Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi
Çoxşaxəli yaradıcılığında özünün Azərbaycan və dünya ədəbiyyatına bələdçiliyini davamlı şəkildə sərgiləyən Xalq rəssamı Arif Hüseynov bu günlərdə görkəmli söz ustası Məhsəti Gəncəviyə həsr etdiyi qrafik silsiləni tamamlayıb. Qırx əsərdən ibarət olan silsilə tam halda yaxın günlərdə Gəncədə fəaliyyətə başlayacaq Məhsəti Gəncəvi adına Mədəniyyət Mərkəzində sərgilənəcək.
Öncədən deyək ki, rəngarəngliyi elə ilk baxışdan duyulan bu əsərlərdə Arif Hüseynov özünün Məhsəti Gəncəvi yaradıcılığına nüfuzetmə bacarığını , şairənin misralarında hifz olunan görünənlərlə yanaşı, işartılarla ifadə olunan sətiraltı mənanı duymaq istedadını göstərə bilib. Rəssamın yaradıcılığına yaxından bələd olan sənətsevərlər bütün bu məziyyətləri yəqin təbii sayacaqlar. Belə ki, hələ zamanında o, “Azərbaycan nağılları”na və M.Ə.Sabir “Hophopnamə”sinə, eləcə də Nizami Gəncəvi, Məhəmməd Füzuli, Hüseyn Cavid, Səməd Vurğun, Rəsul Rza, Əziz Nesin, Françesko Petrarka, Adil Babayev və başqa məşhur söz xiridarlarının mövzu və janr etibarilə fərqli poeziyasına özünün yaradıcı münasibətini çoxsaylı qrafik lövhələrdə özünəməxsus bədii vasitələrlə ifadə edib. Ona görə bu yeni silsilənin də Məhsəti Gəncəvinin iç dünyasına tutulan inandırıcı-obrazlı “bədii güzgü” olduğuna əmin olmaq mümkündür...
Şairənin həyat və yaradıcılığı haqqındakı məlumatlara rəğmən demək olar ki, həyatının kifayət qədər rəngarəng keçməsi qarşılığında məşhur rübai ustasının poeziyasının məna-məzmun tutumu da kifayət qədər dəyişgəndir. XI əsrin sonları – XII əsrin əvvəllərində yaşayan və dövrünün nüfuzlu şairi, müğənnisi və şahmatçısı olan, eyni zamanda sufi əqidəsi ilə tanınan Məhsəti xanımın sayı iki yüzə çatan poetik irsinin yalnız qırxına bədii şərh verən Arif Hüseynov öz növbəsində bu qrafik əsərlərdə vurğuladığımız həmin dəyişgənliyi rənglərin və cizgilərin qovşağı ilə əyaniləşdirməyə çalışıb.
Silsilənin Məhsəti Gəncəvinin portreti ilə başlamasını təbii saymaq olar. Şairənin əli aylı diqqət çəkən təsviri əslində onun elə öz bioqrafiyasından qaynaqlanan bədii tapıntıdır. Bu detalın kompozisiyaya daxil edilməsi əslində şairən adının – “Mah” və “səti” sözlərinin “Ay xanım” mənası verməsi ilə əlaqədardır. Portret üçün fon-yerlik rolunu oynayan tünd göy rəngli sahənin qədim Gəncənin mənzərəsindən və ulduzlu gecədən ibarət olması da bütünlükdə lirik ovqat aşılamaqla, şairənin poetik ruhuna müvafiqdir. Şaquli kompozisiyanı yuxarıdan kətəbə içərisində “Məhsəti Gəncəvi. Rübailər” sözünün , aşağıdan isə şairənin rübaisinin tamamlamasını da müəllifin uğurlu tapıntısı saymaq olar. Qeyd edək ki, rəssam bu elementlərdən digər bütün əsərlərdə də istifadə etmişdir. Onlar təkrarlansa da, bütünlükdə hər yeni əsər bizi şairənin fərqli poetik yaşantısı ilə tanış edir. Elə onun bədii şərhi də buna müvafiq rəngarəng, dəyişgən koloritdədir...
Rəssamın Məhsəti ünvanlı qrafik silsiləsində məhəbbət mövzusu əsas yer tutur desək, yəqin ki, həqiqəti ifadə etmiş olarıq. Bu lövhələrin bədii həlli də yaşanan çeşidli hiss-duyğulara uyğundur. Onların birində iki sevən gəncin görüşünə cəlbedici görüntü verən və aşiqləri doğma Gəncənin fonunda təsvir edən rəssam demək olar ki, sona qədər şair misralarına tapındığını sərgiləyib. Belə ki, əlvan rənglərlə gerçəkləşən görüş səhnəsi Məhsətinin aşağıdakı misralarına tutulan çox real-gerçəkçi “bədii güzgü”dür:
Yetməzmi qəribə verdin işgəncə,
Cəfanın hüdudu olmazmı, səncə?!
Demişdin: Gəncədə kamə yetərsən,
İndi bu mən, bu sən,
bax, bu da Gəncə!
Şairənin “Cəmalına həsrət yaşamaq olmaz...”, Ey dost, qəmlə keçir sənsiz hər gecəm...”, “Yaz vaxtı su üstündən özgə yer seçmə...”, “Gözəl, bu naməni alanda ələ...”, “Qəmlə dost elədi camalın məni...”, “Oğlan, sənə etdim nə qədər xidmət mən...”,”Yarım papağı tikir nə şirin-şirin!”, “Gözəl, bax, bir mənəm, bir sən, nə xoş hal!” və s. misralarla başlanan rübailəri məhəbbət ovqatlı, aşiqlərin təzadlı yaşantılarına duyğulandırıcı nüfuzetmə kimi rəssamı da özünə cəlb edib. Düşünürük ki, Məhsətinin sözlə “çəkdiyi” məhəbbət səhnələrinə Arif Hüseynov onlardan heç də geri qalmayan və bədii dəyərinə görə yüksək məziyyətlərə malik olan və uzun müddət unudulmayacaq bədii şərh verə bilib...
Rəssamın çəkdiyi əsərlərdən biri şairənin hazırcavablığını özündə yaşadan hadisə ilə bağlıdır... Deyilənə görə Məhsəti tez-tez sarayda təşkil olunan müxtəlif məclislərə dəvət alarmış. Belə məclislərin birində şah toplaşanlara sabahkı görüşün şərtlərini açıqlayır və bildirir ki, ziyafətə gecikən cərimə olaraq üç buynuz şərab içməli olacaq. İş elə gətirir ki, məhz Məhsəti bu məclisə gecikir və o, şərtə əməl edərək dalbadal iki buynuz şərab içir. Üçüncü buynuzu içmək məqamı gələndə Məhsəti üzünü şaha tərəf çevirərək bədahətən ona şeirlə müraciət edir:”Ey şah, mən öküz deyiləm və buynuz mənə yaraşmaz. Ancaq əgər mən hətta öküz olsaydım belə, iki buynuz bəsim idi”. Bu gözlənilməz şeir-müraciət şahın çox xoşuna gəlir və o, qiymətli daş-qaşla bəzədilmiş həmin buynuzu Məhsətiyə hədiyyə verir. Şairəni hökmdarla qarşı-qarşıya görüntüyə gətirən rəssam ümumi kompozisiyanı içilən qırmızı şərabın rəngi ilə həmahəng koloritdə təsvir etməklə, məclisdə yaşanan gərginliyin inandırıcılığına nail olub...
Məhsəti barəsində söylənilən müxtəlif əhvalatlarda onun musiqiyə – mahnı və rəqsə bağlılığı vurğulanır. Elə şairənin bir çox rübailərində də bu musiqili ruh duyulmaqdadır. Görünür bu məlum həqiqət Arif Hüseynovu Məhsətinin “Bağlarda gülüzlər görərək sərv, yaman...”, “Xoşbəxtdir rüxünə rüx qoysa hər kəs...”, “Şahlar kef günündə qaldırar badə...” və s. misralarla başlanan rübailərinə müraciətə sövq edib. Bu lövhələrdə ifaçıları müxtəlif musiqi alətləri ilə təsvir edən rəssam, eyni zamanda onları nikbin koloritə bələməklə onların duyğulandırıcılığına nail ola bilib...
Tədqiqatçıların Məhsətinin şahmat oynamasını, onun öz dövrünün güclü oyunçusu olmasını vurğulamaları rəssamın diqqətindən yayınmayıb və o, şairənin bütün zamanların bu intellektual əyləncəsinin adını çəkdiyi şeirinə bədii görüntü verib. Zəngin görkəmə malik otaqda, əlvan xalçanın üzərində qurulmuş şahmat taxtası ətrafında baş-başa gələn gənc oğlanla qızın bu oyunu mərhəm duyğuların açımı üçün çox münasib vasitə hesab etmələri Məhsətinin lirik ovqatlı rübaisindən də yaxşı duyulur:
Ey gül, üzünü bəndə kimi
yad etsək,
Zülfünlə sənin könlümüzü
şad etsək,
Qəm şahmatını oynamışıq
biz sənlə,
Könlün gərək inciməyə
biz mat etsək.
Şairənin oxucuya çeşidli duyğular aşılayan rübailərində öz ətrafına müraciəti çox vaxt nə qədər aydın olsa da, bəzən sətiraltı məna tutumuna da rast gəlmək olur. Elə rəssamın belə şeirlərə bədii münasibəti də onların ifadə formasına müvafiq – rəmzi, bir qədər də şərtidir. Bu mənada “Ömrün bu dünyada əbədi olsun...”, Gəldi gecə, zülmətdə yox oldu aləm...”Buludla çarpışan görürəm səni...”, “İstədim əcəmdən namə göndrəm...” və “Bir söylə, nə olmuş o əhd, peymanlar...” misraları ilə başlayan rübailərinin adlarını çəkmək olar...
Yuxarıda qeyd etdiyimiz bədii-estetik məziyyətləri Məhsəti Gəncəvi ünvanlı digər rəsmlərdə də izləmək mümkündür. Onları şairənin poeziyasına çəkilmiş adi illüstrasiya kimi dəyərləndirmək ən azı insafsızlıq olardı. Doğrudan da əlvan boyaların təzadlı çalarları ilə bədii görkəm alan bu rəsmlər adi illüstrasiya çərçivəsinə sığışmayan bir bədii tutuma malikdirlər. Burada şeirdən qaynaqlanan məqamlar nə qədər duyulan olsa da, onlar həm də Məhsətinin rəssam tərəfindən özünəməxsus “oxunuşu”nun ifadəsidir. Odur ki, bütünlükdə tarixi-bədii əhəmiyyətli bu əsərləri Məhsəti poeziyası ilə oxucu arasında mənəvi əlaqənin təminatçısı rolunu daşıyan “poetik-təsviri körpü”yə bənzətmək olar.
Qənaətimizcə rəssamın bu silsilənin bədii həlli üçün seçdiyi ifadə üslubu da çox məntiqlidir. Əgər Səlcuqlar dövründə (XI-XIII əsrlər) miniatür üslubunun Azərbaycan incəsənətində geniş yayıldığını nəzərə alsaq, onda Arif Hüseynovun öz əsərlərini bu bədii vasitəyə tapınaraq reallaşdırmasını çox uğurlu seçim hesab etmək olar. Ancaq bu ifadə öz-özlüyündə heç də qədim üslubun təkrarı deyil. Son illər qədim miniatür üslubu ənənələrinin respublikamızda dirçəldilməsi, onun yeni və müasir görkəm alması yönündə səmərəli işlər görən Arif Hüseynov Məhsəti ünvanlı əsərlərində məhz ənənə ilə müasirliyin uğurlu vəhdətini sərgiləyə bilib. Ona görə də düşünürük ki, bu günlərdə Məhsəti Gəncəvinin vətənində geniş ictimaiyyətə təqdim olunacaq bu qrafik silsilə həm Azərbaycan ədəbiyyatının təbliğinə, həm də Azərbaycan qrafika sənətinin inkişafına layiqli töhfədir. Bu vaxta qədər bənzərsiz rübailər ustasının poeziyasına rəssam münasibətinin çox az olması qarşılığında özündə yüksək bədii-estetik dəyərləri hifz edən qırx qrafik əsəri həm də əbədiyyətini qazanmış Məhsəti ruhuna ehtiramın ifadəsi hesab etmək olar...