QƏLƏM
Tanrı töhfəsidir O, insanlara –
Qələmi çatdırıb Yerə mələklər.
Daş dövrü arxada qalandan sonra
Qələmin sələfi olub lələklər.
Qələm – göy, qırmızı, yaşıl... rəngbərəng,
Qanıdır, canıdır onun mürəkkəb;
Bilik, mədəniyyət ehramlarıtək
Sevilir hər orta, hər ali məktəb.
Qələm – ustadların, nəsillərin də
Möhkəm qoruduğu miras, əmanət.
Çətin, müsibətli hərb illərində
“Qələmim süngüdür”, – söyləyib Səməd*.
Çoxdur ağrıları bu qədim yurdun,
Qələmdən nur içib işıqsız gözlər;
Heyf qürbətdədir Dədəm Qorqudun
Dəri üzərində yazdığı sözlər.
Zərdüşt, İbn Sina, Homer, Şekspir...
Qələm meydanının cəngavərləri.
Qələm – bir sehrli çubuq kimidir:
Açır qapıları, açır sirləri.
Bütün haraylara gərək hay verim,
Yayın söhbətimi, çəkin adımı!
Qələm olmasaydı, ay müasirim,
Robot, sayt, kompüter yaranardımı?!
Qələmdən kağıza süzülən inci
Düzülüb sıraya dönür əsərə.
Münəccim yaşıdım yaxşı deyir ki,
Qələm yol gedəcək mininci əsrə.
Daha qüdrətlidir topdan, mərmidən,
Dərinlik, ucalıq bəxş edir qələm.
Sözüm qanadlansın kosmik gəmidən:
Bəşərin ən böyük kəşfidir qələm!
*S.Vurğun
SUNAY
Dərin idi biliyi,
Şirin idi xülyası;
Qalır dəftərlərində
Halal “beş”i, “əla”sı.
Rasimin. Yasəmənin
İstəkli qız balası
Sunay köçdü dünyadan.
Əsrin kiçik parçası –
Sürdüyü həyat, ömür.
Göydə bulud, yerdə dağ
Ağlasın hönkür-hönkür.
Göz yaşımız – narahat
Xəzər, Volqa, Dunay, Kür...
Sunay köçdü dünyadan.
Səsini eşidərmiş
Çiçəyin də, daşın da.
Nəğmə, nağıl, bayatı
Artardı yaddaşında.
...Ölüm – qəddar, amansız!
On üç, on üç yaşında
Sunay köçdu dünyadan
Sevdiyi mahnı – “Bahar”,
Sevdiyi şeir – “Vətən”.
Körpə qartal nə üçün
Tez ayrıldı zirvədən?!
Cavan ata-ananın
Saçlarına düşdü dən –
Sunay köçdü dünyadan.
Söndürüb təzə yanan
İstedad məşəlini,
Yel qoparıb aparıb
Bağımızın gülünü.
Gələcəyin xanımı,
Gələcəyin gəlini
Sunay köçdü dünyadan,
Sunay köçdü dünyadan...
ƏBƏDİYYƏT
Şahid Həbibullah – keçmiş komandir,
Ölkələr dolaşır şöhrəti onun;
Sevgisi – tükənməz, qayğısı mindir,
Daşı da kövrəldər söhbəti onun.
Misralar qəlbimin yaysın səsini,
Yolları yormağa hazıram yenə;
Şəhid Haqverdinin faciəsini
Şahid Həbibullah danışıb mənə.
Horadiz – Bəytəpə səmtində o gün
Şahidin alayı qazanıb zəfər;
Heyf ki, Harami adlanan düzün
Yolunda itirdik biz xeyli əsgər.
Qanlı mübarizə bitməyib hələ,
Top-tüfəng sədası səngimək bilmir.
Əsla barışmayıb itkiləriylə,
Xain asanlıqla geri çəkilmir.
Göydən tökülsə də od saçan dolu,
Döyüşçü Haqverdi Fəxrəddin oğlu
Xeyli addımladı düşmənə fərəf,
Torpağı qorumaq – ucalıq, şərəf!
Piterin dığaya verdiyi tankdan
Mərmilər şütüyüb bir-bir partlayır;
Qopur Haramidə zəlzələ, tufan,
Sanki dağların da bağrı çatlayır.
Bir anda qeyb olur mərd fədaimiz,
Nə nəşi, nə də ki yarağı qalır;
Yoxdur varlığından bir nişan, bir iz,
Təkcə silahının çaxmağı qalır.
Bağda gül ağlasın, dağda bulaq, çay,
Necə gülümsəsin dost, tanış onsuz.
Busənin dadını bilməyən subay
İşıqlı aləmdən ayrıldı toysuz.
Yarılsın qitələr, qaralsın səma,
Artıb yırtıcılıq, artıb rəzalət.
Qaniçən soxulub qədim yurduma,
Bəşər vəhşiliyə göz yumur fəqət.
Bir ata, bir ana gəlib uzaqdan,
Üzlərdə, gözlərdə – övlad həsrəti;
Komandir xəyala dalıb bayaqdan,
Necə açıqlasın o, müsibəti?
Ucalır göylərə ana fəryadı,
Ata iniltisi yüksəlir ərşə;
Dünya doğrudan da fani dünyadı,
Niyə riyakarlıq çıxıb yürüşə?
– Qəbrini qazmağa kömək göstərin,
Qəbrinə nə isə qoyulsun gərək;
Özünün yerinə çaxmağı verin,
Torpağa tapşıraq bir parçasıtək.
Şahid Həbibullah: – Möhtərəm ata,
Hərbi iş əzablı, ciddi sənətdir;
Çaxmaq əlimizdə mühüm sənəddir,
Sayı göstərilib üstündə hətta.
Bu sözlər hamını sarsıtdı birdən:
– Onda balamızın öldüyü yerdən
Torpağı pay kimi götürüb gedək,
Oğul əvəzinə onu dəfn edək!
...Zərdabın Yuxarı Seyidlər kəndi,
Burda bir məzar da ehramdır indi.
Şəhid Haqverdinin piri adlanır,
Burda can üşüyür, ürək odlanır.
Haraya yetməmək insafa ziddir,
Ey ustad qələmi, rəssam fırçası!
Torpağın altında torpaq şəhiddir,
Şəhiddir Vətənin kiçik parçası!
Cahan tarixində heç görünübmü –
Torpaq basdırılıb torpağın altda?
Niyə sındırılan çıraqlar kimi
Sönsün son ümid də, müqəddərat da?
Öyrənək zamanın ibrət dərsini,
Təzad mənbəyidir vaxt da, həyat da.
Hansı ölkəsində Yer kürəsinin
Torpaq basdırılıb torpağın altda?!
Misralar qəlbimin yaysın səsini,
Yolları yormağa hazıram yenə;
Şəhid Haqverdinin faciəsini
Şahid Həbibullah danışıb mənə.
XOŞ GƏLİBSƏN BU DÜNYAYA
Səni uzun illər boyu səsləmişik,
Səni ülvi arzularla bəsləmişik;
Qığıltını,qədəmini gözləmişik.
Bir günümüz dönüb aya, Əlikamal!
Xoş gəlibsən bu dünyaya, Əlikamal!
Məktəbə get, yaxşı oxu, artsın səyin.
Xatirədir oynamağın, dəcəlliyin;
Qədrini bil yaşıllığın, gözəlliyin
Mənasını duya-duya, Əlikamal!
Xoş gəlibsən bu dünyaya, Əlikamal!
Həyat yolu çox vaxt çətin,bəzən asan.
Uğurları, zəfərləri özün qazan!
İstəyirik xeyir işdə bəy olasan –
Xalqı,eli çağır toya, Əlikamal!
Xoş gəlibsən bu dünyaya, Əlikamal!
Qabaqdadır neçə sınaq, həyat dərsi.
İnamın da var işığı, var şöləsi;
Bəxtiyardır Fəqan–Vəfa ailəsi,
Yaraşıqsan kökə, soya, Əlikamal!
Xoş gəlibsən bu dünyaya, Əlikamal!
BİR ROMAN OXUDUM
Hüseynbala Mirələmin
“Sonuncu fateh” əsərinin şərəfinə
Bir roman oxudum – dəyərli, əla!
Müəllif – sevimli Hüseynbala
Mirələm soyadlı tanınmış yazar.
Bu gözəl əsərdə nələr, nələr var!
Onda var – sərkərdə, əbədiyaşar
Nadir bəy, Nadir xan, Nadir şah Əfşar.
Bir roman oxudum – “Sonuncu fateh”,
Ölkəmin tarixi yaşayır onda;
Gördüm ki, göz yaşı dönüb olub şeh
Vəfalı Zöhrənin gül yanağında.
Gördüm mərd ananı – Gövhərbəyimi
Cəsur Azərbaycan xatunu kimi.
Muğan Qurultayı – möhtəşəm olay
Zövq alıb türklərin şücaətindən,
Axışıb gəlirlər sıx, alay-alay
İranın, Turanın hər tərəfindən.
Səfəvi dövləti rəhbər istəyir,
Yadlar üzərində zəfər istəyir.
Göndərir ya yaxın, ya uzaq ellər
Ali yığıncağa nümayəndələr.
Nadir xan mötəbər Nadir şah olur,
Bu işdən Şərq, Şimal, Qərb... agah olur.
Bir roman oxudum – onda nələr var,
Keçmişin güzgüsü – səhifələr var.
Gördüm ki, ordular durur üz-üzə,
Döyüş meydanında qan çıxıb dizə.
Əl-ayaq kəsilir, baş da üzülür,
Güclü at oynadır, zəif əzilir.
Gördüm necə alqışlanır, sevilir Fateh,
Bir gün şərin qurbanına çevrilir Fateh.
Gördüm ona çadırında edilən qəsdi –
Namərd əvvəl qılınc ilə qolunu kəsdi.
Bir roman oxudum – onda nələr var,
Ədibin millətə, xalqa sözüdür.
Deyir ki, ölməyib Nadir şah Əfşar –
Məşhəddə ucalan heykəl özüdür!
RÜBAİLƏR
Dost, qardaş əlini sıxan Türkiyə,
Haqq üçün sinəsi qalxan Türkiyə,
Ustad Nəvainin, ustad İlqarın
Rəsm sevgisinə baxan Türkiyə!
lll
Çətin məqamlarda özünü sına,
Qütbü də dolaşıb gəz yana-yana.
Gör necə yaraşır doqquz cür iqlim
Sərvətlər ölkəsi Azərbaycana!
lll
Güclü söz möhtəşəm ordudur, ordu.
Odlar ölkəsidir Nizami yurdu.
Bütün qitələrdə yanan işıqlar
Edison ömrünün ardıdır, ardı...
lll
Dostları evinə çağırır Sokrat,
Hamının əhvalı pisləşir heyhat:
İynəli, tikanlı sözlərdən sonra
Ərinin üstünə su atır arvad.
lll
Qonaqlar alimə heyrətlə baxır,
O, nə hirslənir, nə özündən çıxır.
Deyir ki, ildırım çaxırdı bayaq,
İndi görürsünüz, bərk yağış yağır.
lll
Divarda Rubensin məşhur əsəri,
Heyrət içindəyəm bayaqdan bəri;
“Dustağı öldürmək ac saxlamaqla” –
Cəllad hökmdarın belədir əmri.
lll
Adam heyrətindən az qala dona,
Necə vəfalıymış qız atasına;
Bir qədər uzatmaq üçün ömrünü –
Döşündən süd verir öz atasına.
lll
Nə vaxt sirr qapısı açıb Arximed,
Elə bil uca dağ aşıb Arximed;
Üzmə qanununu kəşf edən zaman
Uşaqtək sevinib, qaçıb Arximed.
lll
Dünyanın hələ də dərd-səri çoxdur,
Qayğılı axşamı, səhəri çoxdur.
Batan gəmilərin faciəsindən
Yaxşı ki, alimin xəbəri yoxdur!
lll
Salyan Ərdəbilin qan qardaşıdır,
Daşından süzülən su göz yaşıdır;
Qədir-qiymətini bilənlər deyir:
Muğan üzükdürsə, Salyan qaşıdır.
lll
Əlibəy – möcuzə, Əlövsət – ulu,
Çıxmaz yadımızdan Pənah və Qulu;
Əsl nümunədir hər yeni nəslə
Kürçaylı məktəbi, Ulutürk yolu.
lll
Soruşaq keçmişi Ud ilə Sazdan,
Doğmalıq qarışır Kürə Arazdan.
Sulduz – Güneydəki ilkin yurd yeri –
Yaman nigarandır Sayman Aruzdan!