|
|
|
|
"Reproduktiv sağlamlıq haqqında" qanun layihəsinin qəbuluna böyük ehtiyac duyulur.
Bunu "525"ə açıqlamasında ixtisasca həkim olan millət vəkili, bir zamanlar Milli Məclisin (MM) plenar iclasının birinci oxunuşunun müzakirəsinə çıxarılmış "Reproduktiv sağlamlıq və ailə planlaşdırılması haqqında" qanun layihəsinin müəlliflərindən biri Məlahət İbrahimqızı deyib. O qeyd edib ki, artıq neçə illərdir cəmiyyətdə belə bir qanun layihəsinin qəbuluna ehtiyac hiss edilir, bu, bir növ sosial sifarişdir. Millət vəkili deyib ki, qanun layihəsinin qəbulunun yubanmasına, yəni sənədin uzun illər ciddi müzakirələrə və mübahisələrə səbəb olan bır sıra maddələri artıq qanun layihəsindən çıxarılıb. "Reproduktiv sağlamlıq, əslində, ailə planlaşdırılması, ana, qadın sağlamlığının təmin edilməsi, dünyaya sağlam övladın gətirilməsi deməkdir. Hamımız istəyirik ki, gələcəyimiz sağlam, yəni sağlam şəkildə dünyaya gətirilən və sağlam böyüyən nəsildən ibarət olsun. Dünyaya övlad bəxş edən qadınlarımız, analarımız sağlam olsun. Odur ki, bu məsələləri hüquqi çərçivədə tənzimləyəcək qanun layihəsinə ehtiyac var. Çox güman ki, yaxın gələcəkdə bu yöndə qanun layihəsinin müzakirələri və qəbulu baş tutacaq".
Onu da xatırladaq ki, adıçəkilən qanun layihəsi 3-cü çağırış parlamentdə müzakirəyə "Reproduktiv sağlamlıq və ailə planlaşdırılması" adı altında təqdim olunmuşdu. Düzdür, qanun layihəsi o zaman bəzi mübahisəli məqamlara görə geri qaytarılsa da, sonradan onun ətrafında yenidən müzakirələr açılmış və sənədin, sadəcə "Reproduktiv sağlamlıq haqqında" adlandırılması məqsədəuyğun sayılmışdı. Mübahisə doğuran məqamlar gəlincə, onlar "surroqat ana" və "donor bank" məsələləri, müddəaları idi ki, uzun illər bunun ətrafında mübahisələr bitmək bilmirdi. Xüsusilə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bu müddəalara kəskin etiraz edirdi. Artıq verilən məlumatlara görə, mübahisə doğuran bu məsələlər qanun layihəsindən çıxarılıb.
Qeyd edək ki, MM-in Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev "Reproduktiv sağlamlıq haqqında" qanun layihəsinin yaxın günlərdə öz işinə başlayacaq parlamentin 2019-cu il yaz sessiyasının gündəliyinə salınacağını və müzakirələrə çıxarılacağını bildirib. "Qanun layihəsi müzakirələrə tam hazıdır. Qeyd edim ki, ayın 18-də komitəmizin yaz sessiyası ilə bağlı ilk iclası keçiriləcək və iclasda bu məsələyə də toxunulacaq. Ondan sonra hər şey dəqiq bilinəcək. Ancaq bütün hallarda belə hesab edirəm ki, qanun layihəsi müzakirələrə hazırdır və bu ilin yaz sessiyasında qəbul edilə bilər" - deyə, M.Quliyev əlavə edib.
Kamil HƏMZƏOĞLU