|
|
|
|
“Şabran Azərbaycanın qədim torpağıdır, tarix və mədəniyyət abidələri ilə zəngindir. Buradakı abidələrin qorunması və bərpası ilə yanaşı, çalışmaq lazımdır ki, insanlar da onları tanısınlar”.
İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti
Etibarlı qala və ya ön söz əvəzi
Paytaxtımızdan şimal-şərqdə, Bakının 123-cü kilometrliyində binə-bölgə bağlamış keçmiş Dəvəçiyə, bugünkü Şabrana ayaq basan ilk əvvəl bu yerlərin az qala hər qarışından boy verib görünən, bir vaxt düşmən gələndə “yağı gəlir, çıraqlanın, yaraqlanın!” deyibən hay çəkib haraylamış, qədim Şabran torpağını duyuq salıb qaraqəlb düşmənə məşələ çevrilən, dosta-qonağa zirvələrdən, ucalıqdan vüqarla əl edən məğrur Çıraqqalanı görər...
Tarixin qədim dövrlərində xalqımız yadelli işğalçıların gözlənilən hücumlarına, basqınlarına qarşı müdafiə qalaları ucaldıblar. Yaşı III-V əsrlərə gedib çıxan Çıraqqala da belə nadir müdafiə istehkamlarındandır.
Ötən əsrin sonlarında Azərbaycan ikinci dəfə dövlət müstəqilliyini əldə etdikdən sonra özünün ən keşməkeşli, az qala “ölümlə qalım” arasındakı çətin sınaq dövründə isə respublikamızın qüdrətli, etibarlı müdafiə qalası onun böyük övladı, ümummilli liderimiz, ulu öndər Heydər Əliyev oldu.
Əbədiyaşar Prezidentimiz deyirdi: “Hamımız üçün bir böyük məfhum var: Azərbaycan Respublikası, Azərbaycan xalqı. Bu məfhum ətrafında hamı sıx birləşməlidir”.
Ümummilli lider bu müqəddəs “Azərbaycan məfhumu” ətrafında xalqı sıx birləşdirməkdə milli-mənəvi dəyərlərimizi, xalqımızın həm də güvənc, qürur yerlərindən biri olan şanlı keçmişini, tarixini, bu tarixin bu günümüzə gəlib çatan maddi mədəniyyət, memarlıq nümunələrini, qala və abidələrini yüksək dəyərləndirir, onları gələcək nəsillərin vətənpərvərlik tərbiyəsində qiymətli örnək hesab edirdi.
Ulu öndərin müdrik sözlərindəndir: “İkinci minilliyin tarixi əyani surətdə göstərir ki, Azərbaycan xalqı dünya mədəniyyətində öz dəsti-xətti ilə seçilən xalqlardandır. Keçən iki min il ərzində bəşər sivilizasiyasının ayrılmaz hissəsi kimi azərbaycanlılar dünya mədəniyyəti xəzinəsinə sanballı töhfələr vermişlər. Bizim əcdadlarımız ibtidai insanın mədəniyyət sahəsində əldə etdiyi bütün nailiyyətlərdən faydalanaraq özünəməxsus zəngin mədəni-mənəvi irs yaratmışlar. Bunu istər Azərbaycan ərazisində arxeoloji qazıntılar nəticəsində tapılmış abidələr, istərsə də bu günümüzə çatmış şifahi xalq ədəbiyyatı və yazılı ədəbi irsimiz sübut edir”.
Ümummilli liderimiz doğma Vətəninin ən böyük yurdsevəri idi. Respublikaya rəhbərliyinin birinci dövründə – 1979-cu ildə məhz onun xüsusi göstərişi ilə Elmlər Akademiyasının arxeoloji ekspedisiyası rayonun ərazisində, Şahnəzərli kəndi yaxınlığında arxeoloji qazıntı işlərinə başlayaraq bir vaxt Odlar Yurdunun ən iri yaşayış məntəqələrindən olan qədim Şabran şəhərinin qalıqlarını aşkar etdi.
Vətən tarixinə sonsuz hörmət və məhəbbətinə, öz xalqının, millətinin şanlı keçmişinə, mənəvi dəyərlərinə böyük ehtiramın bir nümunəsi, bariz təzahürü idi ki, ulu öndərin şəxsi təşəbbüsü və səyi ilə zamanın yaddaşından silinib getməkdə olan Şabran şəhərində 1979-cu ilin sonlarında arxeoloji qazıntı işlərinə başlanıldı. Bununla da ulu öndər Şabrana ikinci həyat bəxş etdi.
Ümummilli liderimiz respublika rəhbərliyinə xalqın istək və tələbi ilə ikinci dəfə qayıdışından sonra da tariximizin bu əvəzsiz yadigarından diqqət və qayğısını əsirgəmədi.
Qədirbilən şabranlıların istər indiki, istərsə də gələcək nəsilləri xatırlayıb həmişə də xatırlayacaqlar ki, əbədiyaşar Prezidentimiz “Çıraqqala” tarixi abidələr kompleksinin bərpası və qorunması haqqında 23 iyun 2003-cü ildə, şəhərsalma tariximizin nadir incilərindən olan “Şabran şəhəri” tarix və mədəniyyət abidəsinin qorunması haqqında isə 27 sentyabr 2003-cü ildə sərəncamlar imzalayıb.
Qədim Şirvan yolunun üstündə yerləşən Şabran şəhəri çox qonaq-qaralı olub. Bu qədim şəhərin tarixi yaddaşında əbədi qalacaq səhifələrdən biri özünün ən ali, ən hörmətli və əziz qonağının – ümummilli liderimiz Heydər Əliyevin 1983-cü ilin sentyabrında Şabranda olmasıdır.
Nəhəng bir dövlətin – keçmiş SSRİ-nin rəhbərliyində çox mühüm vəzifə tutan Sov. İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyev müttəfiq respublikalardan birinə – Azərbaycana rəsmi səfəri zamanı məhz Şabranla da tanış oldu. Bu ümummilli liderimizin Vətənimizin tarixinə, həm də bu şəhərin tariximizdə önəmli yerinə verdiyi qiymət idi. Təsadüfi deyil ki, əbədiyaşar Prezidentimizin imzaladığı son sənədlərdən biri də Şabranın qorunması haqda sərəncam oldu.
Elə buradaca belə bir faktı da yada salmaq xoşdur ki, möhtərəm Prezidentimiz İlham Əliyev cənabları da bu tarixi səfərdə ümummilli liderimizlə birgə idi.
Qürur və vüqar hissi ilə “Mən hər zaman fəxr etmişəm ki, azərbaycanlıyam” deyən ulu öndərin Vətən sevgisi, Vətən məhəbbəti, ölkəmizin tarixi keçmişinə tükənməz hörmət və ehtiramı bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən yaşadılır və inamla, qətiyyətlə davam etdirilir. Dövlət başçımızın diqqət və qayğısı sayəsində Azərbaycanımızın keçmişinin, tarixinin yadigarları olan əvəzsiz maddi-mədəniyyət abidələri bərpa olunur, onlara yeni həyat verilir.
2011-ci ilin avqustun 15-də Şabrana işgüzar səfəri zamanı rayon tarix-duyarşünaslıq muzeyinin açılışında iştirakı, 2013-cü ilin iyul ayının 19-da bölgədə olarkən rayon ictimaiyyətinin nümayəndələri ilə görüş zamanı dediyi, “burada gələcəkdə diyarşünaslıq muzeyinin tikintisinə böyük ehtiyac vardır. Çünki Şabran qədim yaşayış yeridir, burada arxeoloji qazıntılar da aparılıb və aparılır. Çox qədim tarixə malik olan bir diyardır və mütləq müasir diyarşünaslıq muzey də yaradılmalıdır” sözləri də elə bu diqqət və qayğının bariz nümunəsidir.
İlk sözü arxeoloqlar dedi ...
Yazılı mənbələrdə Şabran şəhərinin adının eramızın II əsrindən bəri çəkildiyi göstərilir. Lakin arxeoloji tədqiqatlar nəticəsində şəhərin son antik dövrdən mövcudluğu güman edilir.
Şabran sözünün etimologiyası haqqında müxtəlif fikir və mülahizələr var. Bəzi müəlliflər bu sözü fars dilindəki şəb (qaranlıq gecə) və ran (yer, məkan) sözlərinin birləşməsindən ibarət olub “gecələmək üçün yer” mənasını ifadə etdiyini göstərirlər. Digər tədqiqatlar isə onun qədim türk tayfalarından olan Sabirlərin adı ilə bağlı olduğunu söyləyirlər. Şəhər təşəkkül tapdığı dövrlərdə ilk sakinləri olan türk tayfalarından birinin – sabirlərin adı ilə bağlı Sabiran adlanıb, illər keçdikcə Sabiran Şabrana çevrilib.
Türk yazılı mənbəyinin qədim qaynaqlarından olan Mahmud Kaşğarinin “Divani-lüğət-it-türk” əsərində də Sabran şəhərinin adı çəkilir ki, bu da Şabran adının ilkin variantıdır.
Müxtəlif fonetik dəyişikliklərlə Orta Asiya ərazisində də Şabran termini “Sabiran”, “Sabran”, “Şabiran” və nəhayət, “Şabran” şəklində işlədilib.
Şəhərlərin yaranması və inkişafı həm ictimai-iqtisadi, həm də təbii-iqlim amilləri ilə vəhdətdə cərəyan edən proseslərin nəticəsidir. Təbii şəraitinə görə Azərbaycan yaşayış üçün çox qədimdən əlverişli bir ölkə olub. Təsadüfü deyil ki, hələ bizim eranın II əsrində yaşayan yunan astronom və coğrafiyaşünası Klavdi Ptolomey Azərbaycanda – Qafqaz Albaniyasında mövcud olmuş 29 şəhərin coğrafi koordinatlarını göstərib.
Şabranın adına da ilk dəfə K.Ptolomeyin sadaladığı şəhərlərin içərisində “Şapotren” kimi rast gəlirik. Buradan da Şabran şəhərinin artıq eramızın ilk əsrlərində mühüm yaşayış məntəqələrindən biri olması, Azərbaycanın iqtisadi-siyasi həyatında böyük rol oynadığı məlum olur.
Şabran xarabalıqlarında arxeoloji kəşfiyyat işlərinə ilk dəfə 1935-ci ildə professor E.A.Poxomov tərəfindən başlanılıb. Qısa fasilədən sonra 1939-cu ildə qazıntılar yenidən davam etdirilib.Tədqiqatçılar bir də aradan 40 il keçəndən sonra görkəmli arxeoloq C.Ə.Xəlilovun rəhbərliyi ilə Şabrana qayıdıblar.1980-1998-ci illərdə isə Qazıməmməd – Mozdok qaz kəməri xəttinin çəkilişi ilə bağlı Azərbaycan EA Tarix İnstitutunun Arxeologiya və Etnoqrafiya bölməsinin daimi fəaliyyət göstərən ekspedisiyası tarix elmləri doktoru, professor R.B.Göyüşovun rəhbərliyi altında Şabranda geniş miqyasda arxeoloji qazıntı işlərini davam etdirərək bu qədim şəhəri daha ətraflı tədqiq edib öyrənmişlər.
Tarix elmləri namizədi F.Ə.Abbasovanın başçılığı ilə 2002-ci ildə Şabranda yenidən tədqiqat işlərinə başlanıb. Uzun müddət Şabranda aparılan arxeoloji qazıntılarda yaxından iştirak edən Fatma xanım nəticədə “Şabran” adlı sanballı və geniş oxucu kütləsi üçün maraqlı olan bir kitab (Bakı-“Elm” nəşriyyatı – 2002) yazıb nəşr etdirib.
Arxeoloji tədqiqatların ilk dövrlərində şəhərin ərazisi təxminən 40 hektar hesab olunurdu. Son tədqiqatlar nəticəsində isə Şabran çayının hər iki sahilində binə-bölgə bağlamış bu qədim yurd yerinin 110 hektardan çox ərazini əhatə etdiyi müəyyənləşib.
Arxeoloqlar Şabran şəhərinin IV əsrdə, özündən əvvəlki möhtəşəm yaşayış yeri zəminində meydana gəldiyini söyləyirlər.
Doğma tariximizin mühüm qaynaqlarından biri olan Abbasqulu ağa Bakıxanovun məşhur “Gülüstani – İrəm” kitabında qeyd edilir ki, “Gülüstani- İrəm”i Qaf dağının yaxınlığında, son dərəcə təravətli, axar-baxarlı, gözəl çeşməli və meyvə ağacları olan bir yer kimi təsvir etmişlər. Ehtimal ki, bu da Şabran adlı səfalı obadan ibarətdir, bu söz xalq arasında da çox məşhurdur.Şabran şəhərində aparılan arxeoloji qazıntı işlərinə əsasən tədqiqatçılar dörd tikinti dövrünü aşkara çıxartmışlar.III əsrdən başlayan birinci dövr VIII əsrədək davam edir. İkinci dövr XI-XIII, axırıncı dövr isə XIV- XVIII əsrləri əhatə edir.
Şabranda aparılan arxeoloji tədqiqatlar burada mədəni təbəqənin qalınlığını ayrı-ayrı sahələrdə müxtəlif olduğunu göstərir.
Arxeoloji qazıntılar Şabran şəhərinin bir vaxt Azərbaycanın inkişaf etmiş iqtisadi-siyasi-mədəni mərkəzlərindən biri olduğunu sübut edir. Yüksək şəhər mədəniyyətinə məxsus olan Şabranda sənətkarlığın müxtəlif sahələri – dulusçuluq, dəmirçilik, misgərlik, zərgərlik, dabbaqlıq, tikinti quruculuğu, hərb sənəti yüksək inkişaf etmişdi. Əlverişli təbii-coğrafi mövqedə yerləşməsi burada iqtisadiyyatın, xalq təsərrüfatının geniş sahələrinin inkişafına şərait yaratmışdı.
Bunu elə tədqiqatlar zamanı əldə edilən maddi-mədəniyyət nümunələri də sübut edir.
Aşkar edilən xüsusi formalı təsərrüfat quyuları, dənəzənlər, üzüm şirəsi sıxmaq üçün daşlar, kirkirələr, vəl hissələri, oraq, çin, dəhrə və s. təsərrüfat alətləri, arxeoloji qazıntılar zamanı Şabranda çörək bişirmək, meyvə qurutmaq və evləri qızdırmaq üçün ayrı-ayrı təndirlər aşkar olunub. Bunlar Şabranda taxılçılığın, çəltikçiliyin, üzümçülüyün inkişaf etdiyini göstərir.
Şabranda istehsal edilən kənd təsərrüfatı məhsulları əsasən satış üçün hazırlanır, qonşu ölkələrə ixrac olunurdu.
XVI əsrdə Azərbaycanda olmuş Hollandiya dənizçisi Yan Streysin qeyd etdiyi kimi, Şabranda başqa yerlərə nisbətən ucuz, keyfiyyətli və əla növ düyü yetişdirilməsi, ingilis dənizçisi – taciri Cenkinsonun isə buradan ucuz ipək alıb gəmilərə yükləyərək Həştərxana yola düşmələri Şabranda çəltikçiliyin və baramaçılığın ənənəvi təsərrüfat sahəsi kimi yüksək inkişafından xəbər verir.
XIII əsr farsdilli “Əcayib əd – Dünya” adlı mənbədə də Şirvan və Tiflis şəhərləri arasında yerləşən, zəngin sərvətli Şabranın əsas məhsulunun ipək olduğu göstərilir.
XVII əsr məşhur türk səyyahı və tarixçisi Övliyya Çələbi Şamaxı paytaxt olanadək Şirvanşahların baş şəhəri olmuş Şabranda orta əsrlər dövründə istehlakın böyük ehtiyac olan qırmızı boya – manera bitkisi becərilməsi haqqında məlumat verir. Əbdürəşid əl – Bakuvi isə Şabranda yetişdirilən bu boyaq otunun başqa ölkələrə ixrac olduğunu yazır.
Şabran ulu tariximizin uzun bir dövründə şimaldan-cənuba və cənubdan şimala olan bütün hücumlar, döyüş və basqınlar zamanı əsas dayaq meydanına çevrilmiş, savaşların bütün ağırlığı məhz şabranlıların üzərinə düşmüşdür.
Lakin qanlı-qadalı müharibələrin ağrı-acısına baxmayaraq, Şabranın mövcud olduğu tarix boyu burada sənətkarlıq yüksək səviyyədə olub.
Şabran sənətkarlarının fəaliyyəti çox geniş bir sahəni əhatə edirdi. Şəhərdə dulusçuların sayı daha çox olub, şəhər dulusçuları hazırladıqları qablara öz möhürlərini vururmuşlar və bu möhürlərə əsasən də tədqiqatçılar Şabranda 14 məşhur dulusçuluq emalatxanası olduğunu ehtimal edirlər.
Şabranın müxtəlif tarixi dövrlərə aid aşkar olunub tapılan şirli və şirsiz qabların növləri çox müxtəlifdir. Qazıntılar zamanı üzə çıxarılan təsərrüfat küpləri, nehrə, sərnic, bardaq, kuzə, süddan tipli qablar, küpə, bərni, dolça, stəkanabənzər əşyalar, silbic, aftafa, manqal, qazan, çörək təknəsi, boşqab, xeyrə – bulud, kasa, piyalə, nəlbəkivari qablar, duz qabları, şamdan, çıraqlar və s. dulusçuluq məmulatları həm də tariximizin maraqlı maddi-mədəniyyət nümunələridir.
Şabran dulusçuları məişətdə işlədilən müxtəlif təyinatlı əşyalarla yanaşı gildən bəzək əşyaları da düzəldirlər. Üzüklər, muncuqlar, düymələr onların hazırladığı maraqlı əl işləridir. XIV-XVII əsrlərə aid bəzək əşyaları içərisində mavi rəngli muncuqlar, o cümlədən gözmuncuqları, üzüklər daha çox üstünlük təşkil edir.
Orta əsrlər Azərbaycan tarixinin görkəmli tədqiqatçılarından biri olan Sara xanım Aşurbəyli Şabranı ölkənin digər şəhərlərini də öz məhsulları ilə təmin edən iri saxsı istehsalı mərkəzlərindən biri hesab etməkdə haqlı idi.
Söykənib divarına zindanın, üz tutdum göylərə ...
Şirvanşahlar dövlətinin tarixinin bir çox maraqlı səhifələri Şabranla bağlı olub, XI əsrdə Şirvanşahların ailə sərdabələri bu şəhərdə yerləşib və Şirvanşah Yezid ibn Əhməd və qızı Şəmkiyə burada dəfn ediliblər.
Qızıl Orda xanı Toxtamışla döyüşdə zəfər çalan Teymurləngi Şabranda qarşılayan Şirvanşah İbrahim öz rəqibi üzərində qələbəsinə görə qalib hökmdarın şərəfinə böyük bir ziyafət verir.Bir qəmli məkan – Şirvanşahların mərkəzi zindanxanaları da uzun müddət Şabran şəhərində yerləşib və şahlıq üçün xüsusilə təhlükəli hesab edilən dustaqlar da məhz bu zindanxanalarda cəzalarını çəkməli olublar.
Saray çəkişmələrinin qurbanı olan görkəmli şairimiz Fələki Şirvani zindanda yazdığı şeirlərini “Həbsiyyə” adlandırmışdı. Şair 27 yaşında elə burada – Şabran şəhərində, zindanda vəfat edir və Fələkini ürəkdən sevən XII əsr klassik Azərbaycan şairi Əfzələddin Xaqani onun vaxtsız ölümü münasibəti ilə qəsidə yazır.
Zəmanə dönük idi. Şaha xəyanətdə ittiham edilən Xaqaninin özü də Şirvanşah Axsitan tərəfindən 1170- ci ildə həbs olunaraq Şabranda yeddi ay zindanda yaşayır, burada yazdığı şeirlərini xatirəsini çox istədiyi Fələki kimi “Həbsiyyə” adlandırır...
Xaqani Bizans imperatorunun oğlu Andronik Komnenin Şabran şəhərinin yaxınlığından karvanla keçdiyini öyrənib xüsusi qəsidə ilə ona müraciət etmiş, məhbəsdən qurtarmaq üçün kömək istəmişdi. E.İ.Bertelsin fikrincə, Xaqani anası xristian qızı olduğuna görə Bizans hökmdarından kömək görəcəyini güman etmiş və bir müddətdən sonra o, zindandan azad olunaraq:
–Siz mənə həyatı etdiniz əta,
Şirvan anadırsa Təbrizdir ata,
–deyə Şamaxıdan Vətənin o tayına köç edib, elə Təbrizdə də haqq dünyasına qovuşmuşdu.
Əcnəbi səyyahlar Şabranda
Yurdumuz həmişə qonaq-qaralı olub. Xoş niyyətlə torpağımıza ayaq basanları duz-çörəklə qarşılamışıqsa, düşmənin qabağına silahla çıxmışıq. Kraliça Yelizaveta Tudorun hakimiyyəti illərində İngiltərənin Səfəvilər dövləti ilə ticarət əlaqəsi yaratmaq üçün Təbrizə gələn nümayəndələri 1562-ci ildə gəmi ilə Şabran şəhərində sahilə yan almışlar.
Elə həmin yüzillikdə Hollandiya dənizçisi Yan Streys də bu şəhər haqda maraqlı məlumatlar qoyub gedib. O, Şabranda “son dərəcə yaxşı və ağ düyü” olduğunu qeyd edir. Şabran şəhərinin qədim zamanlarda sədlə əhatə olunduğunu, burada hətta “vaxtı ilə Makedoniyalı İskəndərin qoşunları üçün çörək bişirilən təndirlərin qalıqlarını gördüyünü” söyləyir.
XVII əsrin məşhur türk səyyahı və tarixçisi Övliya Çələbinin verdiyi məlumata görəsə, Şabranda 70 məhəllə, hər məhəllənin də öz məscidi olub. Çələbinin yazdığına görə, Şabran öz saf havası və şirin suyu ilə Təbrizdən sonra ikinci şəhər hesab olunub. O, şəhərin memarlıq abidələrindən, xüsusi ilə Toxmaq xan , Əfşar xan, Uzun Həsən məscidlərindən söz açır, onları bir memarlıq abidəsi kimi yüksək qiymətləndirir.
Qaynaqlar nələr deyir...
(“Azərbaycan tarixi üzrə qaynaqlar” kitabından və digər mənbələrdən)
Fəzlullah Rəşidəddin. “Cami Ət-Tavarix” (Tarixlər toplusu, XIII əsr)
“Oğuz Dərbənd vilayətindəki işlərini tamamladıqdan sonra Şirvan və Şamaxıya elçi göndərib bu xəbəri verdi: “Buraya gəldiyimizi hər halda eşitmiş olacaqsınız. Vardığımız hər ölkə bizdən nə əmr edilmişsə yerinə yetirildi. Keçdiyimiz yerlərdə almadığımız bir ölkə, boyun əyməyən və itaət yolunu tutmayan bir hökmdar qoymadıq qalsın. Əgər indi siz öz istəyinizlə bizə el olursunuzsa, cavab göndərərək qulluq göstərməyiniz gərəkdir. Yox, əgər dikbaşlıq və üsyanda inad edəcəksinizsə, savaşa hazır olun. Biz də bu elçilərin həmən ardınca gəlirik”. Bu xəbər onlara yetişincə, Oğuzun elçisinə hər cür hörmət göstərdilər. İtaət və qulluq yolunu tutub, hədiyyə olaraq doqquz qır at göndərdilər. Oğuz Şamaxıya gəlib 14 gün orada qaldı. O günlərdə Şaberan əhalisi xəzinə vergisini gətirib ödədi...”
Əl-Kufi, “Kitab Əl-Fütuh”
(926-cı ildə ölmüş ərəb tarixçisinin bu əsərində hadisələr xəlifə Əbu Bəkrin vaxtından xəlifə əl-Müsatinin hakimiyyətinin sonunadək izlənmişdir (632-866-cı illər)
“Salman ibn Rəbiyyə və İran əhalisindən onun silahdaşları geriyə dönərək əl-Kür (Kür) çayını keçənə kimi irəlilədilər. Onlar Şirvan torpaqlarına yaxınlaşıb düşərgə saldılar. Şirvan hakimini yanlarına çağırıb onunla təzminat vermək şərti ilə barışıq bağladılar. Sonra Şirvandan hərəkət edərək Şabran və Maskata çatdılar. Bundan sonra o dağlardakı hakimlərin (mülük əl-cibal) yanına öz elçilərini göndərərək onları yanına gəlmək üçün dəvət etdi. Onlar hamısı ona pul, hədiyyələr gətirərək, hər il məlum təzminat verməyə razılaşdılar. Bütün bunlara o da razılığını verdi”.
Əl-Bəlazuri. “Kitab Fütuh Əl-Buldən” IX əsr ərəb tarixçisi
“...Sonra o (şah Qubad) Şirvan vilayəti və Allan qapıları arasında bişməmiş gildən sədd çəkdirdi, gil divar boyu 360 şəhər saldırdı ki, (onlar) Bab əl-Əbvab şəhəri tikildikdən sonra dağıldılar. Qubaddan sonra taxta oturan oğlu Kəsra Ənuşirəvan Şəbiran şəhəri və Məskət şəhəri, sonra isə Bab əl-Əbvab şəhərini tikdirdi; Əbvab (qapıları) ona görə deyilirdi ki, dağda yolboyu tikilmişdi.”
Əl-İstəxri, X əsr (“Məmləkətlərin yolları” kitabından)
Beyləqan, Varsan, Bərdic, Bərzənd, əş-Şəmaxiyə, Şirvan, əl-Abxaz, əş-Şəbaran, Qəbələ, Şəkki, Cənzə, Şəmkur və Xunan isə böyüklükdə bir-birinə bənzəyən kiçik şəhərlərdir. Bunlar münbit torpaqlı və hər şeyi bol olan yerlərdir.
İbn-Əl-Əsir, XII əsr (“Əl-Kamil Fi-t-tarix”)
...Qubad öldükdən sonra Ənuşirəvan onun yerinə keçərək padşah oldu, onun – atasının işlərini daha da qüvvətləndirdi. Ənuşirəvan Fərqanə və əl-Bərcanda müharibə etdikdən sonra qayıdıb Şabranı və bir sıra başqa şəhərləri bina etdirdi.
Antoni Cenikson, XVI əsr, ingilis səyyahı “Gündəlik”
...Buradan biz cənub-şərq və cənub, cənub-şərq istiqamətində 80 mil üzərək, avqustun 6-da (1557-ci il – A.T.) yüklərimizi boşaldacağımız yerə – Şabran adlı şəhərə gəlib çıxdıq. Burada mənim gəmim yükünü boşaldıb, malları sahilə yığdılar.
Adam Oleari, XVI əsr (Holştiniya hersoqluğunun elçisi)
“Şabran təmiz bir şəhərcikdir, orada biz limana – sahilə yan almışdıq, dənizin yaxınlığında yerləşir”.
SON SÖZ ƏVƏZİ
Görkəmli Norveç alimi, məşhur dəniz səyyahı Tur Heyerdal 1981-ci ildə Azərbaycanda qonaq olarkən Şabran şəhərində gedən qazıntı işləri ilə də maraqlanmış, bu qədim şəhəri “orta əsr Şərqinin nadir abidəsi” adlandıraraq, öz təəssüratlarında yazmışdı ki, “Şabran vasitəsi ilə biz sizin xalqın keçmişinə çox yaxşı səyahət edə bilirik...”
Aydın TAĞIYEV
Yazı Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin elan etdiyi “Mədəni irs və tarix mədəniyyət qoruqları” mövzusunda müsabiqəyə təqdim olunur.