|
|
|
|
Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi (DCİY İB) və “XXI Əsrin Qadınları” İctimai Birliyi dünən “Dünənimiz, bu günümüz, sabahımız! “ mövzusunda tədbir keçirib. Tədbirin əsas məqsədi Milli Şuranın 18 avqust 2013-cü il tarixində keçirəcəyi mitinqlə bağlı olub. Tədbiri giriş sözüylə açan DCİY İB-nin Gənclər departamentinin sədri Fidan Yusifli bu kimi halların sağlam düşüncəli gənclər tərəfindən heç də yaxşı qarşılanmadığını əksinə gənclərin bu günki fəaliyyətinə çox mənfi təsir bağışladığını onların fikirlərini lazımsız istiqamətə yönəltdiyini vurğulayıb: “Bir vətəndaş olaraq, təmsil etdiyim birliyin, təhsil aldığım Bakı Dövlət Universitetinin gəncləri adından onu qeyd etmək istəyirəm ki, bu gün Azərbaycanda hər bir gəncin ürəyində cənab prezidentimizə qarşı bir minnətdarlıq hissi var. Çünki bu gün aid olduğu təbəqədən asılı olmayaraq hər bir gəncin təhlükəsiz bir mühitdə yaşaması, tam təhsil alması, istənilən istiqamətdə istənilən pilləyə qədər inkişaf etməsi üçün hər bir şərait yaradılıb. Biz bu dövlətin gənci olduğumuz üçün xoşbəxtik və əminik ki, dövlətimizə dəstək olub cənab prezidentimizin ətrafında birləşərək addımladığımız yol bizi işıqlı sabaha aparacaq”.
DCİY İB-nin prezidenti Əsgər Məmmədov xarici qüvvələrin Azərbaycandakı sabitliyi pozmaq üçün müxtəlif yollardan istifadə etməsindən danışıb: “Biz bu oyunun Liviyanı nə hala salmasının əyani şahidi olmadıqmı? Dünənə qədər tək Müəmmər Qəddafinin idarə etdiyi Liviyanı bu gün bütün dünya birləşib idarə edə bilmir. Qəddafini öldürdükdən və Liviyanı viran qoyduqdan sonra Qərb etiraf etmədimi ki, Qəddafi hərbi cinayətlər törətməyib. İnsan haqlarının qorunması üzrə Qərbin ən nüfuzlu təşkilatlarından olan Amnesty International bildirmədimi ki, Müəmmər Qəddafinin əsgərləri dinc insanlara qarşı isgəncə və zorlamalarda iştirak etməyiblər. Təşkilatın rəsmi nümayəndəsi Donatella Rovera demədimi ki: “Biz Qəddafi əsgərləri tərəfindən isgəncə və zorlama hallarına rastlaşmadıq. Biz nəinki işgəncə və zorlama qurbanlarına, heç bu “qurbanları” görmüş insanlara belə tapa bilmədik.” Bu gün “ fateh “ olmaq istəyənlər uzun illərdir Əfqanıstanın, Suriyanın, Misirin, İraqın başına gətirdiyi faciəni bu gün Azərbaycana yaşatmaq istəyirlər.Amma onlar unudurlar ki, bu gün kiminsə bizi uçuruma sürükləmək istəyi Xocalı faciəsini yaşamış xalqa tanış ssenaridir. Mən əminəm ki, belə insanlar səhv yolda olduqlarını tezliklə başa düşəcək və bu xalqın ağsaqqalları, ziyalıları başda cənab Prezidentimiz İlham Əliyev olmaqla bir yumruq kimi birləşərək Azərbaycan xalqının hansısa bir xarici qüvvənin fateh olma niyyətinə qurban getməsinə imkan verməyəcəklər”.
“XXI Əsrin Qadınları” İctimai Birliyinin sədri Mahirə xanım Əmirhüseynova qadınların cəmiyyətdə olan bu günki rolundan, qadın hüquqlarının qorunması üçün atılan addımlardan bu sahədə bir birlik, bir cəmiyyət olaraq qazanılan nailiyyətlərdən geniş söhbət açıb: “Azərbaycan bir çox beynəlxalq təşkilatlarla əməkdaşlıq etmək və konvensiyalara qoşulmaqla yanaşı, ölkə daxilində də qadınların hüquq və azadlıqlarının qorunması istiqamətində bir çox normativ hüquqi aktlar qəbul edib. “Gender (Kişi və qadınların) bərabərliyinin təminatları haqqında”, “Qadın zorakılığı haqqında” Qanunları, Ailə Məcəlləsinə edilən dəyişikləri misal çəkmək olar. “Mən də qadınam, mənim haqqımı niyə tapdamırlar? Niyə kimsə mənə “sən qadınsan, buna haqqın yoxdur” deyə bilmir? Qadınlar haqqını bilməsə də, bu ölkədə onların haqqı qorunur.” Mahirə xanım çıxışında onu da vurğulayıb ki, bütün faciələrin ən ağır nəticələrini qəlbən yaşayan qadınlardır. Ana, bacı, yoldaş olaraq tarix boyu xalqımızın üzləşdiyi faciələrin nəticəsi olaraq yaşadığımız əzabları Azərbaycan qadını bir daha yaşamaq istəmir. Və biz tək qadınlar yox bütöv cəmiyyət olaraq cənab prezidentimizin ətrafında birləşərək bu faciələrin yenidən təkrarlanmaması üçün bütün gücümüzü səfərbər etməliyik”.
Daha sonra birliyin İdarə Heyətinin sədri, Yeni Azərbaycan Partiyasının əsas fəallarından biri, tarixçi Tural Məmmədov çıxış edib. Xalqımızın keçdiyi tarixi yolları müqayisəli şəkildə tədbir iştirakçılarının nəzərinə çatdıran T.Məmmədov hakimiyyətin daim “sapı özündən olan baltalar”la yıxıldığını tarixin dəfələrlə sübut etdiyini qeyd edib: “Bu gün çağırış edirlər ki, banklara borcu olan hər kəs mitinqə dəvətlidir. Mən üzümü tutub müxalif qüvvələrdən soruşmaq istəyirəm hansı dövlətin tarixində belə bir hal yaşanıb? Bu gün siyasəti ictimaiyyətə onu milli mənəvi dəyərlərə qarışdıran insanlar hakimiyyət xülyasına düşüb və xalqı da bu qaranlıq dünyalarına aparmaq istəyirlər. Mən əminəm ki Azərbaycan xalqı 90-cı illərin əvvəlində çəkdiyi işgəncələri yaddan çıxarmayıb. Əli avtomatlı ictimaiyyət arasında gəzən “qoçuların”, kefləri istədikləri üçün dinc əhalinin namusuna sataşıb kiminin qızını, kiminin gəlinini, arvadını, evindən çıxartdıran “ziyalıların” və buna haqq qazandıran dövlətin bataqlığını bizim xalqa tanışdır. Biz çox inanırıq ki, xalqımız zamanı çatanda ağı qaradan ayırd edəcək”.
Tədbir iştirak edən ziyalıların, ictimai xadimlərin çıxışları ilə davam edib və bu kimi hallara qarşı xalq olaraq dövlətimiz ətrafında birləşməyin vacibliyi yekdilliklə vurğulanıb. Onlar İlham Əliyevin Azərbaycan xalqının qalibiyyət lideri olduğunu bildiriblər”.
AQİL