|
|
|
|
Koreya Xalq Demokratik Respublikası (KXDR) Koreya Respublikası ilə sərhəddəki Phanmuncom məntəqəsi ərazisində quraşdırılmış 636 mina aşkar edib və zərərsizləşdirib.
Trend-in məlumatına görə, bunu Cənubi Koreyanın müdafiə naziri Çon Gyon Du deyib.
O qeyd edib ki, cənub tərəfdə heç bir mina tapılmayıb: "Lakin Şimali Koreya bizi 636 ədəd minanın zərərsizləşdirilməsi barədə məlumatlandırıb".
Seul və Pxenyan Koreya yarımadasını iki hissəyə ayıran demilitarizasiya edilmiş zonada yerləşən 11 blok-postdan qoşunların və silahların çıxardılmasını yekunlaşdırıb. Tərəflər noyabrın sonunadək 10 blok-postu ləğv edəcək, lakin gələcəkdə turistlərə nümayiş etdirilməsi üçün hər iki tərəfdə biri saxlanılacaq.
Ümumilikdə Koreya Respublikası tərəfdə 60, KXDR-də isə 160 blok post var.