https://525.az/img/pics/medium/2024-04/311242_odoc9t9k42.jpg “525-ci qəzet”in 25 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-04/311122_b1hfkgacxz.jpg Birinci siniflərə şagird qəbulu: prioritet tətbiq olunacaq məktəblərin siyahısı açıqlanıb
https://525.az/img/pics/medium/2022-06/229548_4az6e84pj9.jpg Aktrisanın şirin-acı həyat hekayəti - Telman Orucov yazır
https://525.az/img/pics/medium/2024-04/311123_csv76oo4sq.jpg "Əliağa Vahidin portreti" - "Bir rəsmin dedikləri"
search
25 Aprel 2024
24 Aprel 2024

Qurban Qurbanov: "Bu insanın mənim məşqçi olmağında böyük rolu olub" (Müsahbə)

Qurban Qurbanov: "Bu insanın mənim məşqçi olmağında böyük rolu olub" (Müsahbə)

“Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanovun apasport.az saytına müsahibəsi


- Milli komandanın Malta ilə dünənki yoldaşlıq görüşündə çıxışını necə dəyərləndirərdiniz?

- Öncə yığmamızı təbrik edirəm. Belə deyək, hər bir uğurlu nəticə vacibdir. Milli inamlı qələbə qazandı. 3:0 hesablı qələbə futbolçuya psixoloji, özünəinam baxımından böyük bir köməkdi. Oyuna gəlincə, heyətdə bəzi dəyişiklər vardı.


- Yeri gəlmişkən, “Qarabağ”ın əsas futbolçularından Rəşad Sadıqovla Maksim Medvedev ehtiyatda idi. Bu, sizin üçün gözlənilməz olmadı ki?

- Yox. Bunu normal qarşıladım. Əvvəllər də bunun şahidi olmuşuq. Bildiyiniz kimi, Rəşadın boynunda zədə vardı. Hardasa buna görə ehtiyat elədilər, meydana ilk dəqiqələrdən buraxmadılar. Ola bilsin, hansısa bir oyun quruculuğunda bəlkə problemlər vardı. Ancaq bu da normaldı.


- Görüşü AFFA prezidenti Rövnəq Abdullayevlə birgə fəxri tribunadan izlədiz. Bu, sırf təsadüf idi, yoxsa?

- Təsadüf deyək. Bilirsiz ki, mən Rövnəq müəllimin rəhbərliyi altında həm futbolçu olmuşam, həm də baş məşqçi işləmişəm. Belə oyunlarda daim görüşəndə, mənə öz yanında həmişə yer verib. Ola bilsin əvvəllər belə hallar videoyazıya düşməyib. Ancaq həmişə bir-birimizlə çox hörmətlə görüşmüşük. AFFA prezidenti məni yaxşı qarşılayıb. Bu insanın mənim məşqçi olmağında böyük rolu olub. Çünki 1 il “Neftçi”də işlədiyimiz vaxt uğursuzluqlara baxmayaraq, məni sona kimi dəstəklədi.


- Yanaşı oturduğunuz üçün Berti Foqtsun gedişindən sonra millidə baş məşqçi postunun elə sizə tapşırılacağı deyilir. Bunlar sizdə necə reaksiya doğurur?

- Bizim tam başqa söhbətimiz oldu. Təbii ki, bunlar “Qarabağ”ın qarşıdakı oyunları, Avropa Liqasında sınaqla bağlı idi. Arxayın ola bilərlər: milli barədə heç bir söhbətimiz olmadı.


- Bəs Foqtsun yerinə gələcəyinizlə bağlı söz-söhbətlər sizi bezdirməyib?

- Gəlin, belə danışaq: hazırda bu haqda düşünmürəm. Çünki 5 ildir “Qarabağ”ın baş məşqçisiyəm. Həm çempionat yeni başlayıb, həm də qarşıda “Ayntraxt”la vacib görüşlərimiz var.


- Klublarımız üçün güclü rəqiblə ilk görüşü səfərdə yox, evdə keçirmək yaxşıdı. Çünki birinci oyunda rəqib meydanında böyük fərqlə uduzmaqla, cavab matçı formallığa çevrilir. “Borussiya” və “Tvente” ilə qarşılaşmalar da buna sübutdu. Bu mənada almanlarla ilk oyunu Bakıda keçirmək şansımızı artırırmı?

- Püşk istəyimizdən asılı deyil. Ancaq ilk oyunu səfərdə keçirmək yaxşı olsa da, fikrimcə, azarkeşlərimiz qarşısında keçirmək bəlkə də daha yaxşı ola bilər. Ancaq digər tərəfdən fikirləşəndə, Allah eləməsin, ilk oyunda evdə uduzanda, şans azalır. Bu zaman futbolçuları cavab matçına kökləmək daha çətinləşir. Ancaq “Borussiya” və “Tvente” ilə səfərdə uduzsaq da, evdə ən azından heç-heçə etməyə çalışırdıq.


- Püşkdən 6 gün keçib. Rəqibi nə qədər öyrənə bilmisiniz? “Ayntraxt”ın startda Bundesliqaya qayıdan “Herta”dan 1:6 hesablı məğlubiyyət almağı hansı nəticə çıxartmağa əsas verir?

- Yazılanları oxuyuram və həmin məğlubiyyət çox insanlara daha çox ümid verir ki, “Qarabağ” bu komandanı mütləq məğlub etməlidir. Ancaq oyuna baxmışam və “Herta”nın hər hücumu demək olar qol oldu. Bundesliqa elə bir çempionatdır ki, bu nəticələri hər oyun gözləyə bilərsən. Bu, o demək deyil ki, komanda zəifdir. Bu nəticə futbolçularımıza müsbət təsir edə bilər.


- Hesab etmirsiniz ki, əksinə arxayınlaşdırar?

- Yox. Buna inanmıram. Çünki hamı bilir ki, Bundesliqanı hazırda başqa çempionatlarla yan-yana qoymaq düzgün deyil. Futbolçularımız da bunu dərk edirlər. Rəqibi tanıyırlar, öz oyun üslubları var.


- Rəqibinizi “Qarabağ”la oyun öncəsi çempion “Bavariya”, daha sonra Dortmund “Borussiya”sı ilə sınaq gözləyir. Bu, sizin xeyrinizədir?

- (gülür) Ona qalsa, biz də çempionatda “Xəzər Lənkəran”, sonra “Qəbələ” ilə oynayacağıq. Çempionatları yan-yana qoysaq, vəziyyət belədir.


- Gəlin, Almaniya və Azərbaycan klublarını tərəzinin eyni gözünə qoymayaq...

- Ümumiyyətcə, bu haqda düşünməyək. Çünki onlar çempionata yeni başlayıblar. Getdikcə, oyundan-oyuna optimal forma yığası bir vaxtlarıdır. Əlbəttə, “Ayntraxt”a belə güclü rəqiblərə qarşı oynamaq çox ağır olacaq. Ancaq bunlar fərqli turnirlərdir. Çünki bir rəqibi keçməklə böyük şansları var ki, Avropa Liqasının qrup mərhələsinə düşsünlər.


- “Qarabağ” 3-cü dəfə pley-offda oynayacaq. Razılaşırsınız ki, “Aynraxt” Dortmund “Borussiya”sı və “Tvente” ilə müqayisədə o qədər də qorxunc rəqib deyil? Sizcə, bu amil qrupa düşmək şansımızı artırırmı?

- Açığı, “Xəzər Lənkəran”la oyuna kimi “Ayntraxt” haqda danışmaq istəmirdim. Çünki futbolçuları Lənkəran klubu ilə oyuna düzgün hazırlaya bilmərəm. Mən tam açıqlamalar versəm ki, biz “Ayntraxt”ı fikirləşirik, yox, bu, düzgün olmaz. Bizim üçün vacib olan hər oyundakı digər matçda təkrarlamaq istəməməyimizdir. Şansımız var ki, “Xəzər Lənkəran”la matçda öz oyunumuzu daha da yaxşılaşdıraq. Gördüyümüz səhvləri Avropa Liqasında aradan qaldırmaq. Bunu edə bilməyimiz almanlara oyuna daha yaxşı hazır olmağımız deməkdir. Əgər “Aytraxt”ı fikirləşsək, “Xəzər Lənkəran”la oyuna hazır ola bilmərik.


- Elə isə lənkəranlıların son vaxtlar “qara zolaq”da olması, komandanızı qələbəyə daha şanslı edir?

- Məncə, nə “Xəzər Lənkəran”ın, nə də “İnter”lə “Bakı”nın üstünə getmək lazımdır. Çünki çempionat yeni başlayıb. İndi elə bir andır ki, heç bir rəqibi hesabdan silmək olmaz. Məsələn, “Xəzər Lənkəran”ı “Qarabağ”dan, yaxud “Neftçi”ni, “Bakı”nı kimdənsə zəif etmək olmaz. Çünki mən o qədər bu şeyləri görmüşəm ki... Məsələn, “Qarabağ” 4 oyun dalbadal uduzub, ancaq sonda gəlib ilk “üçlük”də olub. Bu çempionat elədir ki, hər bir komanda bir-biri ilə 4 dəfə görüşəcək.


- “Xəzər Lənkəran”dan sonra rəqibiniz olan “Qəbələ”nin çempionatda uğurlu startı sizin üçün gözlənilməz olmadı ki?

- Yox. Niyə ki? “Qəbələ” həmişə şanslı olub.

- Yeri gəlmişkən, bu komanda ilə oyunlarınız həmişə çətin olub...

- Çox çətin. “Xəzər Lənkəran”ı da, “Qəbələ”ni də götürsək, bu gün iddialılardır. Bilirəm ki, lənkəranlılar Türkiyənin I divizionundan məhsuldar hücumçu da götürüblər. Görünür ki, onlar get-gedə daha da mübarizə aparırlar. Belə götürəndə, 2 bərabərliyə qalıblar və bu, heç də pis nəticə deyil. “Sumqayıt”a qarşı biz də oynadıq, ümumilikdə bizim üçün çox ağır oldu. “Simurq”un isə öz oyunu ilə bütün komandalara başağrısı olduğu bilirik. Qol da buraxmayıblar, hər bir komandanın başını da ağrıdıblar. Yəni, adi rəqib deyil.


- “Qarabağ” əvvəllər daha çox yerli futbolçulardan ibarət komanda idisə, bu gün legionerlərin sayı artıb. Belə demək olar ki, bu siyasət nəticə baxımından daha çox faydasını verir?

- Deməzdim ki, legionerləşib. Sadəcə, bəzən legionerin olmağı tələb olunur. Bu, həm oyun, həm də iş prinsipləri baxımındandır. Mənim üçün də məşqçiliyimdə hardasa bir yenilikdir ki, bu qədər legionerlər işləyirəm.


- “Neftçi”də də legionerləriniz olsa da, say bu qədər çox deyildi...

- Əlbəttə, bu qədər yox idi. Əsas komandanın uğurudur. Elə yerli futbolçular var ki, bəzən komandasını dəyişmək onlar üçün daha faydalı olur. Buna görə belə şeyləri, onların gələcəyini də fikirləşib bu addımı atdıq. Digər tərəfdən, legionerlərin gəlməyi əlimizdə olan yerli futbolçuların məsuliyyətini daha da çoxaldır. Bu zaman öz işlərinə daha ciddi yanaşırlar. Ona görə belə hallar olacaq. Kim bilir, gələn il bəlkə tam əksinə oldu.

- Çoxları deyir ki, çempionluq uğrunda mübarizə yalnız “Neftçi” ilə “Qarabağ” arasında gedəcək, 3-cü komanda yoxdur. Bununla razısınız?

- Yox. Deməzdim ki, “Neftçi” ilə “Qarabağ” digər komandalardan belə çox fərqlənir. Düşünmürəm ki, çempionluq bizim öz aramızdakı oyunlarda həll olunacaq. Hələ indidən bilmək olmaz. Bu gün “Qəbələ” inamla gedir. “İnter” həmin komandadır ki, hər il ilk üçlükdə gedir. Məğlub olsa da, öz oyun üslubu, sistemi var. “Xəzər Lənkəran” adlı-sanlı baş məşqçi, indi isə seleksiyaçı məşqçi Mario Souzanı gətirib. Bunlar hamısı planlaşdırılmış şeylərdir. Düşünürəm ki, hər bir klubda futbolçu sayı çox olacaq və nəticə daha çox tələb olunacaq. Ona görə də çempionatda hələ heç kimin taleyi bilinmir.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.