Ermənilərlə azərbaycanlılar barış planı haqqında son vaxtlar müxtəlif fikirlər səslənməkdədir. Hətta bəzi beynəlxalq təşkilatların nümayəndələri Azərbaycana və Ermənistana təkliflər edir ki, gedin əhalinizi sülhə hazırlayın.
Belə təkliflərin detallarından xəbərsizik. Ancaq vasitəçi ölkələrin, bəzi beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan münaqişəsinə ikili standartlar kontekstindən yanaşması onu deməyə əsas verir ki, belə çağrışların arxasında ədalətli sülh istəyindən daha çox məkrli planlar dayana bilər.
Mənim fikrimdən o nəticə çıxmasın ki, bütün sülh, barış təşəbbüslərini rədd etmək lazımdır. Xeyr. Məsələ heç də belə deyil. Əslində, ədalətli sülhün bərqərər olması, işğal olunmuş Azərbaycan torpaqlarının bütünlüklə azad edilməsi bu gün hamımızın ən böyük arzusudur. Lakin bu gün həmin barışdan, sülhdən danışmaq mümkün deyil. İşğal faktı aradan qalxmadan, hərbi cinayətlərdə birbaşa iştirak edən Ermənistanın keçmiş rəhbərliyi hərbi tribunal qarşısına çıxarılmadan hansı barışdan, ədalətli sülhdən danışmaq olar?
Ermənilər bir sıra beynəlxalq konvensiyaların o cümlədən, Haaqa Konvensiyasının, Müharibə vaxtı mülki əhalinin müdafiəsi haqqında 12 avqust 1949-cu il Cenevrə Konvensiyasının, 1949-cu il Cenevrə Konvensiyalarına əlavə Protokolda ehtiva edilmiş beynəlxalq humanitar hüquq normalarını kobud şəkildə pozublar. Bu cinayətlərin törədilməsinə görə, birmənalı şəkildə Ermənistan dövləti məsuliyyət daşıyır.
Necə ki, II dünya müharibəsində qanlı cinayətlər törətmiş, minlərlə günahsız insanın ölümünə bais olan faşist Almaniyasıında bir sıra şəxslər məhkəmə qarşısına çıxarılaraq layiqli cəzalarını aldılar. Adolf Hitler və onun silahdaşlarının bəşəriyyət tarixində törətdiyi ağlagəlməz cinayətləri Beynəlxalq Hərbi Tribunal Məhkəməsi Kollegiyasının Nürnberq məhkəməsində aparılmışdı. Məhkəmədən sonra ittiham çıxışındakı tələblər nəzərə alınmaqla 21 canidən 12 nəfəri ölüm, qalanları isə müxtəlif növlü cəzalara məhkum edildi.
Hətta ötən əsrin 90-cı illərindən sonra keçmiş Yuqoslaviyada baş verən qanlı cinayətlərə görə bəzi şəxslər məsuliyyətə cəlb olundu. Belə nümunələri xeyli artırmaq olar, Bəs, bu gün belə təcrübədən niyə biz yararlanmayaq? Bu gün müharibə cinayətlərinin birbaşa günahkarları sivil dünyanın maraqlarını təhdid edir.
Əgər müharibə və ümumilikdə soyqırımda iştirakı iddia olunan şəxslər məsuliyyətə cəlb olunmasa, o zaman beynəlxalq hüquq daha bərbad vəziyyətə düşəcək.
Bu yerdə bir məqamı qeyd etmək istərdim. Sovet dönəmində barış, ermənilərin törətdiyi soyqırımları unutdurmaq məqsədilə müxtəlif geniş aspektli layihələr icra olmuşdu. Erməni qadınların azərbaycanlı kişilərlə nigahları, mehriban qonşuluğu, saxta dostluğu təbliğ edən müxtəlif ədəbiyyat nümunələrinin tirajlanması və sair addımlar atılmışdı. Zamanında bəzi qüvvələrin maraq dairəsində olan bu təbliğat işi bir çox məqamları unutdurmağa gətirib çıxarmışdı. Lakin zaman, tarix göstərdi ki, belə sülh göyərçinlərinin ömrü uzun olmur. Nə qədər tarixi saxtakarlıq, ideloji basqılar olsa da, həqiqəti tam gizlətmək mümkün olmadı.
Təbii ki, bölgəmizdə gec-tez müharibəyə son qoyulub, sülh, normal əməkdaşlıq bərqərar olacaq. Tarixən Avropada yaşayan xalqlar arasında uzunmüddətli müharibələr olub, həmin münaqişələr zamanı dinc insanlar məhv edilib. Bu gün isə həmin regionda xalqlararası normal münasibətlər var. Bəzi Avropa ölkələri arasında hətta sərhədlər simvolik xarakter daşıyır.
Təəssüf ki, sülh, dostluq, normal qonşuluq münasibətləri sözləri bu gün ermənilər haqqında əks mənalı fikir kimi səslənir. Tarixi proseslərə nəzər salsaq görərik ki, erməni düşüncəsi, nifrəti, insanlıqdan kənar hərəkətləri dəyişmir. Məqamı yetişən kimi onlar yenə öz xislətlərinə uyğun addımlarını atırlar. Burada yalnız zaman və məkan fərqi var.
Ölkəmizin milli maraqlarına və strateji hədəflərinə tam uyğun olaraq Azərbaycanın mövqeyini ifadə edən Prezident İlham Əliyev ötən həftə hökumətin iclasında deyib ki, Dağlıq Qarabağ münaqişəsinin həllində Bakının mövqeyi dəyişməz olaraq qalır. Bu məsələ yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edilməlidir, Ermənistan silahlı qüvvələri işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmalıdır. BMT Təhlükəsizlik Şurasının qətnamələrində məhz bu ifadələr öz əksini tapıb.
Deməli, bu məsələdə Azərbaycanın mövqeyi çox dəqiq, açıq və ədalətlidir. Sonda onu da qeyd etmək istərdim ki, ermənilərlə sülhə nail olmaq, gələcəkdə sakit qonşuluq şəraitində yaşamaq üçün ordumuz və təhsilimiz çox güclü olmalıdır. Çünki bu iki sahə hər zaman strateji hədəfdir.