|
|
|
|
Nizaməddin ŞƏMSİZADƏ
professor
Bir neçə il idi ki, İncəsənət Universitetində nəzəri fənləri, o cümlədən əruzu tədris edirdim. Akademiyanın bağında yazıçı dostum Əlibala Hacızadə ilə gəzişən Əkrəm Cəfərə rast gəldim. Ədəb-ərkan salamından sonra söhbətə qoşulub soruşdum: Ustad mən beş ilə əruzu tədris etmək səviyyəsində öyrənə bilərəm? Barmağını “yox” istiqamətində yelləyib ürəkdən güldü və dedi: Əşşi mən otuz ildi əruzu öyrənə bilmirəm...
Əruz ədəbiyyat nəzəriyyəsinin inteqralıdı. XIII əsrdə (767-ci il) ərəb dilçisi və musiqişünası Əbu Əbdürrəhman Xəlil ibn Əhməd əl Bəsri, əl Fərahi (718-790) tərəfindən əsası qoyulan əruz orta əsrlərdə mədrəsələrdə ana dili ilə bərabər tədris olunur, buna görə də əruzu bilməmək ayıb sayılırdı.
Türk alimi İ.Həbib “Ərəb islam millətlərinə iki şey verdi: din və əruz” - deyə ona çox böyük qiymət vermişdir. Əruz haqqında Şərqdə çox, bizdə isə az yazılıb. Böyük nəzəriyyəçi Əkrəm Cəfər “Əruzun nəzəri əsasları və Azərbaycan əruzu” (1977) adlı fundamental monoqrafiyası ilə müqayisəli əruzşünaslığın əsasını qoyub. O, özündən sonra daha qiymətli bir əsər - bu günlərdə 50 yaşı tamam olan istedadlı tələbəsi, əruzşünas alim Tərlan Quliyevi ərsəyə gətirib. Alimin böyüklüyü ondadır ki, o, təkcə yaxşı əsər yazmır, həm də özündən sonrakı nəsillər üçün yaxşı mütəxəssis yetişdirir, məktəb yaradır.
Əkrəm Cəfər məktəbinin ən gənc və istedadlı yetirməsi Tərlan Quliyev 1962-ci il oktyabr ayının 6-da Bakıda ziyalı ailəsində anadan olub. Onun atası Aslan Quliyev, anası Balaxanım İbrahim qızı, dayısı Malik Qarazadə və xalası indiki BDU-nun şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsini bitirmişlər. Dayısı 1995-2008-də BDU-nun ilahiyyat fakültəsində kafedra müdiri olub.
Tərlan ilk təhsilini Bakıdakı ərəb dili təmayüllü 44 saylı orta məktəbdə, ali təhsilini 1979-1984-cü illərdə BDU-nun filologiya fakültəsində almışdır. Hələ beşinci kursda diplom işi yazarkən Ə.Cəfərlə tanış olmuş bu böyük alim onun həm diplom işinin, həm də 1990-cı ildə müdafiə etdiyi “Nəsirəddin Tusinin “Miyarül-əşar əsəri” mövzusunda namizədlik dissertasiyasının elmi rəhbəri olub.
Tərlan 1989-cu ildə AMEA-nın Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunda baş laborant kimi əmək fəaliyyətinə başlayır. 2001-ci ilə qədər çox qısa müddətdə biliyi, istedadı təşkilatçılığı, səmimiyyəti sayəsində orada şöbə müdiri vəzifəsinə yüksəlir. Nəzəriyyəçi alim 2004-cü ildən bu günədək AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunda çalışır, hal-hazırda bu elm məbədində “Əlyazmaların kataloqlaşdırılması” şöbəsinin müdiridir.
T.Quliyev 2003-cü ildə müvəffəqiyyətlə “Əruz və qafiyəşünaslıq tarixi VIII-XVI əsrlər” mövzusunda doktorluq dissertasiyası müdafiə edib.
İlk məqaləsinin çap olunduğu 1985-ci ildən bu günədək onun 100-dən artıq məqaləsi, “Əruz və qafiyəşünaslıq tarixi (VIII-XVI əsrlər)” (1998); “Əruz” (2001); “Anadilli şeirimizin qədim dövrü” (2001), “Anadilli əruizvəznli şeirimizin poetik inkişaf yolu” (2011) kimi çox dəyərli kitabları çap olunub. O, böyük türk şairi Əlişir Nəvainin əruz nəzəriyyəsinə dair “Mizanül övzan” (2006) əsərini tərcümə, ön söz və qeydlərlə çap etdirib.
Tərlan Quliyev 1993-cü ildən başlayaraq dünyanın İran, Tükiyə, ABŞ, Türkmənistan, Özbəkistan, Kıprıs kimi ölkələrində beynəlxalq konfrans və simpoziumlarda Azərbaycan elmini ləyaqətlə təbliğ və təmsil edib.
Onun əsərləri müasir əruzşünaslıq elmimizin və nəzəri fikrin səviyyəsini əks etdirir. Araşdırmalarında Şərq-Qərb elminin ən müasir nailiyyətlərinə əsaslanan əruzşünas alim çox ustalıqla faktın nəzəri fəzasını təyin edir, mühakimələrində fəhmin və məntiqin vəhdətinə əsaslanır. Ərəbdilli elmin və ədəbiyyatın, anadilli bədii fikrimizin müxtəlif cərəyanlarına dərindən bələd olan T.Quliyev səylə tarixiliyə istinad edir, konteksti nəzərə alaraq nəticələr çıxarır.
Əruzdan nəinki kitab yazmaq, əruzdan bir səhifə belə yazmaq çətindir. Şərqin üç böyük dilində - ərəb, fars və türk dillərində yaranmış klassik Şərq ədəbiyyatı əruz vəzni üzərində təməl tapıb. Dahi Füzuli “Qəzəl bildirir şairin qüdrətin” dedikdə həm də əruzla yazmağın çətinliyini ifadə edirdi. T.Quliyev əruzun sehrli aləminə daxil olmuş bir mütəxəssisdir. Müasir əruzşünaslıq elmimizin yaradıcılarındandır. Mən heç bir tərəddüd etmədən onun kitablarını, xüsusilə “Əruz və qafiyəşünaslıq tarixi” və “Anadilli əruizvəznli şeirimizin poetik inkişaf yolu” monoqrafiyalarını əruz nəzəriyyəsi sahəsində nüfuzlu mənbələr hesab edirəm. Orta əsrlərdə şeirin necəliyini təyin edən iki tərəzi, iki meyar əsas idi: vəzn və qafiyə. T.Quliyev klassik şeirin əsas vəzni olan əruzu və vəznin şəriki olan qafiyəni ərəbdilli məxəzlər əsasında əsaslı şəkildə araşdıraraq dəyərli nəticələrə gəlib.
T.Quliyevin əruz və qafiyəşünaslıq sahəsində tədqiqatları müasir qloballaşan dünyada, rəqəmsal avropaçılıqla ruhi aləm - şərqçilik arasında mücadilələr getdiyi bir dövrdə xüsusi əhəmiyyət kəsb edir. Bu əsərlər şərqçiliyin dayaqlarını möhkəmlədir, milli özgünlüyün qorunmasına şərait yaradır.
T.Quliyev tapdanmış yolla getməyib, böyük Ə.Cəfərin müqayisəli əruzşünaslıq elminin işığında özünə yeni yol tapıb, öz adını bəşər fikrinin hələ çox-çox əsrlər heyrətdə qoyacaq əruzun tarixi ilə bağlayıb. İstedadlı alim ömrünün yetkin çağına - 50 yaşa gəlib çatıb. İstiqlal yolları ilə əzmlə nurlu sabahlara addımlayan xalqımız ondan yeni tədqiqat əsərləri gözləyir.
Əzizim Tərlan! Qoy canın sağlam, zehnin iti, fəhmin hüdudsuz, yazıb yaratmaq ehtirasın tükənməz olsun.