|
|
|
|
Yola saldığımız 2018-ci il hər mənada Azərbaycan üçün uğurlu bir il oldu. Ölkəmiz ötən il bütün istiqamətlərdə nailiyyətlər əldə etdi, beynəlxalq mövqelərini daha da möhkəmləndirdi.
Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində vurğuladı ki, 2018-ci ilin tam əminliklə ölkəmiz üçün uğurlu il olduğunu demək olar. Dövlət başçısı qeyd etdi ki, Azərbaycan beynəlxalq aləmdə layiqli yerini tuta bilib, qonşu ölkələrlə əlaqələr daha yüksək səviyyəyə qalxıb.
Prezident İlham Əliyev 2018-ci ildə Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin daha da möhkəmləndiyini, Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış Tərəfdaşlıq Prioritetləri sənədinin bu münasibətlərin nə qədər yüksək səviyyədə olmasının təzahürü olduğunu əlavə edib.
Dövlət başçısı ölkəmizin İslam ölkələri ilə münasibətlərinə də toxunub: "İslam həmrəyliyi məsələlərində bizim rolumuz artır. İslam Əməkdaşlıq Təşkilatı bu sahədə apardığımız siyasətə çox yüksək qiymət verir və tam əminliklə demək olar ki, Azərbaycan müsəlman aləmində öz güclü rolunu daha da gücləndirə bilib. Müsəlman ölkələri tərəfindən bizə göstərilən diqqət, hörmət və rəğbət göstərir ki, Azərbaycan bu sahədə də böyük uğurlara nail olubdur".
İlham Əliyev yola saldığımız ildə əldə edilən əsas nailiyyətlərdən biri kimi Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsini göstərib və bunu tarixi nailiyyət adlandırıb.
Dağlıq Qarabağ münaqişəsinə toxunan Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan tərəfi sözügedən münaqişənin həllində öz prinsipial mövqeyində qalır: "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində biz prinsipial mövqeyimizdə qalırıq. Bizim mövqeyimiz haqq-ədalət mövqeyidir. Bizim mövqeyimiz beynəlxalq hüququn norma və prinsiplərinə tam uyğundur".
Azərbaycanın münaqişənin həlli işində 2018-ci ildə çox ciddi mövqelərə malik olduğunu bildirən prezident deyib ki, Ermənistanda 20 il ərzində hakimiyyəti zəbt etmiş kriminal, rüşvətxor, xunta rejimi çökdü və bu, Ermənistanın Azərbaycana qarşı apardığı işğalçı siyasətin tam iflasıdır: "Onu da deyə bilərəm ki, bizim Ermənistana qarşı apardığımız çox düşünülmüş, məqsədyönlü və prinsipial siyasətimiz öz bəhrəsini verdi. Biz Ermənistanı bütün regional və beynəlxalq layihələrdən təcrid edə bilmişik, Ermənistan iqtisadiyyatının çökməsində bizim payımız da kifayət qədər böyükdür. Hesab edirəm ki, bu gün münaqişənin həlli üçün yeni vəziyyət yaranır. Ümid edirəm ki, 2019-cu ildə bu sahədə irəliləyiş ola bilər".
Ölkəmizin son illər ərzində öz hərbi qüdrətini böyük dərəcədə artırdığını deyən İlham Əliyev Azərbaycan Ordusunun çox yüksək döyüş qabiliyyətinə malik olduğunu vurğulayıb:
"Hesab edirəm ki, bizim güclü hərbi potensialımız münaqişənin həlli üçün əsas amildir. Biz son illər ərzində öz hərbi qüdrətimizi böyük dərəcədə artıra bilmişik. Azərbaycan Ordusu Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan istiqamətində uğurlu əməliyyat keçirərək 11 min hektar torpağa tam nəzarət edir. Strateji yüksəkliklərin əldə edilməsi bizə imkan verir ki, Ermənistan ərazisindən keçən önəmli kommunikasiyalara və yollara tam nəzarət edək".
Keçən il həyata keçirilən sosial yönlü tədbirlərdən danışan dövlət başçısı məcburi köçkünlərə, şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə yeni mənzillərin verildiyini diqqətə çatdırıb, 5800 köçkün ailəsi üçün yeni evlər, mənzillər tikilib və onlara təqdim edildiyini, bunun son illərdə rekord göstərici olduğunu vurğulayıb. Şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə 626 mənzil verildiyini qeyd edən ölkə rəhbəri bu siyasətin davam etdiriləcəyini söyləyib.
Azərbaycanın güclü iqtisadiyyata malik olduğunu deyən Prezident İlham Əliyev bu gün ölkəmizin iqtisadi inkişaf baxımından heç kimdən asılı olmadığını söyləyib.
Məlumat üçün bildirək ki, ötən il qeyri-neft sənaye sektorunda artım 9 faizdən çox olub, ixrac təxminən 40 faiz artıb. Ölkə iqtisadiyyatına 10 milyard dollar sərmayə qoyulub.
2018-ci il həmçinin, Azərbaycanın üçüncü peykinin orbitə buraxılması ilə yadda qaldı. Dövlət başçısı bunu böyük hadisə adlandırıb və Azərbaycanın dünyanın məhdud sayda olan kosmik klubunun üzvü olduğunu qeyd edib
2018-ci ilin "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edildiyini xatırladan İlham Əliyev bugünkü Azərbaycanın Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu və Azərbaycanın heç vaxt tarixdə bu qədər güclü, bu qədər müstəqil, bu qədər azad olmadığını söyləyib.
Dövlət başçısının çıxışını şərh edən millət vəkili Elman Nəsirov bildirib ki, 2018-ci il Azərbaycan üçün kifayət qədər uğurlu bir il oldu. Ölkəmizdəki sabitlik, təhlükəsizlik mühiti və vətəndaş həmrəyliyi daha da gücləndi. Eyni zamanda, 2018-ci il Azərbaycanın beynəlxalq əlaqələrinin daha da güclənməsi ilə yadda qaldı. Ölkəmizə dünyada etibarlı tərəfdaş kimi baxırlar. Bu da əsasən səmərəli xarici siyasət yürütməyimizlə bağlıdır: "Keçən il cənab prezidentin xarici ölkələrə 16 işgüzar və rəsmi səfəri olub. Eyni zamanda, 16 dövlətin prezidenti və hökumət rəhbəri ölkəmizə səfər edib. Bütün bunlar onu göstərir ki, həqiqətən də Azərbaycanın ikitərəfli əlaqələri çox yüksək səviyyədədir və ölkəmizin ayrı-ayrı dövlətlərlə münasibətləri inkişaf dinamikasına malikdir. Bu kontekstdə Rusiya ilə əlaqələri xüsusi qeyd etmək olar. İl ərzində Rusiya ilə əlaqələrimiz daha da güclənib. İki ölkənin dövlət başçılarının qarşılıqlı səfərləri, imzalanmış strateji əhəmiyyətli 16 sənəd bir daha onu göstərir ki, Azərbaycanın xüsusən qonşu dövlətlərlə münasibətləri çox dinamik inkişaf tempinə malikdir".
Millət vəkili Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinə də toxunaraq bildirib ki, Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış Tərəfdaşlıq Prioritetləri sənədi bir daha göstərir ki, Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn ərazi bütövlüyü, suverenlik və sərhədlərimizin toxunulmazlığı prinsipləri çərçivəsində həllinin tərəfdarıdır: "Bundan başqa, 2018-ci il cənab prezidentin də qeyd etdiyi kimi, Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı ilə əlaqələrinin inkişafı baxımından da əlamətdar bir il oldu. Bu gün müsəlman həmrəyliyinin təmin edilməsi məsələsinə Azərbaycan çox ciddi töhfələr verir. Ümumiyyətlə, bu gün Azərbaycanın beynəlxalq təşkilatlarla əlaqələri çox intensiv inkişaf tempinə malikdir. Azərbaycan Qoşulmama Hərəkatının üzvüdür və bu il sözgedən təşkilata üzv olan dövlətlərin XİN rəhbərlərinin zirvə görüşünə ev sahibliyi etdi. Bu il isə Azərbaycan 3 il müddətinə - 2019-2022-ci illər ərzində Qoşulmama Hərəkatına sədrlik edəcək. Eyni zamanda, bu il Bakıda Qoşulmama Hərəkatına üzv olan dövlətlərin rəhbərlərinin sammiti keçiriləcək. Nəzərə alsaq ki, Qoşulmama Hərəkatının 120 üzvü var, yəni burada BMT-yə üzv olan dövlətlərin təxminən üçdə ikisi təmsil olunur, bu, Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsi baxımından çox mühüm bir hadisədir".
Prezidentin çıxışında Dağlıq Qarabağ münaqişəsinə xüsusi yer ayırdığını deyən E.Nəsirov bildirib ki, 2018-ci ildə münaqişənin həlli ilə bağlı Azərbaycanın müəyyən üstünlükləri təmin olunub: "Xüsusilə cənab prezident çıxışında qeyd etdi ki, Ermənistanda 20 il müddətində hakimiyyətdə olmuş qaniçən, despotik xunta rejimi çökdü. Bu isə əslində, Ermənistanın işğalçılıq siyasətinin iflası idi. Bu həm də Ermənistanın yeni hakimiyyəti üçün bir siqnal, bir dərsdir. Onlar bilməlidir ki, Ermənistanın bütün bəlalarının, faciələrinin kökündə dayanan əsas səbəb onun işğalçılıq siyasətidir. Ermənistan daha yaxşı bir gələcək istəyirsə dərhal işğala son qoymalıdır". E.Nəsirov söyləyib ki, Ermənistandakı qaniçən xunta rejimi devrildikdən sonra heç şübhəsiz yeni hakimiyyət təhlil edir və düşünür ki, 30 ilə yaxındır ki, Azərbaycan torpaqlarını işğal etmişik və bu, prinsip etibarilə Ermənistana xoşbəxtlik gətirməli, Ermənistan iqtisadiyyatı güclənməli, Ermənistan xalqı firavan yaşamalı idi. Amma bunlar baş vermədi. Əksinə, bu gün Ermənistan fəlakətlər içindədir, inqilab burulğanında boğulur, əhali isə yoxsulluq içində yaşayır, 1 milyondan artıq insan bu illər ərzində ölkəni tərk edərək başqa ölkələrə gedib. Deməli, Azərbaycan torpaqlarının işğalı Ermənistana yalnız və yalnız bədbəxtlik gətirdi.
Millət vəkili çıxış yolunu da göstərib: "Ermənistan rəhbərliyi işğala son qoymalı, Azərbaycan və Türkiyə ilə münasibətləri bərpa etməlidir. Yalnız bunlar baş verəcəyi təqdirdə Ermənistan iqtisadiyyatı inkişaf edə bilər. Bu istiqamətdə artıq müsbət tendensiyalar var. Dekabrın 6-da Milanda Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşündə əldə edilən razılaşmalardan biri də ondan ibarətdir ki, tərəflər xalqları sülhə hazırlamaqla bağlı çağırışlar etməlidirlər. Bu nöqteyi nəzərdən münaqişənin həllinə xüsusi ümidlər yaranıb. Ümid edirik ki, cənab prezidentin də vurğuladığı kimi, 2019-cu il münaqişənin həlli ilə bağlı taktiki də olsa belə müəyyən irəliləyişlərin şahidi olacağıq".
O, Azərbaycanın 2019-cu ilə çox böyük bir potensialla daxil olduğunu bildirib: "Əminliklə demək olar ki, ölkəmiz 2019-cu ilə çox böyük bir potensialla daxil olur. Cənab prezidentin də qeyd etdiyi kimi, inanırıq ki, 2019-cu ildə ölkəmizi daha ciddi uğurlar, daha ciddi nailiyyətlər gözləyir".
Millət vəkili Elman Məmmədov isə bildirib ki, 2018-ci il hər baxımdan Azərbaycan üçün uğurlu olub: "Ölkə başçısı bu məsələ ətrafında geniş şərh verdi. Ümumiyyətlə, bu, bir həqiqətdir. Yəni 2018-ci ildə beynəlxalq aləmdə, bütün istiqamətlərdə Azərbaycanın uğurları bu sözü deməyə bizə əsas verir". O əlavə edib ki, dövlət başçısının dedikləri əməllə, işlərlə öz təsdiqini tapır: "Cənab prezidentimizin bir fikri var idi və hər zaman deyirdi ki, "elə bizim siyasətimiz, bizim işimizdir". Bəli, görülən işlər siyasətdə uğur qazanmağa kömək edir. 2018-ci ildə Azərbaycan beynəlxlaq aləmdə yəni dövlətlərarası münasibətlərin beynəlxalq qurumlarla olan əlaqələrində çoxsaylı uğurlar qazandı. 2018-ci il bütün istiqamətlərdə olduğu kimi, bu istiqamətdə də Azərbaycan üçün çox uğurlu oldu. Görülən işlər bunu təsdiq edir. İnşallah, 2019-cu il 2018-ci ildən də uğurlu olacaq və cənab prezidentin dediyi kimi, 2019-cu ildən gözləntilərimiz çoxdur. Xüsusilə, Dağlıq Qarabağ probleminin həlli istiqamətində ümid edirik ki, irəliləyişlər olacaq və 2019-cu il həlledici il kimi tarixdə qalacaq".
PƏRVANƏ