Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Biznes və Menecment fakültəsində valideynlərlə görüş keçirilib.
Fakültə rəhbərliyi və Fakültə İmtahan Nəzarət Komissiyasının üzvlərinin iştirakı ilə keçirilən görüşün əsas mövzusu qış imtahan sessiyası ilə bağlı olub. Fakültə dekanı dosent Mirağa Əhmədov UNEC-də tələbə biliyinin obyektiv və şəffaf qiymətləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verib. Bildirib ki, hər il olduğu kimi, bu il də imtahanlara nəzarət UNEC İctimai Nəzarət Şurasına həvalə edilib. Bütün tədris binalarında qərargahlar yaradılıb, "Qaynar xətt" xidməti fəaliyyət göstərir. Bundan başqa, imtahan sessiyası dövründə hər həftənin şənbə günü rektor və UNEC İctimai Nəzarət Şurasının üzvlərinin iştirakı ilə "Açıq qapı" günləri keçiriləcək. Görüşdə bu ildən UNEC İctimai Nəzarət Şurasında tələbə rektorun da təmsil olunduğu diqqətə çatdırılıb.
UNEC-də son illər baş verən müsbət yenilikləri qürurla izlədiklərini bildirən valideynlər, övladlarının burada savadlı və bacarıqlı mütəxəssis kimi yetişəcəklərinə əminliklərini ifadə ediblər. İmtahan prosesində valideynlərin müşahidəçi qismində aktiv iştirakını təmin etmək məqsədilə fakültə nəzdində Valideynlərdən ibarət İmtahan Müşahidə Şurasının yaradılması qərara alınıb. Müşahidə Şurasının üzvləri sessiya müddətində imtahanları izləyəcək, sessiyasının sonunda isə Fakültə Elmi Şurasına hesabat təqdim edəcəklər.
Sonra valideynlərdən ibarət İmtahan Müşahidə Şurasının üzvləri imtahan prosesini izləyiblər. Onlar imtahan cədvəli, kafedrada təyin edilən imtahan məsləhət saatları ilə tanış olub, növbətçi müəllimlərlə imtahan prosesi ilə bağlı fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, yanvarın 3-dən UNEC 2018-2019-cu tədris ilinin qış imtahan sessiyasına start verilib. Sessiyada ümumilikdə 12234 əyani bakalavr və 3274 magistr iştirak edəcək. 2018-2019-cu qış imtahan sessiyasında iqtisadiyyat və idarəetmə ixtisasları, həmçinin, texniki-texnoloji ixtisaslar üzrə yazılı imtahanlar təşkil olunacaq.
Şəffaflığı və obyektivliyin daha da effektiv təmin edilməsi məqsədi ilə sessiya dövründə UNEC-in "Qaynar xətt"i 1846 müraciət və sorğuları operativ qəbul edir. Hər il olduğu kimi, bu il də UNEC-in "Qaynar xətt" xidməti QHT, KİV və ictimaiyyət nümayəndələrinə həvalə edilib. Xidmətə daxil olan müraciət və şikayətləri, eyni zamanda, onların araşdırılmasına da yalnız onlar nəzarət edir. "Qaynar xətt"ə daxil olan bütün müraciətlər QHT, KİV və ictimaiyyət nümayəndələri tərəfindən dinlənilir, araşdırılır. Bundan başqa, bütün fakültələrdə dekanların sədrliyi ilə yaradılmış imtahan komissiyaları tələbələrin müraciətlərini qəbul etməyə hazırdır. Komissiyalar sessiya müddətində yarana biləcək sual və müraciətlərin həlli istiqamətində müvafiq qərarlar qəbul edəcək, əsaslı apellyasiya ərizələri ilə əlaqədar tabeli kafedralarda mümkün nöqsanların aradan qaldırılması sahəsində zəruri addımlar atacaqlar.
Hər sessiya dövründə olduğu kimi bu dəfə də imtahan prosesində tələbələri narahat edən hər hansı məsələnin operativ araşdırılması məqsədilə UNEC-də "Qərargah" yaradılıb. "Qərargah" bir ay boyunca UNEC-in bütün tədris binalarında fəaliyyət göstərəcək. İş günləri saat 09:00-dan 18:00-dək fəaliyyət göstərən "Qərargah"lar daxil olan bütün müraciətləri dinləyərək, problemləri operativ araşdıraraq, cavablandıracaq.
Bundan başqa, tələbələrin imtahanlara daha rahat hazırlaşması üçün hər tədris binasında internet ilə təchiz edilən xüsusi auditoriyalar və əşyalarını yerləşdirmək üçün saxlanc otaqları ayrılıb.
İmtahanlara hazırlaşan tələbələrə 24 saat fəaliyyət göstərən UNEC 24/7 Kitabxanası xidmət göstərir. Tələbələr həmçinin, tədris korpuslarında imtahan sessiyası ilə əlaqədar gücləndirilmiş rejimdə 22.00-dək fəaliyyət göstərən Oxu zallarından istifadə edə bilərlər.
S.QARAYEVA