Azərbaycan Respublikasının Əməkdar artisti, Dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri vəzifəsinə təyin olunub.
Əyyub Quliyev 1999-2005-ci illərdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dirijorluq fakültəsində, 2005-2007-ci illərdə N.A.Rimski-Korsakov adına Sankt-Peterburq Dövlət Konservatoriyasının aspiranturasında, 2008-ci ildə isə Vyana Dövlət Musiqi və İncəsənət Universitetində təhsil alıb.
Hələ Bakı Musiqi Akademiyasının tələbəsi ikən o dirijor kimi fəaliyyətə başlamışdır.
Azərbaycan Dövlət Opera və Balet Teatrında Ə.Quliyev 2011-ci ildən çalışır. Hazırda Teatrın repertuarında olan bir çox opera və balet tamaşalarını böyük uğurla idarə edir.
Ə.Quliyev çox gənc yaşlarından bir sıra hökumət mükafatları ilə təltif edilib. 1998-ci ildə Respublika Prezidentinin sərəncamı ilə onun adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabına” yazılıb və o, Prezident təqaüdünə layiq görülüb.
Əyyub Quliyev geniş konsert fəaliyyəti ilə məşğul olur. O, dünyanın bir çox ölkələrində - ABŞ, Böyük Britaniya, Avstriya, Almaniya, Slovakiya, İspaniya, Çexiya, İtaliya, Rumıniya, Yunanıstan, Polşa, Norveç, Litva, Rusiya, Ukrayna, Belarus, İran, Türkiyə və s. çoxsaylı qastrol səfərlərində olmuş, bir sıra nüfuzlu orkestlər - B.Safonov adına Filarmonik orkestr (Rusiya), Rumıniya Filarmonik orkestri, London Kral Filarmonik orkestri, Vyana Dövlət Kamera orkestri, Slovakiya Dövlət Kamera orkestri, Türkiyə Prezident Simfonik orkestri, A.Toskanini adına Filarmonik orkestri (İtaliya), Novosibirsk Filarmonik orkestri (Rusiya). Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik orkestri ilə uğurlu çıxışlar edərək Azərbaycan simfonik musiqi sənətinin layiqli təmsilçisi olub.
Gənc və istedadlı dirijor həm də pedaqoji fəaliyyətlə məşğuldur, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Xor dirijorluğu” kafedrasının dosentidir.