Qadın səadətdir,qadın məhəbbətdir. Çünki məhəbbətsiz səadət yoxdur. Qadın səmadır. O, təfəkkürlərdən yerin göy qübbəsindən uzaq olduğu qədər uzaqdır, anlaşılmazdır. Qadın bəlkə də dünyanın ən qüdrətli sərkərdələrindən daha qüvvətli, ən zəkalı diplomatlarından daha ağıllıdır. Heç düşünmüsünüzmü bu dünyada qadını hansı qüvvə yenə bilər? Sevgi? Yox.! Qadın sevgi acısına da,əhdi –peyman, düz ilqarın etibarsızlığına da sinə gərə bilər. Cahan mülkində qadın bir hissin qarşısında acizdir- Analıq hissi! Övlad eşqi!
Olum, ölüm, din, fəlsəfə, bir də eşq. Dünyada baş verənlər hamısı onun ətrafında dövr eyləyir. Həyata səni güclü yaşam eşqi bağlayır. Güclü eşq səni uğrunda ölümə də aparır. Gözlə görülməsi mümkün olmadığı kimi, sözlə ifadəsi də qəlizdir Övlad sevgisi, Analıq hissinin. Çünki bu hiss qədər qadını məsud edən, onun acısı tək həyatdan küsdürən,məhrumiyyətlərə düçar edən qüvvətli heç nə yoxdur. Təkcə övladı üçün qadın hər nisgilə,əzaba qatlaşa bilir. Övladı üçün rüzgara qarşı gedir, bu sərtlik onu yıxmır, əksinə güc verir. Onun üçün ayağına dəyən daş sızlatmır, mətin edir.Qadın üçün taleyin ən böyük sınağı Övlad itkisidir. Bu imtahan onun canını alıb burnunda saxlayır, nəfəs ala bilmir xırıldayır, qəlbi közərib, sızım-sızım sızıldayır. Övladı üçün qismətin ən amansız gərdişinə acizanə boyun əyən ana,bala dağının ürəyinə vurduğu atəşin oduna sarsılır,hətta Allaha üsyan edir. Çünki hər hansı ictimai –siyasi quruluşdan, mövqe və mənsəb ,yaşından asılı olmayaraq Azərbaycan Anası balasının uğrunda hər döyüşün gözünə dik baxa-baxa gözü,tərcümeyi –halını özü yazıbdır,özü.
Psixoloqların qənaətincə,qadın ana olduğu ilk 10 saniyədə duyduğu səadəti ömrünün sonunadək bir də yaşamır. Təəssüf ki, mənfur qonşularımızın çirkin siyasət meydanında əsdirdiyi yellərin, müharibənin qəfil gətirdiyi qanlı sellərin axınında neçə-neçə analarımız doğma,mehriban,əziz övladını itirib. Min arzuyla qurduğu növrağını itirib. Mən heç vaxt şəhid anasının gözlərinə baxa bilmirəm. Qorxuram! Məni boş səhraya döndərdi illər,
İtən günlərimi qaytarın mənə.
Körpə təranəli, kövrək qədəmli,
İstəkli balamı, qaytarın mənə.
Yandım gurhagurla başdan–ayağa,
Barı küllərimi qaytarın mənə.
Bu fikirləri oxuduğum donuq baxışlar ürpəndirir məni .Gurhagurla yandığına şahid ocağın sönmüş halı insana nə qədər qüssə verirsə , şəhid anası ilə üzləşmək də mənimçün o qədər iztirablıdır. Yanğı dolu pəsdə olan səsin şaqraq zillərini qaytara bilmədiyim üçün.
Həmişə müharibə,onun qanlı-qadalı günləri ilə bağlı acı xatirələr nənəmi çuğlayanda bizi ətrafına toplayar, iştirakçısı olmuş kimi hər anını əzbər bildiyim hadisələri təkrar-təkrar nəql edərdi. Nənəmin nişanlısı olan əmisi oğlu müharibədən qayıtmamışdı. Mən həmişə onun barəsində danışmağını istəyərdim. Sən qara kağızı alanda nə etdin? Buna necə dözdün- sualları ilə yazığa rahatlıq verməzdim. Onun isə ,ay bala ,təkcə mən deyildim ki,bir gündə kəndə neçə-neçə qara kağız gəlirdi- soyuqqanlı cavabı məni təəccübləndirərdi. Mən isə təkcə səni soruşuram, Sən nə etdin,deyə, hey israr edərdim. 20 il bundan əvvəl –Böyük çevrə daxilində müharibələrdə milyonlarla insanın ölümü sxolastik statistika, amma dairə kiçildikcə bir ailənin,bir qadının,bir övladın,ən nəhayət bir Ananın faciəsidir fikrinin dərkinə varıb,izhar edə bilmədiyim üçün. Ana faciəsi,canından ayrılan can itkisi, qadının ürəyinə vurulan elə dağdır ki,onu sarsıdır. Onsuz da ruhla bədən arasındakı məngənədə sıxılan canın cəhənnəm atəşindən də betər odda qovrulmasını, düzü, düşmənə də arzu etmək günahdır. Ölüm itki deyil.Ən böyük itki sağ olarkən içində ölməkdir. Mən cismindən can ayrılan mübarizlər, fəridlər kimi yüzlərlə Qəhrəman anasının ürəyinə baxmaq istəyirəm. “Düşmənim qanlı taleyimdir, ana” deyib bir anlığa döyüşə atılan,bir daha geri qayıtmayan, Azərbaycan bayrağı yorğanı,torpağı döşəyinə çevrilən,Vətənə sözdə deyil,əməldə fəda olan oğulların. Övladlı günlərin səadət dolu xatirələrinin zillətində qovrulanların. Bilirəm ki, övladları üçün Zirvə əzablı oldu,Şöhrət ələmli. Bilirəm ki, həmişə Alov var bu ürəklərdə. Yaradanın ən böyük imtahanına çəkilib yanar ürək sahibləri. Müqəddəs kitabda buyrulur ki, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayırıq. Səbr edənlərə müjdə var. Şəhid anaları üçün də müjdə övladlarının cənnətin, böyük bir millət və tarix yaddaşının əbədi sakinləri olmasıdır. Başına nə gəlirsə gəlsin məyus olma, bütün qapılar örtülsə belə, axırda O, sənə heç kimin bilmədiyi gizli bir yol açar. Bu deyim Şəms Təbrizinin müqəddəs hesab etdiyi 40 qaydadan biri idi. Tanrı şəhid anaları üçün bizim qəlbimizdə sevgi cığırı açıb.O cığırın hər qarışında biz, Azərbaycana Nəhəng oğullar bəxş edən Böyük anaların qarşısında hörmət və ehtiramla baş əyirik. Övladlarınızı əvəz edə bilərik demək cürətində bulunmasam da, sadəcə, yaralı könlünüzə azacıq məlhəm olmağa hər birimiz hazırıq söyləyəcək qədər özümdə təpər tapdım. Təki qəlbinizin “Nə öncə öylə səadət,nə böylə zillət olaydı” fəryadını eşitməyək. O səda insanı gücsüz edir...