../img/pics/medium/142143_yobr780njl.jpg Bu şənbə "525-ci qəzet"də - ANONS
../img/pics/medium/142141_3i9abbci5k.jpg Nizami Cəfərov "Şöhrət" ordeni ilə təltif edildi
../img/pics/medium/142124_ry1pmzvbfn.png "Yeni dövr" Qərb fəlsəfəsində tolerantlıq və multikulturalizm
../img/pics/medium/142123_dls7lij5yy.jpg Absurdda qeyri-səlis absurd - 2-ci məqalə
SON XƏBƏRLƏR
21 Sentyabr 2019
20 Sentyabr 2019

Qurban Qurbanov: “Qarabağ” hər il qrupda oynayacaq deyə bir qanun yoxdur”

Qurban Qurbanov: “Qarabağ” hər il qrupda oynayacaq deyə bir qanun yoxdur”<b style="color:red"></b>

Demək olar ki, bütün komanda ona qardaş türkiyəlilərə xas tərzdə “hoca” deyə xitab edir. Ən çox da bu sözü onun dostu Rəşad Sadıqovun dilindən eşitmək olar.

Bütün “Qarabağ” (və tək “Qarabağ” deyil) Qurban Qurbanovu təkcə Azərbaycan səviyyəsində tarixi nailiyyətləri olan uğurlu məşqçi deyil, həm də bir güclü şəxsiyyət, xarizmatik bir insan kimi qəbul edir və qiymətləndirir. Onun “hoca” çağırılmasının əsas səbəbi də elə bundadı, yəqin ki...

Amma o, bu nüfuzundan sui-istifadə etmir, el diliylə desək, özünü göyün yeddinci qatı ilə aparmır. Hər nə qədər sakit və ciddi biridirsə, bir o qədər də nəzakətli, istiqanlı və səmimidir. Amma əlbəttə, Antalyada Qurban müəllimlə onun şəxsiyyəti deyil, sırf işi barədə danışırıq...

***

- Sizinlə son müsahibəm zamanı millinin baş məşqçisi idiniz, bu günsə həmin komandanın eks-baş məşqçisiniz. Söhbətə də elə milli komanda ilə bağlı sualla başlamaq istəyirəm. Çünki müəyyən məsələlər var ki, ona siz tərəfdən hələ də aydınlıq gətirilməyib. AFFA-nın məlum qərarından 1 aydan çox vaxt keçib. Güman ki, bu müddət ərzində baş verənləri daha sakit, soyuq başla analiz etmək imkanınız olub. Bu mənada, milli komandanın Millilətlər Liqasının final mərhələsinə düşməməsinin səbəbini nədə görürsünüz? Bizim futbolçuların potensialı aşağı idimi, siz bir məşqçi kimi səhvlərmi etdiniz, yoxsa bəzi iddialara görə, AFFA sizə lazımı dəstək vermədi?

- Açığı, mən milli komanda haqda çox danışmaq istəməzdim. Çünki bunları çox xoşlayan insan deyiləm. Bir yerdən ayrıldıqdan sonra, hətta orada olduğum vaxtlarda belə az danışmağı xoşlayıram. Bir yerdən getmişəmsə, mənim ora ilə əməkdaşlığım bitibsə, bu haqda danışmaq istəmirəm. İstəyirəm ki, bu məsələ tez bitsin, həmin mövzuya bir daha qayıdılmasın. Mənim hazırda öz planlarım, öz işim var. Eləcə də federasiyanın, milli komandanın. Bu söz-söhbətlərlə bağlı mənim tərəfimdən hər hansı fikir söylənilməsi, federasiyada bu haqda düşünülməsi və yaxud onların cavab verməsi həm əlavə vaxt aparar, həm də düzgün çıxmaz. Onu deyə bilərəm ki, millidəki 1 il fəaliyyətim dövründə həmişə çalışdım ki, hər şeyi düz edim, işimiz yaxşı getsin, Azərbaycan futbolu üçün faydalı olum. Amma sonda yollarımız ayrıldı ki, bu da normal haldır. Nəyisə səhv etdim, fikir ayrılığı oldu kimi sözlər söyləmək mənə xas olan bir şey deyil.

- Amma hər halda müəyyən suallar var ki, onların cavabını həm media, həm də futbol ictimaiyyəti gözləyir. Məsələn, 2018-ci ilin dekabrın 2-də Avro-2020-nin püşkatmasında iştirak etdiniz, dekabrın 8-də isə AFFA sizi istefaya göndərdi. Bu altı gündə nə baş verdi ki, federasiya qəflətən sizə qarşı bu gözlənilməz addımı atdı?

- Mənim tərəfimdən bir şey yoxdur. Sadəcə, hər ilin sonu, dediklərinə görə, İcraiyyə Komitəsi yığışır. İK yığışdı və onda hər şey bilindi. Ancaq püşkatmaya getmişdim, orada idim.

- Yəni AFFA ilə işbirliyini davam etdirmək planınızda idi...

- Müqaviləmiz vardı. Görünən bu idi.

- Bilirsiniz, nəyə görə bu sualı verdim? Çünki məlum iclasdan sonra birinci sizin, daha sonra AFFA rəhbərliyinin açıqlaması oldu ki, müqavilə birətərəfli deyil, qarşılqlı razılaşma ilə ləğv edilib. Amma bu versiya ağlabatan deyil.

- O vaxt da öz fikirlərimi bildirmişdim. Mənə dedilər ki, yollarımızı ayıracağıq. Mən də razılıq verdim. Qarşılıqlı razılaşma dedikdə bunu nəzərdə tuturdum.

- İcraiyyə Komitəsinin həmin iclasında sizə kimsə dəstək verdi?

- O prosesdə mən iştirak etmədim.

- Yəni orda nə olduğunu bilmədiniz?

- Hə, nə danışıq oldu, hansı müzakirələr oldu, bilmədim. Həmin iclasdan sonra da fikirlərimi demişdim ki, mən milliyə baş məşqçi təyin olunanda da zalı tərk etmişdim. Onlar müzakirə apardılar, mən qayıtdıqdan sonra isə dedilər ki, milli komandanın baş məşqçisisən. Yenə eyni qaydada zalı tərk etdim, sonra qayıtdım və belə bir cavab aldım.

- Bu gözlənilməz qərar sizi sarsıtmadı ki?

- Yox, normal qarşıladım. Son bir neçə gündə hardasa təxmin etmişdim ki, belə bir hal ola bilər. Ümumiyyətlə, belə şeylərdə hər zaman soyuqqanlı olmağa çalışıram. Elə də çox ciddi reaksiya vermədim.

- Rəşad Sadıqovun açıqlaması vardı ki, mənə iki gün əvvəlcədən gedəcəyim deyilmişdi. Sizə də gedəcəyinizlə bağlı hər hansı söz deyilmişdi, yoxsa?..

-Deyilməsə də, təxmini hiss etmişdim.

- Gəlin, aydınlaşdıraq. Bu hiss sizdə nə vaxt yaranmağa başladı? Püşkatma günümü, ondan sonramı?

- Milliyə dair bir çox suala cavab verdim. Gəlin, çox danışmayaq.

- Yaxşı, bəs indi “Qarabağ”da rahatsınız?

- “Qarabağ”da həmişə rahat olmuşam. Milli komandada işləyəndə də rahat idim. Həm millidə, həm də “Qarabağ”da özümü rahat hiss edirdim. Öz işimlə məşğul olmağa çalışırdım. Nə cür olmuşamsa, elə də qalmağa çalışmışam.

-Yəni iki işdə işləmək sizə mane olmurdu?

- Yox, belə bir maneçilik görmədim. Sadəcə, daha çox vaxt sərf edirdim.

- İndi “Qarabağ”ın durumunu necə görürsünüz?

- Mən razıyam.

- Amma 2017-ci illə müqayisə etsək – hansı ki, həmin ili Çempionlar Liqasının qrupunda oynadınız - 2018-ci ili komandanız üçün uğurlu hesab etmək olmaz. Axı, hədəfə çata bilmədiniz.

- Hamımız bilirik ki, Çempionlar Liqasının qrup mərhələsi elə də asan turnir deyil. Ora düşmək çox çətindir. Özünüz də gördünüz ki, biz 4-cü ilimizdə buna nail olduq. Ondan əvvəl 3 il dalbadal Avroliqanın qrupuna düşdük. 4-cü il isə Çempionlar Liqasının qrupunda oynadıq. 5-ci il isə Avropa Liqasının qrupuna düşdük. Mən nəticələrdən razıyam. Çünki belə bir qanun yoxdur ki, biz hər il mütləq çempion olmalı, Çempionlar Liqası və Avroliqanın qrupuna düşməliyik.

- Bu mövsümün gedişində həm media, həm azarkeşlər tərəfindən çox fikir səsləndi ki, “Qarabağ” transfer siyasətində səhvlər buraxıb.

- Kənardan hər bir mövzu daha çox müzakirə olunur. Milyonlarla insan bu barədə fikir bildirir. Mən heç birinə qarşı çıxa bilmərəm. Fikirlər, baxış tam fərqlidir. Amma dəfələrlə açıqlama vermişəm. Düşünmürəm ki, hər hansı narazılıq etdilər. Bəli, müəyyən müzakirələr oldu. Hamı öz fikrini bildirirdi ki, filan oyunçunu buraxmamalı idilər, digər futbolçunu saxlamalı idilər. Yenə bildirirəm ki, biz komandadan gedən hər bir futbolçuya müqaviləsini uzatmağı təklif etmişik.

- Daha çox Almeyda, Şehiç və Pedronun  gedişi müzakirə olundu...

- Artıq Almeyda qayıdıb. Bizim Pedro ilə onsuz da 1 illik müqaviləmiz var idi. İcarə əsasında oynayırdı. Bu futbolçuların hər birinə bizim tərəfimizdən əvvəlki illərlə müqayisədə daha yaxşı müqavilə təklif olunub. Ümumiyyətlə, hər hansı klub bu cür böyük turnirlərdə iştirak edəndə istər-istəməz o komandanın futbolçularına maraq da çoxalır. Özünüz də görürsünüz ki, bu gün Şehiç Türkiyə Superliqası klubunda oynayır. Bizdəkindən daha yaxşı müqaviləyə gedib və bizdən daha yaxşı çempionatda çıxış edir. O cümlədən Riçard Almeyda daha yaxşı şərtlərlə “Astana”ya getmişdi. Eləcə də Ndlovu. Çox yaxşı müqavilə ilə Çinə yollandı. Hər bir futbolçuya bizim tərəfimizdən təklif olub. Sadəcə, dediyim kimi, belə turnirlərdə oynayan zaman, görürsünüz ki, bir neçə futbolçu komandanı tərk edir. Biz onları saxlamaq istəyirdik, getmələrini istəməzdik. Bu, bəlkə kənardan görünməyən tərəflərdir. Görünən tərəfini deyirəm ki, bu cür hallar olub. Həmin futbolçular neçə il idi bizdə oynayırdılar, komandanın oyununu, qarşısına qoyulan məqsədi tam olaraq düzgün qəbul etmişdilər. Hər bir halda onların yerini doldurmağa çalışdıq. Hansı futbolçunu gətirmişiksə, onun potensialından maksimum dərəcədə istifadə etmək istəyirik. Ona görə də ən azı Avroliqanın qrupuna düşdük. Məncə, heç də pis nəticə deyil.

- Bəs, adlarını çəkdiyiniz legionerlərin gedişinə çempionatın durumu, səviyyəsi necə təsir edir? Məsələn, boş tribunalar...

- Bunların hamısı təsir edir. Yəqin ki, bütün klublar belə problemlə üzləşirlər. Daha yaxşı çempionatda oynamış hansı futbolçuya təklif göndərsən, ilk olaraq yarışın səviyyəsini fikirləşir. Bundan başqa, çempionatda neçə komanda iştirak etməsi, getdiyi klubun il ərzində neçə oyun keçirəcəyi ilə maraqlanır. İstər-istəməz bunların təsiri var. Ümumiyyətlə, Türkiyədə legioner limiti götürüləndən sonra bizim üçün futbolçu almaq çox çətin olub. Məsələn, neçə il əvvəl bizə uyğun qiymətə gələn futbolçuların hamısı indi “yox” deyirlər. Çox rahat şəkildə Türkiyənin birinci liqasına gedirlər. Ona görə də düşünürəm ki, bu qərar futbolçu tapmaq mənasında ən çox bizə ziyan vurur.

- Qurban müəllim, nə vaxt mərkəz hücumçusu alacaqsınız?

- Niyə belə sual verdiniz? (gülür)

- Şəxsi fikrim belədir ki, mərkəz hücumçunuz Emeqara ümidləri doğrultmayıb.

- Ümumiyyətlə, hücum mövqeyinə oyunçu tapmaq ən çətin işlərdən biridir. Hazırda Mahir Mədətov və Emeqaradan hücum xəttində istifadə edirik. Artıq Reynaldonu da götürmüşük. Bəzi nüanslar var ki, bizə yeni oyunçular gətirməyə mane olur. Bəlkə də ən çox danışıq apardıqlarımız elə həmin mövqe oyunçularıdır. Müəyyən səbəblərə görə razılaşa bilməmişik. Bəzən klubu, bəzən isə futbolçunun özü ilə razılığa gələ bilməmişik. Hər bir halda əlimizdə olan futbolçulardan istifadə etməyə çalışırıq. Statistikaya da baxırıq. Ayrılıqda hücumda oynayan futbolçuların göstəricilərinə nəzər salsaq, görərik ki, o qədər də pis deyil. Əlbəttə, istərdik ki, hər bir mövqedə daha da yaxşısı olsun. Dediyim kimi, bəzi səbəblərə görə onları həll edə bilmirik.

- Bunlar maddiyyata bağlı səbəblərdir?

- Deməzdim. Amma klublarla bağlı problem olur. UEFA, FİFA tərəfindən futbolçulara daha çox üstünlük verilib. Həmçinin də çempionatın səviyyəsi, komandaların sayının azlığı kimi amillər də var. Nüanslar çoxdur. Bəzi hücumçuların, futbolçuların gəlmək ehtimalı olsa da, sonda razılaşa bilmirik.

- Almeyda və Reynaldonu da bu səbəblərə görə geri qaytardınız?

- Bunun da rolu var. Çünki əlimizdə kiçik bir imkan olursa, ondan istifadə etməyə çalışırıq. Almeydanı komandaya götürəndə daha gənc idi. Türkiyədə və digər ölkələrdəki limitlə bağlı bu cür sərbəstlik yox idi. Ona görə də Riçardı daha rahat aldıq. İndi get-gedə vəziyyət həddindən artıq çətinləşir. Reynaldo ilə bağlı onu deyə bilərəm ki, müqaviləsi bitmişdi. Özü də qayıtmağı çox istədi. Həmçinin də Almeyda. Bizim üçün futbolçunun da istəyi çox önəmlidir. Ola bilər ki, hansısa futbolçu bura gəlmək istəməsin, çempionatı bəyənməsin, beynində suallar olsun. Amma biz onu 5 manat pulla razı salacağıqsa, gəlib burda ürəklə oynaya bilməyəcək.

- Reynaldo və Almeydanın Qazaxıstandakı karyeraları uğurlu alınmadı. Ona görə də onların durumu ilə bağlı narahatlıq var ki, “Qarabağ”a əvvəlki faydanı verməyə bilərlər.

- Almeyda ilə bağlı ciddi problem olmamalıdır. Çünki çox az vaxt idi, komandadan ayrılmışdı. İnanıram ki, tez bir zamanda əvvəlki formasını geri qaytaracaq. Fərqli çempionatda oynayırdı, tam fərqli şeylər tələb edirdilər. Hətta mən milli komandada olanda da bunu hiss edirdim. Amma hər bir halda inanıram ki, əvvəlki formasına qayıdacaq. Reynaldo isə komanda ilə 2 və ya 3-cü məşqində mikrozədə aldı. Ötən mövsüm demək olar ki, bütün oyunlarda meydana çıxıb. Əfsuslar olsun ki, təlim-məşq toplanışında istədiyimiz formada hazırlaşa bilmədi. Ola bilər ki, Reynaldoya bir az çox vaxt lazım olsun. Çoxdandır bu komandadan gedib. Yoxlama oyunları onun üçün çox vacib idi. Görək, ola bilər, son iki matçda iştirak etsin. Məncə, onların fiziki durumu qaydasında olsa, komandaya tez uyğunlaşacaqlar. Çünki “Qarabağ” onlar üçün yad komanda deyil. Hətta futbolçuların çoxu da komandada qalıb. İnanıram ki, daha tez dil tapacaqlar. Amma ola bilər ki, Reynaldonun tam əvvəlki formasına qayıtması üçün bir az zaman lazım olsun.

- Qazaxıstan mətbuatı Pedro Enrikenin də “Qarabağ”a qayıda biləcəyini yazıb. Bu məsələ nə dərəcədə ciddi, realdır?

- Onunla heç bir danışıq olmayıb. Saytlarda oxudum, səhv etmirəmsə, öz komandası PAOK-a qayıdıb.

- Yəni onun “Qarabağ”a qayıtmaq ehtimalı yoxdur?

- Nə danışığımız olub, nə təklifimiz. Heç bir şey deməmişik.

- Artıq Antalyadakı təlim-məşq toplanışınız son mərhələlərə qədəm qoyur. Reynaldo və Almeydadan başqa, Hacıağa Hacılını da birdəfəlik transfer etdiniz. Ümumiyyətlə, yeni futbolçu gətirəcəksinizmi, yoxsa artıq transfer işlərini bitmiş saymaq olar?

-Belə deyək, biz hələ “yox” demirik. Axtarırıq, danışıqlar aparırıq. Çünki 3-5 transfer etsək də, yenə axtarışımız davam edir. 3 aydan, 6 aydan bir hansısa mövqedə dəyişiklik etməyə ehtiyac ola bilər. Özünüz də bilirsiniz ki, qış dönəmində transfer etmək çox çətindir. Ola bilər ki, pəncərənin bağlanmasına 1 gün, 3 gün qalmış yeni oyunçu ola bilər. Son ana qədər axtarışımızı, danışıqlarımızı davam etdiririk. Klub olaraq, transferi yekunlaşdırmamışıq. Hələ ki, “bəsdir” deyə düşünməmişik.

- Bu hazırlıqda komandada müsbətə doğru dəyişikliklər görürsünüzmü?

- Var, göstəricilər də bunu deyir. Hər şey müsbət istiqamətdə gedir. Çünki yeni futbolçular var ki, bəlkə də ilk dəfə öz karyeralarında Avroliqanın qrup mərhələsində iştirak etdilər. “Sportinq”, “Arsenal” kimi komandalara qarşı oynadılar. Bunlar istər-istəməz futbolçu üçün əlavə stimuldur. Bilirlər ki, Avropa arenasında iştirak etmək üçün daha çox məşq etmək, mütləq qalib gəlmək lazımdır. Görürəm, hamısı istəklə, həvəslə çalışır. İnanıram ki, daha yaxşı kollektiv olacağıq, daha yaxşı oyun göstərə biləcəyik. Sadəcə, futbol elə bir oyundur ki, həmişə çatışmazlıqlar, səhvlər olur. Biz də həmin səhvləri məşqdən-məşqə azaltmağa çalışırıq.

- Bu təlim-məşq toplanışına “Qarabağ”ın aşağı yaş qruplarında 3 futbolçu cəlb etmişdiniz. Onlardan biri də sizin oğlunuz Musa Qurbanlı idi. Bir məşqçi kimi, Musa da daxil olmaqla, digər gənclərin durumu haqda nə deyə bilərsiniz? Onların bu gün üçün əsas komandada oynamaq potensialları varmı?

- Bizdə potensialı olan uşaqlar var. Amma “Qarabağ” gənclər üçün oynamağa elə də asan klub deyil. Əvvəllər komandada daha çox gənclərə, yerli futbolçulara üstünlük verirdiksə, bunu çəkinmədən edirdik. Hədəflərimiz böyüyüb. İndi həmişə nəticəyə oynamağa üstünlük veririk. Buna baxmayaraq, cavanları öz məşqlərimizə cəlb edirik, bəzi yoldaşlıq oyunlarında onlara şans veririk. Hazırda 4-5 futbolçumuz var ki, əsas komandada oynamağa daha yaxındırlar. Amma hər bir halda daha da yaxşı olmalarını istərdim. Çünki 19-20 yaş elə də az yaş deyil. Onlar bu yaşda komandanın əsas üzvlərindən biri olmalı idilər.

- Elə bu mövzuya toxunacaqdım. Siz özünüz də qeyd etdiniz ki, gənc futbolçu 19 yaşında əsas komandada oynamalıdır. Bizim milli çempionatda “Qarabağ” da daxil olmaqla əksər klublarımızda gənclərə şans verilmir. Halbuki elə siz özünüz daha əvvəl gənc yaşlarında Qara Qarayev, Rauf Əliyevi əsas heyətdə oynatmısınız. Bizdə bu təcrübənin əsasını qoyanlardan birisiniz. Düzdür, dediyiniz kimi indi nəticəni də fikirləşirsiniz. Əlbəttə ki, “Qarabağ” kimi komandadan nəticə gözləyirlər. Eyni zamanda fikirləşmirsiniz ki, gənclərə şans verilməməklə, o futbolçuların potensialının qabağı kəsilir? Onlara az da olsa, bir-bir də olsa, şans vermək lazım deyilmi?

- Onsuz da limitə görə, bir-bir onlara şans veririk. Çox düzgün qeyd etdiniz ki, mən o vaxtı Raufu, Qaranı, eləcə də Əfranı və Maksimi gənc yaşlarında oynatmağa başlamışdım. Həmin vaxt limit də yox idi. Amma dediyim kimi, bizdən asılı olmayan nüanslar var ki, bunu etməyə məcburuq. Hər bir halda heç bir gənc futbolçunu yaddan çıxarmırıq. Lazım olanda onları başqa klublara icarəyə veririk, oynamaq imkanı yaradırıq. Amma mən çox istərdim ki, həm bizdə, həm digər klublarda yerli gənclərin sayı çox olsun. Mənə elə gəlir ki, get-gedə onlara daha çox şans veriləcək. Klublar, ümumiyyətlə, Azərbaycan futbolunda hamı onlara oynamaq imkanı yaratmalıdır ki, tez bir zamanda inkişaf etsinlər. Böyük futbolun çətinliklərini daha tez qəbul etməlidirlər.

- Komandanızın toplanışına qayıdaq. Antalyada iqlimin dəyişməsi ona gətirib-çıxardı ki, bir oyununuzu ləğv etməli oldunuz. Əlverişsiz hava şəraiti hazırlıq prosesinə mənfi təsir göstərirmi?

- Bundan şikayət etməzdim. Çünki Allahın işinə qarışa bilmərik. Təbiətdə yağmurlu hava da, günəşli hava da olur. Həmişə bununla qarşılaşmışıq. Tək bizim yox, o gün neçə komandanın oyunu ləğv olundu. Bura 21 günlük gəlmişik, çempionata hazır olmaq üçün bizim də öz proqramımız var. Amma hava şəraiti bir oyunumuzun təxirə düşməyinə səbəb oldu. Baxıram, bu gündən havaların daha yağmurlu keçəcəyi gözlənilir. Deyilənə görə, son 4-5 gün hava yağmurlu olacaq. Təbii ki, bu, hər bir komanda üçün problemlər yaradır. Çalışmalıyıq ki, hansısa formada problemi aradan qaldıraq. Amma oyunlarımızın daha yaxşı şəraitdə keçirilməsi də vacibdir. Son yoxlama oyunumuz olan gün çox yaxşı hava şəraiti var idi, futbol üçün hər şey ideal idi. Bu, istər-istəməz komandada özünəinamı artırır. Belədə istədiyimi oyunçulardan ala bilirəm.

- Yeri gəlmişkən, “Bohemians”la oyunda (3:1) Azərbaycan klubu üçün nadir görünən hadisələrdən biri baş verdi. Komandanız hər 3 qolu başla vurdu. Açıqlamanızda da var idi ki, bu, sizi də sevindirən amildir. Deyəsən, artıq standart vəziyyətlər üzərində xüsusi çalışırsınız...

- Yox, deməzdim ki, xüsusi çalışırıq, amma hər birinə ayrılıqda yer veririk. Həm standart vəziyyətlərə, həm futbolçunun qol vurmaq keyfiyyətinin daha da yaxşılaşdırılmasına önəm veririk.

Aydın BAĞIROV,
Antalya
Qol.az


 
Bölmənin digər xəbərləri
“Qarabağ”a görə ağladı - Günün şəkli “Qarabağ”a görə ağladı - Günün şəkli
Avropa Liqasının qrup mərhələsinin “Qarabağ” – “Sevilya” matçında Ağdam klubunun uduzması (0:3) bu komandanın azarkeşlərini məyus edib....
20.09.19
Yüksələn Yüksələn "Qarabağ", enən "Neftçi"... - Aydın Bağırovun yazısı
Dörd oyun, dörd qələbə, on iki xal. Komanda on qol vurub, bir qol belə buraxmayıb....
18.09.19
Stadnik 2-ci dəfə dünya çempionu oldu Stadnik 2-ci dəfə dünya çempionu oldu
Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı davam edir. ...
18.09.19
Qurban Qurbanovdan nikbin açıqlamalar: “Yaxşı nəticə əldə edə bilərik” Qurban Qurbanovdan nikbin açıqlamalar: “Yaxşı nəticə əldə edə bilərik”
"Belə bir komandanın Bakıya gəlməsi, bütün Azərbaycan futbolu üçün sevindiricidir. Azarkeşlər bir ilə yaxın idi ki, bu cür kluba qarşı canlı oyun izləmirdilər. Düşünürəm ki, sabah meydanda güclü...
18.09.19
Qış Olimpiya Oyunlarının rəsmi maskotu təqdim olundu Qış Olimpiya Oyunlarının rəsmi maskotu təqdim olundu
2022-ci ildə Çinin paytaxtı Pekində keçiriləcək Qış Olimpiya Oyunlarının maskotu təqdim olunub. ...
17.09.19
“Qarabağ”da ciddi itki - “Sevilya” ilə oyunu buraxır “Qarabağ”da ciddi itki - “Sevilya” ilə oyunu buraxır
Avropa Liqasının qrup mərhələsinin ilk turunda İspaniya “Sevilya”sını qəbul edəcək “Qarabağ” ciddi itki ilə üzləşib. ...
17.09.19
AVRO-2020 ilə bağlı Şamaxıda yay düşərgəsi təşkil olunacaq AVRO-2020 ilə bağlı Şamaxıda yay düşərgəsi təşkil olunacaq
Sentyabrın 11-dən 13-dək Şamaxı şəhərində AVRO-2020-nin Bakı könüllülük proqramı çərçivəsində yay düşərgəsi təşkil olunacaq. ...
10.09.19
Azərbaycan Azərbaycan "Tokio 2020" Yay Paralimpiya Oyunlarına ikinci lisenziyanı qazanıb
Azərbaycan para-üzgüçüsü Roman Saleh 2020-ci il Tokio Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb. ...
10.09.19
Məmməd və komandası - İlqar Tağıyev yazır Məmməd və komandası - İlqar Tağıyev yazır
Bu yazı ərsəyə gələndə Yurçeviç və komandası hələ Uelslə oyuna hazırlaşırdı. Artıq Uelslə oyun bitib, nəticəsi məlumdu....
08.09.19
Araqarışdıran Anton - İlqar Tağıyev Araqarışdıran Anton - İlqar Tağıyev
Bu əhvalat 57 il əvvəl baş verib. 1962-ci il Çilidə təşkil olunan mundialın yarımfinalında Braziliya ilə Çili qarşılaşırdı. ...
05.09.19
Rəşad Sadıqovdan püşk açıqlaması Rəşad Sadıqovdan püşk açıqlaması
“Qarabağ”ın kapitanı Rəşad Sadıqov Avropa Liqasının qrup mərhələsinin püşkatması ilə bağlı fikirlərini açıqlayıb. ...
30.08.19
Avropa Liqası: Avropa Liqası: "Qarabağ"ın qrupdakı rəqibləri bilindi
Bu gün Avropa Liqasının qrup mərhələsinin püşkü atılıb. ...
30.08.19
Cüdoçumuz erməni rəqibini ipponla məğlub etdi Cüdoçumuz erməni rəqibini ipponla məğlub etdi
Tokioda keçirilən dünya çempionatında Azərbaycanın iki cüdoçusu mübarizəyə qoşulub. ...
30.08.19
"Ultrabənövşəyi futbolçular" - İlqar Tağıyev yazır
İyulun əvvəlindən etibarən bütün futbol məktəblərində və akademiyalarda məşqlərə start verildi. Hərə fərqli hazırlıq proqramı ilə sentyabrda start götürəcək liqalara hazırlıqları başladı. ...
30.08.19
Neymar Neymar "Kağız ev" serialında
Fransanın PSJ klubunun futbolçusu Neymar İspaniyanın məşhur "Kağız ev" kriminal serialına çəkilib. ...
28.08.19
© 2012 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.