistanda çox mühüm humanitar layihələr həyata keçirir. Gələcəkdə hansı yeni layihələrin gerçəkləşdirilməsi gündəmdədir?
– Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanda silsilə humanitar yardımlar proqramı icra olunmaqdadır. Bu proqram çərçivəsində, “Edhi Home” kimsəsizlər evində sığınacaq tapan uşaqlara tibbi baxış və hepatit B virusuna qarşı peyvəndləşdirmə aparılıb, Peşavar şəhərinin “Akbar Care” serebral paraliç institutunda imkansızlar üçün pulsuz müayinə təşkil edilmiş, həmçinin Xayber Paxtunxva əyalətinin Laki Marvat şəhərinin qadınlar və uşaqlar xəstəxanasında açıq ürəkdə əməliyyatlar aparılıb.
Daha sonra, fond tərəfindən Həmza Fondu (Peşavar) üçün müasir qanköçürmə avadanlıq və laboratoriya ilə təchiz edilib “Suzuki” markalı təcili tibbi yardım avtomobili və 2000 ədəd qanköçürmə paketi alınıb, Xayber fondunun göz xəstəxanasının yeni binasının inşası üçün maddi yardım edilib, Ramazan ayında Pakistanın bütün 4 əyalətlərində yerləşən 11 uşaq evinin 1200 nəfərdən çox sakinləri üçün iftar süfrələri təşkil edilib. 2007-ci ildə Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə zəlzələdən zərər çəkmiş Rara qəsəbəsində inşa edilmiş qızlar məktəbi cari ildə əsaslı təmir olunub, təhsil ocağının sahəsi 1 hektardan çox genişləndirilib və yenidənqurma işləri aparılıb.
Bütün bunlara əlavə olaraq, ölkəmizin birinci xanımının adından məktəbin 5 əlaçı şagirdinə aylıq stipendiyalar ayrılb.
Əlamətdar haldır ki, Pakistan tərəfinin təşəbbüsü ilə Rara hökumət məktəbinə Mehriban xanım Əliyevanın adı verilib. Fondun cari il üçün nəzərdə tutulmuş işlərinə gəldikdə, qarşıdan gələn qurban bayramında Pakistanın şimal-qərb regionunda yüzlərlə iribuynuzlu malların kəsilməsi və onların əhalinin kasıb təbəqələrinə verilməsi planlaşdırılır.
Heydər Əliyev fondunun fəaliyyəti dost Əfqanıstanda da müşahidə edilməkdədir. Belə ki, cari ilin 19 aprel tarixində Kabildə yerləşən “Avisenna” uşaqlar evinə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın adından humanitar yardımlar paylanılıb.
–Necə düşünürsünüz, perspektivdə iki ölkənin əməkdaşlıq prioritetləri nədən ibarət olacaq?
–Artıq vurğuladığım kimi, ölkələrarası siyasi-diplomatik əlaqələr ən yüksək səviyyədədir. Məhz ona görə də biz, bu əlaqələri daha da inkişaf etdirməklə yanaşı, bundan sonra münasibətlərin ağırlıq mərkəzini daha çox praktiki müstəviyə istiqamətləndirməliyik. Bu, ilk öncə, iqtisadi-ticarət əlaqələrin inkişafı, müdafiə sənayesi sektorunda əməkdaşlıq, təhsil və humanitar istiqamətlərə şamil edilməlidir. Xalqlarımız və dövlətlərimiz arasında mövcud olan xoş məram insanlarımızın yaşayış tərzinin artmasına transformasiya olunmalıdır.
– Azərbaycanla Pakistanın iqtisadi sahədə əməkdaşlığı aşağı səviyyədədir. Bu sahədə əlaqələrin yüksəlməsi üçün hansı yeni addımlar atılmalıdır?
–Ölkələrimiz arasında iqtisadi –ticarət sahəsində əməkdaşlığın potensialı çox böyükdür. Pakistanın inkişaf etmiş kənd təsərrüfatı, yüngül və əczaçılıq sənayesinin olması, Azərbaycanın isə enerji sektoru, infrastruktur tikintisi və digər sahələrdə böyük imkanlara malik olması qarşılıqlı əməkdaşlığın faydalı olacağını əminliklə demək olar. Zənnimcə, mövcud potensialı reallaşdırmaq üçün isə qarşılıqlı biznes forumlarının və istehsal olan malların sərgilərinin keçirilməsi, birbaşa uçuşların açılması, hökumətlərarası birgə komissiyanın fəaliyyəti monitorinqinin güclənməsi və digər bu kimi addımlar atılmalıdır. Ölkələrimiz və xalqlarımız arasında mövcud olan xoş məram, qarşılıqlı etimad və sanballı hüquqi-normativ baza mövcuddur ki, bu amilləri əsas götürərək tərəflər fəaliyyətlərini inkişaf etdirməli, ticarət miqyasını artırmalı, qarşılıqlı olaraq investisiya layihələrində iştirak etməlidirlər.
– Bir qədər əvvəl birbaşa hava əlaqəsinin qurulması gündəmdə idi. Hazırda bununla bağlı məsələ nə yerdədir?
– Bu məsələ gündəmdə və müzakirə edilməkdədir. Azərbaycan tərəfi Pakistan hava yollarına ölkəmizə uçuş etməsinə dair razılığını verib və qarşı tərəfdən cavab gözləməkdədir. Ümumiyyətlə, bu mövzuda müşahidə edilən tərəddüdlər reyslərin sərnişinlə təmin edilməsi və uçuşların rentabelliyindən ibarətdir. Bəzi ekspertlər, ölkələr arasında gediş–gəlişin artmasını gözləmək və yalnız ondan sonra uçuşlara start vermək təklif edirlər. Buna alternativ fikir isə ondan ibarətdir ki, birbaşa uçuşların bərpa edilməsi, sərnişin axınının artmasına təkan verəcək və uçuşları kommersiya nöqteyi-nəzərdən gəlirli edəcək. Mən özüm, ikinci yanaşmanın reallığa daha yaxın olduğunu düşünürəm.
–Bu ilin sonuna kimi iki ölkə arasında hansı yeniliklər, rəsmi səfərlər gözlənilir?
–Pakistanın prezidenti cənab Asif Əli Zərdari və xarici işlər naziri Hina Rabbani Xarın İqtisadi Əməkdaşlıq Təşkilatının samiti çərçivəsində, həmçinin Pakistan Milli Assambleyasının sədr müavini Faysal Kərım Kundinin Azərbaycana səfərləri gözlənilir. Daxili işlər naziri general-polkovnik Ramil Usubovun və Milli Məclisin deputatlarının bir qrupunun Pakistana cari il ərzində, yaxud 2013-ci ildə səfərləri nəzərdə tutulub.
–Son hadisələri-ASALA-nın təhdidlərini nəzərə alsaq, səfirliyin mühafizəsi, təhlükəsizlik tədbirləri necə həyata keçirilir?
–Azərbaycan səfirliyinin diplomatları və onların ailə üzvləri təhlükəsizlik məsələləri mənim Pakistanın daxili işlər naziri Rəhman Malik, senatın daxili işlər üzrə komitəsinin sədri Mahmud Talha, xarici işlər katibi Cəlil Abbas Cilani və İslamabad şəhərinin icra hakimiyyətinin başçısı Tarik Pirzadə ilə görüşlərimdə müzakirə edilib. Pakistan rəsmiləri, bizim nümayəndəliyinin təhlükəsizliyini təmin etmək məqsədi ilə əlavə tədbirlərin görülməsini vəd ediblər. Biz də, səfirlik olaraq, təhlükəsizliyimizi təmin etmək məqsədi ilə bir sıra tədbirlərə əl atmışıq. Bir məsələni diqqətinizə çatdırmaq istərdim ki, Azərbaycanın Pakistandakı səfirliyinə təhdidlər təkcə ASALA-dan deyil, eyni zamanda regionda yaranmış mürəkkəb vəziyyət, Əfqanıstanda gedən müharibə, terrorçuların fəaliyyəti və bu kimi digər amillərdən irəli gələn təhlükələrlə bağlıdır.
–Daşqın müəllim, Siz həm də Əfqanıstanda Azərbaycanın səfirisiniz. Bu ölkə ilə əməkdaşlıq barədə nə deyə bilərsiniz?
–Azərbaycanın Əfqanıstanla çox səmimi dostluq münasibətləri mövcuddur. Əfqanıstan tərəfi ölkəmizi Dağlıq-Qarabağ məsələsində tam dəstəkləyir, Azərbaycan da, öz tərəfindən, bu ölkədə davamlı sülhün yaradılması üçün var gücü ilə çalışır. Azərbaycanlı sülhməramlılar koalisiya qüvvələri tərkibində fəaliyyət göstərir, ölkəmiz Əfqanıstanın tərəqqisi və iqtisadi inkişafı məqsədi ilə Türkiyənin təşəbbüsü ilə yaradılmış İstanbul prosesinə qoşulub və bu forum formatında böyük fəallıq göstərir. Əfqanıstanın prezidenti, Milli Məclisinin sədri və digər dövlət və hökumət rəsmiləri ilə görüşlərim zamanı, Əfqan tərəfi Azərbaycanla siyasi və iqtisadi münasibətlərin inkişafında maraqlı olduqlarını qeyd ediblər. Bildirmək istərdim ki, bu ölkə ilə iqtisadi və ticarət əlaqələrinin inkişafının çox böyük potensialı var və heç şübhəsiz ki, Əfqanıstanda davamlı sülhün bərqərar olmasından sonra bu münasibətlər böyük templərlə inkişaf edəcək.
–Azərbaycan-Əfqanıstan əlaqələrinin inkişafı üçün nə kimi yeni addımların atılması, layihələrin gerçəkləşdirilməsi nəzərdə tutulub?
– İlk olaraq, biz paytaxtlarımızda səfirliklərimizin açılmasına nail olmalıyıq. Böyük məmnuniyyətlə bildirmək istərdim ki, Əfqanıstanın Bakıdakı səfirliyinin açılması məsələsi öz həllini tapıb və yaxın günlərdə bu ölkənin səfirinin təyin olunması gözlənilir. Azərbaycan, İstanbul prosesi çərçivəsində infrastrukturun bərpası və bir sıra digər tədbirdə iştirak edir və, zənnimcə, bu istiqamət çox perspektivlidir. Onu da bildirməliyəm ki, Azərbaycanlı iş adamları Əfqanıstanda artıq fəaliyyət göstərməkdədirlər. Bu ölkədə, Silk Way aviaşirkəti yüklərin daşınması ilə məşğuldur, 30-dan çox mühəndis neft emalı zavodunda çalışır, xidmət sahəsində özəl iş adamları fəaliyyət göstərirlər. Eyni zamanda, ölkələrimiz arasında hüquqi-normativ bazasının yaradılması, qarşılıqlı yüksək səviyyəli səfərlərin təşkil olunması da böyük önəm kəsb edir. Düşünürəm ki, Əfqanıstanın prezidenti cənab Həmid Karzayın İƏT sammiti iştirakı çərçivəsində Bakıya cari ay ərzində səfəri iki dost ölkə arasında əlaqələrində mühüm dönüş nöqtəsi olacaq.
PƏRVANƏ