Məlum olduğu kimi, yanvarın 14-də Prezident İlham Əliyev dövlət idarəçiliyini daha da təkmilləşdirmək, dövlət orqanlarının və qurumlarının fəaliyyətini optimallaşdırmaq və dövlət büdcəsi vəsaitindən səmərəli istifadəni təmin etmək məqsədi ilə əlavə tədbirlər haqqında bir sıra fərmanlar imzalayıb.
Dövlət başçısı hələ bundan bir neçə gün əvvəl, yanvarın 11-də Nazirlər Kabinetinin iclasında bəyan etdi ki, idarəçilik strukturlarında köhnəlmə olduğu üçün islahatlar aparmaq zərurəti var. Ardınca isə idarəçilik strukturunda islahatlara dair sənəd imzalandı. Əlbəttə ki, prezidentin apardığı struktur islahatları idarəetmədə səmərəliliyin və çevikliyin daha da artırılmasına xidmət edir.
Dövlət başçısının dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərmanına əsasən, Elmin İnkişafı Fondunun və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyətləri özünümaliyyələşdirmə prinsipi əsasında həyata keçirilməklə yenidən təşkil ediləcək. Eyni zamanda, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi ləğv edilib.
Azərbaycan Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın Katibliyi, Azərbaycan Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupu, habelə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının Katibliyi də ləğv edilib. Onların fəaliyyəti ictimai əsaslarla həyata keçirilməklə yenidən təşkil ediləcək.
Dövlət başçısının digər fərmanı ilə Kənd Təsərrüfatı Nazirliyi yanında olan Dövlət Fitosanitar Xidmətinin, Dövlət Baytarlıq Xidmətinin, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin və Baş Dövlət Texniki Nəzarət Xidmətinin əsasında Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi yaradılıb.
Bundan başqa, ölkə prezidenti müdafiə sənayesinin inkişafının dayanıqlılığını təmin etmək, bu sahədə idarəetmə mexanizmlərini daha təkmilləşdirmək, habelə sənayeləşmənin yeni mərhələsində mövcud potensialdan səmərəli istifadə etməklə Azərbaycanın regionda silah istehsal edən əsas sənaye mərkəzlərindən birinə çevrilməsinə nail olmaq məqsədi ilə Müdafiə Sənayesi Nazirliyinin əsasında "Azərsilah" Açıq Səhmdar Cəmiyyətinin yaradılması ilə bağlı da fərman imzalayıb.
Ölkəmizin inkişafı, dövlət idarəçiliyini daha da təkmilləşdirmək, dövlət orqanlarının və qurumlarının fəaliyyətini optimallaşdırmaq və dövlət büdcəsi vəsaitindən səmərəli istifadəni təmin etməkdə mühüm əhəmiyyət kəsb edən bu kimi islahatlar, həm də Azərbaycana "dünyada ən islahatçı" ölkə imici qazandırıb, onun davamlı və tarazlaşdırılmış iqtisadi inkişafı təmin edib.
Struktur islahatların gətirəcəyi faydalardan biri də ölkədə biznes mühitinin daha da təkmilləşdirilməsi və rəqabətin gücləndirilməsindən ibarətdir. Çünki yığcam və məqsədyönlü dövlət aparatı özəl sektorun fəaliyyətinə müdaxiləni minimuma endirməklə daha çox bazar tənzimlənməsinə şərait yaradır. Beləliklə, dövlət və bazar tənzimlənməsinin optimal nisbəti müəyyənləşir ki, bu da özəl sektorun lokomotiv olduğu iqtisadi inkişafı təmin edir. Struktur islahatları "yaxşı idarəetmə" və "açıq hökümət" prinsiplərinə uyğun olmaqla dövlət idarəetməsinin dünya standartlarında həyata keçirilməsini təmin edir.
Qeyd edək ki, Davos İqtisadi Forumunun "Qlobal Rəqabətlilik 2019" hesabatına əsasən Azərbaycan 140 ölkə arasında "Dövlət tənzimlənməsinin yükü" alt-indikatoru üzrə əvvəlki illə müqayisədə 3 pillə irəliləyərək 12-ci yerdə qərarlaşmış və Avstriya, Belçika və Danimarka kimi ölkələri geridə qoymuşdur. Təkcə bu fakt onu gösərir ki, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə effektiv dövlət idarəetmə aparatı formalaşmışdır.
Ekspertlər bu fərmanı çox yüksək qiymətləndirirlər və zamanın tələbinə uyğun olaraq gələcəkdə də ölkə rəhbərliyi tərəfindən müvafiq addımların atılacağını istisna etmirlər.
Bununla bağlı "525"ə fikirlərini açıqlayan iqtisadçı ekspert Pərviz Heydərov bildirib ki, Azərbaycanda həyata keçirilən struktur islahatları dövlət idarəçiliyini daha da təkmilləşdirmək, dövlət orqanlarının və qurumlarının fəaliyyətini optimallaşdırmaq, dövlət büdcəsi vəsaitindən səmərəli istifadəni təmin etmək məqsədi daşıyır. Ekspert xatırladıb ki, Prezident İlham Əliyev yanvarın 11-də Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında struktur islahatının gözlənildiyini anons etmişdi: "Ölkəmizdə bu islahatlar müəyyən vaxtlardan bir aparılıb və aparılır. Sadəcə olaraq, bir komplekslilik olmayıb. İndi məhz buna ehtiyac var. Hələ 2015-2016-cı illərdəki böhran bunu tələb edirdi. Belə ki, qeyd olunan illərdə neftin qiymətinin dünya bazarlarında düşməsiylə büdcə xərclərimizdə aşkar və birbaşa olmasa da, təhlükə yarandı. Niyə? Çünki bizdə idarəetmə strukturlarının hər birinin özü "şişkin" vəziyyətdə olmaqla yanaşı, bunların sayı da çoxdur. Ona görə də mərhələli olaraq bu sahədə kəmiyyət dəyişiklikləri, islahatı aparılmalıdır. Prezident də iclasda bildirdi ki, indi idarəetmədə struktur köhnəlib, yeni idarəetmə strukturu olmalıdır - daha çevik, daha yığcam, daha məqsədyönlü". Onun sözlərinə görə, dövlət başçısının fərmanı ilə bir sıra büdcə qurumlarının ləğv olunmasını struktur islahatlarının növbəti dalğası kimi qiymətləndirmək olar: "Sözügedən dalğanın daha hansı qurumları "vuracağı" bəlli deyil. Ancaq bu, davam etdirilməlidir. Düzdür, struktur islahatları, müəyyən bir qrup vətəndaşın işsiz qalması ilə nəticələnir. Lakin potensiallı kadrların tezliklə digər qurumlarda iş tapacaqları şübhə doğurmur. Struktur islahatları olduqca vacib tədbirdir. Ümumiyyətlə, bütün sahələrdə və istiqamətlər üzrə idarəçilikdə paralelçilikdən, formallıqdan və mürəkkəblikdən qurtulmaq lazımdır. Bu, dövlət büdcəsindən maliyyələşdirmədə effektliyi və səmərəliliyi artırmaq - genişləndirmək üçün olduqca zəruri sayılır".
Ekspert xatırladıb ki, ölkədə 800 min dövlət büdcəsi işçisi var. 1 milyondan cəmi 200 min nəfər aşağı. Bu, olduqca böyük rəqəmdir. Onların bir hissəsi özəl sektorda çalışsa, yaxşıdır. Onlara verilən maliyyə hesabına isə yerdə qalan büdcə işçilərinin maaşlarını artırmaq olar. "Ümumiyyətlə, iqtisadiyyatı idarəetmə mexanizmi və aparatı nə qədər yığcam olsa, bir o qədər az məsrəfli və keyfiyyətli olar. İqtisadiyyatı idarəetmədə səmərəlilik birinci növbədə xərclərin həcmində büruzə verir. Effektiv idarəçilik az məsrəflə yüksək çevikliyi ehtiva edir. Bu mənada dövlət başçısının son fərmanı bu məsələni müəyyən mənada təmin edəcək. Tam uğurlu nəticə əldə etmək və məqsədə çatmaq üçün bu siyasət yəqin ki, davam etdiriləcək".
Qeyd edək ki, bu fərman ölkənin müdafiə siyasətinin başlıca istiqamətlərindən olan müdafiə sənayesinin müasir tələblərə uyğunlaşdırılması və ordunun hərbi-texniki təchizatında kəmiyyət və keyfiyyət göstəricilərinin daxili istehsal hesabına yüksəldilməsi bu sahədə fəaliyyət göstərən yüksək inkişaf potensialına malik müəssisələrin qabaqcıl təcrübə və texnologiyalar əsasında modernləşdirilməsinin həyata keçirilməsini, qabaqcıl korporativ idarəetmə təcrübəsi tətbiq edilməklə, mövcud iqtisadi konyunkturada rəqabətədavamlılığının artırılmasını təmin edəcək.
Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki Şair Ramaldanov bununla bağlı deyib ki, silah istehsalı, müdafiə sənayesi ilə bağlı səhmdar cəmiyyətlərin təsis olunması, belə bir struktur formasının yaradılması demək olar ki, bütün dünyada tətbiq olunur: "Bizdə də müdafiə sənayesində belə bir struktur dəyişikliyinə ehtiyac olduğundan, bu sahədə fəaliyyət göstərən qurumun idarəetməsinin daha çevik olması, imkanlarından daha səmərəli istifadə olunması üçün belə bir qərar qəbul olundu. Bununla da Müdafiə Sənayesi Nazirliyinin funksiyaları, yəni müdafiə sənayesinə aid məhsulların istehsalı, bu sahədə elmi tədqiqatların aparılması, müdafiə sənayesi məhsullarımızın beynəlxalq sərgilərdə nümayiş etdirilməsi kimi funksiyalar "Azərsilah" ASC-yə keçdi.
Nazirlikdən fərqli olaraq yeni qurumun idarəetmə prinsipləri təkmilləşir, eyni zamanda, investisiya qoyuluşu imkanları sadələşir. Digər tərəfdən qərarlar qəbul ediləndə bürokratik problemlər yaradan amillər də aradan qalxacaq".
Ş.Ramaldanov yeni yaradılan qurumun səhmdar cəmiyyət kimi fəaliyyət göstərməsinin başqa üstünlüklərindən də danışıb: "Başqa bir müsbət məqam ondan ibarətdir ki, "Azərsilah" səhmdar cəmiyyət olduğu üçün ora səhmlər cəlb oluna bilər, müasir idarəetmə sayəsində vəsaitlərin istifadəsi prinsipləri artıq beynəlxalq normalar çərçivəsində həyata keçirilə bilər. Ümumilikdə hesab edirəm ki, yaxın zamanlarda müdafiə sənayesi sahəsində aparılan struktur dəyişikliyinin müsbət nəticələrini görə biləcəyik".
Azərbaycan Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Anar Xəlilov isə hesab edir ki, dövlət başçısı indiki idarəçilik sisteminin köhnəldiyi, dövlət aparatının şişirdildiyini və köhnəldiyini, effektiv olmadığını Nazirlər Kabinetinin ötən həftə sonu keçirilən müşavirəsindəki çıxışında bildirmişdi. Onun sözlərinə görə, prezidentin bu ciddi siqnalı özünü çox gözlətmədi və məlum qərarı ilə nazirlik, agentlik və komitələrin ləğv olunmasına başladı: "Hesab edirəm ki, bu, cənab prezidentin idarəçilik sahəsində apardığı islahatların növbəti mərhələsinin başlanğıcıdır. Bundan əvvəl də ölkə rəhbəri dövlət idarəçiliyi sahəsində çox mühüm islahatlar aparıb. Prezidentin növbəti bu addımı çevik idarəçiliyin formalaşmasına yeni dövrün tələblərinə cavab verən idarəetmə mexanizminin yaranmasına yönəlib. Dövlət idarəçiliyi sahəsində bu cür islahatların aparılması təqdirəlayiq bir haldır. Bu, hələ başlanğıcdır. Bir-birini təkrarlayan, müasir dövrün tələblərinə cavab verməyən bir çox strukturlar da yaxın gələcəkdə ixtisar ediləcək və ya digər qurumlarla birləşdiriləcəkdir. Bu vətəndaşlarımızın rifahına və rahatlığına yönəlmiş bir addım olmaqla yanaşı, eyni zamanda, dövlət büdcəsinin artıq xərclərdən təmizlənməsinə də xidmət edəcəkdir. Hesab edirəm ki, bu islahatlar təkcə dövlət idarəçiliyi sahələrini deyil, digər sahələri də əhatə edəcəkdir".
PƏRVANƏ