|
|
|
|
ƏBÜLFƏT İMANOV: “MÖVCUD STANDART AZƏRBAYCAN DÖVLƏTİNİN BU MƏSƏLƏLƏRƏ NƏ DƏRƏCƏDƏ HƏSSASLIQ NÜMAYİŞ ETDİRDİYİNİN GÖSTƏRİCİSİDİR”
Dünən Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə AZS 747-2013 “Təhsil müəssisələrində təhsil və tərbiyə alanların qidalanması üzrə dövlət standartı”nın tətbiqinə həsr olunmuş “Təhsil və tərbiyə alanların sağlamlığının etibarlı qorunması və möhkəmləndirilməsində keyfiyyət amili” mövzusunda konfrans keçirilib.
Konfranda çıxış edən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin rəisi Əbülfət İmanov Azərbaycanda müasir dünyanın tələbləri ilə səsləşən standartların qəbulu və tətbiqi prosesinin davam etdiyini, ölkə başçısı cənab İlham Əliyev tərəfindən aparılan məqsədyönlü siyasətin nəticəsində hazırda Azərbaycan standartlarının dünya standartları səviyyəsində qəbul edildiyini və milli standartların ölkə iqtisadiyyatının, sahibkarlığın inkişafında, istehlakçı hüquqlarının etibarlı qorunmasında, məhsul və xidmətlərin keyfiyyətinin yüksəldilməsində müstəsna rola malik olduğunu xüsusi vurğulayıb. Xidmət rəisinin sözlərinə görə, “Təhsil müəssisələrində təhsil və tərbiyə alanların qidalanması üzrə dövlət standart”ı da bu istiqamətdə qəbul edilmiş növbəti sənədlərdəndir: “Cənab Prezidentin tapşırığına əsasən təhsil müəssisələrində qidalanmanın optimallaşdırılması yolu ilə azyaşlıların, gənclərin sağlamlığının qorunması və möhkəmləndirilməsi üzrə qəbul edilş bu standartda beynəlxalq tələblər öz əksini tapıb. Bu standart azyaşlıların sağlamlığının etibarlı təminatı, orqanizmlərinin inkişafı, ümumilikdə isə genefondun qorunması kimi məsələlərdə Azərbaycan dövlətinin nə dərəcədə həssaslıq nümayiş etdirdiyinin göstəricisidir. Bu standart ümumi təhsil müəssisələri və məktəbəqədər təhsil müəssisələrinə şamil olunur. Ümid edirik ki, bu müəssisələrdə qidalanmanı təşkil edən xidmət və istehsal müəssisələri, əlaqədar təşkilatlar standartın tələblərini əsas tutaraq ümumi fəaliyyətimizə töhfə verəcəklər. Bundan başqa yeni tədris ilindən qüvvəyə minəcək standartın tətbiqinə nəzarətin təşkili, bu sahədə arzuolunmayan prolemlərin aşkar olunması və həlli istiqamətində də ciddi işlər görüləcəkdir”.
Dövlət Komitəsinin Texniki tənzimləmə və standartlaşdırma şöbəsinin müdiri Namiq Tağıyev “AZS 747-2013 “Təhsil müəssisələrində təhsil və tərbiyə alanların qidalanması üzrə dövlət standart”ının tələbləri istehlakçı hüquqlarının qorunmasının tərkib hissəsi kimi” mövzusu ilə, SMPDK yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin şöbə müdiri Mənsim Babayev “Azyaşlıların qidalanmasının optimallaşdırılmasında dövlət nəzarətinin rolu” mövzularında çıxışlar etmişlər. Konfransda yerli icra hakimiyyəti orqanları, təhsil müəssisələrinin rəhbərləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri də iştirak ediblər.
Qeyd edək ki, “Təhsil müəssisələrində təhsil və tərbiyə alanların qidalanması üzrə dövlət standartı” müasir qidalanma sistemini təşkil edən reqlamentləşdirilmiş əsas sənəd sayılır və standartın Azərbaycan Respublikasının təhsil müəssisələrində və təhsil müsssisələri üçün qidalanmanı təşkil edən müəssisələrdə icra edilməsi məcburidir. Bu standartın əsas məqsədi təhsil müəssisələrində qidalanmanın optimallaşdırılması yolu ilə təhsil və tərbiyə alanların sağlamlığının qorunması və möhkəmləndirilməsidir. Standartda uşaqların əsas qida maddələrinə və enerjiyə olan fizioloji tələbat normaları, uşaqların qidalanmasının təşkili üçün məhsul çeşidi, icazə verilən və verilməyən məhsul siyahısı, orta gündəlik qida norması, menyuya olan tələblər göstərilib.
AQİL