GÖYƏRÇİN
Səni sevdim, Vətən!
Dostun dostum, düşmənin düşmənim oldu.
Xoş günün özgələrin,
Bostanına atılan daş mənim oldu.
Həyəcanında yuxusuz gecələrim əridi,
Səni qorumaq cəhdim şeirlərimdə
misra-misra qara qüvvələrin üstünə yeridi.
Şahidi olduğum müsibətlərini qələmə alıb
dünyaya yolladım,
Bir az küsgün qızın olduğum üçün
şücaətimə sevinən olmadı.
Sən gözəlsən, Vətən!
Arzularım üçün bitib, tükənməyən azadlıq
mənbəyi,
rahatlığım üçün dar oldun.
Qadınların zəhmətkeş, azacıq məqsədlərindən
uzaq düşmüş oldular,
Kişilərin Qarabağ savaşından əliboş döndülər,
Ulduzların yandılar, söndülər...
Sənin baharını yaşadım, ömrümün yox,
Sənin yükünü daşıdım, özümün yox.
Sən yaşayasan deyə uydurduğum səhnələrdə
yüz kərə öldüm,
Torpaqların işğal altında inlədikcə
Cəhənnəmin özünü gördüm.
Sən doğmasan, Vətən!
Rəftarın bir az soyuqdur.
Bəlkə də, səni yetərincə sevmədim,
Bəlkə də, sevgisizlikdən üşüyən ruhum
bu soyuqluğa layiqdir.
Məni qınama, şair olduğum üçün.
Məni danlama, insan kimi doğulduğum üçün.
Hamı insan kimi gəlsəydi dünyaya
Sərhədlərə ehtiyac qalmazdı,
Hamı bəşəri sevsəydi, müharibələr olmazdı.
Məkrlilərin irq bölgüsü
Ədalətin üzərinə qalın kölgə salmazdı.
Mənim Vətənim böyükdür, Vətən!
Qaraların da Vətəni Vətənimdir, ağların da.
Əzilən hər kəsin Vətəni mənimdir.
İnsanlığa laqeyd ola bilmirəm,
Ac-yalavac uşaqların acı göz yaşlarına
biganə qala bilmirəm.
Dünya seyrinə çıxıram ürəyimdə Sən,
Vətənin şəxs əvəzliyi əvəzsizliyidir,
bilirəm.
Sirrini vermərəm heç kimə.
Sən əzizsən, Vətən,
Amma “dünya vətənimdir” desəm, incimə.